HEYDƏR ƏLİYEV

 

Bütün İslam dünyası üçün müqəddəs olan Ramazan ayı başlamışdı.

Müstəqillik qazandıqdan sonra İslam gizlindən çıxıb, ictimai yerini tutaraq, yenidən xalqın mənəvi varlığına çevrildi. Bu dini inam Azərbaycanın dövlət rəmzi olan bayrağındakı yaşıl rəngdə də öz əksini tapıb. Ramazan bayramı ərəfəsində Azərbaycan Prezidenti xalqa təbriklə müraciət etdi. O, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızları xatırlayıb, onların ruhlarının şad olmasını dilədi. Şəhidlərin ailələrinə, yaxınlarına səbr dilədi. Heydər Əliyev ölkə hüdudlarından kənarda yaşayan həmvətənlilərini də bayram münasibətilə təbrik etdi:

«Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, demokratik cəmiyyətin qurulması, sülhün bərqərar olması istiqamətində xalqımıza uğur arzulayır, işlərinizdə müvəffəqiyyət diləyirəm».

İslamda Ramazan ayında Allah şeytanı insanların qəlbinə girməyə qoymur. Bu ayda pislik insanlardan uzaqlaşır. Ramazan - həyat haqqında düşünmək, yalnız yaxşı əməllər etmək ayıdır. İnsan yalnız Yaradan haqqında düşünür. Noyabrda bir həftə ərzində Prezident bir neçə fərman və sərəncam imzaladı. Onların arasında görkəmli bəstəkar Fikrət Əmirovun 80 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam da var idi. Sehrli musiqinin yaradıcısının yaşadığı binaya xatirə lövhəsi vurulacaq, əsərlərinin 5 cildliyi işıq üzü görəcək, sənədli film çəkiləcək, respublikanın musiqi məktəblərinin birinə Fikrət Əmirovun adı veriləcəkdi.

Bakı Metropoliteni 35 illiyini qeyd etdi. Prezident bu sahədə çalışan mühəndis və işçilərin böyük bir hissəsini ordenlərlə təltif etdi. Sovet dövründə olduğu kimi, Azərbaycan indi də vətəndaşlarının yorulmaz əməyini yüksək mükafatlarla qiymətləndirir. Dünyada bu cür hallar azdır. Sovet dövründə novatorlar Sosialist Əməyi Qəhrəmanı adına, Qırmızı Əmək Bayrağı ordeninə layiq görülür, «Əmək şöhrəti», «Əmək qəhrəmanlığına görə» medalları ilə mükafatlandırılırdılar. Fikir verin, hər bir mükafatda əsas söz «ƏMƏK»dir. İnsanın və xalqın həyatında belə də olmalıdır. Yeri gəlmişkən, Azərbaycanda bir xeyli Əmək Qəhrəmanları var. Bu cür qəhrəmanlardan biri də Ömər Ağayevdir. Bu insan bütün respublikanın qazandığı uğurların canlı salnaməsidir. 2003-cü il yanvarın 1-də onun 75 yaşı tamam oldu.

- Ad günlərimi qeyd etməyə o qədər də həvəskar olmasam da, yanvarın 2-də Səbaıl rayon Ağsaqqallar Şurası toplanıb məni təbrik etdilər, - bu veteranın bizə dediyi ürək sözlərindəndir. - Səhəri gün isə hörmətli Prezidentimiz zəng edib yubileyim və Yeni il münasibətilə məni təbrik etdi. Mənə və ailəmə cansağlığı, xoşbəxtlik arzuladı. Çox şad idim... İndiyədək çox mükafatlar almışam. Əməyimin xalq tərəfindən qiymətləndirilməsi, dövlət başçısının məni təbrik etməsi ən böyük və əvəzolunmaz hədiyyəmdir.

 

Əlində respublika bayrağı tutmuş qız

 

Simvolların, bayraqların tarixi xalqın tarixi deməkdir. 1918-ci ildə ilk Azərbaycan Respublikasının bayrağı qaldırılanda söylənən bir söz dillərdə əzbər olmuşdur: «Bir kərə yüksələn bayraq bir daha enməz». O vaxt tarixin hökmü başqa cür oldu. 1918-ci il noyabrın 17-də Bakıya ingilis qoşunları soxuldular. Onlara general Tomson başçılıq edirdi. Böyük Britaniya, ABŞ, Fransa, İtaliya bayraqlarının arasında sancılmış Azərbaycan Xalq cümhuriyyətinin bayrağını görən ingilis onun çıxarılmasını tələb etmişdi. Britaniya bayrağı da Bakıda çox dalğalanmadı. Tezliklə onu qırmızı bayraq əvəz etdi.

Heydər Əliyev Şəki camaatı ilə görüşərkən bu milli müqəddəsliyi bir daha xatırlatdı:

- Mən bayaqdan baxıram, orada balaca bir qız əlində bayraq tutub. Bir diqqət edin, o, bayrağı bir əlində saxlayıb. Külək bayrağı o tərəf-bu tərəfə silkələyir, amma balaca qız onu qısqanclıqla möhkəm-möhkəm düz tutub. Qızım, səni öpürəm. Sən bu bayrağı - bizim müstəqilliyimizin rəmzini bu qədər sevdiyinə görə belə möhkəm saxlamısan. Buna görə sənə öz hörmətimi və məhəbbətimi çatdırıram. Bu, bizim xalqımızın müstəqilliyi deməkdir.

18 oktyabr - Azərbaycanın Müstəqillik Günüdür. 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. Müstəqilliyi təkcə elan etmək deyil, onu qorumaq lazımdır; bunu tarix öyrədir.

2002-ci ildə bayram ərəfəsində Heydər Əliyev Türkiyədən işgüzar səfərdən qayıdırdı. Binə Hava Limanında jurnalistlər onun başına toplaşdı. H.Əliyev onlara dedi:

- Hesab edirəm ki, görüş Azərbaycan və Türkiyə iş adamlarının fəaliyyətində yeni mərhələ açacaq. Türkiyəli sərmayədarlar Azərbaycana investisiya qoyuluşunu artıracaq. Mən çox məmnun qaldım.

Həmişəki kimi çoxlu suallar verdilər. O, böyük enerji ilə dəqiq, bəzən bir anlıq fikirləşərək cavab verirdi.

- Avropadakı NATO hərbi hissələrinin rəhbəri Bakıdadır. Bu gün onun sizinlə görüşü gözlənilir. Görüş zamanı Azərbaycanın NATO ilə hansı istiqamətlər üzrə əməkdaşlığı müzakirə ediləcək?

Heydər Əliyev gülür:

- Vallah, hamınızı çox sevirəm. İstəyirəm ki, yaxşı jurnalist olasınız. Yaxşı suallar hazırlayasınız. Deyirsən ki, o, Bakıdadır və sizinlə görüşəcək. Amma görüşməyimiz hələ məlum deyil. Deyirsən, NATO-nun hansı əlaqələrini müzakirə edəcəyik? Əgər bu haqda danışsaq belə, onu sizə demərəm. Nəyə görə bu cür suallarla mənim də, özünüzün də vaxtınızı alırsınız.

Bu yarızarafat ifadəni heç vaxt jurnalistlər üçün vaxtına qənaət etməyən bir insan söyləyirdi. O, mətbuatın gücünü digər rəhbərlərdən daha çox başa düşürdü. Və jurnalistlərin simasında bir əlaltı işçi deyil, ümumi bir işdə çalışan həmkarı görürdü. Bir dəfə Azərbaycan KP MK-da işləyən zaman rayonlardan birində yerli qəzetin bir nömrəsinin tirajı yandırılmışdı. Rayon komitəsinin katibi hansısa məqaləni bəyənməmişdi və bu göstərişi vermişdi. İş Əliyevə qədər qalxmışdı. O da onda bütün respublikaya yaxşı dərs vermişdi. Bu işdə günahı olanlar vəzifəsindən azad edilərək, partiya səviyyəsində cəzalandırıldı. MK-nın məsuliyyət daşıyan işçiləri də həmçinin. Başlıcası, Heydər Əliyev mətbuata yoldaşcasına, hörmətlə yanaşmağın vacib olduğunu hamıya göstərdi.

- Heydər Əliyev şənbə və bazar günləri də həmişə işləyirdi. Bu günlərin digərlərindən fərqi ondaydı ki, bu günlər işi bir qədər tez bitirirdi, - deyə general Axundov xatırlayır. Tez-tez ya işdən əvvəl, ya da sonra həyat yoldaşının qəbrini ziyarət edirdi. Uzun müddət təkcə heykəlin yanında durub nə isə düşünürdü...

General bilirdi ki, Heydər Əliyev bu xatirə ocağına şəxsən memarlıq etmiş, hər bir ağacın əkilməsinə belə diqqət yetirmişdir. O, nəzakətlə kənarda durub sakitcə seyr edir, bu dəqiqədə yaşananların onun üçün necə əziz olduğunu, onların sözlə ifadəsinin mümkünsüzlüyünü bilirdi.

 

Toranlı bir gündə çıxıb gedirsən,

Səmada durnalar, quşlar dolaşır.

cənub şəhərinə qarlı qış gəlib,

Uzaq sahillərdə kölgən dolaşır,

Günəşim, mən səni tapa bilmirəm...

 

Bu sətirlər «Qayıt, sevgilim» mahnısındandır. Nikolay Dobronravovun sözlərinə Sevil Əliyevanın bəstələdiyi mahnıdan. Anası ona «Seva» deyə müraciət edərdi...

Elmira Axundovaya verdiyi böyük müsahibədə («İzvestiya». 2005. 15 oktyabr) Sevil Əliyeva bu mahnının yaranması tarixçəsini xatırlayırdı: «Atam hər dəfə bu mahnını dinləyəndə gözlərindən yaş gilələnirdi. Hətta bu melodiyanın sözləri yazılmamışdan əvvəl atam deyirdi ki, bu musiqi parçası onda anamla, onun ölümündən sonrakı əhvalıyla bağlı təəssüratlar yaradır. Bu melodiyanı Müslüm Maqomayevin yanında ifa edəndə, o, dedi ki, buraya mütləq söz yazmaq lazımdır, söz yazsanız mən onu mütləq ifa edərəm. Mahnının mətnini şəxsən anamı tanıyan və ona çox gözəl münasibət bəsləyən şair Nikolay Dobronravov yazdı. Yadımdadır ki, mətnin bəzi sətirləri bir neçə variantda yazılmışdı və atamla mən ürəyimizə ən çox yaxın olan variantı seçirdik. İndi bu mahnı mənə ikiqat əzizdir, çünki atamı və anamı xatırladır».

Bu təsirli söhbətə Sevil xanımın dilindən çıxan daha bir neçə cizgini də əlavə edək: «Valideynlərim Yevgeni Martınovun və Andrey Dementyevin yazdığı və bənzərsiz Sofiya Rotarunun ifa etdiyi «Qu quşu sədaqəti» mahnısını çox sevirdilər. Ev sahibəsinin - Zərifə xanımın müşayiətilə Heydər Əliyeviç də çoxlu Azərbaycan, rus mahnıları ifa edərdi - məsələn, «Gecə patrulu» filmindəki mahnını». Film çoxdan yaddan çıxıb, amma mahnı çoxlarının yaddaşına həkk olunub: «Hətta quşlar da doğma vətənsiz yaşaya bilmir»... Bu təsirli detallar Əliyevlər ailəsindəki incə musiqi zövqündən xəbər verir. Amma təkcə bundan yox...

Bakıda «Dinin və etiqadın demokratik cəmiyyətdə rolu: terrorizm və ekstremizmlə mübarizə yollarının axtarışı» adlı beynəlxalq konfrans açıldı. Konfransın açılışında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çıxış etdi:

- Qloballaşan dünyada hamı bir-birinə yaxınlaşıb. Hazırda dinlər, mədəniyyətlər və xalqlar arasında yaranan dialoq məhz onun nəticəsidir. Bu dialoqu inkişaf etdirib, dəstəkləyərək biz gərək terrorizmi yaradan mənbələri kökündən yox etməyə çalışaq.

Bu gün isə terrorist qüvvələr öz eybəcər niyyətlərinə nail olmaq məqsədilə bəzi hallarda bizim üçün müqəddəs olan, ümumbəşəri dəyərlərdən istifadə edib, bu və ya digər qrupun maraqlarının müdafiəsinə qalxaraq terrora haqq qazandırırlar. Terrorizmə «yox» deyən bəşəriyyət onun dini, iqtisadi, siyasi köklərini məhv etmək üçün bütün qüvvəsini səfərbər etməlidir.

Prezident torpaqların 20 faizinin işğalının təkcə Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsi olmadığını qeyd etdi. Onun sözlərinə görə, bu, regionda beynəlxalq terrorizmin fəaliyyətindən irəli gəlir.

«Konstitusiyaya görə Azərbaycan dünyəvi dövlətdir. Biz din fenomenini mədəniyyətimizin ayrılmaz bir hissəsi, milli mentalitetimizin tarixi mirası kimi qəbul edirik», - deyə Heydər Əliyev öz çıxışında bildirdi.

Bu fikri müasir Rusiyanın bir çox böyük siyasət və dövlət xadimləri də bölüşür. Bunların arasında Tatarıstanın Prezidenti Mintimir Şaymiyev də var. O xatırlayır:

- Mən Azərbaycanda olanda Heydər Əliyeviçlə bərabər qaçqınlar düşərgəsinə getmişdim. Belə ağır məişət şəraitində aylarla, illərlə yaşayan insanları təsəvvür edin. Dəhşətdir. Hamımızın yadındadır ki, o məsələlər necə başlamışdı. Milli hüquqların pozulmasından danışırdılar, amma nəhayətdə milyondan çox azərbaycanlı öz ev-eşiyindən didərgin düşdü. Qaçqınlarla görüşəndə də, evə qayıdandan sonra da mən onlar üçün neyləmək mümkün olduğu barədə düşünürdüm. Nəhayət, Tatarıstandan ərzaqla dolu KamAZ karvanı göndərdik.

Noyabrın 21-23-dək Prezident NATO dövlətlərinin Praqa sammitində iştirak etdi. Bu mehriban və qonaqpərvər ölkəyə Heydər Əliyevin ilk gəlişi deyildi. Karl körpüsü, Staromest meydanı, köhnə məhəllələr… Oradan yaşıl damlı evlərə, orta əsrlərə aid küçələrə açılan valehedici mənzərələri dəfələrlə seyr etmişdi. Bu dəfə də görüşlərin və danışıqların sərt qrafikinə baxmayaraq, vaxt tapıb qədim Praqa səddinin divarları önündə bir neçə dəqiqə keçirə bildi.

24 noyabr 2002-ci il, Bakı

 

Bakıya şənbə günü döndülər. Əslində, bazar günü istirahət edib, yeni iş həftəsi üçün qüvvə toplamaq lazım idi. Amma bu qətiyyən Əliyevə xas iş rejimi deyildi. Səhər Axundova zəng vurdu:

- İndi şəhərə getmək istərdim.

10-15 dəqiqədən sonra general artıq rezidensiyada idi.

- Prezident bizi gözləyirdi, sviterlə kostyum geyinmişdi. Mən Heydər Əliyevə dedim ki, son vaxtlar şəhərə çox çıxır, bu təhlükəlidir.

«Narahat olma, hazırlaş cabbarlının heykəli ətrafına gedək», - dedi. Heydər Əliyev öz təşəbbüsü ilə 1981-ci ildə açılışı olan bu heykəli çox sevirdi. 1934-cü ildə dünyasını dəyişmiş Azərbaycan ədəbiyyatı və milli təfəkkürünün inkişafında böyük rolu olan Cəfər cabbarlıdan dərin minnətdarlıq hissi ilə danışırdı. Yeri gəlmişkən, heykəl üçün uyğun gələn bütöv qraniti Əliyevin xahişi ilə Ukraynadan gətirmişdilər.

Prezident maşını heykəlin qoyulduğu Neft Akademiyasının yaxınlığındakı meydanda dayandı. Yoldan keçənlər yavaş-yavaş bura toplaşmağa başlayırdı. Prezidentlə görüşüb ona uzun ömür arzulayanların sayı-hesabı yox idi: «Siz bizə insan ləyaqətini qaytardınız».

Onların arasında şəxsi xahişinə görə yaxınlaşanlar da var idi. Bu cür planlaşdırılmamış görüşlər zamanı Heydər Əliyev köməkçilərini aparmırdı. Onların əvəzinə də Axundov işləyirdi. Həmişə üzərində gəzdirdiyi kitabçaya familiya, ünvan, telefon nömrələrini qeyd edirdi. «Sizə mütləq zəng vurulacaq. Qəbul edilən qərar barədə deyiləcək».

Axundovun fikrincə, Heydər Əliyev xarici səfərlərdən sonra öz həmvətənliləri, bakılılarla görüşmək istəyirdi.

- Sonra Prezident 28 May və Bülbül prospektlərinin tinində yerləşən «Portofino» kafesinin qarşısına gəldi. Burada həmişə qələbəlik olur. cavanlar, ailəli adamlar, uşaqlar... Heydər Əliyev boş yerlərin birində əyləşib, məni də yanına çağırdı, dondurma sifariş elədi.

Həmin kafedə bu gün də o görüşü əks etdirən fotolar asılıb. Heydər Əliyevin əynində yüngül sviter, gözündə gün eynəyi var. Sonra pulu ödədik («Dondurmanın pulunu general ödəyəcək, mənim pullarım ondadır», - dedi). Nizami küçəsinin 2 kilometrliyindəki Fəvvarələr meydanına gəldik. Yolüstü dükanlara baş çəkib qarşısına çıxanlarla söhbət edirdi.

Uşaq, cavan, qoca ardınca gəlir, şəkil çəkdirmək üçün xahiş edirdilər. Heydər Əliyev etiraz etmirdi. Gəzinti 2 saat davam etdi. Mühafizə üçün bu cür səfərlər baş ağrısı, bakılılar üçün gözlənilməz görüş, Prezident üçünsə, görünür, vətəndaşların arasında olmaq nadir və qiymətli imkan idi.

Noyabrın 28-də Prezident Türkiyə şirkəti «Enka»nın prezidenti Şərik Taranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Qonaq Avropanın ən böyük elektrostansiyasını onların şirkətinin inşa etdiyini dedi. O, rəhbərlik etdiyi müəssisənin Azərbaycan iqtisadiyyatına investisiya yatırmaq, xüsusilə Sumqayıt İES-i bərpa etmək niyyətində olduqlarını qeyd etdi. Heydər Əliyev qonağa təşəkkürünü bildirərək, onların fəaliyyətindən hələ Moskvada çalışarkən xəbərdar olduğunu bildirdi.

- Siz Petrov pasajını təmir edəndə hamı türklərin necə gözəl inşaatçı olmalarından danışırdı. Amma əvvəllər elə bilirdilər ki, türklər heç bir iş bacarmır. Əlindən bir iş gəlməyənə, adətən, «türksən bəyəm deyirdilər. Siz Moskvada çoxlu gözəl binalar inşa etmisiniz. Eşidəndə ki, onları «Enka» tikib çox sevinirdim.

Yəqin çoxlarına Bakı gecələrini seyr etmək nəsib olub. Rəşid Behbudovun ifasında Tofiq Quliyevin məşhur mahnısında vəsf olunan gecələri.

Bakının mərkəzində, qədim binaların birində görkəmli mütəfəkkir Məhəmməd Füzulinin adını daşıyan Əlyazmalar İnstitutu yerləşir. Burada əvəzsiz, qədim mətnlər qorunur. Otaqların birində 30-cu illərdə burada yaşayan söz ustadı Hüseyn Cavidin ev-muzeyi var. Muzeyin açılışında ölkə Prezidenti çıxış etdi. O, dahi şairin faciəvi həyatından danışaraq, heç bir qüvvənin xalqın tarixini və mədəniyyətini əlindən almaq iqtidarında olmadığını dedi. Qoy dahi Cavidin ruhu şad olsun...

Moskvada Nazirlər Soveti sədrinin birinci müavininin köməkçiləri işdən tez çıxmaq istəyəndə teatra gedəcəklərini bəhanə edirdilər. Yəqin Heydər Əliyevin gözəl tamaşa xatirinə onlara icazə verəcəyini bilirdilər. Sonra da tamaşa haqqında rəy soruşacağını da görmüşdülər. Teatra o, hələ gənc yaşlarından mehr salmışdı. Budur, 2002-ci ildə də Milli Akademik Dram Teatrında «Hamlet» tamaşasının premyerasındadır. Tamaşadan sonra Prezident truppa ilə görüşdü, aktyorları yaradıcılıq uğurlarına görə təbrik etdi. Heydər Əliyevin mədəniyyət xadimləri, incəsənət və ədəbiyyat nümayəndələri ilə görüşməsi hələ çoxdan, sovet dövründən ənənəyə çevrilmişdi.

Dekabrın 12-də Heydər Əliyev Prezident Sarayında xalq artistləri, dövlət mükafatı laureatları Fidan və Xuraman Qasımova bacılarını qəbul etdi - onlar ilk dəfə 25 il əvvəl opera səhnəsinə çıxmışdılar. Bu mənalı görüşdən kiçik bir fraqmenti təqdim etmək istərdik.

«Heydər Əliyev: Siz çox şeyə nail olmusunuz. Azərbaycan incəsənəti və musiqisi üçün çox görmüsünüz. Sizin hər ikinizdə nadir, qeyri-adi, anadangəlmə fitri istedad var. Bu neməti Allah hər insana qismət eləmir.

Fidan Qasımova: cənab Prezident, 1975-ci ildə «Koroğlu» operasına qulaq asdığınız yadınızdadır? İkinci hissədən sonra səhnəyə çıxdınız. Mən küncdə valideynlərimlə durmuşdum. Həmin vaxt artıq 2-3 müsabiqənin laureatı idim. Siz yaxınlaşıb mənim valideynlərimlə salamlaşdınız. Məndən soruşdunuz: «Fidan, bəs səni nə vaxt Nigar rolunda görəcəyik Siz bunu xatırlayırsınız?

Heydər Əliyev: Çox yaxşı xatırlayıram.

Fidan Qasımova: İnanın ki, o günü heç unutmuram. Sizdən aldığım güc, məsuliyyət hissi bu gün də məni ruhlandırır. Sizin sözləriniz mənə o qədər təsir etdi ki, tezliklə Nigar partiyasını öyrənib oxudum». Azərbaycanın görkəmli mədəniyyət ustalarının hər birinin Heydər Əliyevlə bağlı xoş xatirələrinin, minnətdarlıq hissinin olduğunu desək, yəqin ki, yalan danışmarıq. Misal üçün, Müslüm Maqomayev konsertlərinin birinin sonunda Heydər Əliyevin ona dediyi bu sözləri yaxşı xatırlayır:

- Bəlkə, sənin nəyəsə ehtiyacın var?

«Xeyr»,- cavan müğənni həmin dövrdə şəraiti olmayan kommunal mənzildə yaşasa da, bu cür cavab vermişdi: «Düşünürəm ki, o mənim səsimi bəyənmişdi. Elə buna görə də mənə qarşı hörmətlə, daha sonra məhəbbətlə yanaşırdı. Bu cür də mən ona yanaşıram», - deyə aradan illər keçdikdən sonra Müslüm Maqomayev özünün «Melodiya- sevgim mənim » kitabında yazırdı.

 

«Ətrafımıza bütün azərbaycanlı uşaqlar toplaşıb»

 

Il qurtarırdı, əhali bayrama hazırlaşırdı. Amma Heydər Əliyev üçün həmişəki kimi bütün günlər iş günü idi.

- Elə gün yox idi ki, Prezident işə gəlməsin. 1993-cü ildən başlayaraq, bircə dəfə də olsun məzuniyyətə çıxmamışdı. Heç vaxt da gününün qaydasını, cədvəlini dəyişməzdi. Saat 8-də səhər yeməyi idi. 10-da işə gəlirdi. Nahar etmirdi. Gün ərzində görüşlər, danışıqlar, sənədlər, telefon zəngləri, məktublar... Saat 8-də yüngül şam yeməyi edirdi. Mən burada işlədiyim 25 il ərzində rejim həmişə belə olub, - deyə general Axundov qeyd edir.

Yeni - 2003-cü ildə də Prezidentin 80 yaşı tamam olanda da hər şeyin bu cür davam edəcəyinə inanırdıq...

Dekabrın 31-də Yeni il münasibətilə uşaq evləri üçün Respublika Sarayında keçirilən tədbirə gəldi. Mahnı səslənir, uşaqlar rəqs edir, oynayır və Heydər babanın onlara dediklərini maraqla dinləyirdilər.

- Sizinlə bir yerdə olanda, elə bilirəm ki, Azərbaycan uşaqlarının, gənclərinin hamısı ətrafımıza toplaşıb. Mənə elə gəlir ki, bütün gəncləri öpüb bağrıma basıram. Sizə xoşbəxtlik arzulayıram!

2002-ci ilin son dəqiqələrində Prezident Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqa müraciət etdi:

- Biz qürur hissi ilə deyə bilərik ki, 2002-ci il Azərbaycan xalqı üçün uğurlu olub, - Heydər Əliyev bunu sübut edən iqtisadi inkişafın bir çox faktlarını sadaladı, pensiya, əmək haqları və büdcənin artımına dair məlumatlar verdi. - Amma problemlər də mövcuddur. Ən böyük ağrılı problemimiz, mən deyərdim ki, əsas dərdimiz bu günədək həllini tapmayan Azərbaycan-Ermənistan münaqişəsidir.

Prezident il ərzində görülən işləri xatırlatdı və Azərbaycanın sonadək sülh yolu ilə məsələnin həllinə üstünlük verəcəyini bildirdi: «Biz əhali üçün sakit yaşamaq imkanı yaratmışıq. Hər bir işimizlə aybaay, ilbəil insanların rifahını yaxşılaşdırmağa çalışacağıq».

 

XIII FƏSIL

 

DÜNYANIN GÖZÜNDƏ

 

Böyük siyasətçilər, dövlət və ictimai xadimlər çox zaman bir-birilərini qiymətləndirməyə çalışırlar. Əgər ancaq rəsmi nitqlər və məktublardan nə isə öyrənmək istəsək, onda yalnız müdrik və qəhrəman obrazlarını görə bilərik. Bəzən xasiyyətnamələr elə yazılır ki, söhbətin tamamilə başqa şəxslərə aid olması təsəvvürü yaranır.

Ən parlaq nümunə kimi, ABŞ Prezidenti ata Corc Buşun Sovet lideri Mixail Qorbaçova olan münasibətini göstərmək olar. 1988-ci ildə Malta danışıqlarından sonra Buş öz köməkçilərinin yanında demişdi: «Ay aman, onun iqtisadiyyatdan heç başı çıxmır ki Sonradan Vaşinqton ekspertləri tərəfindən Buşun nəyə işarə etməsini öyrəndikləri isə bizə məlum deyil.

Əlbəttə, dövlət rəhbərləri, ictimai-siyasi xadimlərin hərəkətlərinin çox hissəsi siyasi etiket qaydaları əsasında tənzimlənir. General de Qollun AFR-in kansleri Adenauerə verdiyi dərsi klassik misal kimi göstərmək olar.

1962-ci ilin iyul ayında Parisdə kanslerin şərəfinə möhtəşəm ziyafət düzənlənir. De Qoll onu fəxri legionun Böyük Xaçı ilə təltif edib, xeyli tərifləyir, iki aydan sonra Fransa Prezidenti cavab səfəri ilə Reynə yola düşür. De Qollun həyatını araşdıran Nikolay Molçanovun fikrincə, bu, çox qəribə, özü də ibrətamiz bir səhnə idi.

Bonndakı hava limanında Fransa Prezidentini Adeanuer qarşılayır. De Qoll heç kəsin gözləmədiyi halda qəflətən qoca kansleri qucaqlayıb, hər iki üzündən öpür. Sonralar kansler danışırdı: «Birinci dəfə idi ki, məni xarici dövlət xadimi, özü də ki, fransız öpürdü

Sonra o, 5 gün ən iri şəhərlərdə alman dilində çıxışlar edir. Qərbi Almaniyada - Hamburq, Köln, Münhen, Ştutqart, Düsseldorfda... almanlar az qala onu əllərində gəzdirirdilər.

«Şpigel» jurnalı yazırdı: «De Qoll Almaniyaya Fransanın Prezidenti kimi, amma fransızların sevmədiyi Prezident kimi gəlsə də, Avropanın imperatoru olaraq geri dönür». Generalın özü isə sonralar yaxın yoldaşlarından birinə etiraf etmişdi: «Mən almanlara dedim ki, siz dahi xalqsınız. Amma bu düz deyil. Əgər almanlar dahi xalq olsaydılar, məni belə qarşılamazdılar».

General öz oyununa Qərbi Almaniya-Fransa əməkdaşlığı sazişinə bir proloq kimi baxırdı. 1963-cü il yanvarın 22-də Yelisey sarayında de Qoll və Adenauer saziş imzaladılar. Bu, «Avropanın ən böyük toyu» idi. Sonradan Fransa-Almaniya münasibətləri heç də normal davam etmədi. Amma tarixi nöqteyi-nəzərdən baxsaq, de Qollun hər addımını Fransanın milli maraqları naminə atdığının şahidi olarıq.

Aprelin 10-da Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçisi, Fransa parlamentinin deputatı Jak Bomeli qəbul etdi. cənab Bomel Əliyevi keçmiş Fransa Prezidenti general De Qoll ilə müqayisə etdi: «Onun olduğu mövqedəki kimi siz də bütün qruplardan kənar qalaraq siyasət aparırsınız. Məhz buna görə də Azərbaycanla Avropa arasındakı əlaqələrin yaxınlaşması mühüm əhəmiyyət kəsb edir. Avropa sizi demək olar ki, bütün sahələrdə dəstəkləyir. Bu, Azərbaycanın öz müstəqilliyini saxlamasına yardım edir».

Fransız natiq həmsöhbətini kompliment atəşinə tutaraq onun gümrah görünüşündən və sağlamlığından danışdı. Heydər Əliyev də «borclu» qalmadı: «cənab Bomel, sizə baxıram, yaxşı görünürsünüz, çox gözəl yaddaşınız var. Dünən axşam bizim milli rəqsləri necə maraqla seyr etdiyinizi görəndə buna bir daha əmin oldum». Sonra isə ciddi şəkildə davam etdi: «Siz hər dəfə general Şarl de Qollun siyasətindən danışırsınız. İndi də bu mövzuya toxundunuz. Təbii ki, Şarl de Qoll dünyada tanınmış şəxsiyyətlərdən biridir, İI Dünya müharibəsi zamanı və ondan sonra de Qollun etdikləri əsrlər boyu xatırlanaraq, öz qiymətini itirməyəcək. Mənim üçün general de Qoll həm ideal, həm də bir nümunədir. Mənim bugünkü siyasətimin əsasında Azərbaycan müstəqilliyinin müdafiəsi durur».

Əlavə edək ki, bu siyasət reallığa çevrilə bildi. Əliyev öz ölkəsinin maraqları ilə nəhəng dövlətlərin maraqlarını tarazlaşdırmağı bacardı.

Heydər Əlirza oğlu Əliyev, görəsən, digər ölkələrin ictimai və siyasi xadimlərinin gözündə necə görünürdü? Gəlin, onun haqqında yazılan qəzet materiallarını və xatirələri birlikdə vərəqləyək, həmsöhbətlərimizin bu məsələ ilə bağlı münasibətini öyrənək.

Türkiyə Prezidenti Süleyman Dəmirəl Əliyevi şərqlilərə məxsus bəlağətlə «Azərbaycanın demokratik yolla inkişafı naminə sinəsini qalxan edib qəhrəmanlıq göstərən əziz qardaş»ı adlandırır.

YUNESKO-nun baş direktoru Federiko Mayor Heydər Əliyevə müraciətlə «Siz dünya miqyasında qəbul edilmiş görkəmli lidersiniz» demişdi.

Bu, doğrudan da, belədir. Etiraflar çoxdur - səmimi olanlar da, xüsusi niyyətlə deyilənlər də. Amerika diplomatiyasının eks-komandoru xanım Olbrayt Əliyevə kompliment deyərkən özünü də unutmadı. ABŞ dövlət katibi vəzifəsində olduğu müddətdə «bu cür təntənə ilə qarşılanan ikinci bir prezident görmədiyini» demişdi. Yəni Dövlət Departamenti gör necə səy göstərib.

 

Mərkəz.- 2010.- 23 dekabr.- S. 10-11.