«İlk oxucum atamdır»

 

Günel Anarqızı: «Dedi-qodu məndən uzaqdır, vaxtımı, enerjimi belə mənasız işlərə sərf etməyə heyifim gəlir»

 

«Özümü ədəbiyyatda daha gözəl ifadə edə bilirəm»

 

Tanınmış nasir-publisist Günel Anarqızının yeni işıq üzü görmüş "Net, to est da" (rus dilində - C. S.) kitabı oxucuların ixtiyarına verilib. Kitaba müəllifin 2002-2008-ci illərdə yazdığı 19 hekayəsi və 2 pyesi daxil edilib. Qeyd edək ki, adı kitaba verilmiş pyes "İbrus" teatrında tamaşaya da hazırlanır. Bu gün oxucunun mükəmməl əsərlərə tamarzı olduğu bir ərəfədə Günelin növbəti kitabını, sözün əsl mənasında, tapıntı kimi də qiymətləndirmək olarBeyninizin pasını yumaqzövqünüzü inkişaf etdirib, intellektual səviyyənizi artırmaq istəyirsinizsə, "Net, to est da"nı oxumağı hər birinizə məsləhət görürük. Bizsə səbəbkarı həm təbrik etdik, həm də onu söhbətə çəkdik…

 

- Kitaba 20 hekayə, 2 pyes, bir sözlə, 2002-2008-ci illər arasında yazılmış əsərlər daxildir. Əsərlərin 70-80%-i rus dilində yazılıb. Hekayələrin çoxunu özüm Azərbaycan dilindən ruscaya tərcümə etmişəm.

 

- Hər dəfə kitablarınızın təqdimatında çöhrənizdə böyük bir həyəcan müşahidə olunur. Bu dəfə də həmin həyəcanın şahidi olduq

- Bu məsuliyyət hissilə bağlı olan məqamdır. Amma bu həyəcan hissi nəticə etibarı ilə daha çox məmnunluq hissilə əvəzlənir. Ona görə ki, gələn qonaqların simasında o xoş məmnunluğu görəndə mən də sevinirəm.

 

- Həm də yəqin ki, «görəsən, növbəti kitabım necə qarşılanacaq», - deyə oxucu qarşısında bir həyəcan yaşanır, deyilmi?

- Sözsüz. Mənim də müəyyən bir oxucu auditoriyam var, onlar yeni əsərlərimi həmişə gözləyiblər. İnanıram ki, onlar növbəti kitabımı maraqla qarşılayacaqlar. Hər halda, çox istərdim ki, bu belə olsun.

 

- Kitaba adı verilmiş "Net, to est da" pyesinin "İbrus" teatrında tamaşaya hazırlandığı deyilir. Tamaşa hansı janrda hansı rejissorun quruluşunda ərsəyə gələcək? Ümumiyyətlə, ilk dəfədir, deyəsən, əsəriniz əsasında tamaşa hazırlanır

- Bəli, ilk əsərimdir ki, səhnəyə qoyulur. Əvvəlcə onu deyim ki, pyes əvvəlcədən rus dilində yazılıb, çünki Rüstəm İbrahimbəyovun teatrında səhnələşdirilməsi nəzərdə tutulmuşdu. Orada bilirsiniz ki, əsərlərin çoxu rus dilində tamaşaya hazırlanır. Artıq 2 ildir ki, həmin pyesin müəyyən fasilələrlə «İbrus» teatrında məşqləri gedir.

 

- Əsərin səhnə quruluşuna hər hansı formada müdaxiləniz olacaqmı?

- Yox, mən rejissor Pünhan Həsənliyə inanıram bütün işi ona həvalə etmişəm. Sadəcə müəyyən məsələlərdə məsləhətlərim ola bilər. Ara-sıra məşqlərdə iştirak edirəm, o da seyrçi qismində.

 

- «Çağdaş ədəbiyyatda güclü oxucu qıtlığı problemi yaşanır» fikrilə razılaşırsınızmı?

- Mənə elə gəlir ki, bəli, müəyyən dərəcədə qıtlıq var. Mən özüm bunun şahidiyəm; hətta tanışlarım arasında da elələri var ki, təqdimatda da iştirak edirlər, amma kitabı oxumağa vaxtları yoxdur. Mən bunu vaxt qıtlığı ilə əlaqələndirərdim. Oxumağa vaxt çox azdır. Hətta o insanlar da hansı ki, ömürləri boyu mütaliə ediblər, yeni kitabları gedib həvəslə dükanlardan alıblar, amma oxumağa çox vaxt imkanları olmur. Əgər ədəbiyyata maraq göstərən belə insanlar oxumağa vaxt ayırmırlarsa, ədəbiyyata maraq göstərməyənlərdən biz gözləyək? Bəlkə heç onların ağlına da gəlmir ki, hansısa yeni kitab nəşr olunub, gedib onu dükandan alıb oxusunlar. Ona görə Azərbaycanda mütaliə problemi var hamımız bunu görürük, bilirik. Ancaq biz qələm əhli olaraq yeni əsərlər yazmaq oxucu kütləsinin diqqətinə çatdırmaqla bu problemi aradan qaldıra bilərik.

 

- Maraqlıdır, hər yeni kitabınızı yazanda atanızla məsləhətləşirsinizmi?

- Mənim ilk oxucum atam ailə üzvlərim olur. Hər yeni əsərimi yazanda, birinci növbədə, ailə üzvlərimlə məsləhətləşir, onların razılığını alıram. Onların təəssüratları mənim üçün çox maraqlıdır.

 

- Anar müəllim bir yazar olaraq sizə öz qiymətini veribmi?

- Yəqin ki, verib. Mənim haqqımda suallara cavab verəndə hər hansı yazılarında bunu görmək olar. O bu məsələlərdə çox ehtiyatla davranır, çünki bizim ailəmizdə bir-birimizi tərifləmək adət deyil. Mənim barəmdə ona sual verəndə, görürəm ki, bəzən bir kəlmə ilə kifayətlənir. Atamı gözəl tanıyıram bunun səbəbini gözəl bilirəm.

 

- Səhv eləmirəmsə, ilk kitabınıza yazılan ön sözün müəllifi atanızdır

- Bəli, rus dilində çap olunan kitabımın ön sözünü Vaqif Səmədoğlu, Azərbaycan dilində çap olunan kitabımın ön sözünü atam yazıb. Bu sözlər mənim üçün çox qiymətlidir.

 

- Yaradıcılıq sizin üçün hansı missiyanı ifadə edir?

- Mənim üçün ən məqbul yol yazılarımla özümü ifadə etməkdir. Bu vasitə ilə özümü ifadə etməyə üstünlük verirəm bunu da bacarıram. Ümumiyyətlə, istənilən adam daxili dünyalarını ifadə etmək üçün müxtəlif vasitələrdən istifadə edir, mənim üçün uyğun olan vasitə yazıçılıq, ədəbiyyat, publisistikadır. Başqa fəaliyyət sahələrim var, vaxtımın çoxu həmin sahələrə sərf olunur, buna görə təəssüf ki, yaradıcılığa vaxtım çox da qalmır. Amma 100% deyə bilərəm ki, bütün bunlarla bərabər, özümü ədəbiyyatda daha gözəl ifadə edə bilirəm.

 

- Bir yazar olaraq hansı yazıçıları sevə-sevə mütaliə edirsiniz?

- Mən müxtəlif yazıçıları mütaliə edirəm. Deyə bilmərəm ki, daim oxuduğum bir müəllif var. Müxtəlif cərəyanları izləyirəm onların nümayəndələrinin əsərlərini oxuyuram. Müasir yazarlardan Orxan Pamukun adını çəkə bilərəm. Hindistan ədəbiyyatında maraqlı qadın yazarlar var ki, onlar mənə maraqlıdır. Müasir rus ədəbiyyatından Lyudmila Ulitskayanın əsərlərini bəyənirəm. Klassik ədəbiyyatımızdan c.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Ə.Sabir həmişə müasirdirlər. Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Ramiz Rövşənin yaradıcılığı mənə çox yaxın ruhən doğmadır.

 

- Təbii ki, bu sırada yazıçı Anarın yeri özəldir?

- Anarı çoxdan oxumuşam. Yeni yazılarını da oxuyuram. Mən onun yaradıcılığı əsasında formalaşmışam.

 

- Çağdaş ədəbiyyatda yazılarını maraqla izlədiyiniz yazarlardan kimlərin adını çəkərdiniz?

- İlqar Fəhmi, Səlim Babullaoğlu, Afaq Məsudun yaradıcılığını izləyirəm. Elxan Qaraqan çox maraqlı yazardır. Çox istərdim ki, yeni nəsil yazarlar daha çox dünyagörüşlərinə diqqət yetirsinlər, daha çox oxusunlar. Yazıçılıq belə şeydir ki, insan hər zaman üzərində işləməlidir, dünyagörüşünü artırmalıdır. Allah vergisi varsa, onu cilalamaq lazımdır.

 

- Bəzi gənc yazarlar var ki, artıq sözünü demiş yazıçıların bostanına daş atmaqla məşğuldur. Nəsillərarası bu mübarizəyə münasibətinizi bilmək maraqlı olardı

- Mənim belə dedi-qodulara diqqət ayırmağa heç vaxtım da yoxdur. Hesab edirəm ki, hər kəs öz işi ilə məşğul olmalı başqasının bostanına daş atmamalıdır. Ondansa öz bostanını şumlamalı, işləməli çalışmalıdır ki, onun bostanında yeni meyvə ağacları bar versin. Başqasının bostanına daş atıb, onun dedi-qodusu ilə məşğul olmaq lazım deyil. Həyat çox qısadır bu nemət bizə verilibsə, həyatı mənalı yaşamalıyıq. Dedi-qodu məndən uzaqdır. Həm sadəcə vaxtımı, enerjimi belə mənasız işlərə sərf etməyə heyifim gəlir.

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2010.- 22 dekabr.- S. 9.