«Missiyam - insanlara yaxşılq etməkdir»

 

«Əsərimi alan insanın şəxsiyyət olması mənim üçün çox vacibdir»

 

Portuqaliyada müasir dövrün sürrealist rəssamları tərəfindən böyük bir layihə gerçəkləşdirilib. Amerika və Avropanın ən qabaqcıl sürrealist rəssamlarının toplaşdığı həmin sərgidə Azərbaycanı sürrealist rəssam Mehriban Əfəndi təmsil edib. Biz də onunla həmsöhbət olub sözügedən layihə və rəssamın gələcək planları barədə danışdıq. Qeyd edək ki, Mehriban Əfəndi Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 2 il Moskva “Soyuzmultfilm” animasiya məktəbində dərs alıb. Öncə özünü kino sahəsində sınayıb. “Azərbaycanfilm” kinostudiyasında bir neçə bədii filmin - “Özgə vaxt”, “Məkanın melodiyası”, “Hotel otağı” və Özbəkistanda çəkilən “Qırmızı qatar” filminin geyim üzrə rəssamı olub. Dünya şöhrətli alman rejissoru Fayt Helmerin “Absurdistan” filmindəki işi 2008-ci ildə Almaniya Kinoakademiyasının “Ən yaxşı geyim üzrə rəssam” nominasiyasında mükafata layiq görülüb. İndiyədək Mehriban Əfəndinin əsərləri dünyanın bir çox ölkələrində nümayiş olunub. Hazırda “Azərbaycanfilm” kinostudiyasında çəkilişə hazırlıq şöbəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan Rəssamlar İttifaqının, Rusiya və MDB ölkələrinin kinematoqrafçılar ittifaqlarının üzvüdür.

- Necə oldu ki, həmin layihədə təmsil olundunuz? Bu tanışlıq haradan başlandı?

- Onlar mənim əsərlərimi internet vasitəsi ilə izləyib bəyənmişdilər. 56 rəssamın əsərlərindən ibarət böyük bir layihə Avropada hadisə kimi qiymətləndirildi. Həmin layihə barədə dünyanın ən tanınmış mətbu orqanları məqalələr yazdı.

- Həmin sərgidə hansı əsəriniz nümayiş olundu?

- Sərgidə «Muğam» əsəri ilə təmsil olundum. Bu əsər son dərəcə maraqla qarşılandı.

- Sürrealist rəssamlar, adətən məşğul olduqları cərəyandan irəli gələrək asanlıqla qavranılmırlar. Bu mənada, seyrçi ilə ünsiyyətdə problemləriniz olur?

- İstər Azərbaycan, istərsə də dünyada, adətən yeniliklər asanlıqla qavranılmayıb. İnsanların qeyri-adiliyə münasibəti fərqli olub. Adətən naturmortlara, peyzajlara öyrəncəli olan seyrçi birdən-birə yeni bir cərəyanı qəbul edə bilmir. Amma zaman keçdikcə, sürrealizmə maraq da artır. Bu cərəyan təhtəlşüurun yaratdığı bir göstəricidir. Yəni insanın düşüncələri daha da dərinə işləyərək bizim öyrəşdiyimiz adilikdən çıxır, bəşəri anlamda qəbul edilməyə başlayır. Sürrealizm insanın beyninin, təhtəlşüurunun məhsuludur. Bu da təbii ki, seyrçilər tərəfindən birmənalı qarşılanmayacaq.

- Ümumiyyətlə, seyrçinin onu anlaması sürrealist rəssam Mehriban Əfəndi üçün önəmli faktordurmu?

- Mən hesab edirəm ki, önəmli faktor məni seyrçinin anlaması deyil, onun məni hiss etməsidir. İstər balet, rəqs, şeirdə insan ruhunun görünməsi, qəlbinin döyüntüsü çox önəmlidir.

- Kimə baxıb sürrealist rəssam olmaq həvəsinə düşmüsünüz? Bəhrələndiyiniz rəssam varmı?

- Açığı, elə bir rəssam olmayıb ki, mən özümü ona bənzədim, ya da yolu ilə gedim. Həmişə istəmişəm özüməməxsus olum, öz yolum, öz fikrim olsun. Amma bəhrələndiyim sürrealist rəssamlar olub. Salvador Dali, Mane kimi…

 -Salvador Dali də zamanında anlaşılmayan bir rəssam olub. O da sürrealist olmasına baxmayaraq klassikadan bəhrələnib. Sizdəmi klassikaya önəm verirsiniz?

- Tamamilə doğrudur. Salvador Dali özü də deyirdi ki, klassika olmasa, heç vaxt mükəmməl rəssamlığa nail ola bilməzsiniz. Klassikanı da öyrənmək üçün mən uzun bir yol keçmişəm, mərhələli təhsil almışam. Məşhur rəssamların emalatxanalarında rəssamlığın incəliklərinə yiyələnmişəm.

- Rəssamlıq sizdən ötrü nədir: özünüifadə, yoxsa özünütəsdiq?

- Rəssamlıq bir vergidir, bu vergi Tanrıdan sənə verilməlidir. İstəməzdim ki, kimsə bu peşənin ardınca sadəcə bir peşəyə yiyələnmək xatirinə getsin. Bu sənət sevgidən yoğrulur. Sən o rəngləri sevməlisən, o rəngləri duymalı, ağırlıqlarını hiss etməlisən. Bunlar hamısı harmoniya təşkiletməlidir.

- Hansı rəng ruhunuzla harmoniya təşkil edir?

- Təbiətin bütün rəngləri çox gözəldir. Qızılı çalarları çox sevirəm. Amma firuzəyi rəng, səmavi rəng kimi, ruhumu təmizləyir. Çox böyük qeyri-adi qüvvəyə malik bir rəngdir.
- İnsan ovqatına görə içinin də rəngi dəyişir. Bəzən deyir içim boz rəngdədir, yaxud yaşıl, qara… Bax, söhbətləşdiyimiz bu məqamda içiniz hansı rəngdədir?

- Ümumiyyətlə, mənim daxilimin rəngi qırmızıdır. Bu da enerji ilə bağlı olan məqamdır. Mənim «Gecənin mistikası» adlı əsərim var, o əsəri yaradıcılığımın simvolu sayıram. Bu yaxınlarda Bolqarıstanda 22 ölkə arasında keçirilən bir rəsm müsabiqəsində qalib oldum. Orada məhz bu əsərim qalib seçildi. Bu da təsadüfi deyildi. Çünki «Xalqımın qədim kodları» adlı o sərgidə vətənimin energetikasını özündə əks etdirən od simvolu ilə bağlı bir əsərim nümayiş olunurdu.

- Yaradıcı insanların ilham pərisi olur. Sizin ilham pəriniz varmı?

- İlham pərim sevgidir. Bu sevgi təbiətə və Allaha ünvanlanıb. Mən 5 yaşında ikən hiss edirdim ki, sevimli anam, sevimli atam və sevimli qardaşım yalnız ailə olaraq biz deyilik. Dünyada və kosmosda olan böyük qüvvələr var ki, onlar bizimlədir, bizi hər zaman görür, eşidir. Bu kosmik bir sevgidir. Əsərlərimdə də bu sevgini hiss etdirirəm. Mənim çəkdiklərim, sadəcə fiqurlar deyil, hamısı simvollardır.

- Əks cinsə olan sevginiz də belə qeyri-adidir, yoxsa?

- Mənim üçün sevgi ümumiləşib. Sevgi məfhumum fərqlidir. Mənim üçün sevgidə konkret ünvan yoxdur.

- Əsərlərinizi satırsınızmı? 

- Xüsusi hallarda satıram. Həmin əsərlərin sonrakı taleyi də məni çox düşündürür. Mənim üçün əsərimin hansı evə getməyini bilmək çox maraqlıdır. Əsərimi alan insanın şəxsiyyət olması mənim üçün çox vacibdir.

- Rəssam kimi, həyatda ən böyük missiyanız nədir?

- Mənim haqqımda maraqlı film çəkilib, mən orada ingilis dilində öz missiyamı söyləmişəm. Demişəm ki, mənim missiyam - insanlara yaxşılq etməkdir. Hər bir yaradıcı insan öz əsərləri ilə insanlara pozitiv enerji ötürməlidir. Əgər bu enerjini ötürə bilirsə, artıq özü özünü xoşbəxt rəssam saya bilər.

- Xaricdə daha hansı layihədə iştirakınız gözlənilir?

- İtaliyanın Florensiya şəhərində təşkil olunacaq möhtəşəm bir tədbirdə iştirak edəcəm.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2010.- 17 dekabr.- S.9.