HEYDƏR ƏLİYEV

 

Təntənəli mərasimə dünyanın bir çox ölkələrindən, MDB, Yaxın Şərq ölkələrindən, Avropadan dövlət nümayəndələri gəlmişdi. «Bu, Heydər Əliyev avtoritetinin dünya miqyasında qəbul edilməsi demək idi, - Şimali Osetiya Prezidenti Aleksandr Sergeyeviç Dzasoxov deyir:

- Onun dünya miqyaslı, təcrübəli siyasətçi kimi qəbul edildiyi İslam dövlətlərində, ərəb ölkələrində çox populyar olduğunu xüsusi qeyd etmək istəyirəm.

Andiçmə mərasimindən sonra böyük qəbul oldu. Xarici qonaqların təbrikləri, nitqləri, çıxışları dinlənildi.

«Deyirlər, bir çaya iki dəfə girmək mümkün deyil», - Aleksandr Dzasoxov çıxışına bu sözlərlə başladı. - Heydər Əliyeviç isə bu fikri alt-üst etdi. Biz də çox xoşbəxtik ki, Azərbaycan xalqının belə bir lideri var... Siyasətçilərin münasibəti sıravi insanların qiymətindən fərqli deyil. Heydər Əliyevi bir insan kimi incitdilər, lakin o, antik qəhrəmanlar kimi doğma torpağına qayıtdı, bu yerlərdən yeni güc aldı və öz xalqına sahib çıxdı».

Qəbul zamanı Heydər Əliyevin kövrək duyğuları coşdu və Səməd Vurğunun möhtəşəm sözlərini dilə gətirdi:

 

Ayrılarmı könül candan,

Azərbaycan! Azərbaycan!

 

Yazıçı Elçin Əfəndiyev Türkiyədə Füzulinin 500 illiyinin qeyd olunmasını xatırlayır:

- Dövlət qəbulunda istedadlı Azərbaycan müğənnisi Səkinə İsmayılova «Küçələrə su səpmişəm» mahnısını oxudu. Heydər Əliyevə bu mahnı həddindən artıq təsir eləmişdi. İndiyə qədər bu səhnə gözümün qarşısından getmir. Mən Heydər Əliyevə baxaraq düşünürdüm ki, Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini bu cür ürəkdən sevən bir şəxs öz Vətənindən uzaqda, ələlxüsus, təcrid olunduğu vaxtlarda, görəsən, necə dözə bilib?»

Ona güc verən doğma mədəniyyətin, milli incəsənətin, elmin pak mənbəyi idi. Biz Heydər Əliyevin böyük Azərbaycan şairi Hüseyn cavidin yaradıcılığına necə diqqətlə yanaşdığını, onun nəşinin vətənə qaytarılması, əsərlərinin müasir oxucuya çatdırılması üçün nə qədər əziyyət çəkdiyini qeyd etmişdik.

Azərbaycan mədəniyyəti və elminin dühaları arasında respublikanın Elmlər Akademiyasının prezidenti, Azərbaycan Dövlət Universitetinin rektoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Yusif Heydər oğlu Məmmədəliyev də olmuşdur.

1996-cı ilin sentyabrında Respublika sarayında böyük alimin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilirdi. Heydər Əliyev deyirdi ki, respublikada geniş qeyd olunan bu yubiley bizim elmimizi dünya səviyyəsində tanıtdıran, öz təkrarolunmaz şəxsiyyətinin böyüklüyü ilə doğma diyarın ürək genişliyini, gözəlliyini göstərən Yusif Məmmədəliyevə hörmət və ehtiramımızın əlamətidir. Yeni ideyaların müəllifi, pedaqoq, böyük nəzəriyyəçi, yorulmaz təşkilatçı, zəhmətsevər insan - akademik Yusif Məmmədəliyev bizim xalqımızın yaddaşında məhz bu cür qalıb.

İki il keçdi və Prezident Heydər Əliyev Bakının ən gözəl guşələrindən birində akademik Yusif Məmmədəliyevin abidəsinin açılışında iştirak etdi. Böyük alim sanki öz düşüncələrinin içində, sadəcə bircə anlıq dincəlməkçün əyləşmişdi. Onun arxasında qala divarları, qarşısında sonsuz insan axını. Sanki biri-birini dəyişən nəsillər onun qarşısından keçib hörmət və ehtiramlarını nümayiş etdirirlər.

Heydər Əliyev həmin açılışda dedi:

- Qədim adət-ənənəyə uyğun olaraq, Azərbaycanda və ümumiyyətlə, bütün Yaxın Şərqdə insana heykəl qoymaq adəti yoxdur. Lakin bizim xalq inkişaf etdi, öz həyatında dünya mədəniyyəti nümunələrini tətbiq etməyə başladı və XX əsrdə Azərbaycanda gözəl və təkrarolunmaz memarlıq abidələriylə yanaşı, heykəltəraşlıq abidələri də qoyulmağa başladı. Bu abidələr bizim ölkəmizin estetik görünüşünü bir az da zənginləşdirmiş oldu…

1996-cı ildə biz akademik Yusif Məmmədəliyevin 90 illik yubileyini böyük ümumxalq bayramı kimi qeyd etdik. Bu, indiki nəslin onun xidmətlərinə ehtiramının əlamətidir. Mən şadam ki, Yusif Məmmədəliyevin abidəsinin qoyulmasıyla bağlı fərmanım bu gün həyata keçir. Burada alimin qızı çıxış etdi, atasının abidəsinin qoyulmasında iştirak edən hər kəsə öz dərin minnətdarlığını bildirdi. Mən də Sevda Məmmədəliyevanın bu təşəkkürlərinə qoşuluram. Onun çıxışına qulaq asarkən fikirləşdim ki, həqiqətən də, atasına layiq qızdır. O, çox gözəl çıxış etdi. Yəqin atasının istedadı qanla ona da keçib. Heydər Əliyev haqlıdır. Sevda Məmmədəliyeva Azərbaycan mədəniyyət nazirinin müavini, tanınmış ictimai xadim və filosofdur. Onun səyi nəticəsində atasının xatirəsinə həsr olunmuş «Akademik» kitabı işıq üzü görmüşdü.

Yusif Məmmədəliyevi doğma diyardan kənarda - Rusiyada, bütün dünyada da xatırlayırlar. YUNESKO-nun qərarıyla böyük alimin 100 illik yubileyi qeyd olundu, 2005-ci il Yusif Məmmədəliyev ili elan edildi.

1996-cı ildə Azərbaycanda daha bir yubiley - general Heydərovun 70 illiyi keçirildi. Məlum məsələdir ki, bu, Prezidentin şəxsi təşəbbüsü idi. Adamla dolu olan zala müraciət edən Prezident general Heydərovun şəxsi dəyanətini, mübarizliyini qeyd etmiş, onun böyük dövlət və siyasi xadim olduğunu bildirmişdi. Əfsuslar olsun ki, o, bu günə qədər yaşaya bilmədi, öz oğullarının - Muradın və Maqsudun gələcəyini görmədi, nəvələrini bağrına basmaq ona qismət olmadı...

Murad Heydərov indiyəcən xatırlayır ki, Prezident onun atasının adını çəkərkən səsi titrədi, göz yaşlarını saxlaya bilmədi... Bu çıxışın stenoqramı Heydərovlar ailəsində ən böyük, ən müqəddəs bir xatirə kimi saxlanılır.

Xatırladaq ki, Heydər Əliyev «memuar yazırsınızmı» sualına «hərdən, yeri gələndə bəzi epizodları danışıram» cavabını vermişdi. Bu epizodlarda detallar var ki, onlarsız tarix yoxdur.

... Moskvada böyük iclas gedir. Hesabatla çıxış edən dissidentlər haqqında danışır. «Bizdə dissidentlər yoxdur», - deyə Əliyev yaxınlığındakı yazıçı Anara tərəf əyilir.

... 1999-cu il dekabrın 25-də Heydər Əliyev bir qrup rusiyalı jurnalisti qəbul edirdi. Görüşün sonunda Rusiya Jurnalistlər İttifaqının katibi Gennadi Maltsev Heydər Əliyevdən onun aforizmlər kitabına avtoqraf yazmasını xahiş etdi.

«Hardan qol çəkim? - Əliyev soruşdu. - Bax, burdan çəkəcəm... Bizdə indi hər şey azərbaycancadır, bircə imza əvvəlki kimi rus dilində qalıb».

Görəsən, ilk dəfə o nə vaxt belə qol çəkmişdi? Texnikumda oxuyanda, institut tələbəsi olanda, ya bəlkə Daxili İşlər üzrə Xalq Kommisarlığında çalışan zaman? Hər halda, bu uzun, sonu qıvrılan imza onunla bir ömür yol gəlmişdi. Bununla belə, Heydər Əliyevin müsahiblərinin dediyinə görə, o, 15-16 yaşınadək rus dilini bilmirmiş. Biz bu haqda başqa mülahizələr də çox eşitmişik. Görəsən, həmin adamların çoxu özləri rus dilini hansı səviyyədə bildiklərinin fərqinə varıblarmı? Əliyev rus dilini məktəb, texnikum yaşlarından öyrənmişdi. Onun təkmilləşməsi ilə məşğul olmuşdu. O, rus dilini nə vaxt öyrənməsinin tarixini danışanda, əlbəttə, məişət səviyyəsində bilməyi nəzərdə tutmurdu. Başqa dili də öz doğma dili kimi bilməyi deyirdi.

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində rus və rusdilli əhali kütləvi surətdə Azərbaycanı tərk edirdi. Rusiya ali məktəblərində təhsil alanlar diplomlarını gizlətmək məcburiyyətində idi. Onların savadından istifadə olunmurdu. Azərbaycanda Xalq (?!) cəbhəsinin hakimiyyətə gəlişi ilə keçən əsrin ortalarında Çində geniş işlənən terminlə desək, «mədəni inqilab» hərəkətə gəldi. Yeni xunveybinlər professor və akademikləri cəmiyyətdən uzaqlaşdırırdılar. Kəndlərdə özlərinin «universitetlərini» açmağa başlamışdılar. Dünya şöhrətli Neft Akademiyası yeni dərs ilinə yalnız 1992-ci ilin dekabr ayında start verə bilmişdi.

Heydər Əliyev o illəri yada salarkən deyirdi:

«... Özünüreklam kimi başa düşməyin, amma mən Azərbaycanda rəhbərliyə qayıdandan sonra bir çox rus bura döndü. Bizim üçün, əlbəttə, Rusiya-Azərbaycan qarşılıqlı münasibətləri böyük əhəmiyyət kəsb edir. Sizə deyə bilərəm ki, Azərbaycan Rusiya ilə dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında qəti mövqe tutub».

Azərbaycanın ən nüfuzlu mədəniyyət xadimləri, ziyalıların ən görkəmli nümayəndələri də bu mövqeyə şərik idilər.

Məsələn, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin şahidliyinə istinad edək: «Siz bilirsiniz də mən bütün həyatım boyu «türk, türk», - deyə hayqırmışam, lakin həqiqət var. Biz böyük rus dili, rus mədəniyyəti məktəbi keçmişik. Necə ki, sovet təhsil sisteminə bərabər təhsil sistemi yoxdur, eləcə də rus təhsil sisteminin də tayı-bərabəri yoxdur. Rus mədəniyyəti isə həqiqətən, dünya mədəniyyətinin zirvələrindən biridir».

9 yanvar 2001-ci il, Bakı

 

Həmin gün Heydər Əliyev Binə hava limanında «Rusiya» təyyarəsinin trapı önündə bu ölkənin Prezidenti Vladimir Vladimiroviç Putini qarşılayırdı... Rəsmi səfər - bayraqlar, himn, milli geyimdə uşaqlar, hərbi qarovul rəisinin raportu... Hər şey yüksək səviyyədə keçirdi.

Bu, 10 illik postsovet dövründə Rusiya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi. Bundan əlavə, 2001-ci il yeni əsr və ümumilikdə, Putinin ilk xarici səfəri idi. 10 il ərzində Azərbaycana diqqətsizliyi ilə seçilən sələfindən fərqli olaraq Putin Azərbaycan Respublikası ilə gələcək mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsinə hazır olduğunu nümayiş etdirirdi. Əliyev çox az müddət öncə mövcud olan münasibətlərdən incik olduğunu gizlətmirdi. O, Rusiya və Azərbaycan nümayəndə heyətlərinin görüşü zamanı bunu açıq şəkildə bildirdi:

- Bu gün Rusiya Federasiyası Prezidentinin Azərbaycana rəsmi səfəri başlandı. Vladimir Vladimiroviç, sizi Bakıya səfəriniz münasibətilə ürəkdən salamlayıram. Mənim və Azərbaycanda əhalinin istəyini nəzərə alıb dəvətimi qəbul edərək gəldiyinizə görə dərin təşəkkürümü bildirirəm.

Bu səfərin tarixi əhəmiyyət daşıdığını desəm, yəqin ki, yanılmaram. Çünki müstəqillik əldə etdikdən sonra Rusiya Federasiyasının başçısı Azərbaycanda olmayıb. Bəlkə bunun hər hansı bir ciddi səbəbi var, amma bu, bizim üçün vacib amildir və bu cür səfərin baş tutmasını çox istəyirdik. Hazırda bu görüşü MDB tərkibində, MDB Dövlət Başçıları Şurasında birgə işlərkən, ikitərəfli görüşlər zamanı çox yaxşı tanış olduğumuz, bütün məsələlərdə çox böyük anlaşmaya nail ola bildiyimiz Vladimir Vladimiroviç Putin reallaşdırır.

Danışıqların mövzusu geniş idi: iqtisadi əlaqələr, Xəzər dənizinin statusu, Qarabağ, təşkilatlanmış cinayət və terrorizmlə mübarizə...

Putin Heydər Əliyevə və bütün Azərbaycan rəhbərliyinə, Dağıstandakı yaşayış binalarını partlatmaqda əli olan şəxslərin Rusiyaya təhvil verilməsinə görə öz minnətdarlığını bildirir və deyir: «Biz bilirik ki, həmin cinayətkarları Rusiyaya təhvil verdikdən sonra şəxsən sizin həyatınıza qəsd etmək, terror aktı törətmək hədələri çox olmuşdu. Amma siz qorxmadınız, əsl mübarizlik nümayiş etdirdiniz».

Rusiya Prezidenti Heydər Əliyevə rus dilinə göstərdiyi diqqətə görə də xüsusi minnətdarlığını bildirdi:

- Bildiyimə görə, hazırda Bakıda sovet dövründə fəaliyyət göstərən rus məktəblərinin, demək olar, hamısı işini davam etdirir, rus dili qorunur. Bu bir daha onu göstərir ki, bizim əməkdaşlığımız Azərbaycan rəhbərliyinin göstərdiyi diqqət sayəsində gələcəyə ünvanlanmışdlır.

«Heydər Əliyev: Təkcə məktəblər deyil, ali məktəblərdə fakültələr də fəaliyyətini davam etdirir.

Vladimir Putin: Yəni rus dilinin öyrənilməsi işi hələ də aparılır. Bu, həqiqətən, münasibətlərimizin inkişafında gözəl bazanın olmasından xəbər verir. Hesab edirik ki, mədəniyyət və incəsənət gələcəkdə də əlaqələrimizin möhkəmləndirilməsində başlıca rol oynayacaq».

Rusiya Prezidenti ilə bərabər Azərbaycana Dağıstan, Həştərxan vilayəti, Şimali Osetiya regionları başçıları da gəlmişdilər.

«Vladimir Putin: Bizim fikrimizcə, Rusiya Federasiyası regionlarının Azərbaycanla əməkdaşlığı qarşılıqlı fəaliyyətimizin vacib sahəsidir.

Heydər Əliyev: Qeyd etdiyiniz regionlarla əməkdaşlıq fikri müstəsna əhəmiyyət daşıyır. Bir faktı xatırlatmaq istərdim ki, Azərbaycanla Rusiya Federasiyası regionlarının iqtisadi əməkdaşlıq cəhdləri hələ neçə il əvvəl yaranıb. O dövrdə federasiya subyektlərindən bir neçəsi bu təşəbbüslə çıxış etmiş və tərəfimizdən müsbət qarşılanmışdı, lakin mərkəzi hökumət bu məsələyə əksinə, mənfi münasibət göstərdi.

Vladimir Putin: Heydər Əliyeviç, artıq bu xəstəlik arxada qalıb.

Heydər Əliyev: Mən bunu ona görə vurğulayıram ki, indi artıq Siz tərəfdən təklif gəlir. Qujvin (o vaxt Astraxan əyalətinin qubernatoru. 2004-cü ildə dünyasını dəyişib - müəlliflər) yəqin ki, bizim dəvətimizi, bura gəlməyini xatırlayır. Artıq razılaşmanı hazırlayırdıq, lakin Moskvadan qərar gəldi ki, icazə verilmir. Buna baxmayaraq, biz razılaşmanı həyata keçirdik. Dağıstan və Rusiya Federasiyasının digər subyektləri ilə də həmçinin. Bu məsələ ilə bağlı sizin rəyiniz bizim fikirlərimizlə tam üst-üstə düşür. Çünki Rusiya böyük ölkədir, bəzən onun subyektləri hətta bizə yaxın olanlar iqtisadi potensialına görə Azərbaycanla bərabər olur».

Azərbaycanın nüfuzlu politoloqları V. V. Putinin 1990-cı ilin yanvarında sovet qoşunlarının dağıdıcı əməliyyatı nəticəsində həlak olan insanların uyuduğu Şəhidlər Xiyabanını ziyarət etməsini səfərin əlamətdar hadisəsi kimi dəyərləndirirlər. Yeni demokratik Rusiya, sovet keçmişinin dramatik səhifələrinin altından sanki xətt çəkirdi və bu, Azərbaycanda böyük məmnuniyyət hissi ilə qəbul edilirdi.

Hər iki ölkə prezidentinin birgə mətbuat konfransından sonra Vladimir Putin qeyd etdi:

- Son 10 ildə Rusiya dövlət başçısının Azərbaycanda olmaması faktı ikitərəfli münasibətlərdə ciddi nöqsan kimi özünü göstərir. Demək, Qafqazda regional əlaqələrdə də, həmçinin belədir...

10 ilin 9-u Yeltsin dövrünə düşürdü.

Bakıya gələrkən Vladimir Vladimiroviç Putin Azərbaycan Prezidenti üçün qeyri-adi və çox bahalı bir hədiyyə hazırlamışdı və bunu Slavyan Universitetində tələbələrlə görüşü zamanı ona təqdim etdi.

- Heydər Əliyeviç ömrünün çox mühüm illərini mənim doğma şəhərim Peterburqda - Leninqradda keçirib. Orada xüsusi məktəb bitirib, - deyə Rusiya Prezidenti təbəssümlə vurğuladı. - O, hələ bunu bilmir, gözlənilməz bir sürprizdir. Mən həmkarlarımdan xahiş etdim və bir neçə arxiv sənədlərinə baxdıq. Budur, xüsusi məktəbi bitirməsi haqqında şəhadətnamə. Burada qeyd olunub: «Baş leytenant Heydər Əliyevin şəhadətnaməsi. 16 may 1949-cu il». Bu da təhsilin göstəriciləri. Hamısını olmasa da, bir neçəsini, əsasını sizə oxumaq istərdim. Dialektik və tarixi materializm - əla, çekist hazırlığı - əla, SSRİ və xarici dövlətlərin iqtisadi və siyasi coğrafiyası - əla, cinayət hüququ - əla, ədəbiyyat - yetərli, hərbi iş - yetərli, rus dili - əla. Fikirləşirəm ki, burada başqa qiymət yoxdur. Hamısı əladır... Əgər sizin universitet tələbələri də Azərbaycan Prezidenti kimi oxusa, onda bu ölkənin çiçəklənməsi və inkişafı etibarlı əllərdə olacaq».

Yeri gəlmişkən, Leninqrad Xüsusi Məktəbini bitirəndən 2 il sonra Heydər Əliyev Azərbaycan Universitetinin tarix fakültəsinə daxil olur, müharibənin imkan vermədiyi işi indi həyata keçirmək lazım gəlirdi. Çünki çalışdığı işlə əlaqədar, ona ali təhsil lazım idi. Qiyabi oxumaq məcburiyyətində qalır.

Təsadüfə bax ki, qəbul imtahanlarında Heydər Əliyev öz köhnə sinif yoldaşı, Naxçıvan Pedaqoji Texnikumundan tanıdığı Dövlət Məmmədovla rastlaşır. Dostlar əl-ələ verməyi qərara aldılar. Məhz bu yaxınlıq 14 avqust 1951-ci ildə rus dili imtahanında Heydərlə baş verən epizodu tarixdə saxlamağa imkan verdi. Dostlar «SSRİ tarixi» və «Azərbaycan dili»ndən yazılı imtahandan «əla» qiymət almışdılar, indi isə rus dili və ədəbiyyatından birgə imtahan verirdilər. Şifahi imtahandan Heydər «əla», yazılıdan isə «yaxşı» qiymət aldı. Hərçənd ki, o, inşada bircə səhv belə buraxmadığına tam əmin idi.

1951-ci ilin həmin avqust gününü Dövlət Məmmədov belə xatırlayır:

«Müəllim öz dediyindən dönmədi, bildirdi ki, yazı verilən qiymətə layiqdir, hara istəsən, şikayət edə bilərsən. Heydər imtahan vərəqini götürüb universitet rektorunun yanına üz tutdu. Abituriyenti dinləyən rektor bu mübahisəli məsələni baxılmaq üçün komissiyaya göndərdi. Başqa bir versiyaya görə, yeddi nəfərlik komissiya inadkar abituriyenti çox ciddi bir sınağa çəkdi. S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti tarix fakültəsinin abituriyenti Heydər Əlirza oğlu Əliyevin 2659 nömrəli imtahan vərəqi bizim qarşımızdadır. Üçüncü qrafada «Rus dilindən yazılı imtahan»ın qarşısındakı «yaxşı» qiymətinin üstündən xətt çəkilərək «əla» yazılıb. Aşağıda belə bir dərkənar var: yazılmış «əla» nəticəsinə inanmalı. İmza. Komissiyanın sədri öz həmkarına görə üzr istəyir.

Heydər Əliyev universitetin rektoru, professor Hacıyevə ərizəsində yazır:

«Öz ali təhsilimi və tarix sahəsində biliklərimi artırmaq istəyirəm».

O, tarixin ilk imtahanından dəyanətlə çıxdı. Qəbul imtahanı «əla» qiymətlə verilib, diplom da «əla» qiymətlərlə müdafiə olunub.

O dövrlərin bir çox maraqlı epizodları Dövlət Məmmədovun yaddaşında yenidən canlanır. Mühazirələr, zaçot və imtahanlara birgə hazırlaşmaqları... Növbəti zaçotdan sonra Dövlət göz xəstəxanasında müalicə olunan bir qohumlarına baş çəkmək istəyirdi, Heydərsə öz işləriylə bağlı harasa tələsirdi. Lakin dostunun klinikaya getmək istədiyini biləndə Heydər sevindi və dedi ki, mən də səninlə gedəcəm:

- Niyə zəhmət çəkirsən, sənin öz qayğıların da çoxdur, - deyə Dövlət etiraz etdi.

- Eybi yox...

Köhnə dostumun planlarını nəyə görə dəyişdiyinin səbəbini mən yalnız klinikada anladım. Heydər:

- Burada mənim bir tanışım işləyir, - dedi, - bir dəqiqə ona baş çəkim. Yoxsa bura gəldiyimi eşidər, inciyər ki, ona dəyməmişəm.

Bir neçə dəqiqə sonra o, gözəl bir qızla doktorun kabinetindən çıxdı.

- Tanış ol, Dövlət, bu Zərifə xanımdır, mənim dostum Tamerlanın bacısıdır.

Zərifə öz pasientlərinin yanına qayıdandan sonra mən Heydərlə zarafat etdim:

- Heydər, sən buraya, deyəsən, mənim qohumuma yox, öz qohumuna baş çəkməyə gəlmisən.

- Hə, indi artıq sənin də qohumuna baş çəkmək olar, - deyə Heydər gülümsündü.

Bir müddət sonra isə mən onu və Zərifə xanımı toyları münasibətilə təbrik etdim. Sonra isə Allahın buyurduğu vaxtda, onun qızı Sevil dünyaya gəldi. Heydər Əliyev onu - təhlükəsizlik kapitanını doğum evinə buraxmamaqları epizodunu sonralar tez-tez xatırlayırdı.

O vaxt Bakıdakı 5 nömrəli doğum evinin baş həkimi Şamama Məmmədkərim qızı Ələsgərova idi. O, Əziz Əliyevin doğma bacısı, Zərifə xanımın bibisi idi. İndi bu doğum evi gözəl həkim, Sosialist Əməyi Qəhrəmanı Şamama Ələsgərovanın adını daşıyır.

Şamama xanım Zərifəni xəstəxanaya gətirmiş Heydəri də o biri atalar kimi evə göndərdi.

- Sizə içəri daxil olmaq olmaz. Siz artıq öz işinizi görmüsünüz, qalanı bizlikdir.

Bu hadisənin üstündən illər ötür və Heydər Əliyev Yaponiya səfəri zamanı ölkəyə gətirilən qiymətli avadanlığı bu doğum evinə bağışlayır. Ali qonağı doğum evinin bütün kabinetlərini gəzdirirlər, nəhayət, ən böyük otağa - doğuşların qəbul edildiyi yerə gətirirlər.

- Necə olur ki, bizi buraya buraxırsınız. O vaxt Şamama xanım bizi kandardan içəri buraxmazdı.

- İndi də heç kimi buraxmırıq. Sadəcə, Sizə görə, cənab Prezident, qaydalardan kənara çıxmışıq.

Bu hadisəni bizə öz kiçik kabinetində tibb elmləri doktoru, professor Nailə Musayevna Şəmsəddinskaya danışdı. Mehriban, gözəl tələbə qız əlindəki dəftəri bir kənara qoyub öz müəlliminin söhbətinə qulaq asır.

- Oradan, şkafdan mənə fotoları verin, - deyə Nailə Musayevna müraciət edir.

Köhnə şəkillərdən birində Zərifə xanım gülümsünür. Onlar əvvəl məktəbdə, sonra da Tibb İnstitutunda birlikdə oxumuşdular. Başqa bir fotoda Şamama xanımı görürük.

- Mən şadam ki, onlar həmişə mənimlədir. Fyodor Nikolayeviç İlyin kimi.

Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasına uzun müddətdən bəri rəhbərlik edən Nailə Şəmsəddinskaya öz tarixi oçerkini mərhum həmkarlarına və öz müəllimi, istedadlı alim və yazıçı, həkim Fyodor İlyinə həsr edib. Onun adını biz artıq qeyd etmişdik. Nailə xanım oçerkində yazır: «Fyodor Nikolayeviç Azərbaycanda mamalıq və ginekologiya sahəsinin banisi olub».

Nailə xanımın yaddaşına müəllimiylə olan onlarla görüşü əbədi həkk olunub.

Budur, başına qırçınlı şlyapa qoymuş Nailə xanım müəlliminin böyük kabinetinə daxil olur. Hörükləri şlyapanın altından sallanır.

Artıq çoxdandır ki, professorun gözləri görmür.

- Siz birbaşa küçədən gəlirsiniz?

- Bəli, siz hardan bildiniz.

- Təmiz havadan. Hansı mühazirələrdə olmusunuz?

- Diamat, istmat.

- Eh, bu kimə lazımdır ki.

Nailə Leninqraddan, elmi ezamiyyətdən qayıdandan sonra professor onu Leninqrad barədə ətraflı sorğu-suala çəkmişdi. Leninqraddan başqa heç bir şəhər onun üçün doğma olmadı. İnstitutda pıçıldaşırdılar ki, İlyin Oktyabr inqilabının qəhrəmanı və sonralar Stalin tərəfindən «xalq düşməni» elan olunan matros Raskolnikovun qohumudur. Elə Nailənin özünə də «Xalq düşməninin qızı» deyirdilər. Onun atası, AZMİK-nin katibi Musa Məmməd oğlu Şəmsəddinskini 1937-ci ildə 17 il cəzaya məhkum etmişdilər.

- Bu hadisə yeni il bayramından dərhal sonra olmuşdu, - Nailə xanım onu belə xatırlayır. - Evdəki «yolka» hələ yığışdırmamışdıq. Bir neçə gün sonra anamı da apardılar.

 

Mərkəz.- 2010.- 15 dekabr.- S.10-11.