BDM Türkiyədə bir sıra tədbirlər keçirib
«Səfərdə
əsas hədəfimiz
- İrəvandan, o cümlədən Qərbi
Azərbaycanın digər
yerlərindən qovulmuş
azərbaycanlıların haqlarının
beynəlxalq müstəviyə
çıxarılması, həmçinin, ulu öndər Heydər Əliyevin anım gününün keçirilməsi
idi»
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Qərbi
Azərbaycandan vəhşiliklə
və zorla qovulmuş soydaşlarımızın
pozulmuş hüquqlarının
beynəlxalq arenada tanınması uğrunda başladığı mübarizədə
yeni mərhələyə
qədəm qoyub. Mərkəz artıq bu məsələyə dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün ölkə sərhədlərindən
kənarda müxtəlif
tədbirlərin keçirilməsinə
start verib. Belə ki, bugünlərdə
«Biz mütləq o torpaqlara qayıdacağıq»
devizi altında qardaş Türkiyənin İqdır şəhərində
böyük nümayəndə
heyətinin iştirakı
ilə görüşlər
keçirilib. Azərbaycan türklərinin
böyük igidi Kərbəlayi İsmayılın
və başqalarının
Daşburun kəndindəki
qəbirlərinin ziyarəti
ilə başlayan törənlər Heydər
Əliyev adına Liseydə ümummilli liderin anım günü, siyasi partiyalar və qeyri-hökumət təşkilatları,
ictimai birliklərlə Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın
hüquqlarının beynəlxalq
müstəviyə çıxarılması
yollarına dəstək
üçün keçirilən
konfranslarla davam etdirilib. Bütün bu tədbirlər barədə daha ətraflı məlumat almaq üçün BDM-in sədri İsmayıl Ağayevlə
həmsöhbət olduq.
- İsmayıl
müəllim, İqdırda
keçirdiyiniz görüşlərlə
bağlı bir qədər ətraflı
məlumat verməyinizi
xahiş edərdik…
- Nəzərinizə çatdırım
ki, biz BDM olaraq artıq bir neçə ildir Türkiyənin müxtəlif şəhərlərində
silsilə tədbirlər
həyata keçiririk.
Buna misal olaraq, 1915-ci ildə Çanaqqalada şəhid olan 3 minə yaxın soydaşımızın xatirəsinin
əbədiləşdirilməsi, Nuru Paşanın başçılığı ilə 1918-ci ildə bolşevik-daşnak işğalından
qurtarması üçün
Qafqaz-İslam Ordusunun
Azərbaycana gəlişinin
qeyd edilməsi, Türkiyə-Ermənistan sərhədlərinin
açılması
məsələsi gündəmdə olan zaman Əlican
sərhəd-keçid məntəqəsində
10 min nəfərə
yaxın insanın iştirakı ilə keçirdiyimiz aksiyanı,
ümumiyyətlə, İqdırda
yaşayan Azərbaycan
türkləri ilə
bağlı BDM-in atdığı addımları
qeyd edə bilərik. Bundan əlavə, biz BDM olaraq Leyla xanım
Əliyevanın başlatdığı
«Xocalıya Ədalət»
kampaniyasına dəstək
olaraq İstanbulun «Taksim» meydanında toplantı düzənləmişik,
yürüş-mitinq keçirmişik.
Yəni bu cür milli məsələlərlə bağlı
bizim artıq BDM olaraq Türkiyədə kifayət qədər fəaliyyətimiz, orada bizimlə eyni düşüncələri bölüşən
dostlarımız var. Budəfəki səfər
də əvvəlki tədbirlərin davamı
kimi düşünülən
növbəti bir səfər idi. Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında yüksək xətlə inkişaf edən hazırkı yaxınlaşma
prosesini gözü götürməyən, həzm
etməyən bəzi
qüvvələr də
var. Heç kimə sirr deyil ki, həmin
qüvvələr bu münasibətlərə kölgə
salmaq üçün
bəzi işlər də görürlər. Biz buna görə
yalnız təəssüf
edirik. Həm bu kimi məsələlərin aradan
qaldırılması və
yerindəcə müzakirələr
aparmaq, digər tərəfdən, ulu öndər Heydər Əliyevin anım gününü xatırlamaq
üçün Türkiyənin
İqdır bölgəsinə
səfər etməyi
qərara aldıq.
Məlumdur ki, ulu öndərin anım günü təkcə Azərbaycanda
deyil, Azərbaycanın
sərhədlərindən xeyli uzaqlarda da qeyd olunur.
Həmin gün Azərbaycanın diplomatik
nümayəndəliklərində, azərbaycanlıların yaratdıqları
ictimai təşkilatlarda
ulu öndərin anım günü qeyd edilir. Təbii
ki, biz bütün
azərbaycanlıların hörmətlə
xatırladıqları bu
günü nəzərdən
qaçıra bilməzdik.
Səfər zamanı, ələlxüsus
da, Qərbi Azərbaycandan, indiki Ermənistan Respublikasının
ərazisindəki dədə-baba
torpaqlarından soydaşlarımızın
sonuncu dəfə didərgin salınmalarının
22-ci ildönümünün tamam olması münasibətilə keçirəcəyimiz
tədbirlər mühüm
əhəmiyyət daşıyırdı. Qərbi Azərbaycandan qovulmuş insanların hüquqlarının beynəlxalq
müstəviyə çıxarılması
istiqamətində BDM-in
başladığı tədbirlər
özünü bizim səfər proqramında da tapmışdı. Beləliklə, səfərdə
əsas hədəfimiz
- İrəvandan, o cümlədən Qərbi
Azərbaycanın digər
yerlərindən qovulmuş
azərbaycanlıların haqlarının
beynəlxalq müstəviyə
çıxarılması, həmçinin, ulu öndər Heydər Əliyevin anım gününün keçirilməsi idi.
- Nümayəndə heyəti neçə
nəfərdən ibarət idi və səfər marşrutu
necə seçilmişdi?
- 16 nəfərdən, 4 avtomobildən ibarət karvan İran İslam Respublikasından Naxçıvana, Naxçıvandan da İqdıra keçmək marşrutu seçməklə buradan yola çıxdıq. Səfər proqramı çox zəngin idi. Səfərin əsas təşkilatçısı qismində BDM çıxış edirdi. BDM Məşvərət Məclisinin sədri, millət vəkili kimi Gülər xanım Əhmədovanın səfərin təşkilatçısı kimi əməyini burada qeyd etmək həm düzgün olardı, həm də yerinə düşərdi. Bizim qeyri-hökumət təşkilatı kimi, Gülər xanımın da bundan əlavə həm Yeni Azərbaycan Partiyasından olan millət vəkili, həm də dövləti təmsil edən bir şəxs kimi iştirak etdiyi bu səfər çox uğurla başladı. Biz dekabrın 11-də İqdır valiliyinin tapşırığı ilə Əlican keçid məntəqəsindən ayrılmış xüsusi polis müşaiyəti ilə İqdıra çatdıq. İqdırdakı «İmperator» hotelində yerləşdikdən sonra dekabrın 12-də səhər tezdən İqdırdan 20 kilometr aralıda yerləşən Daşburun kəndində 1905-1907 və 1918-1933-cü illər ərzində Qərbi Azərbaycanın Vedibasar, Dərələyəz və Zəngəzur mahalından qovularkən həmin ərazidə məskunlaşmış insanların yaxınları, nəvə-nəticələri ilə görüşdük. Ələlxüsus da, Azərbaycanın Qarsdakı keçmiş baş konsulu və hazırda İstanbulda fəaliyyət göstərən baş konsulu Həsən Zeynalov tərəfindən Kərbəlayı İsmayıl və onun tərəfdarlarının xatirəsinə ucaldılmış abidənin önündə toplantı və görüş keçirdik. Görüşdə Azərbaycandan gəlmiş nümayəndə heyəti, Azərbaycanın Türkiyədəki konsulluğunun İqdır nümayəndəsi Rafiq bəy, Daşburun bələdiyyə başqanı Nəsib Aksu, Milliyyətçi Hərəkat Partiyasının vilayət başqanı cahid bəy və başqa dostlarımızla bərabər, biz Daşburun kəndində Kərbəlayi İsmayılın qəbrini ziyarət etdik, onun məzarı önünə gül-çiçək dəstələri düzdük. Daha sonra çıxışlar oldu. Bundan sonra Azərbaycandan özümüzlə gətirdiyimiz hədiyyələri - tarixi kitabları Kərbəlayi İsmayılın qardaşı nəvəsinə, yaxın qohumlarına təqdim etdik. Daha sonra nümayəndə heyəti Əlican sərhəd-keçid məntəqəsinə getdi. Keçiddəki durumla maraqlandıq. Oradan Ermənistan tərəfini seyr etdik. Çünki Əlican sərhəd-keçid məntəqəsi bir neçə ay öncə Azərbaycanda ən çox səslənən, ən çox müzakirə olunan məsələlərdən biri idi. Nümayəndə heyətinin üzvləri oradan birbaşa 1905-1907 və 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş soydaşlarımızın xatirəsinə qoyulmuş soyqırım abidəsinin ziyarətinə yollandılar. Ziyarətdə həm Türkiyə ictimaiyyətinin nümayəndələri, həm də qeyri-hökumət təşkilatlarının üzvləri iştirak edirdilər. Oradan millət vəkili Gülər Əhmədova və mən Ermənistan ictimaiyyətinə bir mesaj da göndərdik. Gülər xanım erməni daşnaklarının analarına müraciət edərək övladlarının bu çirkin olaylardan əl çəkməsini, qan tökməmələrini məsləhət etdi. Mən də bildirdim ki, İqdırdakı soyqırım abidəsi 5 qollu qılıncdan ibarətdir. Dedim ki, əgər bunlar soyqırım kimi hərəkətlərindən əl çəkməsələr, deportasiya olunanların haqlarını tanımasalar, Qarabağı işğaldan azad etməsələr, dəymiş maddi və mənəvi ziyanı ödəməsələr, burada simvol olan qılıncı əlimizə almağa məcburuq. Çünki torpaqlarımızı qorumaq bizim borcumuzdur və ermənilərə tezliklə Qarabağdan çıxmaları üçün qətiyyətlə mesaj verdik.
- Səfər
zamanı vilayət rəsmiləri ilə təmaslarınız gerçəkləşdimi?
(davamı növbəti sayımızda)
Müəllif: Səxavət
HƏMİD
Mərkəz.-2010.-17 dekabr.- S.5.