«Biz mütləq o torpaqlara qayıdacağıq»
Beynəlxalq Diaspor Mərkəzi İrəvandan
qovulmuş azərbaycanlıların
haqq və hüquqlarının beynəlxalq
müstəviyə çıxarılması
üçün Türkiyədə
müzakirələr aparıb
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Qərbi
Azərbaycandan vəhşiliklə
və zorla qovulmuş soydaşlarımızın
pozulmuş hüquqlarının
beynəlxalq arenada tanınması uğrunda başladığı mübarizədə
yeni mərhələyə
qədəm qoyub. Mərkəz artıq bu məsələyə dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün ölkə sərhədlərindən
kənarda müxtəlif
tədbirlərin keçirilməsinə
start verib. Belə ki, bugünlərdə
«Biz mütləq o torpaqlara qayıdacağıq»
devizi altında qardaş Türkiyənin İqdır şəhərində
böyük nümayəndə
heyətinin iştirakı
ilə görüşlər
keçirilib. Azərbaycan türklərinin
böyük igidi Kərbəlayi İsmayılın
və başqalarının
Daşburun kəndindəki
qəbirlərinin ziyarəti
ilə başlayan törənlər Heydər
Əliyev adına Liseydə ümummilli liderin anım günü, siyasi partiyalar və qeyri-hökumət təşkilatları,
ictimai birliklərlə Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın
hüquqlarının beynəlxalq
müstəviyə çıxarılması
yollarına dəstək
üçün keçirilən
konfransla davam etdirilib. Bütün bu tədbirlər barədə daha ətraflı məlumat almaq üçün BDM-in sədri İsmayıl Ağayevlə
həmsöhbət olduq.
(əvvəli ötən
sayımızda)
- Səfər zamanı
vilayət rəsmiləri
ilə təmaslarınız
gerçəkləşdimi?
- Dekabrın 12-də nümayəndə heyətinin üzvlərini İqdır valisi çox hərarətlə qəbul etdi və ulu öndər Heydər Əliyevin əziz xatirəsinə anım gecəsi təşkil olundu. Anım gecəsində Azərbaycandan getmiş nümayəndə heyəti, İqdır valiliyinin əməkdaşları, həm də İqdırda fəaliyyət göstərən ictimai təşkilatların yetkililəri iştirak edirdilər. Anım gecəsində həm ulu öndər Heydər Əliyevin, həm Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, həm də cəmi qazilərimizin və şəhidlərimizin ruhlarına dualar oxundu. İqdır valisi tərəfindən müasir Azərbaycanın qurucusu - ulu öndər Heydər Əliyevin vəfatının 7-ci ildönümü ilə bağlı ehsan süfrəsi verildi. Nümayəndə heyətinin dekabrın 12-nə olan nəzərdə tutulmuş səfər proqramı bununla yekunlaşdı.
Dekabrın 13-də səhər saat 10:00-da İqdır valisi öz iş otağında bizi rəsmi şəkildə qəbul etdi. Qəbul zamanı Türkiyə-Azərbaycan münasibətlərindən, Türkiyə-Azərbaycan qardaşlığından strateji əməkdaşlığa doğru görülən işlərdən bəhs olundu. Əsas məsələ - ötən əsrin əvvəllərində Qərbi Azərbaycanda erməni daşnaklarının zülmündən cana doyaraq İqdıra köç etmiş soydaşlarımızın nəvə-nəticələrinin, yaxın qohumlarının vəziyyəti ilə bağlı idi. Qeyd edim ki, onların hamısı Türkiyə vətəndaşlarıdır. Lakin buna baxmayaraq onlar bütün görüşlərində özlərini həm də Azərbaycan vətəndaşları kimi aparırlar, özlərini azərbaycanlı kimi təqdim edirlər. Görüş zamanı İqdır valiliyi ilə gələcəkdə birgə görəcəyimiz işlərlə bağlı geniş fikir mübadiləsi apardıq. Azərbaycandan özümüzlə apardığımız xatirə hədiyyələrini İqdır valisinə təqdim etdik. Vali də, öz növbəsində, bizə xatirə hədiyyələri təqdim etdi. Biz belə qərarlaşdırdıq ki, növbəti tədbirlərdən biri İqdırda fəaliyyət göstərən televiziya və qəzet jurnalistlərinin, ictimai təşkilatların nümayəndələrinin Azərbaycana səfərinin təşkil edilməsi olsun. Digər tərəfdən isə Ağrıdağı ilə Babadağın qardaş dağ olmasının elan edilməsi istiqamətində addımlar atmaq istəyirik. Biz bu tədbirin də həyata keçirilməsi üçün vali ilə razılıq əldə etdik.
Bundan sonra - saat 12 radələrində İqdır şəhərinin mərkəzində Atatürkün və ulu öndər Heydər Əliyevin heykəlləri önündə əklilqoyma mərasimi oldu. Burada Azərbaycan Respublikasının və Türkiyə cümhuriyyətinin dövlət himnləri səsləndirildi.
Günün ikinci yarısında ulu öndər Heydər Əliyev adına Fənn Liseyində müəllim-şagird heyəti ilə görüşümüz oldu. Görüş zamanı ulu öndərin həyatı və yaradıcılığı haqqında film nümayiş olundu. Fənn Liseyində Azərbaycandan gələn nümayəndə heyətini çox sevinclə qarşıladılar. Biz də onlara Azərbaycanın mədəniyyəti, tarixi, ulu öndərin keçdiyi yol, Qarabağla bağlı, Azərbaycan türklərinin deportasiya və soyqırımları barədə məlumatlar verdik, bu məsələlərlə bağlı BDM-in hazırladığı filmi nümayiş etdirdik. Özümüzlə apardığımız Heydər Əliyev Fondu tərəfindən hazırlanan çoxsaylı kitabları, Xocalı faciəsinə aid filmləri, diskləri liseyə verdik. Liseydə bizdən bir sıra digər ləvəzimatın onlara çatdırılmasını xahiş etdilər. Biz gələcəkdə onlara bu yardımı çatdıracağımıza söz verdik.
Daha sonra İqdır şəhərinin Əmniyyət (polis - S. Həmid) Müdirliyindən bizi qəbul etməsini xahiş etdik. Nümayəndə heyətinin başında, təbii ki, Gülər xanım Əhmədova dayanırdı. Beləliklə, nümayəndə heyətinə daxil olan insanlar Əmniyyət Müdirliyində oldular. Orada olarkən mən əminiyyət müdirindən buradakı Azərbaycan türklərinin durumu, vəziyyəti, ümumiyyətlə, onların qanun pozuntularına yol verib-verməmələri barədə bəzi bilgilər istədim. Hal-hazırda İqdır vilayətində bir nəfər də olsun Azərbaycan türkünün həbsdə olmaması bizi sevindirdi. Bu bizim üçün çox önəmli məsələdir. Biz orada son vaxtlar PKK-nın o bölgədə işinin zəifləməsi, azərbaycanlıların durumunun daha da yaxşı olması istiqamətində müzakirələr apardıq və aprel ayının 10-da İqdırdakı Əmniyyət Müdirliyində keçiriləcək tədbirə bizi dəvət etdilər. Qeyd edim ki, aprelin 10-u Türkiyədə polis günü kimi qeyd olunur. Biz onlara söz verdik ki, BDM-in Poeziya şöbəsinin yaxından iştirakı ilə onların tədbirlərində iştirak edəcəyik.
- Səfər zamanı
Qərbi Azərbaycanlı
qaçqınların pozulmuş
hüquqlarının beynəlxalq
müstəvidə bərpası
yönündə keçirdiyiniz
konfransla da bağlı məlumat vermənizi istərdik…
- Qeyd edim ki, İqdır Əmniyyət Müdirliyində keçirdiyimiz görüşlə dekabrın 13-nə olan səfər proqramımız yekunlaşdı. Dekabrın 14-də ən əsas məsələ Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə qorunması ilə bağlı əvvəlcədən razılaşdırılmış formada keçirəcəyimiz tədbir oldu. Burada əsas Milliyyətçi Hərəkat Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə 6 siyasi partiyanın - ana müxalifət partiyası olan cümhuriyyət Xalq Partiyasının, Ana Vətən Partiyasının, Türkiyə Partiyasının və bir neçə digər siyasi partiyanın bölgə təşkilatı rəhbərlərinin iştirakı ilə MHP-nin ayarladığı İrəvandan qovulmuş azərbaycanlıların haqq və hüquqlarının beynəlxalq müstəviyə çıxarılması üçün müzakirələrə başladıq. Saat 11-də başlayan konfrans çox səmərəli oldu, bir sıra təkliflər irəli sürüldü və biz əvvəlcədən hazırladığımız müraciəti konfrans iştirakçılarının diqqətinə çatdırmağa nail ola bildik. Müraciəti «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı oxudu. Türkiyə türkcəsində yazılmış və bütün iştirakçıların imzaladığı müraciət BMT Təhlükəsizlik Şurasına, Avopa Birliyinə, Avropa Şurası Parlament Assambleyasına, Avropa İnsan Hüquqları Məhkəməsinə, Azərbaycan Respublikasının Prezidentinə, Türkiyə cümhuriyətiyyətinin Prezidenti Abdullah Gülə və Türkiyə cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğana ünvanlandı. Daha sonra Azərbaycandan gətirdiyimiz xatirə hədiyyələri siyasi partiyaların bölgə təşkilatlarının rəhbərlərinə təqdim olundu. Onlar da qarşılıqlı olaraq bizə xatirə hədiyyələri təqdim etdilər. Onların özlərinin bildirdiklərinə görə, hələ Azərbaycandan gəlmiş hansısa bir təşkilatın öz ətrafında 6 siyasi partiyanın vilayət rəhbərini toplayaraq mühüm bir sənədi imzalaması halı baş verməmişdi.
- Səhv etmiriksə,
Qərbi Azərbaycan zorla qovulmuş soydaşlarımızla bağlı
QHT-lərin iştirakı
ilə digər bir böyük konfransınız da gerçəkləşib…
(davamı növbəti
sayımızda)
Səxavət Həmid
Mərkəz.-2010.- 18 dekabr.-
S.5.