«Mərkəzi Asiya
və Cənubi Qafqaz: Avrasiyanın ürəyində inteqrasiya
prosesləri»
Dünən bu adda kitabın təqdimatı keçirildi
Dünən «Xəbərlər-Azərbaycan» Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində «Mərkəzi Asiya və Cənubi Qafqaz: Avrasiyanın ürəyində inteqrasiya prosesləri» adlı kitabın təqdimat mərasimi keçirildi. Azərbaycanın tanınmış politoloqlarının iştirak etdiyi mərasimdə çıxış edən «Xəbərlər-Azərbaycan» Beynəlxalq İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi İlqar Vəlizadə bildirdi ki, kitabda azərbaycanlı ekspert və politoloqlar Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda gedən proseslərə münasibətlərini açıqlayıblar. Tədbir çərçivəsində politoloqlar Azərbaycan ətrafında baş verən siyasi proseslərə dair baxışlarını da bölüşdülər. Siyasi analitik Rauf Rəcəbov bildirdi ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna ümumi kontekstdə, Xəzər dənizinin vahid akvatoriyasında baxmaq lazımdır: «Münaqişələr hələ yüz illərlə davam edəcək, çünki bu, regionu idarə etmək üçün sərfəli üsuldur».
Politoloq Rasim Ağayev qeyd etdi ki, Çinin təsirinin artması ilə Mərkəzi Asiya regionu mühüm əhəmiyyət kəsb etməyə başlayır. Onun sözlərinə görə, gələcəkdə bu region da Çin, ABŞ, Rusiya və hətta Avropa İttifaqının nüfuz müharibəsi apardığı bölgəyə çevrilə bilər: «Etiraf etmək lazımdır ki, həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya xeyli dərəcədə çətin regionlardır. Bu regionlardakı ölkələr yeni dövlətlər olduğundan onların üzərində nüfuz müharibəsi gedir. Mərkəzi Asiya və Cənubi Qafqaz təkcə gözəl təbiət, zəngin karbohidrogen ehtiyatları demək deyil. Bu bölgələr həm də vacib dünya faktorlarıdır. Kitabın nəşrə hazırlanması bu baxımdan çox yaxşı təşəbbüsdür. Çünki Cənubi Qafqaz və Mərkəzi Asiyada inteqrasiya prosesləri hələ xeyli müddət öz aktuallığını qoruyub saxlayacaq».
Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov Qazaxıstanın ATƏT-ə sədrlik etdiyi 2010-cu ildən ciddi irəliləyiş gözləməyin əvvəlcədən yersiz olduğunu vurğuladı. O qeyd etdi ki, lakin bu, Qazaxıstanın, onun prezidenti Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqişəsini həll etmək istəməməsi ilə bağlı deyil: «Biz 1 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Qazaxıstandan ciddi irəliləyiş gözləyə bilməzdik. Çünki bu münaqişənin həlli ilə bilavasitə ATƏT-in sədri deyil, üç həmsədr dövlət məşğul olur. Bu ölkələrin də öz maraqları var. Həmin ölkələr, əsasən də Rusiya münaqişənin həllini istəmədikcə hazırkı status-kvo davam edəcək». Bununla belə, politoloq ATƏT-in İstanbul sammitindən ötən 11 ildən sonra ilk dəfə Qazaxıstanın təşəbbüsü ilə Astanada sammitin keçirilməsinin əhəmiyyətli olduğunu vurğuladı: «Sammitdə qəbul edilən bəyannamə istənilən halda pozitiv addım oldu. Lakin biz yola salmaq üzrə olduğumuz bir ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəzərəçarpacaq irəliləyişi hiss etmədik. Və mən düşünürəm ki, biz yaxın illərdə də bu cür irəliləyişə nail ola bilməyəcəyik». F. Sadıxov həm Azərbaycanın, həm də Qazaxıstanın zəngin neft-qaz ölkəsi olduğunu vurğulayaraq ikitərəfli münasibətlərin durmadan inkişaf etdiyini qeyd etdi: «Bu münasibətlər xeyli dərəcədə ciddidir və iki ölkənin dövlət başçılarının şəxsi əlaqələri də burada mühüm rol oynayır».
Müəllif: Səxavət
Mərkəz.-2010.- 17 dekabr.-S.3.