Uşaq ədəbiyyatı ¹ 26

 

 

Aləmzər ƏLİZADƏ

 

1950-ci ildə Gəncə şəhərində anadan olub. 1974-cü ildə AzKTİ-ni bitirib. Dövri mətbuatda şeirləri məktəb illərindən çap olunur. İlk yazısı 1967-ci ildə «Pioner» qəzetində dərc edilib. Əsasən, uşaqlar üçün gözəl şeirlər yazan Aləmzər xanımın indiyə kimi 10-dan çox şeirlər kitabı işıq üzü görüb. Şeirləri müxtəlif xarici dillərə tərcümə olunub.

1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1987-ci ildə ilin ən gözəl kitabı müsabiqəsində «Ətirli kəpənək» kitabı mükafata layiq görülüb, növbəti kitabı isə növbədənkənar çap olunub. Hazırda AYB-nin Gəncə bölməsində məsləhətçi işləyir.

1989-cu ildə Gəncə Dövlət Kukla teatrında «Günah torbası», 1991-ci ildə «Nəğmə qapısı», 2003-cü ildə isə «Şeytanın dostu» pyesləri tamaşaya qoyulub, Mərkəzi Televiziya ilə nümayiş etdirilib. «Günah torbası» tamaşası Mərkəzi Televiziyanın «Qızıl Fondu»nda saxlanılır.

Bu il gözəl uşaq şairimiz Aləmzər Əlizadənin 60 yaşı tamam olur. Bu münasibətlə, bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda saat 14:00-da yubileyi qeyd olunacaq. Biz sevimli şairimizi 60 illik yubileyi münasibəti ilə təbrik edir, onun uşaq şeirlərindən ibarət poeziya çələngini dəyərli oxucularımızın diqqətinə çatdırırıq.

 

 

 

ÜZÜM

 

Üzümə bax, üzümə.

Baxır mənim sözümə.

Çağırmışam onu mən.

Birinci mərtəbədən.

Dırmaşa-dırmaşa o

Beşinciyə çıxıbdı.

Hər mərtəbədə barlı

Çardaq qoyub qalxıbdı.

 

 

MƏN KÜSMÜŞƏM

 

Mən küsmüşəm anamdan,

O getmədi yanımdan.

Yağır dümağ, dümağ qar

Qoymadı yeyəm ondan.

 

Mən anamdan küsən tək,

Çəkməm mənlə dalaşdı.

Bağını çəkdim bərk-bərk,

Açılmadı, dolaşdı.

 

Donuma dedilər,

Baxmır mənim sözümə.

Çalışıram qədər,

Geyilir tərs üzünə.

 

Mən küsmüşəm anamdan,

Qoy gedim yatım bir az.

Qırmızı, güllü yorğan,

Mənlə küsməz, dalaşmaz.

 

Yorğanım, ört üstümü,

Yorğanım, ört üstümü,

Ayağım açıq qalır,

Sən məndən küsdünmü?

 

Gedim görüm anamı,

Danışdırım anamı:

Qar yemək istəmirəm

Mənlə barışsın hamı!

 

 

QUZUMUN QOTAZI

 

Quzumuzun boynunda,

qotazı qoşadı.

Elə zərif, qəşəngdir,

muncuğa oxşadı.

 

Bərk bitişib boynuna,

Əl ilə yoxlanmır o.

Bacımın muncuğu tək,

Açılıb-bağlanmır o.

 

 

DEYƏCƏM

 

Ay telefon, oldu,

Yenə susmusan bu gün?

Darıxıram atamçün,

Darıxıram anamçün.

Özün məni səslədin,

O gün gecə danışdım.

Mən atamla, anamla

Gördün necə danışdım...

Susma, səslən, telefon,

Sən kimi gözləyirsən?

Bəlkə sən atamgilin

Səsini gizləyirsən?

Onlar da darıxırlar

Mənimlə danışmaqçün.

Hamısını deyəcəm,

Atamgil gəlsin bu gün...

 

 

BOYUM UZANIB

 

Bir səhər gəzə-gəzə,

Çıxdıq çiçəkli düzə.

Sarı boyçiçəyini

Nənəm göstərdi bizə.

 

Söylədi: Bu çiçəyin,

Yaman gözəl ətri var.

Hər kim dərib qoxlasa,

Onun boyu uzanar.

 

Mən dəstə bağladım,

Evimizdə saxladım.

Boyum uzansın deyə,

Axşam-səhər qoxladım.

 

Biləsiz, belə yaxşı,

Ətirli çiçək olmaz.

Axı, deyəsən mənim.

Boyum uzanıb bir az...

 

 

MƏNİ GÖRDÜMÜ

 

Oxuyub-oynayırdı,

Televizorda bacım.

Qəşəng idi paltarı,

Sığallı idi saçı.

Ekranın qabağında,

Yaman sevincək idim.

Görən məni gördümü,

Ona əl elədim...

 

 

BİRCƏ DƏFƏ

 

Ay itlər, ay pişiklər,

Ay quzular, qoyunlar.

Sizi gözlər çöl-bayır,

Sizi gözlər oyunlar.

 

Ya boş yerə qaçırsız,

Ya hoppanıb-düşürsüz.

Ya ağaca dırmaşır,

Ya torpağı eşirsiz.

 

Bir-birinizə bəzən.

Hirslənib durursunuz.

Ayağınızı tez-tez,

Yerə vurursunuz.

 

Ananız bircə dəfə,

Papış geydirir sizə.

Onlar da heç cırılmır,

Yaxşı ki, qalır təzə.

 

Univermaqda rəng-rəng,

Papışlar, çəkmələr var.

Ancaq ki, ananızı,

İçəri buraxmazlar.

 

Cırılsa papışınız,

Ayaqyalın qalarsız.

Bilmirəm təzəsini,

Siz heç hardan alarsız?

 

 

ƏRİK

 

Ərik, ərik, ay ərik,

Çiçəyini dərmərik.

Dəstə bağlayıb, ya da

Yolub yelə vermərik.

 

Gözlərik dəyənədək,

Bar budaq əyənədək.

Şirələnib yumşalıb,

Nənəm yeyənədək.

 

 

GÜNƏŞ ÜÇÜN

 

Səhər gedirəm,

Bağçaya özüm.

Günəş gedir,

Qamaşır gözüm.

Axşam yenə ,

Tək gəlirəm mən.

Günəş boylanır,

Başımın üstdən.

Gedib-gəlirik,

Beləcə hər gün.

Nəğmə oxudum,

Mən günəş üçün.

 

 

“QA-QA”DIR SALAMLARI

 

Bağımızın yolunda

Dənlənir beş dənə qaz.

Keçəndə yanlarından

Salam verməsəm olmaz.

Salam, qazlar, salam!

Qa-qa, qa-qa.

Salam, qazlar, salam!

Qa-qa, qa-qa.

Uzun boyunlarını,

Uzadır mənə sarı.

Danışa bilmir onlar,

Qa-qa”dır salamları.

 

 

TOPUMU ATMA

 

Başımı qatma, qatma,

Topumu göyə atma.

Top gedib göydə qalar,

Onu ordan kim salar?

 

Görürsən, külək əsmir,

Yağış da yağmır hələ.

Topum göydə qalanda,

Onlar gətirib gələ...

 

 

ZƏNCİROTU

 

Çöldə zəncirotunun

Çiçəkləri sarıydı.

Bəzisinin başında,

tük papaq var idi.

Birdən sərin meh əsdi,

Papaq”lar göydə gəzdi.

 

 

TİKANLARIN YUVASI

 

Bağ-bağçada qardaşım,

Baxmır tikana, daşa.

Soyunub ayağını,

Qaçır o baş-bu başa.

Saymaq olmur neçədir -

Üçdür, beşdir, altıdır?

Elə bil tikanların

Yuvası qardaşımın

Ayağının altıdır.

 

 

GÖYDƏN DÜŞƏN QIZ

 

Hərdən nənə

Deyir mənə:

Mənim balam

Göydən düşüb

Göy zənbillə”.

Tez baxıram

Mən zənbilə.

Bizdə qəşəng,

Göy zənbil var.

Kiçik bacım

Güclə sığar.

Yəqin elə

Bacım boyda

Olanda mən,

Bu zənbillə

Düşdüm göydən.

 

 

OYNAMIRAM, UŞAQLAR

 

Kuklamı günün altda

Qoyub getmişdim bağa.

Uşaqlarla birlikdə

Gizlən-qaçoynamağa.

İndi gəlib görürəm

Onun qızdırması var.

Kuklam xəstələnibdir,

Oynamıram, uşaqlar.

 

 

QARĞANIN QOZU

 

Bir qarğa uçan zaman,

Qoz atmışdı Qaraya.

Qaranı tez uşaqlar,

Almışdılar araya.

 

Dedilər necə qozdu,

Gətir sındırıb görək.

Qara da istəyirdi,

Qozu qırıb yesin tək.

 

Ona görə dedi tez:

Bu qarğanın qozudu.

Saxlayacağam hələ,

Görmürsüz uzundu?

 

 

ARI

 

Elə tez ağlayıram,

Məni vuranda arı.

Çiçəklər heç ağlamır,

Hər gün vurur onları.

 

 

ƏNCİR

 

Ləzzətlə əncir yedim,

İçi şirəylə dolu.

Elə bil ki, ağacda,

Qalıb mürəbbə olub.

 

 

GÜNƏŞ DÜŞÜRÜM

 

durmusan, ay Ziba,

Bir qarğı tap ver mənə.

Çıxım damın üstünə

Günəş düşürüm sənə.

 

 

CIRCIRAMA

 

Mənim qəşəng, bəzəkli,

Bir cırcıramam vardı.

Əlimdən qaçan kimi,

Sərçə alıb apardı.

 

 

SARI TOP

 

Tək bir əlimə sığır

Balaca, sarı topum.

Yerə vuranda qalxır

Məndən yuxarı topum.

 

 

YAĞIŞ KƏSƏR

 

Yağış yağır,

Hava təmiz,

Göy açıq.

Nənəm dedi:

-Yağışdan tut

Göyə çıx.

İnandı bu

Sözə Lalə.

Nənəmə tez

Dedi belə:

-Heç yağışdan

Tutub göyə

Çıxmaq olar?

Yağış kəsər

Adam yarı

Yolda qalar.

 

 

KAKTUSUN BALALARI

 

Bizim kaktus elə bil,

Qarmondu yupyumruca.

vaxtdır gözləyirdik

Gözəl çiçəklər aça.

 

Səhər nənəm sevincək,

Dedi: - Gördünüzmü siz?

Külfət basıb kaktusu,

Olmayıb xəbərimiz.

 

Baxdıq ana kaktusa,

Qucağında balalar.

Balaların da sarı,

İti tikanları var.

 

Tikanlar bir-birini,

ağrıdıb, deşib.

Səkkiz balanın üçü,

Qopub dibinə düşüb.

 

 

 

Mərkəz.-2010.-17 dekabr.- S.15.