«Mübarizəmizi
davam etdirməliyik»
«Növbəti tədbirlərimizi
Türkiyənin başqa
bölgələrində keçirəcəyik»
«Xudafərin körpüsünün
dağılmaq təhlükəsi
var»
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Qərbi
Azərbaycandan vəhşiliklə
və zorla qovulmuş soydaşlarımızın
pozulmuş hüquqlarının
beynəlxalq arenada tanınması uğrunda başladığı mübarizədə
yeni mərhələyə
qədəm qoyub. Mərkəz artıq bu məsələyə dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün ölkə sərhədlərindən
kənarda müxtəlif
tədbirlərin keçirilməsinə
start verib. Belə ki, bugünlərdə
«Biz mütləq o torpaqlara qayıdacağıq»
devizi altında qardaş Türkiyənin İqdır şəhərində
böyük nümayəndə
heyətinin iştirakı
ilə görüşlər
keçirilib. Azərbaycan türklərinin
böyük igidi Kərbəlayi İsmayılın
və başqalarının
Daşburun kəndindəki
qəbirlərinin ziyarəti
ilə başlayan törənlər Heydər
Əliyev adına Liseydə ümummilli liderin anım günü, siyasi partiyalar və qeyri-hökumət təşkilatları,
ictimai birliklərlə Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın
hüquqlarının beynəlxalq
müstəviyə çıxarılması
yollarına dəstək
üçün keçirilən
konfransla davam etdirilib. Bütün bu tədbirlər barədə daha ətraflı məlumat almaq üçün BDM-in sədri İsmayıl Ağayevlə
həmsöhbət olduq.
(əvvəli ötən
saylarımızda)
- Səhv etmiriksə,
Qərbi Azərbaycandan
zorla qovulmuş soydaşlarımızla bağlı
QHT-lərin iştirakı
ilə digər bir böyük konfransınız da gerçəkləşib…
- Bəli. Siyasi partiyaların yerli təşkilatları ilə müzakirlərimiz başa çatdıqdan dərhal sonra əvvəlcədən razılaşdırdığımız qaydada qaldığımız «İmperator» hotelinin böyük konfrans zalında İqdırda və yaxın bölgələrdə fəaliyyət göstərən qeyri-hökumət və hüquq təşkilatları ilə birlikdə Qərbi Azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə qorunması ilə bağlı konfransımız başladı.
Sizə səmimi şəkildə demək istəyirəm ki, bu konfransımız çox gərgin bir vəziyyətdə keçdi. Konfransın açılışı çox yaxşı olsa da, bir gərginlik yarandı. Gərginlik nədə oldu? Ümumiyyətlə, konfrans çox açıq, səmimi bir şəkildə keçirilərkən, bəzi hallarda Turqut Ər kimi insanların Azərbaycan dövlətçiliyinin qarantı və banisi haqqında söylədiyi fikirlərə biz öz münasibətimizi bildirdik. Təbii ki, bu zaman QHT-lər arasındakı çoxluq bizi müdafiə etdi və Türkiyə-Azərbaycan dostluq və qardaşlığına xələl gətirən insanları lənətlədilər. Ancaq içəridə bəziləri də oldu ki, Azərbaycanda nədən bayraqların enməsi problemini qaldırdılar. Yəni, təbii ki, öyrədilmiş bəzi bu kimi çıxışlar da oldu. Ancaq buna baxmayaraq ümumilikdə 36 QHT, jurnalist birlikləri, televiziya işçilərinin adından BDM-in təşkilatçılığı ilə keçirilən bu konfransda İqdır bəyannaməsi qəbul olundu. Bu bəyannamə tərəfimizdən bütün televiziya kanallarına çatdırılacaq. 5 bənddən ibarət müraciətdə Ermənistan törətdiyi əməllərə görə qınanılır. Müraciətdə Ermənistan Respublikası ərazisində Azərbaycan türklərinin toplu yaşadıqları bölgələrdə İrəvan Muxtar Respublikasının yaradılmasını, Xocalı soyqırımının beynəlxalq arenada tanınmasını, müxtəlif illərdə dədə-baba torpaqlarını tərk edən soydaşlarımızın uğradığı maddi və mənəvi ziyanın Ermənistan Respublikası tərəfindən təzminat olaraq ödənilməsini, ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri qondarma soyqırım və torpaq iddialarına son qoyulmasını tələb etmişik. Tərəfimizdən irəli sürülən bu tələblərin hamısı konfrans iştirakçıları tərəfindən yekdilliklə qəbul olundu. Xatirə şəkilləri çəkdirildi və bu tələbin arxasında axıradək dayanmaq, axıradək getmək qərarına gəlindi. Və biz bu tələbimizi, başladığımız bu işi artıq Türkiyənin başqa şəhərlərinə, başqa bölgələrinə yayaq. Növbəti tədbirlərimizi Türkiyənin başqa bölgələrində keçirməklə Türkiyənin bütün vətəndaş cəmiyyətini bu məsələ ətrafında ayağa qaldıraraq, ümumiyyətlə dünya ictimaiyyətini məlumatlandırmaq olacaq.
- Dediklərinizdən belə qənaətə gəlmək olar ki, səfəriniz uğurlu keçib…
- Hesab edirəm ki, nümayəndə heyətinin səfəri çox səmərəli keçdi, uğurla yekunlaşdı. Düşünürəm ki, qəbul etdiyimiz müraciətin real nəticəsini əldə etmək üçün çox çalışmalıyıq. Biz qayıdarkən avtomobil karvanımız yenə də İran İslam Respublikasının ərazisindən keçirdi. Bu zaman İran tərəfindən Azərbaycan torpaqlarına qarşı aparılmış vandalizm, qəbuledilməz hərəkətləri gördük. Bizim ərazimizdə böyük bir su anbarı inşa olunub. Həmin su anbarı Zəngilan rayonunun bir neçə kəndinin bəzi hissəsini su altında qoyub. Su anbarı təxminən 15 kilometrə yaxın ərazini özündə birləşdirir. Azərbaycanın işğal olunmuş torpaqlarında su anbarının tikilməsi, ümumiyyətlə qəbuledilməzdir. Biz Xudafərin körpüsünü də gördük. Körpünün şəkillərini çəkdik. Körpü, demək olar ki, əvvəlki formadadır. Lakin körpüyə su anbarı tərəfindən təhlükə var. Suyu azacıq artırsalar, su körpünü tamamilə yuyub apara bilər. Bu da, ümumiyyətlə qəbuledilməz haldır.
Hal-hazırda bizim işğal olunmuş torpaqlarımızda erməni əsgərləri yerləşiblər. Biz bunu da gördük. Həmin torpaqlarımız 50-100 metr aralıdan da görünür. Biz bunu çox böyük ürəkağrısı ilə qarşıladıq. Mən bu mənzərədən sonra özümə gələ bilmirdim. Hətta elə bir vəziyyət yarandı ki, az qala, qəzaya uğramaq dərəcəsinə gəlib çatdım. Mən ilk dəfə idi ki, o kəndləri öz gözlərimlə görürdüm. Qanında Azərbaycan, türk qanı axan hər kim o torpaqları o vəziyyətdə görsə, dərhal əlinə silah götürüb onların üzərinə atılmağa məcbur olar. Bizim kəndlərimizi çox acınacaqlı duruma salıblar. Təəssüflər olsun ki, müsəlman qardaşlarımız, özlərini şiə adlandıran İran xalqı və dövləti də bu məsələdə ermənilərin yardımçısı olurlar. Onlar Ermənistanla öz aralarında bir neçə körpü də tikiblər. Həmin o körpülər vasitəsilə gözümüzün önündəcə nəqliyyat vasitələri sərbəst, rahat, açıq-aşkar hərəkət edirdilər. Təəssüflər olsun ki, bunu Azərbaycan torpaqları vasitəsilə edirlər. İranla Ermənistan münasibətlərini Azərbaycan torpaqları vasitəsilə qururlar. Mən güman edirəm ki, aidiyyəti təşkilatlar bu məsələni diqqətdə saxlayacaqlar. Mən də səlahiyyətimdən istifadə edərək bütün diaspor təşkilatlarını, o cümlədən özlərini Dünya Azərbaycanlıları Konqresi kimi təqdim edən insanlara, Dünya Azərbaycanlıları Konqersinin fəal üzvlərinə bu məsələni gündəmdə saxlamağı, bu məsələ ilə bağlı öz nümayəndələrini həmin bölgələrə ezam etməyi xahiş edirəm.
Fürsətdən istifadə edərək xüsusi vurğulamaq istərdim ki, BDM-in Rusiya nümayəndəsi Ələmdar Nəbiyev Rusiyadan nümayəndə heyətinin tərkibinə qatılmışdı. Bilirsiniz ki, BDM-in Avropanın bir neçə ölkəsində nümayəndəlikləri var. O cümlədən Rusiyada da nümayəndəliyimiz fəaliyyət göstərir. Ələmdar Nəbiyev özünün şəxsi avtomobili ilə bizimlə bərabər getmişdi. Mən ona böyük təşəkkürümü bildirirəm. BDM-in departament rəhbərləri bu səfərdə iştirak edirdilər. Səfərdə BDM sədrinin müşaviri cümşüd Nuriyev, departament rəhbəri Əziz Ələkbərli və bir çox başqa üzvlərimiz iştirak edirdilər. Xüsusilə, Azərbaycandan nümayəndə heyətinin tərkibində olan insanlara öz təşəkkürümü bildirmək istəyirəm ki, onlar yorulmadan bu günlər ərzində avtomobil sürdülər, orada təşkilatçılıq işlərində iştirak etdilər, zəhmət çəkdilər. Hesab edirəm ki, Dağlıq Qarabağ, digər rayonlarımız işğaldan azad olmadıqca, İrəvandan qovulmuş azərbaycanlılar öz dədə-baba yurdlarına qayıtmadıqca, biz bütün imkanlarımızı səfərbər etməliyik. Ən azı 3, 5, 10 nəfəri əsl həqiqətlərə inandırmalıyıq. Biz bu mübarizəmizi davam etdirməliyik.
Bu bir haqq mübarizəsidir. Bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən artıq ortaya konkret bir mövqe qoyulub. Biz İrəvana qayıtmalıyıq. «Biz mütləq o torpaqlara qayıdacağıq» devizini artıq cənab prezidentimiz bizim üçün müəyyənləşdirib. Biz də diaspor təşkilatı olaraq əlimizdən gələn işləri görməyə çalışırıq ki, ölkədən kənarda yaşayan soydaşlarmız ürəkli olsunlar, onlar bu işlərdə yetkin bir mübarizə yolu tutsunlar.
Müəllif: Səxavət HƏMİD
Mərkəz.-2010.- 21 dekabr.- S.5.