HEYDƏR ƏLİYEV

 

«Məni Allah qoruyur»

 

Azərbaycanda bu gün də Heydər Əliyevdən söz düşəndə hamı onun Allahın sevimli bəndəsi olduğunu söyləyir. Onun həyatında bu qənaəti təsdiqləyən kifayət qədər faktlar var. DTK-da fəaliyyət göstərdiyi dövrlərdə də, SSRİ Nazirlər Soveti sədrinin I müavini olduğu çağlarda da, lap elə Qorbaçovun qəzəbinə tuş gəlib Moskvada qürbət həyatı yaşadığı vaxtlarda da Tanrı ondan öz sevgi və mərhəmətini heç zaman əsirgəməmişdir.

Yazdığımız kitabda Tanrının bu sevimli bəndəsini necə hifz etməsindən 2 hekayəti oxucularımızın diqqətinə çatdırırıq. Biri keçmiş sovet dönəmində, Heydər Əliyevin dünyanın nəhəng bir ölkəsinin rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi dövrə, digəri isə onun müstəqil Azərbaycanı bəlalardan qurtardığı illərə təsadüf edir.

23 oktyabr 1983-cü il. Pakistanın paytaxtı İslamabad şəhərindəki SSRİ səfirliyi. Yerli vaxtla axşam saat 7-dir. Bütün işlərə qol çəkilib, bütün teleqramlar göndərilib. Əməkdaşlar evə getməyə hazırlaşırlar. Sabah cümə günüdür. Müsəlman Pakistanında bu istirahət günüdür.

Birdən şifrələmə şöbəsinin rəisi deyir: “Vladimir Georgiyeviç, təcili bura gəlin. Oxuyuram. Teleqram. Çox təcili. 3 saatdan sonra Siyasi Büronun üzvü, Sov. İKP MK-nın katibinin rəhbərliyi ilə partiya nümayəndə heyəti Moskvadan təyyarə ilə uçur. Pakistan ərazisi üzərindən uçmaq üçün Pakistanın dövlət orqanlarının icazəsini təmin edin”.

Nümayəndə heyəti ərəb ölkələrindən birinə uçurdu. Yol yalnız Pakistanın hava məkanından idi. Teleqramda adı çəkilən nümayəndə heyətinin rəhbəri Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin I müavini Heydər Əliyev idi. Onun reysi gündüz saat 3-də Moskvadan uçurdu. İslamabad ilə vaxt fərqi də 3 saat idi.

SSRİ-nin Pakistandakı səfirliyinin və şəxsən səfir Vladimir Georgiyeviç Belyayevin əmri yerinə yetirməsinə 6 saat vaxt var idi. Aydın məsələ idi ki, təyyarənin ərazi üzərindən uçuşuna razılıq almaq üçün vaxt demək olar ki, əldən çıxmışdı. Səfirin ağlına gələn ilk fikir Pakistanın aviasiya departamenti ilə əlaqə saxlamaq oldu. Ancaq orada heç kim qalmamışdı, artıq axşam saat 7 idi. Nə etməli? Diplomatik kanalları işə salmaq lazım gəldi.

Belyayev Pakistanın xarici işlər nazirinin müavininə telefon açır. Nazir müavini diqqətlə onu dinlədikdən sonra üzr istəyir, heç cür kömək edə bilməyəcəyini deyib, dəstəyi yerinə qoyur. Sovet diplomatı xarici işlər naziri Aqi Şahı axtarmağa başlayır. Ancaq o da “heç cür kömək edə” bilmir. Heydər Əliyevin təyyarəsinin gəlməsinə 4 saat qalır.

Bu mənzərənin şahidi olanlardan biri deyir:

“Oturmuşuq. Kondisionerlər işləyir, soyuq havanı üstümüzə püskürür. Bizi isə tər aparır. Son dərəcə gərgin vəziyyətdir: aviasiya departamenti bağlı, xarici işlər naziri də gedib. Məsələ müşkülə çevrilib”.

Burada vəziyyəti gərginləşdirən daha bir məqam var. Ay yarım bundan əvvəl, 1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə SSRİ Hava Hücumundan Müdafiə qüvvələrinin uzaq Şərqdəki təyyarələri Cənubi Koreyanın Mülki aviasiyasına məxsus sərnişinlərlə dolu “Boinq”i vurmuşdu. Bütün dünya Reyqanın fitvası ilə sovetlərin qaniçənliyindən danışırdı. Əksər ölkələrdə, o cümlədən Pakistanda da antisovet əhvali-ruhiyyə çox güclü idi. Səfirlikdə hamıya gün kimi aydın idi ki, partiya və hökumət nümayəndə heyətini aparan təyyarə Pakistanın üzərindən icazə alınmadan uçarsa, Pakistanın Hava hücumundan müdafiə qüvvələri düşü-nüb-daşınmadan onu raketlərlə vuracaqlar. Çox təcili nə isə etmək lazımdır. Artıq yerli vaxtla gecə saat 2-dir.

Şahidlərdən biri deyir:

“Birdən ildırım sürətli bir fikir səsləndi! General! Prezidentin köməkçisi! Xidməti telefonla zəng vururam! Bilirsiniz, az qalırdı qışqıram! O, telefonu götürür! Mən ona vəziyyəti izah edirəm. cavab gəlir: - cənab Belyayev, mən sizi çox yaxşı başa düşürəm, ancaq bilirsiniz, bu gün Prezident üçün çox ağır iş günü olub. Bağışlayın, mən Prezidenti oyada bilmərəm. Mən otağa qayıtdım. Oturdum və öz-özümə dedim: bizim aqibətimiz necə olacaq? Hamı mənə baxıb susur, amma baxışları ilə sanki nə oldu, nə oldu? - deyə soruşurlar. Mən deyirəm ki, Prezident yatıb, oyada bilmir”.

Ziya Ülhəqdən, Pakistanın o vaxtkı Prezidentindən yuxarıda Allahdır. Ancaq Pakistandakı sovet səfirinin ona çıxışı yox idi. SSRİ Nazirlər Soveti sədrinin müavini, Siyasi Büro üzvü Heydər Əliyevi və nümayəndə heyətini aparan təyyarə isə bütün bunlardan xəbərsiz, düz Pakistan raketlərinə tərəf uçurdu. Xəbərdar etmək, təyyarənin marşrutunu dəyişmək qətiyyən mümkün deyil. Gərginlik durmadan artır. Moskva yüksək məxfi şifrəli teleqramlardan beynəlxalq telefon xəttiylə açıq telefon danışıqlarına keçir. Hər 5-10 dəqiqədən bir sual sual dalınca yağırdı: «Niyə indiyə qədər uçuşa razılıq barədə xəbər vermirsiniz?! Siz hansı məsuliyyətin altına girdiyinizi bilirsinizmi?! Siz xüsusi reysin Pakistan ərazisi üzərindən təhlükəsiz uçuşuna təminat verə bilərsinizmi?! Biz ölkə rəhbərliyinə məlumat verə bilərikmi hər şey normaldır?

Vəziyyətin şahidlərindən biri deyir: “Təzyiq getdikcə artır. Birdən növbətçi aşağıdan qışqırır: ”Vladimir Georgiyeviç, sizi telefona. Yaxınlaşıb, tez dəstəyi qulağıma sıxıram. Adını deyir - general filankəs. İkinci general, ikinci köməkçi. cənab Belyayev, cənab Prezident filan reysin Pakistan ərazisi üzərindən uçmasına razılıq verilməsi üçün sərəncam verib. Bu haqda Moskvaya xəbər verə bilərsiniz. Təyyarə isə bu dəqiqələrdə Pakistan ərazisinə daxil olacaq”.

Yerli vaxtla səhər saat 4.00 SSRİ səfirinin telefonu zəng çalır. Xarici işlər nazirinin müavini xəbər verir ki, sovet xüsusi xidmət orqanlarının verdiyi məlumata görə, filan xüsusi reys Pakistan üzərindən maneəsiz və rahat uçmuşdur.

Tanrının öz sevimli bəndəsi Heydər Əliyevə göstərdiyi bu mərhəmət nə birinci, nə də sonuncu idi. Allah ömrunu, qismətini və həyatdakı missiyasını yazdığı bu sevimli bəndəsini hələ bir neçə dəfə, bundan da gərgin və ağır, deyərdik ki, daha faciəli ola biləcək təyyarə bəlalarından qurtaracaq. Haqqında danışacağımız növbəti hadisə isə ulu Tanrının Heydərə olan sevgisinə yenə də zərrə qədər şübhə yeri qoymur.

Pakistandan 12 il sonra

1995-ci ilin şübhələrlə dolu payız günləri idi. Didişmələrdən, çəkişmələrdən, çevriliş cəhdlərindən yorğun düşmüş Bakı səksəkəli günlərini geridə qoyub azacıq dincəlmək istəyirmiş kimi “mürgüləyirdi”. Heydər Əliyevin usta gedişləri ilə müstəqil Azərbaycan özünün ilk kövrək, ancaq qətiyyətli addımlarını atır, dövlətin dayaqları olan təhlükəsizlik strukturları dövlətçiliyə diş qıcıyan xarici və daxili irticaçı qüvvələrə artıq güc göstərməyə başlayırdılar. Əsrin son onilliyində Heydər Əliyevin Azərbaycanın xilası üçün başladığı strategiyanın müddəaları tədricən, pillə-pillə reallaşmağa başlamışdı. Nə qədər acı olsa da, müxtəlif qüvvələr müstəqil dövlətçiliyin inkişafına aparan bu prosesi nə yolla olur-olsun əngəlləmək barədə düşünür, müxtəlif planlar cızırdılar.

1994-cü ildə xəyanətkarcasına MTN-in təcridxanasından qaçırılmış Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev, ətrafına istefaya göndərilmiş bir neçə general və yüksək rütbəli zabit toplayıb yeni dövlət çevrilişi planı hazırlayırdı. Dövlət çevrilişi planına rəvac verənlər iflasa uğramış, 1994-cü il oktyabr və 1995-ci il mart çevriliş cəhdlərinin acı dərslərindən nəticə çıxartmışdılar. Yaxşı başa düşürdülər ki, Heydər Əliyev nə qədər hakimiyyət başındadır, onların hakimiyyətə gəlmək arzusu xülya olaraq qalacaq.

Nə etməli? Leninsayağı verilən bu sualın cavabı hələ ötən çevriliş planlarında öz əksini tapmışdı: hansı yolla olur-olsun Prezident Heydər Əliyevi fiziki cəhətdən məhv etmək. Qəddar və amansız qərar bu dəfə çevriliş planının ilk və əsas bəndi idi. Layihəsi Moskvada - Ayaz Mütəllibov, Surət Hüseynov, Rəhim Qazıyev və digərləri tərəfindən işlənib hazırlanmış hərbi dövlət çevrilişi mexanizmi məhz bu vəhşi və amansız plan həyata keçiriləndən sonra işə düşməli, general Şahin Musayevin (keçmiş müdafiə nazirinin müavini - müəlliflər) rəhbərliyi ilə zor işlətməklə hakimiyyət dəyişikliyi həyata keçirilməli idi.

Sui-qəsd planına görə Azərbaycan Prezidenti Heydər Əliyev xarici ölkəyə səfərdən Bakıya dönərkən, onu gətirən təyyarə Binə hava limanına enməmiş zenit raketi ilə vurulmalı idi. 1995-ci il may ayının sonunda terrorçular artıq “İqla-1” tipli 9M313 markalı zenit raketini buraxma qurğusunu, hər birinin dəyəri 12 min ABŞ dolları olan 2 zenit raketi əldə etmişdilər. Onlar bu kompleksdən təyyarəni vuracaq adamı müəyyən etmiş, ona lazım olan təlimatları vermişdilər.

Ş.Musayev Azərbaycan Prezidentinin təyyarəsinin vurulmasını uğurla başa çatdırmaq üçün artıq Bakının Nardaran daş karxanasında və Maştağa qəsəbəsi yaxınlığında raketi buraxmaq üçün meydançalar seçmişdi. Son müzakirələrdə qəsdin icraçıları təyyarənin Maştağa qəsəbəsi yaxınlığındakı meydançadan vurulmasının daha əlverişli olduğunu söyləyib, bu qərarın üstündə dayandılar. Terrorçular bu versiyanı bir neçə dəfə məşq etmiş, hətta general Ş.Musayevə nümayiş etdirmişdilər. Hər şey hazır idi. Onlar əmr gözləyirdilər.

2 iyul 1995-ci il. Pusquda durmuş qəsdçilərə telefonla Heydər Əliyevin olduğu “TU-154” tipli təyyarənin Azərbaycanın hava məkanına və Bakı hava ərazisinə daxil olması barədə dəqiq məlumatlar verilir. Əvvəldə göstərilən hər 2 meydançadan 9M313 ”İqla-1” tipli zenit raketi ilə “Binə” hava limanına enmə zolağına Maştağa istiqamətindən enən mülki təyyarənin vurulmasının mümkünlüyü tam dəqiqləşdirilmişdi.

Prezidentin təyyarəsi hava limanına istiqamət götürür. Saat 15.09-da yenidən qəsdin icraçılarına Prezident təyyarəsinin gəlməsi barədə məlumat verilir. Terrorçular zenit qurğusunu meydançaya gətirməyə hazırlaşırlar. Elə bu zaman onlar təyyarənin Maştağa istiqamətindən deyil, Hövsan qəsəbəsi istiqamətindən hava limanına endiyini görürlər. Nə yaxşı ki, artıq heç nəyi dəyişmək mümkün deyildi. Bu istiqamətdən “Binə” hava limanına enən Prezident təyyarəsinin vurulması, təyyarənin uçuş boyu raketin uçuş məsafəsindən kənarda olduğundan mümkün deyildi.

Bu nə idi? Azərbaycanın təhlükəsizlik orqanları qəsddən xəbər tutmuşdularmı?! Yox, bu məqamda hələ onlara heç nə bəlli deyildi. Bəs təyyarənin istiqaməti nə üçün dəyişdirilmişdi? Səbəb çox sadədir. İnsanın dəyişməkdə aciz olduğu hava şəraiti.

“Azal” Azərbaycan Hava Yolları Dövlət Konserninin verdiyi arayışda göstərilir: “Respublika Prezidentinin olduğu ”TU-154” tipli təyyarə 1995-ci il iyulun 2-də saat 15.22 dəqiqədə “Binə” hava limanına 355 dərəcə bucaq altında, yəni Hövsan istiqamətindən enmiş, “küləyin istiqaməti 20 dərəcə, sürəti 8 metr olmuşdur”.

Bəli, Tanrı yenə də sevimli bəndəsinə mərhəmətini əsirgəmədi, onu qorudu. Qorudu ki, Heydər Əliyev müstəqil Azərbaycan adlı əsərini araya-ərsəyə gətirsin. Amma naqislər və xainlər, iblislər və canilər onun varlığı ilə barışmaq istəmir, yeni-yeni çirkin planlar cızırdılar. O isə hər dəfə bu haqda söz düşəndə təbəssüm və daxili bir inamla deyirdi: “Mən ölümdən qorxmuram. Çünki məni Allah qoruyur”.

Ömrünün son illərində Heydər Əliyev Bakını gəzməyi çox xoşlayırdı.

- Onun çox az mühafizəçisi olurdu. Sevdiyi küçələrdə dolaşır, bakılılarla söhbət edir, sadə insanların yaşayışı ilə yaxından tanış olurdu, - deyə general Axundov xatirələrə dalır.

- Deyirlər ki, Heydər Əliyev çox iti ağıla malik olub. Bu haqda hər hansı bir epizodu xatırlaya bilərsiniz?

- Belə hallar o qədərdir ki, bilmirəm hansını danışım. Diqqətinizi başqa məqama çəkmək istərdim. Təbiətən fitri istedada malik bu insan heç vaxt öyrənməkdən, bilmədiyini soruşmaqdan utanmazdı. Dəfələrlə belə halların şahidi olmuşam. O heç vaxt özünü hər şeyi bilən şəxs kimi hiss eləmirdi, bilmədiyini mütəxəssislərdən soruşmağı özünə əskiklik hesab etmirdi. Öyrənmək istəyəndə hər şeyi yerli-yataqlı, dəqiqliklə bilmək istəyirdi.

General Axundovun kiçik kabinetində hər 2 prezidentin - Heydər və İlham Əliyevlərin şəkilləri, çoxlu kitab və suvenirləri düzülüb. Yəqin ki, burada Heydər Əliyevi ona ən çox xatırladan bir əşya var. Bu nə ola bilər? General o dəqiqə cavab verir:

- Bax, bu şəkil. Telefonların arxasında rəfə qoyulan şəkli götürür.

Şəkildə Heydər Əliyev qırmızı rəngli qoruyucu gödəkcədə gülür, bir qədər arxada əynində elə həmin gödəkcədən Axundov dayanıb.

- Bu, Norveçdə, Şimal dənizi üzərində sahildən vertolyotla 300 km məsafədə olmuşdu. Bizə təlimat verildi və biz xüsusi kostyumlar geyindik. Bələdçilərdən biri Əliyevi dəniz üzərində uçuşdan daşındırmaq istədi. O, bunun təhlükəli olduğunu deyirdi. Amma Əliyev heç nədən qorxmurdu. Tez-tez təkrar edirdi: «Mən ölümdən qorxmuram. Qoy düşmənlərim başa düşsünlər ki, mən həmişə hara getdiyimi bilmişəm. Çünki məni Allah qoruyur».

Uçuşdan öncə qaydaya görə könüllü uçmağımızla bağlı sənədə qol çəkmək lazım idi... Xarici işlər naziri Həsən Həsənov qol çəkmədi ki, ölsəm, ailəm heç sığorta da almayacaq. Heydər Əliyev güldü və qol çəkdi. Nə isə, uçduq.

- Bu nə vaxt olmuşdu?

General iş gündəliyini vərəqləyir: «Bu, 1996-cı ilin 24-27 aprelində baş verib. Həmin il Heydər Əliyevin 18 beynəlxalq səfəri olmuşdu. 1 ildən sonra - 20. 1998-ci ildə - 10, 1999-cu ildə - 13, 2000-ci ildə də - yenə də 13. 2001-ci ildə - 9. 2002-ci ildə - 16: Moskva, ABŞ, Türkmənistan, Türkiyə, İran, Peterburq, İstanbul, Ankara, Yalta...»

Prezidentin şəxsi fotoqrafı, sənədli fotoqrafiya ustası Rafiq Bağırov bu səfərlərin birinə aid çox maraqlı xatirə şəkilləri çəkib. R.Bağırovun xatirələrindən: «... 1997-ci il avqustun ilk günlərinin birində Prezident ABŞ-da rəsmi səfərdə idi. Bill Klintonla görüşdən sonra Hyustona gəldik. Burada Heydər Əliyevin yenidən baba olması xəbərini aldıq. İlhamın oğlu olmuşdu. Heydər Əliyev çox sevinirdi. Nümayəndə heyətinin hər biri ilə görüşdü, təbriklərimizi çatdırdıq. Son bir neçə ildə onun bu cür sevindiyini görməmişdim. Azərbaycana dönərkən Prezident Londonda yenicə doğulmuş nəvəsini ziyarət etdi.

Heydər Əliyev demək olar, bu görüşə qanadı olsa uçardı. Nəvəsini qucağına alanda gözləri yaşardı. Bir qədər titrək, kövrək səslə təntənəli şəkildə dedi: «Mən bu körpəyə Heydər adı verirəm!» Həmin anda məncə, bir neçə yaddaqalan, təsirli məqamları çəkə bilmişəm. Fəxr edirəm ki, balaca Heydərin ilk şəklini çəkmək mənə qismət olub».

Heydər Əliyev bütün nəvələrini çox sevirdi. Amma balaca Heydərə daha çox bağlı idi. Öz adını daşıyan bu balaca ilə həmişə fəxr edirdi.

H.Əliyev bu cür dəhşətli templə işləyirdi... O, ezamiyyətə getməyi xoşlayırdı. Yəqin Azərbaycan xəritəsində elə bir yer, şəhər, qəsəbə, kənd yox idi ki, orada olmasın. Öz kiçik vətəni Naxçıvana xüsusi məhəbbətini gizlətməzdi. Adama elə gəlir ki, yalnız bu cür sərt təbiəti olan bir diyar belə möhkəm xarakterli şəxsiyyəti yetişdirə bilərdi.

 

10 avqust... 1 saat uçduqdan sonra Prezidentin təyyarəsi Naxçıvan aeroportuna yaxınlaşır. Muxtar Respublikanın əvvəlki kimi quru yolları bağlı olduğundan, hamı təyyarəyə minməyə məcbur olur. Prezident də, tələbə də, iş dalınca gedən hər bir şəxs də... Yay aylarında böyük təyyarə ilə gündə 10 uçuş var, amma yenə də çatmır.

Əvvəllər bu aeroport müasir görünsə də, indi köhnəldiyi hiss olunurdu. Prezidentə yeni aerovağzalın layihəsini göstərdilər. Memarları dinləyəndən sonra Heydər Əliyev qeyd etdi:

- Yenə də müvəqqəti bir şey quraşdırırıq?!

Onun təklifinə əsasən, layihədə köklü dəyişikliklər edildi. O, Naxçıvandakı aeroportun açılışını görməyi çox istəyirdi, tikinti də sürətlə gedirdi. İnşaatçılar tələsirdilər… ancaq yeni tikilinin açılışını etmək İlham Əliyevə qismət oldu.

Avqustun 5 gününü öz doğma şəhərində oldu. Aeroport tikintisində, görkəmli Azərbaycan rəssamı Bəhruz Kəngərlinin ev- muzeyinin açılışında iştirak etdi. Bu muzey Heydər Əliyevin təşəbbüsü ilə, hələ tələbə vaxtı adını ilk dəfə eşitdiyi rəssamın şərəfinə 2 mərtəbəli kərpic binada açılmışdı. «Bu insan nadir istedada malik olub. Onun yaradıcılığı, həqiqətən, çox dəyərlidir», - bunları Heydər Əliyev muzeyin açılışında deyirdi.

Vayxır su anbarının layihəsi artıq hazırdır - kanallar çəkilib, cadar-cadar olmuş səhra su gözləyir. Ən son, müasir layihə əsasında yeni məktəbin tikintisi də başa çatdırılıb, kompyuter sinifləri, akt və idman zalları hazırdır. Açılışı isə yeni Azərbaycan Prezidenti etdi...

 

23 sentyabr 2002-ci il, Moskva

 

Avqustun 23-də Prezident Əliyev il ərzində üçüncü dəfə idi ki, Rusiyaya səfər edirdi. Dünya diplomatiyasında bu, bəlkə də, nadir haldır, amma dost, qonşu ölkələr üçün bu çox normaldır. Yanvar ayında Azərbaycan Prezidenti Moskvada rəsmi səfərdə, iyunun 9-da isə işgüzar səfərdə olmuşdu. Həmin tarixdə Peterburqda Vladimir Putinlə görüşmüş, birlikdə Nizaminin heykəlinin açılış mərasimində iştirak etmişdilər. Prezidentin sentyabr gəlişi isə Rusiya-Azərbaycan sammiti ilə əlaqədar idi.

Bu görüşdə əsas hadisə Xəzərin dibinin sərhədlərinin dəqiqləşdirilməsi işində Rusiya Federasiyası və Azərbaycan Respublikasının razılığına dair müqavilələrin imzalanması idi.

- Biz uzun müddət idi ki, bu məsələ ətrafında müzakirələr aparırdıq, -deyə H. Əliyev sözünə davam edir: «Hər 2 tərəfdən mübahisəli məqamların olmasına baxmayaraq, ölkələr qarşılıqlı maraqlar əsasında çalışırdılar. Mən çox məmnunam, çox sevinirəm ki, bu iş müsbət nəticə ilə başa çatmışdır.

Bundan əvvəl Rusiya ilə Qazaxıstan, həmçinin Azərbaycanla Qazaxıstanın razılığa gəlməsini nəzərə alsaq, əminliklə demək olar ki, Xəzərin şimal və mərkəz hissələrinin dibinin mineral resurslarının mənimsənilməsində bizim 3 dövlətin qarşılıqlı anlaşmasında möhkəm beynəlxalq hüquqi baza əldə edilmişdir. Əminəm ki, dənizin dibinin bölünməsi, «ümumi hövzənin isə hamıya aid olması» prinsipi nəticədə bütün Xəzəryanı ölkələrin marağında olan status məsələsinin həllinə gətirib çıxaracaq».

Görüş zamanı digər dövlətlərarası razılaşmalara da imza atıldı. Əsasən təhsil haqqında sənədlərin qarşılıqlı tanınmasına, hərbi təyinatlı məhsullar istehsal edən müəssisə və təşkilatların istehsal yönümlüyünü saxlamağa dair sənədlər imzalanmışdı. Heydər Əliyev onları yenidən sadalamadı: «Vladimir Vladimiroviç imzalanan sənədlər haqqında məlumat verdi. Mən yenidən sizi yorub həmin məsələyə qayıtmaq istəmirəm. Burada vacib məqam odur ki, mən də deyilənlərlə şərikəm. Elə bu da bizim münasibətlərimizin hansı səviyyədə olduğundan xəbər verir.

Bir daha demək istərdim ki, Rusiya-Azərbaycan münasibətləri bizim xarici siyasətimizdə prioritet istiqamətlərdən biridir. Bu ölkələr təxminən 2 əsr birlikdə olub, bu birlik onları elə yaxınlaşdırıb ki, həmin əlaqələri bu gün də davam etdirməyə ehtiyac var. Hazırda müstəqil dövlətlər olsaq da, bu bizə uzaqlaşmağa əsas vermir, əksinə əlaqələri daha da möhkəmlətmək və inkişaf etdirmək lazımdır. Biz öz tərəfimizdən üzərimizə düşən bütün vəzifələri yerinə yetiririk.

Sentyabrın 24-ü Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kollektivi ilə görüşərkən Heydər Əliyevə təntənəli şəkildə ali məktəbin fəxri doktoru adı verildi. Vaxtilə cavan diplomat İlham Əliyev də bu institutu bitirib, orada müəllim kimi çalışmışdı. Sonra isə yuxarıda sadaladığımız məqamlar meydana çıxdı. Qəzəbə tuş gəlmiş bir siyasətçinin oğlu tezliklə müəllimlikdən uzaqlaşdırıldı. «Yəni, İlham Heydər oğlu, siz artıq bu institutda çalışa bilməzsiniz».

Rektor Anatoli Torkunov keçmişi yada salmaq istəmədi.

- Biz böyük məmnuniyyətlə qeyd edə bilərik ki, Rusiya və Azərbaycanın elmi nailiyyətlərinin, mədəniyyətinin öyrənilməsi, ədəbiyyatın və dilin inkişafı işini daha da dərinləşdirir və davam etdiririk. Çox hörmətli Prezident, bütün bunlarda şəxsən sizin böyük əməyiniz var.

Sizin 1993-cü ildən başlayaraq bizim ölkəyə yüksək səviyyəli səfərləriniz qarşılıqlı münasibətlərimizə böyük təsir edir. Nəticədə, Prezident Vladimir Vladimiroviç Putinlə bir çox dövlətlərarası razılaşmalar imzalanıb. İmzalanan sənədlər arasında Xəzərin dibinin bölünməsi haqqında razılaşma da var.

Biz bu sənədin ikitərəfli əlaqələrin inkişafında nə dərəcədə əhəmiyyətli olduğunu, Xəzər regionunun sülh və sabitlik şəraitində inkişafına yardımçı olacağını çox gözəl başa düşürük. Ali məktəbin kollektivi kimi bizimçün dünən 2 ölkənin təhsil nazirlərinin Azərbaycan Respublikası və Rusiya arasında diplomların, elmi dərəcə və adların qarşılıqlı tanınması haqqında imzaladıqları sənədin böyük əhəmiyyəti var.

Uzağı görməyən opponentlərindən fərqli olaraq Heydər Əliyev şimal qonşusu ilə dost və mehriban əlaqələrin rolunu dərk edirdi.

«Rusiya-Azərbaycan münasibətləri bizim üçün prioritet istiqamətdir, - Heydər Əliyev belə deyirdi. - Bu münasibətlər strateji tərəfdaşlıq və əməkdaşlığa əsaslanır. Sovet İttifaqının süqutundan sonrakı dövrə baxsaq, görərik ki, bu 2 ölkə arasındakı münasibətlər heç də birmənalı olmayıb».

Vladimir Vladimiroviç Putinin prezident seçilməsindən sonra dərhal mövcud vəziyyətdə dəyişiklik hiss olunmağa başladı. O, 2001-ci ildə ilk xarici səfərini Azərbaycana etdi. İctimaiyyətimiz bu hadisəni yüksək qiymətləndirdi. Rusiya Prezidenti Azərbaycanı yaxından tanımaq və Rusiyaya olan münasibəti öyrənmək imkanı qazandı. Bu dövrdə respublikamızda daxili sabitlik artıq bərpa olmuşdu. Rusiya ilə əlaqələr uğurlu şəkildə inkişaf edirdi. Müstəqilliyimizi qazandıqdan sonra Rusiya-Azərbaycan münasibətlərinin tarixindən danışsaq, onda qətiyyətlə deyə bilərik ki, Putinin bu ölkəyə gəlişindən sonra yeni mərhələnin əsası qoyuldu».

Azərbaycan - Rusiya əlaqələrinin 2 əsrlik tarixində müxtəlif məqamlara rast gəlmək olar. Hər bir dövrə aid sənəd tapmaq mümkündür. Misal üçün, keçmiş Rusiyanın Azərbaycana münasibətlərinə aid sənədlərdən: 1 fevral 1727-ci ildə l Yekaterinaya yazılmış məlumatda deyilirdi: Bütün əyalətləri, diyarları keçib gəldik, məni böyük sevinc hissi ilə qarşılayırdılar. Hamısı məndən onları Rusiya imperiyasının himayəsinə almaqlarını xahiş edirdi. «Bu sitat knyaz, general-feldmarşal V.V.Dolqorukovun imperatriçaya verdiyi məlumatdan idi. Yarım əsr əvvəlki məruzədən: «Buradakı xalqların hamısı rus qoşunlarının gəlişini gözləyir, imperiyanın tərkibinə daxil olmağı arzulayırlar». Siyahını davam etdirmək olar. İstinad etdiyimiz başqa sənədlərə əsasən isə belə bir nəticə çıxar ki, şimaldan işğalçı qoşunlar gəlib. Əlbəttə, deyilən fərziyyələrin heç biri tam həqiqətə uyğun gəlməz. Çünki həqiqət təhrif olunmuş şəkildə mövcud ola bilməz.

Heydər Əliyev hər dəfə bu haqda danışarkən təkrar edirdi ki, «tarix gərək bütün həqiqətləri bilsin».

 

 

Mərkəz.- 2010.- 22 dekabr.- S. 10-11.