HEYDƏR ƏLİYEV


24 yanvar 2002-ci il, Moskva

 

Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri başladı. Həmin günlər «İzvestiya» qəzeti yazırdı: «Rusiya paytaxtına bu cür böyük miqyaslı siyasətçilərin gəlişi özü-özlüyündə vacib hadisədir. Mixail Qorbaçov tərəfindən vaxtilə istefaya göndərilən bu ictimai-siyasi xadim sonradan öz xalqının tələbi ilə böyük siyasətə qayıtdı. Bu gün isə o, Yeltsin Moskvasının saldığı inciklikləri dəf edə bilmişdir».  

«İzvestiya»nın qənaətinə görə, «Məharətli və müdrik siyasətçi Əliyevlə cavan Rusiya prezidentinin ilk tanışlıqdan bu qədər müsbət nəticələr əldə edilməsini» çox az adam gözləyirdi. İlk tanışlıqlarını xatırlayan Əliyev etiraf edirdi ki, o, Putinlə yalnız 30 dəqiqəlik bir görüş nəzərdə tutmuşdu. «Amma biz təxminən 4 saat söhbət etdik». «Belə nəticəyə gəlmək olar ki, onlar bir-birilərində müsbət təəssürat oyadıblar», - deyə «İzvestiya» belə şərh edirdi. «İştirakçıların dediyinə görə, Əliyev Putinlə yenidən görüşmək arzusu ilə ayrıldı. Nəticədə ali qonaq dünən axşam (24 yanvar, 2002-ci il - müəlliflər) xüsusi diqqətə layiq görüldü. Vladimir Putin onu Zavidovdakı bağ evində qəbul etdi. Bu, ailəvi çərçivədə qonaqlıq idi. Mənbələrdən aldığımız məlumata görə, Rusiyanın indiki prezidenti Heydər Əliyevlə müxtəlif beynəlxalq məsələlər üzrə məsləhətləşməni heç də özünə əskiklik hesab etmir».

Dövlət səfəri çoxlu təntənəli protokol mərasimləri, görüş və danışıqlar, dövlət başçılarının təkbətək görüşləri, nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlar, qəbullar, mətbuat konfransları ilə zəngin olur. O vaxt bizlərdən birimizə - «Tribuna» qəzetinin redaktoruna, İTAR TASS-ın baş redaktoru Gennadi İqnatenko tərəfindən Heydər Əliyevin KİV nümayəndələri ilə təşkil olunan görüşündə iştirak etmək qismət olmuşdu. Prezidentin səfəri artıq sona yetirdi, bu 3 gərgin gün ərzində keçirilmiş görüşlərdən və böyük mətbuat konfransından sonra axırıncı tədbir idi. Prezidentin bir qədər soyuq görünən üzündə qətiyyən yorğunluq hissi olunmurdu. 80-ə yaxın yaşı olan bir insanın bu qədər təzyiqə tab gətirməsi heyrətamiz bir şey idi.

TASS-ın artıq illərlə qorunub saxlanan ənənələri var. Vitali Nikitiç ilk növbədə qonaqları salamladı, Heydər Əliyevin şərəfinə tost dedi. Prezidentin badəsində qırmızı şərab var idi. O, dodağını yaşlayaraq, istefasından sonra jurnalistlərlə ilk görüşünü xatırladı. Azərbaycanın neft strategiyasından söhbət açdı, mətbuatla münasibətlərdən danışdı... Ayrılan zaman ona keçmiş köməkçisi Aleksandr Timofeyeviç Qavrilovla bu yaxın günlərdə görüşdüyümü dedim. «Məndən ona çoxlu salam deyin, onu yaxşı xatırlayıram», - deyə Prezident o dəqiqə cavab verdi.
Heydər Əliyev 3 günlük səfərdən sonra həmin gün Bakıda da yerli jurnalistlərlə görüşdü.

- Moskva televiziyaları mənim hazırkı səfərimi, keçirdiyim görüş və danışıqları kifayət qədər işıqlandırıb. Ancaq onu deyə bilərəm ki, bu görüş Azərbaycan üçün olduqca vacib idi. Birincisi, Rusiya hökuməti, prezidenti Azərbaycan Prezidentini dövlət səviyyəsində rəsmi səfərə dəvət etmişdi. Bu status və dəvət dövlət səfərinə aid bütün tələblər və qaydalar çərçivəsində həyata keçirildi. Siz yəqin ki, bütün bunları televiziya vasitəsilə izləyə bildiniz. Əlbəttə, hər şeyi görmək imkanınız olmasa da, seyr etdikləriniz sizdə yəqin ki, müəyyən təsəvvür oyada bildi...

Mən səfərin nəticələrindən çox razıyam. Biz olduqca vacib sənədlər imzaladıq.

Putinlə mən birgə əməkdaşlıq, əlaqələrimizin və bu münasibətlərimizin gələcək məzmunu və prinsiplərini açıqlayan sənəd imzaladıq, sonra Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının 2010-cu ilədək davam etdirilməsini özündə əks etdirən uzunmüddətli müqavilə və daha 2 sənədə imza atdıq. Nəhayət, Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyəti ilə bağlı razılaşmaya gəldik. Bütün bunlar Azərbaycan üçün çox vacib sənədlərdir. Bundan əlavə, sənədlərin Rusiya-Azərbaycan münasibətlərinə yeni impuls verəcəyinə əminəm.

Xatırladaq ki, bu söhbət şənbə günü, yanvarın 26-da baş vermişdi. Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Prezidenti artıq həftənin üçüncü günü, ayın 30-da Nyu-Yorkda keçiriləcək Ümumdünya İqtisadi Davos Forumunun iclasında iştirak etmək üçün ABŞ-a getməyə hazırlaşırdı. Yanvarın 29-da Heydər Əliyev səfərdən öncə ABŞ-ın dövlət katibinin müavini Elizabet Consu qəbul etdi.
Xanım Consla söhbət zamanı Azərbaycan Prezidenti beynəlxalq terrorizmlə birgə mübarizə ilə bağlı Moskvada apardığı danışıqlara istinad edirdi.

- Putin mənə ABŞ-la Rusiyanın bu mövzuda kifayət qədər sıx əməkdaşlıq etdiklərini söylədi. Mən Rusiya hökumətinin gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini hiss etdim. cənab Putin bizim də bu alyansda iştirakımızdan xəbərdardır və sizin təyyarələrinizin ərazimiz üzərindən uçması faktı ona bəllidir. Hesab edirəm ki, sizin Rusiya ilə əməkdaşlığınız, Əfqanıstanda keçirəcəyiniz birgə fəaliyyət, bütünlükdə region üçün geniş imkanlar açacaq.

Qonaqla vidalaşarkən Prezident yaxın dostu cənab Armitecə salam göndərdi: «Çatdırın ki, ona Rusiya-Amerika birgə komissiyasındakı işində uğurlar diləyirəm. Düşünürəm ki, nailiyyətlər əldə ediləcək».

Riçard Armitec ABŞ-ın dövlət katibinin birinci müavinidir. Onların 90-cı illərdə baş tutan ilk görüşü hər ikisi üçün qeyri-adi situasiya kimi yadda qalmışdı. Riçard bütün protokol qaydalarını unudub qəflətən çox səmimi şəkildə demişdi: «cənab Prezident, mənim atam sizə çox bənzəyirdi».

Beləcə, mehriban münasibətlər yaranmışdı. Armitec ABŞ-Azərbaycan ticarət palatasına rəhbərlik edirdi və Əliyevin ABŞ-a səfəri zamanı keçmiş müdafiə naziri Uaynberqi də Əliyevə o təqdim etdi.

- Əvvəllər sizi efirdən görəndə, siz düşmən hesab olunurdunuz, amma indi sizinlə tanış olmaq necə də xoşdur, - deyə Heydər Əliyev güldü.

Riçard bu sözlərdən fərəhləndi, çünki Uaynberq onun həm müəllimi, həm də yaxın dostu idi.

 

1 fevral 2002-ci il, Nyu-York

 

Nyu-Yorka gələn Azərbaycan Prezidenti Ümumdünya Ticarət Mərkəzinin dağıntıları qarşısındakı xatirə lövhəsinin önünə əklil qoydu. Bu əklil sanki Xocalının kül olmuş ərazisinə, Şuşanın erməni faşistləri tərəfindən güllələnmiş heykəlləri önünə, Qarabağın talan olunmuş, viranəliyə çevrilmiş torpağına qoyulurdu. Harada həlak olmasına baxmayaraq, günahsız qurbanların dərdi və xatirəsi eynidir. Növbəti Ümumdünya İqtisadi Forumu «Təhlükəli zamanda liderlik: gələcəyə ümumi baxış» devizi altında keçirilirdi. Forumun yaradıcısı və prezidenti Klaus Svab tədbirin açılışında çıxışı zamanı bildirdi ki, konfrans burada 11 sentyabr 2001-ci ildə faciə ilə üzləşən bu şəhərə - Nyu-Yorka dəstək məqsədilə keçirilir.
Fevralın 1-də Heydər Əliyev «Uodolf-Astoriya» hotelində «Mərkəzi Asiyada sabitlik» mövzusunda keçirilən iclasda çıxış etdi. İlk söz ona verildi. Prezident dünyanın üzləşdiyi problemlərə toxunaraq, Qafqazda baş verən hərbi münaqişə və separatizmdən söhbət açdı: «Separatizm terrorizmə çevrilərək elə bir təhlükə törədir ki, zəbt olunan ərazilər nəzarətsiz zona olur. Misal üçün, Azərbaycanın Dağlıq Qarabağ ərazisini götürək. Burada baş verən münaqişə məhz separatçı məqsədlər daşıyırdı və sonra Azərbaycanla Ermənistan arasında müharibəyə çevrildi. Nəticədə, Azərbaycanın 16 min kv.km. ərazisi nəzarətsiz zonaya çevrilib, daha doğrusu, qanunsuz hərbi qüvvələrin nəzarəti altında qalıb. Bu əraziləri heç bir beynəlxalq qurum və ya dünya ictimaiyyəti idarə etmir. Təbii ki, orada qanunsuz silahların saxlanması, narkotik maddələrin mübadiləsi işi aparılır. Deməli, bu, münaqişələrin yaranma mənbəyidir. Terrorizmin mənbəyidir. Bunun üçün beynəlxalq terrorizmlə mübarizəyə başlamazdan öncə onun yaranması yolları və növləri ətraflı öyrənilməlidir. Hərbi qarşıdurmaların aradan qaldırılması, beynəlxalq terrorizmin meydana çıxmasının qarşısını alan ciddi və vacib tədbirlərdən hesab edilə bilər».

Nyu-Yorkdan Qarabağa qədər olan bu uzun yol həmin anda sanki qısalıb yaxınlaşmışdı. 106 ölkəni təmsil edən 3 min iştirakçı işğal edilib talan olmuş vətən məhfumunun nə demək olduğunu bir daha anladı. 2002-ci il fevralın 27-də İsveçrə qəzeti «Maten» «Tarix unutmayacaq: Azərbaycan xalqı Xocalı soyqırımının 10 illiyini qeyd edir» başlıqlı məqalə dərc etmişdi. Prezidentin təşəbbüsü ilə Xocalı faciəsinin 10 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi bəyanat qəbul etdi. Bəyanatda deyilirdi: «Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini (¹ 822, 853, 874 və 884), Avropa İttifaqı Parlament Assambleyasının sənədlərini, ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərinin qərarlarını rədd edərək Azərbaycanın ərazi bütövlüyünün qəbulundan imtina edir.

Qarabağ ərazisində təkcə Ermənistan deyil, digər ölkələrdən də toplaşan terrorçu qruplaşmaları Azərbaycan xalqına qarşı növbəti cinayət aktlarını planlaşdırırlar. Burada yetişdirilən narkotik maddələrin satışından əldə edilən gəlir terrorçuluq məqsədləri üçün istifadə edilir».
Bir gün gecədən xeyli keçmiş Heydər Əliyevin telefon zəngi Fatma Abdullazadənin yaxşı yadındadır:

- Gecə saat 2 idi. Hələ yatmamışdıq, oturub videoda nəyəsə baxırdıq. Heydər Əliyev zəng edib konkret mövzu ilə bağlı nə isə konkret bir şey soruşdu. cavab verəndən sonra birdən ağlına gəldi: «Mən neylədim, gecə saat 2-dir!» Dedim ki, hələ yatmamışıq, kinoya baxırıq. «Mən isə sənəd üzərində çalışırdım!», - deyə cavab verdi...

Həmin gecə, bir qədər tez - saat 12-də Əliyev həmin sualla əlaqədar nazirlərdən birinə də zəng edibmiş. Səhər aydın oldu ki, düzgün cavabı Fatma xanım verib. Prezident ona təşəkkür etməyi unutmamışdı.

Fatma xanım öz yubileyində Prezident tərəfindən aldığı heyrətamiz gül buketini də yaxşı xatırlayır:

- Heydər Əliyev zəng vurdu, çox gözəl söhbətimiz oldu. O, insanın səsindən əhvali-ruhiyyəsini müəyyən edə bilirdi. O saat soruşdu: «Nəsə bir problem var?» Elə məqamlar olur ki, hətta mənə, fizika-riyaziyyat elmləri doktoruna da bunu izah etmək, məntiqlə əsaslandırmaq çətin olur...
Fatma Abdullazadə Əliyevlə 10 il bir yerdə işləməyi taleyin mükafatı hesab edir. Fatma xanım bir dəfə gecə saat 12-də Əliyevin göstərişinə əsasən onu necə dövlət katibi ilə danışığa çağırmalarını xatırladı. O vaxt, 1993-cü ildə səhərədək işləyirmişlər.

- Söhbət edib getdim evə. Əvvəllər çalışdığım MK-nın binasına qayıtmaq istəmirdim. Sonra yeni hadisələr baş verdi. Məlum oldu ki, qayığı çox möhkəm yırğalayırlar.

O vaxt mən dəniz kənarında yaşayırdım. Tez-tez Surət Hüseynovun silahlarının atəş səslərini eşidirdik. Qonşularımız rusdilli idilər. Heydər Əliyevin canlı efirdəki çıxışını onlar üçün rus dilinə tərcümə edirdim. Bir ifadəni heç vaxt unutmayacağam. «Mənim silahlı dəstələrim yoxdur, yalnız siyasi iradəmə və təcrübəmə güvənirəm». Xalq da ona dəstək oldu.

 

Bahar bayramı – Novruz

 

Martın 13-də Prezident amnistiya haqqında fərman imzaladı. Vətəndaş cəmiyyətində sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsi naminə əlindən gələni əsirgəməyən dövlət başçısı tərəfindən bu addım növbəti bir jest idi. Qoy azadlığa çıxan insanlar onu qiymətləndirsin. Prezident onları əfv etmişdi. Allahın onları bağışlaması isə gələcək əməllərindən asılı idi...
81 nəfər azad edildi, 8 dustağın cəzaçəkmə müddəti isə yarıya kimi azaldıldı. Azadlığa buraxılanların demək olar ki, hamısı Azərbaycan Respublikasının ərazi bütövlüyün
ə və dövlətçiliyinə qarşı cinayət törətməkdə iştirakı olanlar idilər. Bəziləri 1994-cü ilin oktyabrında Gəncədə təşkil olunan dövlət çevrilişinə cəhddə, bəziləri isə 1995-ci ilin martında Bakı, Ağstafa və Qazaxda hakimiyyəti ələ keçirməkdə təqsirli bilinən qruplaşmaların tərkibində iştirak etmişdilər. 3 nəfər isə 1993-cü ildə Heydər Əliyevin həyatına qəsd etməyə cəhd göstərmişdi.
Prezident bu xeyirxah aktı Bahar bayramı - Novruz münasibətilə həyata keçirmişdi. Uzun illər boyu Azərbaycanın bu milli, əziz bayramını keçmişin qalığı adlandıraraq təqvimdən silməyə can atmışdılar.

Amma təsir əks təsirə bərabərdir. Xalq öz adət və ənənələrini qoruyub saxlaya bilmişdi. Prezident Novruz bayramı münasibətilə xalqa müraciətində deyirdi: «Azərbaycan xalqı tarix boyu öz qəlbində qoruyub saxladığı, hər bir sınaq və çətinliklərdən keçib bu günədək gətirdiyi bu əziz bayramın gəlişini səbirsizliklə gözləyirdi. Xalqımız bu gün də milli mübarizə simvolumuza çevrilən bahar bayramını böyük sevinc hissi ilə qeyd edir. Mədəniyyətimizin zəngin, qiymətli incilərindən hesab edilən Novruz müstəqilliyimizin bərpasından sonra həmişəlik olaraq Azərbaycan Respublikasının təqviminə rəsmi bayramlardan biri kimi həkk edildi».

Bayram axşamı Heydər Əliyevi təbrikə bütün qohumlar gəlmişdi. Bacıları, qardaşları, onların həyat yoldaşları, əmiqızı, əmioğlanları. Naxçıvanda, hələ valideynlərinin sağlığında doğma evlərində keçirdikləri Novruzu xatırlayırdılar.

Bayramın gəlişini ilk olaraq evin yanında bitən bədmüşk xəbər verirdi. Kökü hələ də qarın içində idi, amma budaqları artıq tozcuqlanmışdı. İzzət xanım bədmüşkü çox sevirdi. Ağaclar çiçək açanda uşaq kimi sevinirdi. Bir dəfə Şəfiqə anasından nəyə görə bədmüşkü bu qədər sevdiyini soruşdu. İzzət xanım dedi:

- Ay qızım, bədmüşkü kim sevmir ki. Hər dəfə o gül açanda yadıma Zəngəzurun yazı düşür. Orada həmişə bədmüşkü yığıb ondan gülab hazırlayırdıq.

Uşaqlıq xatirələri əbədi olaraq Şəfiqənin yaddaşında həkk olunmuşdu. Sonra işlədiyi rayonlarda da gözü bədmüşkü axtarırdı. Bu bitkinin başı əyilmiş budaqlarını görən zaman anasının sevincdən parlayan gözlərini xatırlayırdı.

Novruza bir həftə qalmış əsas təmizlik işlərinə başlanırdı. Divarlar ağardılır, pəncərələr silinir, ağaclar budanırdı. Yorğan-döşəklər açılıb çırpılır, yenidən sırınırdı. Kənd əhli döşəməyə həsir salır, üzərinə xalça döşəyirdilər. Xalçanın üstünə yun mütəkkələr düzülürdü. Bu yumşaq döşəkçələr xüsusi olaraq dirsəklənmək üçün qoyulurdu.

Həmişəki kimi ailə süfrəsi arxasında keçmiş günlərin xoş xatirələri yada salındı.

- Yadınızdadı, bir dəfə Novruzqabağı necə qar yağmışdı? - deyə evin kiçiyi Şəfiqə bərkdən soruşdu.

- Bizim yerlər üçün bu, adi haldır, - Cəlal dedi.

Bu mart qarı Şəfiqənin yaddaşında həmişəlik qalmışdı. Atası ilə anası evin xalçasını bayırda qarla yuyurdular. Uşaqlar da xalçanı qartopu atəşinə tutmuşdular. Bu şən, səs-küylü dəstədən kimsə hiyləgərlik edib birinin yaxasına qar atdı. Uşağın qışqırtısından İzzət xanım bərk hirsləndi.
Sonra xalçanın qarını təmizləyib evə gətirdilər. Təmiz xalı ayağa xoş soyuqluq və təravət verirdi.

Bayramqabağı Əliyevlər ailəsində adətə görə hər şey təmizlənir, köhnələr atılır, evin hər tərəfi təzələnirdi. Hamı səməni və bayram şamları ilə bəzədilən süfrənin arxasına toplaşırdı. Adət üzrə süfrəyə «Səbzili aş» və kişmiş, ərik, gavalı ilə doldurulan toyuqlu aş-plov gəlirdi.
Süfrəni ana bəzəyirdi. Qızlar isə fətirləri, külçələri, qoğalları, ailənin sevimli çərəzlərini gətirirdilər. Ana onları süd, yağ, yumurtadan yoğrulmuş xəmirdən bişirir, içinə hil, mixək, darçın, sarıköklə qarışdırılmış qoz tökürdü. Bu xəmir təndirdə bişirdi.

İzzət xanım plovu çəhrayı şərbət, mürəbbə, gülqəndi ilə birgə süfrəyə verirdi.

Sonra ən maraqlısı - hədiyyəvermə anı gəlirdi. Valideynlər əvvəlcədən qızlar üçün paltar, oğlanlar üçün ayaqqabı, köynək alırdılar. Oyuncağa pul çatmadığından ən vacib olanlar alınırdı.

İllər, aylar ötdü və vaxt gəldi ki, Heydər də anasına, bacılarına hədiyyələr gətirdi. Leninqraddan aldığı tünd göy güllü parçalar indiyəcən yadlarında qalıb. İzzət xanım onlardan özünə çadra tikdirmişdi.

Bayram axşamı uşaqlar həyətdə tonqal qalayırdılar. Azərbaycan folklorunun sevimli qəhrəmanları Kosa və Keçəl də cavanların müşaiyəti ilə qapı-qapı gəzərdilər.

31 mart - Azərbaycanlıların Soyqrımı Günü* ilə əlaqədar xalqa müraciət edən Heydər Əliyev xüsusi olaraq bunları vurğuladı: «Biz tarixdə baş verən hadisələrin - erməni millətçiləri tərəfindən sistematik olaraq eybəcər formada həyata keçirilənlərin bu günümüzə gətirilməsinin, onun insanlar və xalq arasında düşmənçilik yaratmaq üçün istifadə edilməsinin əleyhinəyik.

Müasir dünyada bizim üçün müharibənin təbliği, qeyri-bəşəri ideologiyanın mövcudluğu, digər dövlətlərə qarşı terrorçu iddialar qəti yolverilməz hal hesab olunur. Müstəqilliyimizin bizə verdiyi imkanlardan istifadə edərək ölkəmizin daim inkişafına, vətəndaşlarımızın gələcək rifahına can atırıq».

Təsdiqə ehtiyacı olmayan məlum həqiqətdir ki, qonşunu seçmirlər. Onlarla yalnız sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq lazım gəlir. Bu, bütünlükdə millətlərə də aiddir. Tale Azərbaycan xalqını müxtəlif mentalitetli, fərqli milli tərkibli, etnik köklü millətlərlə qonşu edib. Onlar da, biz də bir səma altındayıq, ancaq bu səma heç də həmişə aydın olmur.

 

3 Mart 2002-ci il, Bakı

 

Heydər Əliyevdən danışarkən jurnalistlər çox zaman gözəl müqayisələrə müraciət edirlər. Onlardan biri isə Əliyevi kökləri torpağın dərin qatlarına işləmiş, ondan güc, qüvvət alan möhtəşəm çinara bənzədir.

Çinar - İnsan... Çox dəqiq metaforadır. Martın 3-də Heydər Əliyev Prezident Sarayında dünya şöhrətli Mstislav Rostropoviçi və xanımı Qalina Vişnevskayanı qəbul etdi.

- Əziz Slava! - deyə Prezident qonağa üz tutdu. - Mən çox şadam ki, Sizin 75 illik yubileyinizə həsr edilmiş mərasimlərə bizim Vətənimizdə - Azərbaycanda start verilir. 2001-ci il Rostropoviçin 75 illiyi, mart isə Rostropoviç ayı hesab edilir. Burada artıq həmin günlər başlayıb. Əminəm ki, sizin ad gününüz, şöhrətinizin məlum olduğu dünyanın bir çox ölkəsində də bu cür təntənə ilə qeyd olunacaq. Siz buraya Qlobal Vaksinasiya Fondu ilə gəlmisiniz. Özünüzlə ümumi məbləği 1 milyon dollardan artıq olan vaksin gətirmisiniz. Bu, bizim respublikaya böyük köməkdir, uşaqların sağlamlığının qorunmasına göstərdiyiniz böyük qayğıdır. Eyni zamanda, qeyd edilməlidir ki, bu, çox mühüm bir sahəyə - Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına, Azərbaycan musiqisinin beynəlxalq miqyasda tanınması və inkişafı sahəsində göstərdiyiniz əməyə görə Siz, əziz Slava, Prezidentin fərmanı ilə Azərbaycanın ən yüksək ordeni - «İstiqlal» ordeni ilə təltif olunursunuz.
Özünün uzun və uğurlu yaradıcılıq dövründə görkəmli musiqiçi yəqin ki, çoxlu tərif və kompliment, xoş söz eşitmişdi. Lakin indi sanki bir qədər utandı. O dedi:

- ... Hazırda elə həyəcanlıyam ki, nə deyəcəyimi bilmirəm. İlk olaraq valideynlərimə mənə təhsil verdiklərinə, bu cür yetişdirdiklərinə görə minnətdarlıq etmək istərdim. Məni dünyaya gətirmək üçün dünyanın ən gözəl yerini seçdiyinə görə ən çox anama minnətdaram.
Əlbəttə, Azərbaycana, Bakıya məhəbbət atamdan keçib. Buradan köçəndən sonra atam Moskvada yaşayıb. Bakı şəhərində mənim tanıdığım gözəl bir insanın ev- muzeyi var. Mən uşaq olanda atam məni onunla tanış etmişdi. Bu, Üzeyir Hacıbəyov idi. Moskvada Azərbaycan ongünlüyü olanda atam məni mehmanxanaya gətirib dedi ki, səni şöhrətli bir musiqiçi ilə tanış edəcəyəm. Mən o vaxt atamın tanış etdiyi Üzeyir Hacıbəyovun üzünü ömürlük yadımda saxladım. Muzeydə atamın müharibədən əvvəl Üzeyir Hacıbəyova yazdığı məktub indi də saxlanılır. Məktubda atam yazırdı: «Mən Bakıya qayıtmağı çox arzulayıram».

Müharibə başladığına görə atam Bakıya dönə bilmədi. Sonra məcburi şəkildə Orenburqa evakuasiya edildik və orada 1942-ci ildə dünyasını dəyişdi. Mənim həyatım həmin xatirələrlə doludur. Ona görə Bakıya hər gəlişim mənim üçün böyük hadisədir. Gedəndən sonra bu torpağa nə zaman qayıdacağımı düşünürəm.

Rostropoviç Azərbaycan Prezidentinin qəbulunda Rusiya-Azərbaycan münasibətlərindən də söhbət açdı.
- ... Son vaxtda, bəlkə də, həyatımda ən xoş gün sizin Putinlə görüşdüyünüz gün olub. Bu mənim ömrümün ən şən və xoşbəxt məqamları idi. Bilirsiniz, mən Rusiyada təhsil almışam, ömrümün çoxu orada keçib. Hər iki ölkə mənim bir hissəmdir. Bu ölkələr arasındakı mövcud musiqi, mədəniyyət əlaqələrini, yazıçı və rəssamların yaratdığı dostluq münasibətlərini itirmək olmaz. Bu əlaqələr qarşılıqlı çətinliklər sayəsində qazanılıb. Hər şeyə görə sizə minnətdarlıq etmək lazımdır. Hamı sizin müdrik bir insan olduğunuzu bilir. Bu görüş sizin dahi ölkə başçısı olmağınızla yanaşı, həm də çox uzaqgörən, görkəmli və xoşxasiyyətli bir insan olduğunuzu sübut etdi. Hər şeyə görə sizə dərin minnətdarlığımı bildirirəm.
Axşam Mstislav Rostropoviç Respublika sarayında Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinə rəhbərlik edirdi. Həmin gecə Rostropoviçin doğma şəhərə bəxş etdiyi musiqi bayramını qələmlə təsvir etmək çətindir.

1985-ci ilin 15 apreli - Zərifə xanımın dünyasını dəyişdiyi o hüznlü gün Heydər Əliyevin, bütövlükdə Əliyevlər ailəsinin həyatında ən dəhşətli gün kimi xüsusi yer tutur. 2002-ci ilin həmin günü Heydər Əliyev, İlham, onun övladları, yaxınları Zərifə Əliyevanın qəbrini ziyarətə gəlmişdilər. Həmişəki kimi, Zərifə xanımın günəş altında bərq vuran bürünc abidəsinin qarşısında durub heykəlini seyr etməklə sanki onun varlığını duymağa çalışırdılar.
İstedadlı Azərbaycan heykəltəraşı Ömər Eldarovun hazırladığı bu heykəli əvvəlcə Moskvada - Zərifə Əliyevanın
qəbri üzərində qoymaq istəyirdilər. Heydər Əliyev üçün o vaxt «Zərifəni Bakıya gətirmək» problem idi...

- Görəsən, gələcəkdə necə olacaq? Bütün bu suallar məni narahat edirdi. Onun üçün də mən Ömər Eldarova gördüyü işə görə təşəkkür edib heykəli hələ ki, özündə saxlamağı tapşırdım. Vəziyyət elə idi ki, bu gündən sabaha ümid yox idi. Fikirləşdim ki, əgər özüm bacarmasam, övladlarımdan biri bu işi görə bilər. Ömər Eldarov 8 il ərzində həmin heykəli emalatxanasında qoruyub saxladı. Bakıya qayıdan kimi emalatxanaya gedib, heykəli böyük qürur hissi ilə seyr elədim. Bilirsiniz, bu hissiyyat bir tərəfdən Zərifə xanımın xatirəsinə, digər tərəfdən heykəltəraşın yaratdığı yüksək sənət əsərinə aid idi. 1994-cü ildə Zərifə xanımın məzarının Moskvadan Bakıya köçürülməsi ilə yeni mərhələ başladı. Bir sual yaranmışdı ki, heykəl harada qoyulsun. Ömər Eldarov məsləhət bildi ki, bu sənət əsərini muzeydə saxlayaq, mən də razılaşdım». Bu söhbət 1994-cü ildə olmuşdu. Qəbrin üzərində isə həmin heykəlin əsasında hazırlanmış bürünc abidə ucaldılıb (1997-ci il aprelin 15-də Heydər Əliyevin Bakı İncəsənət Muzeyində Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş «Elegiya» mərmər heykəlin təqdimat mərasimindəki çıxışı və xatirə kitabçasına yazdıqlarından).

 

Mərkəz.- 2010.- 17 dekabr.-S. 10-11.