HEYDƏR ƏLİYEV

 

 

Heydər Əliyevlə Ömər Eldarov ilk dəfə Leninqradda tələbəlik illərində tanış olmuşdular. Onlardan biri, əvvəl qeyd olunduğu kimi, DTK-nın xüsusi hazırlıq məktəbində, o birisi isə Repin adına Ali İncəsənət Məktəbində təhsil alırdı (xalq arasında bu məktəbə sadəcə «repa» deyirdilər). Boş vaxtlarında Ömər Leninqradı gəzməyi çox sevirdi. O, repanın yerləşdiyi küçə boyunca Nevanın sahilini gəzir, Dekabristlər meydanına çıxır, «Tunc heykəl»in (Puşkinin eyniadlı poeması yazıldıqdan sonra xalq Birinci Pyotrun heykəlini belə adlandırırdı) qarşısında uzun müddət dayanırdı. Məşhur fransız heykəltəraşı Etyen Moris Falkonenin düzəltdiyi və 1782-ci ildə o vaxt Senat meydanı adlanan yerdə qoyulmuş bu heykəl artıq çoxdan Peterburqun (Petroqrad - Leninqrad) vizit kartına çevrilmişdi.

- Falkonenin bir monumentalist olaraq istedadı məhz Rusiyada olduğu müddətdə özünü büruzə vermişdi, - bələdçisi məktəbdə dərs deyirmiş kimi əzbərlədiyi kəlmələri deyir. - Rus tarixinin dönüş məqamlarındakı dramatik hadisələr çox incə, düşünülmüş ştrixlərlə, mənalı detallarla, rəngarəngliklə, cəsarətli sıçrayışlarla, təntənəli əzəmətlə vəhdətdə təzahür edir...

«Bu quş dili, görəsən, kimə lazımdır? - Ömər heykəlin şəklini çəkən turistlərə baxaraq düşünürdü. - Ən əsası rəssamın belə bir harmoniyaya necə nail olmasıdır».

Peşəkarların dairəsində danışıldığı kimi, Ömər o zamanlar artıq özünü göstərməyə başlamışdı. Bakıdakı respublika sərgilərində onun iki işi - «Pambıqçı» və «Neftçinin portreti» əsərləri sənətsevərlərin diqqətini cəlb etmişdi. Yerli mətbuatda gənc rəssamın uğurlarını xüsusi qeyd edir, onun sadə zəhmətkeş obrazlarına böyük marağından yazırdılar. Amma Ömər Eldarovun özü çox gözəl bilirdi ki, onun yaradıcılıq yolu hələ indi başlayır. Bəs irəlidə onu nə gözləyir? Görəsən, o da əsrlərdən çapıb gəlmiş bu Tunc heykəl kimi öz xalqı ilə, insanlarla əbədi olaraq bir yerdə qala biləcək əsərlər yaratmağa müvəffəq olacaqmı?

Kiminsə tanış olmayan səsi onu düşüncələrindən ayırdı:

- Salam Ömər, - bunu onun qarşısında duran hündür və ciddi görkəmli bir oğlan dedi. - Mənim adım Heydərdir.

Yad adam özü barədə başqa bir söz demədi. Ömər də çox maraqlanmadı. Eldar öz «repa»sında bu şəxsi görməmişdi, Bakıda görüşdükləri də yadına düşmədi. Görünür, həmyerlisi sadəcə doğma söz eşitməkçün darıxıbmış.

- Mən Bakıdakı sərgilərdə sənin işlərini görmüşəm, - Heydər sözünə davam etdi, - çox xoşuma gəlmişdi.

Amma sənət adamlarının xoşuna gələn komplimentlər bununla bitmirdi. Sənətsevər davam edərək deyirdi: «Neftçinin portreti»ndə dənizdə, Neft daşlarında gecə-gündüz təhlükəli sahələrdə işləyən insanlara xas olan daimi narahatlıq, həyəcan əksini tapsaydı, daha yaxşı olardı. Mənə elə gəlir ki, bu insanlara xas nigarançılığı, tezliklə doğma sahillərlə görüşmək həsrətini yaxşı hiss etdirməmisən. Ömər, əgər xətrinə dəydimsə, bağışla».

O, qəfildən gəldiyi kimi qəfildən də sağollaşıb getdi.

Repin məktəbini bitirən Ömər Eldarov Bakıya qayıtdı. O, öz Leninqraddakı tanışını tapmağa çalışsa da, uzun müddət buna nail ola bilmədi. Amma bir gün Heydər Əliyev özü şəxsən heykəltəraşın emalatxanasında peyda oldu.

Həmin gün «Azərbaycan gəncləri» qəzeti Ömərin yeni işi olan Xurşudbanu Natəvanın heykəli barədə böyük bir yazı dərc etmişdi. Natəvan Qarabağın son xanı olan Mehdiqulu xanın qızı idi və onun qəzəlləri dildən - dilə gəzirdi.

- Yadımdadır, həmin gün mən axşamacan öz emalatxanamda işlədim, - deyə Ömər Eldarov xatırlayır. - Qapı döyüləndə artıq hava qaralmışdı. Uzun plaşlı və şlyapalı bir kişi içəri daxil oldu. Mən ona oturmağı təklif etdim, amma o dedi ki, tələsirəm, beş dəqiqəliyə gəlmişəm. Sonra əlavə etdi ki, biz Leninqradda, Birinci Pyotrun heykəlinin yanında görüşmüşük. Deyəsən, yadınızdan çıxıb. Mən Leninqradda tanış olduğum oğlanı yalnız indi tanıdım. Həmin monumentin yanındakı görüşü unutmamışdım. Biz qucaqlaşdıq. Heydər dedi ki, Natəvanın heykəli barədə yazını oxumuşam, heykəlin fotoşəkillərini görmüşəm və sənin uğur qazanacağına əminəm. Amma vaxtın varsa, bəzi fikirlərimi səninlə bölüşmək istərdim.

Bunun ardınca Ömər Eldarov Heydər Əliyevin həmin gün xatirə kimi onun dəftərinə köçürtdüyü sözlərini sitat gətirir.

«Bizim XIX əsrdə fəxrimiz olan Natəvan sadəcə qəzəllərilyə yox, bənzərsiz, gözəl ornamentləri, dekorativ tətbiqi sənət nümunələriylə də şöhrət qazanmışdı. Bir zamanlar Rusiyanı səyahətə çıxan və bizim məmləkətdə də olan fransız yazıçısı Aleksandr Düma Natəvandan xahiş etmişdi ki, öz əl işlərindən bir neçəsini xatirə olaraq ona bağışlasın. Amma Natəvan etiraz etmişdi: «Bu işlər mənə yox, xalqıma məxsusdur». İndi gərək sən də onun obrazını xalqın qızı, vətənpərvər bir insan, gözəl bir rəssam kimi verəsən».

Ömər Eldarov bu məsləhəti çox səmimiyyətlə qəbul etdi. Natəvanın heykəli 1960-cı ildə Bakıda, «Azərbaycan» kinoteatrının qarşısında qoyuldu. Bu, böyük Azərbaycan memarının ən uğurlu işlərindən hesab edilir. Ünlü Azərbaycan şairəsinin ruhu sanki daşda canlanıb. 1963-cü ildə Ömər Eldarova respublikanın əməkdar incəsənət xadimi fəxri adı verildi. Təbrik məktublarının arasında belə bir teleqram da vardı:

«Əzizim Ömər, səni fəxri ad almağın münasibətilə ürəkdən təbrik edirəm. Sənə böyük yaradıcılıq uğurları arzulayıram. Gərgin iş rejimində işlədiyimə görə səninlə görüşməyə imkan tapa bilmirəm, amma yaradıcılığını həmişə diqqətlə izləyirəm. Sizin heykəltəraş Tokay Məmmədovla birlikdə işlədiyiniz Füzulinin heykəli, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun heykəli məndə böyük iftixar və qürur hissi doğurur. Bir daha təbrik edirəm. Böyük hörmət və ehtiramla, Heydər Əliyev».

Yazıçılar, rəssamlar, musiqiçilər, arxitektorlar, bir sözlə, mədəniyyət və incəsənət xadimləri həmişə Heydər Əliyevin diqqət mərkəzində olub. Bəzilərinə ümumittifaq miqyasa çıxmağa kömək edir, yaxud bir-birindən incimiş sənətkarları barışdırır, digərlərinə məişət şəraitini düzəltməyə yardım edirdi. Şair Fikrət Qoca xəstələnəndə respublika həkimləri onu müalicə etməkdən imtina etmişdilər, demişdilər ki, müalicə etmək mümkün deyil. Onda Heydər Əliyev şairi Moskvaya gətirib (o zaman H. Əliyev artıq Moskvada işləyirdi) ən böyük mərkəzi klinikalardan birində yerləşdirmək barədə tapşırıq verdi. Bundan başqa cərrahiyyə əməliyyatından əvvəl özü şəxsən Fikrətə zəng vurub ona təskinlik verdi:

- Qorxma, hər şey yaxşı olacaq, sənin müayinən dünyanın ən yaxşı həkimlərinə tapşırılıb.

Moskva həkimləri o vaxt Fikrət Qocanı xilas edə bildilər.

Nə qədər belə epizodlar var; yazılmış, yazılmamış, məşhur olan, olmayan... Bəziləri barədə memuarlar da yazılıb, bəzi söhbətlər isə kiçik ailələr içərisində qalıb və tez-tez xatırlanır.

Aprelin 25-də Prezident sahibkarlarla görüş keçirdi. Tədbir əvvəlcədən səs-küy doğurmuşdu. Həmin ərəfədə respublika qəzetləri Azərbaycan və rus dillərində görüşə hazırlıqla bağlı məlumatlar dərc edirdilər. Maraqlanan şəxslər İqtisadi İnkişaf Nazirliyinə müraciət etməyə dəvət olunur, əhalinin diqqətinə əlaqə telefonları çatdırılırdı. Auditoriya bu şəkildə toplanmışdı.

- Bugünkü görüşümüzün əsas məqsədi hazırda ölkəmizdəki iqtisadi durum haqqında dolğun, obyektiv, düzgün məlumatı siz sahibkarlardan almaqdır, - deyə Heydər Əliyev yığışanlara müraciət etdi. - Mən bir daha təkrar edirəm, düzgün və obyektiv məlumat. Yəni siz yalnız həqiqəti danışmalısınız.

Biz bu görüşə yalnız yerli sahibkarları dəvət etmişik. Burada Azərbaycanın bazar iqtisadiyyatında iştirakı olan dövlət orqanlarının rəhbərləri və ya onların nümayəndələrindən də heç kəs iştirak etmir. Mən, baş nazir, Prezidentin İcra Aparatının rəhbəri, Prezidentin köməkçisi və iqtisadi məsələlər üzrə dövlət müşavirindən başqa hökumət nümayəndəsi yoxdur. Bunları sizin azad olmağınız, rahat danışmağınız üçün etmişəm. Heç bir nazir, vergi orqanı, hüquq mühafizəçisi və digərlərinin təsirinə düşməməyiniz üçün belə addım atdım. Bu gün verəcəyiniz hər hansı bir informasiya dərindən öyrənilib təhlil ediləcək. Onun əsasında yekun qərara gələcəyik.

 

Gülnar - sülh elçisi

 

Mayın 10-u Heydər Əliyevin ad günüdür. Həmin gün saysız-hesabsız rəsmi məktub və teleqram almışdı. Amma ən dəyərlisi S. Məhərrəmov adına 106 saylı orta məktəbin IX sinif şagirdi Gülnar Hüseynovadan aldığı məktub oldu. O, məktəbliyə xas, uşaq səmimiyyətilə Heydər Əliyevi ürəkdən təbrik edib, ondan yaşıdlarını müdafiə etməyi xahiş edirdi: «XX əsr elm və texnika əsri olmaqla yanaşı, həm də müharibə, qan-qada əsridir, elmin inkişafı bir tərəfdən tərəqqiyə, digər tərəfdən isə atom bombasının, termozəhərli silahların kəşf olunmasına təkan verdi. Bu silahlar milyonlarla insanın həyatına son qoydu. Ən çox zərər çəkən isə, əlbəttə ki, uşaqlardır.

Mən öz gözləri ilə müharibənin canlı şahidi olan uşaqlardan biriyəm... Öz doğma yurd-yuvasından didərgin düşmüş digər həmvətənlərim kimi mən də o yerlərin həsrəti ilə yaşayıram.

Mən gələcəyimizi aydın, təmiz, müharibəsiz, uşaqları atalı-analı öz doğma ocaqlarında yaşayan görmək istəyirəm...»

2002-ci il mayın 13-də Prezident Biləsuvar rayon ərazisində məskunlaşan məcburi qaçqın və köçkün ailələrinə yardım edilməsi haqqında fərman imzaladı. Heydər Əliyev çadır şəhərciyində məskunlaşan insanların sosial-maddi vəziyyəti ilə bilavasitə maraqlanırdı. Bu işi başqalarının üzərinə ata bilməzdi. Heç bunu istəmirdi də.

Günahsız insanların həyatını təhlükə altına qoyan bəzi siyasətdənkənar şəxslər müharibənin başlanmasını tələb edirdilər. Görəsən, bu cür çağırışların çox zaman məsuliyyətsizlikdən doğduğunu deməyə ehtiyac varmı? Müharibə həmişə qan tökülməsinə gətirib çıxarır. Ən çox isə günahsız insanlar bundan əziyyət çəkirlər.

22 mayda Vatikan tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasının 10 illiyi ərəfəsində İI Roma Papası İohan Pavel Bakıya rəsmi səfərə gəldi. İtalyan qəzeti «Stampa»nın apardığı hesablamaya əsasən, həmin vaxtda Azərbaycanda 130 katolik qeydə alınıb. Odur ki, Papanı qarşılayacaq kütlədən heç söz də gedə bilməzdi. Amma «Stampa» ədalətli olaraq, bu hadisənin kifayət qədər əhəmiyyətli olduğunu qeyd edirdi. Heydər Əliyev və Roma Papası da hadisəni belə qiymətləndirirdilər.

- Sizin İslam dininin geniş yayıldığı ölkələrə, o cümlədən Azərbaycan Respublikasına səfəriniz iki sivilizasiya arasında sülhün və qarşılıqlı inamın yaranmasına xidmət edir, - deyə Prezident Roma Papasına müraciət etdi. - Siz insanlar arasında xeyirxahlıq və mehribanlığı təbliğ edir, ağır faciələrlə üzləşənlərə səbr və dözüm arzulayırsınız. Azərbaycanda da bu cür fəlakətlərlə üzləşən insanlar var. Qonşu Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsi nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurd-yuvasından didərgin düşüb. Bu insanların Sizin təsəllinizə və xoş sözlərinizə ehtiyacı var. Sülhün bərqərar olmasında Sizin də köməyinizə güvənirlər.

- Mən bu torpağa onun zəngin mədəniyyəti qarşısında qürur hissi duyaraq gəlmişəm, - deyə Roma Papası cavab verdi. - Müxtəlifliyi və Qafqaz əlamətləri ilə bu ölkə özündə İran, altay-turan mədəniyyətlərinin də ən gözəl xüsusiyyətlərini əxz edib. Bu torpaqda bu gün də dünyanın ən böyük dinləri mövcuddur. Keçmişdə Alban kilsəsinin xristianlığı ilə yanaşı, zoroastrizm də fəaliyyət göstərib. İslam dininin burda meydana çıxması sonralar daha geniş şəkildə yayılmasına gətirib çıxarıb. Bu gün də Azərbaycan xalqının böyük bir hissəsi İslam dinini seçib… Hətta ilkin xristian kilsəsinin təsirinin zəifləməsindən sonra belə, xristianlar digər dinlərin nümayəndələri ilə yanaşı yaşamışlar. Bütün bunlar xalqın səbri və qarşılıqlı anlaşması nəticəsində mümkün olub. Allahdan gərgin zamanlarda sabitliyin bərqərar olmasını, qaçqın və köçkünlərin öz doğma yurd-yuvasına qayıtmasını diləyirəm.

Papa dua mərasimini yenicə təmir olunan İdman və Konsert Kompleksində keçirtdi. Bu, əlbəttə, xırdalıqlardır. Əsas odur ki, Papa Bakıya gəldi. Bu fakt Azərbaycanın, onun liderinin dünyada tanınması demək idi…

 

Tarixin dərsləri

 

Prezident Heydər Əliyev öz əsərlərində və çıxışlarında tez-tez Azərbaycan Demokratik Respublikasının tarixinə müraciət edirdi.

Prezidentin stolu üstündə o respublikanın qısa tarixinə həsr olunmuş sənədləri, müxtəlif nəşrləri görmək olardı.

1919-cu ildə Azərbaycan Demokratik Respublikasının sülhməramlı nümayəndə heyətinin rəhbəri, ADR Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov Parisdən Bakıya göndərdiyi məktubda yazırdı:

«Düzdür, bizi hələ ki, müstəqil dövlət kimi tanımırlar. Amma olduğumuz hər yerdə artıq yarım ildir ki, Azərbaycanın müstəqil dövlət kimi fəaliyyət göstərdiyini, öz parlamentinin, hökumətinin, icra orqanının, məhkəməsinin, məktəbinin, ordusunun olduğunu söyləyirik. Həyatsevər və dözümlü xalq olan azərbaycanlılar özlərinin azad dövlət qurmaq iqtidarında olduğunu sübut edərək, bolşeviklərin qəddar mübarizəsinə davam gətirdilər. Gücümüz yetdiyi qədər bu şəraiti qoruyub saxlamalıyıq. Çox istərdik ki, xalqımız hazırda bizim siyasi və iqtisadi sahədə müstəqil fəaliyyətimizin imtahan ərəfəsində olduğunu bilsin.

Inanıram ki, bu mübarizəyə gücümüz yetəcək. Xalqımızın işgüzarlığına və təbii ehtiyatlarımızın zənginliyinə güvənirik. Bizim hələ də mənəvi dayaqlara söykənən siyasi məktəbimiz yoxdur. Ölkədə sabitliyin və qayda-qanunun bərqərar olmasına, inzibati strukturun və məhkəmənin qurulmasına, ümumiyyətlə, qanunlara hörmət edilməsinə böyük ehtiyac var.

Yalnız bu cür, daxili sabitliyin təmin edilməsi şəraitində Azərbaycan əsl dövlət ola bilər. Belə halda onun heç bir dövlət tərəfindən tanınmasına ehtiyac qalmaz. Daxilən güclü və sabit Azərbaycan özü-özlüyündə real və inkaredilməz fakt olacaq».

Topçubaşov əsl dövlətin yaradılmasında, ilk növbədə daxili sabitliyin olmasını vacib amil kimi qeyd edirdi. Heydər Əliyev öz fəaliyyəti zamanı məhz bu ideyanın reallaşmasına can atırdı.

Heydər Əliyev həmin nəzəriyyənin təşəbbüskarı olaraq bütün xalqı, cəmiyyəti bir yerə toplaya bildi. Bu, azərbaycançılıq idi. Dünya Azərbaycanlılarının I Qurultayındakı hesabatı zamanı Əliyev dedi:

- Biz azərbaycanlıyıq. Azərbaycan hamımızın vətənidir. Bu torpaq bizi bir millət, bir xalq, bir şəxsiyyət kimi yetişdirib. Ona görə hər birimizin qəlbində azərbaycanlı ruhu var. Məhz bu azərbaycançılıq ruhu, ideyası bizi bir-birimizlə birləşdirən, daha sıx möhkəmlədən amilə çevrilib. Hər bir dövlətdə milli ideologiya mövcuddur. Azərbaycan Müstəqil respublikasının milli ideologiyası - azərbaycançılıq ideologiyasıdır.

28 May - Respublika Günüdür. 1918-ci ilin məhz bu günündə Şərqin ilk müstəqil demokratik dövlətinin əsası qoyulub, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məmməd Əmin Rəsulzadənin birgə səyi nəticəsində Azərbaycan Demokratik Respublikası yaradılıb.

Bütün bunlar canlı tarixdir - mahnı mətni kimi buradan bircə kəlməni də çıxartmaq mümkün deyil. Lakin mahnıların üzü köçürüldüyü kimi, tarixin də bəzi məqamlarına əl gəzdirmək olur. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə bu barədə çox düşünür. Bizimlə söhbət zamanı, o, həqiqətin ağzının bağlandığı dövrləri xatırlayaraq, Heydər Əliyevin həmişə həqiqətin, ədalətin tərəfində dayandığını bildirir:

- Bir vaxt respublikada Gülüstan sülh müqaviləsinin bağlanmasının (1813-cü il) 150 illiyini qeyd etməyə hazırlaşırdılar. Bu müqaviləyə əsasən böyük, geniş, bərəkətli torpaqlara, tarixi köklərə malik bir xalq İran şahlığı və Çar Rusiyası arasında bölünmüşdü. Bu tədbir mərkəzin təlimatı ilə, yerli yaltaq məmurların əli ilə həyata keçirilməliydi. Xalqın tarixi yaddaşında isə bu hadisə qanlı bir iz buraxmışdı. Lakin həmin dövrün dəmir hökmləri, maddi və mənəvi məhrumiyyətlər kütləvi etiraza imkan vermirdi. İçimdə qaynayan milli qürur, namus və sənətkarın tarix və xalq qarşısındakı məsuliyyət hissi məni vadar etdi ki, fikirlərimi kağıza köçürüm və beləcə «Gülüstan» poeması yarandı.

Qadağalara, senzuraya baxmayaraq, poemanın əlyazma variantı əldən- ələ gəzirdi. Bütün Azərbaycanda ziyalılar, tələbələr bu poemanı oxuyurdular. Mənim doğma şəhərim olan Şəkidə bu poemanı «Nuxa fəhləsi» qəzeti çap etdi. Həmin vaxtdan etibarən mənim iztirablarım başladı. Sorğu-suallar, təqiblər, istintaqlar... Mən artıq həbsxanaya düşəcəyimə əmin idim. Vəziyyət eləydi ki, qapıda maşın dayanan kimi diksinirdim. Elə fikirləşirdim ki, mənim dalımca gəliblər. Düzü, ən çətin vəziyyətlə üzləşəcəyimi gözləyirdim.

O vaxt Dövlət Təhlükəsizlik Komitəsində mənim bir qohumum işləyirdi, amma onun yanında bu barədə bir söz deyə bilmirdim, o da bu xüsusda danışmırdı. Amma bir gün həmin qohumum mənə yaxınlaşıb pıçıldadı: «Arxayın ol, səni həbs etməyəcəklər. Sənin güclü müdafiəçilərin var».

Mən bu sözləri sadəcə təskinlik kimi, məni sakitləşdirmək üçün dediyini düşündüm. Yalnız uzun illər keçəndən sonra xəbər tutdum ki, məni bütün təhlükələrdən xilas edən, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Heydər Əliyev olmuşdur.

Nə mən onu özümə dost adlandırırdım, nə də o bunu açıq şəkildə qeyd edirdi. Amma həmişə öz üzərimdə çox səmimi bir dostun diqqətini, qayğısını hiss edirdim.

90-cı illərin ortalarında ağır xəstələndim. Etiraf edim ki, sağalmaq ümidimi tamam itirmişdim. Yenə də həmin dost yardımı köməyimə çatdı. Heydər Əliyev şəxsən zəng vurub səhhətimlə maraqlandı və dedi: «Hazırlaş, səni Türkiyəyə müalicəyə göndərirəm».

Ertəsi gün Prezidentin nümayəndəsi gəlib mənim stolumun üstünə onun göndərdiyi 30 min dolları qoydu və dedi ki, sabah siz Türkiyəyə uçursunuz, aviabilet artıq sifariş olunub. Məni Ankaranın ən böyük klinikalarından birində yerləşdirdilər. Orada mənə Türkiyənin Prezidenti Süleyman Dəmirəl də bir gün baş çəkdi. Səhhətimlə maraqlanıb dedi: «Siz iki dövlətin, bütün türk xalqlarının şairisiniz. Sizin müalicənizlə bağlı bütün xərcləri mən öz üzərimə götürürəm. Əminəm ki, tezliklə müalicəniz bitəcək, sağalacaqsınız və Azərbaycana qayıdıb bizə qardaş olan, qanı qanımızdan, canı canımızdan olan, tarix, mədəniyyət, ədəbiyyat baxımından bizə ən yaxın olan bir xalqa lazım olan yeni şeirlər yazacaqsınız».

Bakıya qayıdandan sonra Heydər Əliyevə zəng vurub onunla görüşmək istədiyimi bildirdim. O, yubanmadan görüş vaxtını təyin etdi. Görüşə gedəndə mən səfərdən əvvəl onun göndərdiyi 30 min dolları özümlə götürdüm. Prezident səhhətimlə maraqlandı və mən cavab verəndən sonra həmin pulları çıxarıb stolun üstünə qoydum.

O, təəccüblənib mənə baxdı:

- Bu nədir?

Açıqladım ki, müalicəmlə bağlı bütün xərci Türkiyənin Prezidenti Süleyman Dəmirəl öz boynuna götürdü və mənə bircə qəpik də xərcləməyə imkan vermədi. Heydər Əliyev gülümsündü: - Götür, öz ehtiyaclarına xərclərsən, - dedi.

Bu pula əsərlərimin 8 cildliyini nəşr etdirdim.

Bütün yaradıcılığım boyu bu böyuk şəxsiyyətin himayəsini, qayğısını daim hiss etmişəm.

İyunun 6-da Prezident Heydər Əliyev ABŞ Prezidentinin Xəzər hövzəsinin enerji ehtiyatlarının inkişafı üzrə xüsusi müşaviri, səfir Stiven Mennin başçılığı ilə nümayəndə heyətini qəbul etdi. Qonaqları salamlayan Prezident onların IX beynəlxalq «Xəzər neft, qaz, neft emalı və neft kimyası» sərgi və konfransındakı əməklərini yüksək qiymətləndirdiyini dedi:

- cənab Prezident, səfir kimi çalışdığım dövrdə mənə cəmi iki dəfə Prezident Buş tərəfindən yazılmış məktubun ünvana çatdırılması tapşırılıb. Hər iki məktub sizin ünvanınıza yazılıb. Biz amerikalılar Bakı-ceyhan layihəsindəki dəstəyinizə görə sizə öz minnətdarlığımızı bildiririk. Bundan əlavə, dövlətlərimiz arasında bu səviyyədə münasibətlərin qurulması sahəsində göstərdiyiniz əməyi yüksək qiymətləndiririk.

Heydər Əliyev səfirə öz minnətdarlığını bildirdi:

- Qeyd etdiyiniz məktublar ölkəmiz üçün çox əhəmiyyətlidir. Prezident Buşun məktubunun IX beynəlxalq sərgi və konfransının açılışında oxunması sizin ölkənin və Prezidentinizin Xəzər hövzəsində neft, qaz yataqlarının işlənməsi, enerji resurslarının ixracı işində nə dərəcədə maraqlı olduğunu sübut edən faktlardandır. 1994-cü ildə biz «Əsrin müqaviləsi»nə imza atmışıq və hər bir sonrakı mərhələdə ABŞ hökumətinin dəstəyini hiss etmişik. 1999-cu ildə İstanbulda tərəfimizdən təsdiq olunan Bakı-Tbilisi-ceyhan layihəsinə ABŞ Prezidentinin də imza atması, ABŞ hökumətinin bu neft kəmərinin fəaliyyətinə nə dərəcədə əhəmiyyət verməsini göstərir. Biz neft-qaz resursları imkanı hesabına yeni tarix yazırıq, - deyə Heydər Əliyev vurğuladı. - Çox sevinirəm ki, biz də bu tarixi yaradanlar sırasındayıq. İndi başladığımız işin böyük gələcəyi var. Həmin tarix sonrakı nəsillər tərəfindən də davam etdiriləcək.

2002-ci ilin iyununda Azərbaycan Dövlət İqtisad Universitetinin 70 yaşı tamam oldu. «Azərbaycan iqtisadiyyatının dünya miqyasında inkişafı və inteqrasiyası üçün yüksək səviyyəli peşəkarların olmasına böyük ehtiyac var», - bu sözləri Prezident təntənəli yubiley gecəsində demişdi. O, iqtisadiyyatın inkişaf dövründən danışarkən qeyd etdi: «Bilirsiniz, 1994-cü ildən bu günə kimi Azərbaycana 9 milyard dollar investisiya qoyulub. Balaca bir ölkə üçün bu, böyük rəqəmdir. Biz neft müqavilələrindən böyük gəlir alırıq. Artıq Neft Fondu yaradılıb. Hazırda fondun 580 milyon dollara yaxın büdcəsi var. Valyuta ehtiyatlarımızın ümumi məbləği 1 milyard 200 milyon dollar təşkil edir. Amma 9 il bundan əvvəl, 1993-cü il iyunun 12-də Bakıda gərgin vəziyyətin hökm sürdüyü bir dövrdə Azərbaycanın xilası işini öz üzərinə götürəndə bizim heç 1 dollar belə valyuta ehtiyatımız yox idi. Bütün bunlar tərəfimizdən qazanılanların hələ bir hissəsidir. Gələcəkdə ölkənin gəliri artaraq, əhalinin yüksək rifahına və maddi vəziyyətinin yaxşılaşmasına səbəb olacaq. Hazırda büdcəmiz artmaqda davam etdirilir.

Bir neçə gün bundan əvvəl Elmlər Akademiyasının prezidentinə əmək haqlarının qaldırılacağı haqda demişdim. İndi də qeyd etmək istəyirəm ki, yaxın günlərdə Akademiyanın işçilərinin maaşlarının qaldırılması haqda baş nazir və Maliyyə Nazirliyinə göstəriş vermişəm. Onlar təklifi hazırlayırlar və yaxın günlərdə baxacam. Narahat olmayın, əmək haqları digər sahələrdə də qaldırılacaq. Siz bunu hiss edəcəksiniz.

İki gün əvvəl fərman imzalamışam. Azərbaycanın incəsənət, ədəbiyyat və digər sahələrində yaradıcılıqları ilə seçilən 150 ictimai xadimə ömürlük təqaüd ayırmışam. 5 il əvvəl mənim belə bir imkanım yox idi. İstəyirdim, amma bacarmırdım... İndi isə bunun üçün hər bir vasitə və imkanlarımız mövcuddur. Bu 150 nəfərin hər biri Azərbaycan incəsənəti, ədəbiyyatı və digər sahələrinin canlı tarixidir.

Bu insanlar tərəfindən yaradılan əsərlər, onların vərəsələri tarix yaradır. Bu insanların hər biri bizim tariximizin yaradıcısıdır».

Azərbaycan yazıçıları, şairləri, incəsənət xadimləri ilə birgə Prezident təqaüdünü rus yazıçısı İvan Tretyakov da aldı. Bir vaxtlar o, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru vəzifəsində işləmişdi.

(davamı gələn sayımızda)

 

Mərkəz.- 2010.- 18 dekabr.- S.10-11.