100
yaşlı tarın sahibi…
«Tələbələrim məni
qınayırlar ki, aldığın
qəpik-quruşdansa niyə toylara gedib pul
qazanmamısan»
1980-ci
ildə efirə «İrs» adlı bir ansambl çıxdı. Ansamblı digərlərindən fərqləndirən
cəhət qədim musiqi alətlərini istifadəyə verməsi
idi. Azərbaycanda
ilk dəfə olaraq, cürə tar, çahartar,
dilruba, rübab, ney və
digər qədim alətlər bərpa edilərək həmin ansambl tərəfindən
ifa olunurdu. Bu, musiqi aləmində
hadisə idi. Amma qəfil populyarlıq qazanana ansambl elə qəfildən də qeybə çəkildi… Hara
getdi, necə oldu, bu barədə
sorağı «İrs»in
yaradıcılarından biri
(ansamblın digər yaradıcısı bəstəkar
Rəşid Nəsiboğludur-c.S)
və bədii rəhbəri, ustad tarzən, Asəf Zeynallı adına Musiqi Kollecinin müəllimi Sidqi Mustafayevdən alacağıq.
Rubrikamızın qonağı
söhbətə lap başdan
başladı…
- O vaxt 1962-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunda dərs deyirdim, həm də konservatoriyada tələbə idim. Həmin vaxtlarda konservatoriyanın bəstəkarlıq şöbəsində
çalışan bəstəkar
Rəşid Nəsiboğlu
ilə birgə qərara gəldik ki, qədim musiqi alətlərindən
ibarət ansambl yaradaq. Problem onda idi ki,
qədim musiqi alətlərini tapmaq çox çətin idi.
- Heç tədris də olunmurdu?
- Yox. Odur ki, biz qədim
alətləri düzəltdirmək
məqsədilə kitabları
ələk-vələk etdik.
cürə tar, çahartar, dilruba, rübab, ney və digər alətlərin şəkilləri
vardı, amma özləri yox idi. Buna görə də şəkillər əsasında musiqi alətləri ustalarına
sifariş verdik və həmin alətlərin bərpasına
nail olduq.
- Qədim alətlərin bərpası və düzəldilməsi üçün
yəqin ki, xeyli pul xərclədiniz.
Vəsaiti kim
ödədi?
- Özümüz. Onda cavan
idim, toylara gedirdim və yaxşı da qazanırdım. Həmin pulları
qəpiyinə kimi alətlərin bərpasına
sərf elədim.
- Alətlərin hazır olması prosesi neçə il
çəkdi?
- Çox. 1962-ci ildən
başladıq, 1976-cı ildə
ansamblı yaratdıq.
Yeni başlayanda yerimiz-yurdumuz da yox idi.
Bir ay Rəşid Nəsiboğlunun,
3 ay da mənim Balaxanıdakı evimdə,
kəsəsi, orda-burda
məşqlər etdik.
Sonradan Mədəniyyət Nazirliyində
xəbər tutdular ki, belə bir
ansambl yaranıb, özü də status almamış məşqlərə
başlayıb. Bizi Aktyor
Evinə çağırıb,
baxış keçirdilər.
Bəxtiyar Vahabzadə,
Əfrasiyab Bədəlbəyli,
mədəniyyət naziri
Zakir Bağırov və digər tanınmış şəxslərdən
ibarət qrup bizim çıxışımızı
dinlədi. Biz bir neçə musiqi nömrəsi ifa etdikdən sonra dayandıq və gördük zaldan səs çıxmır. Sən demə,
musiqimizdən o qədər
heyrətləniblərmiş ki, donub qalıblar.
Beləcə ansambl status aldı
və bizə məşqlər üçün
İçərişəhərdə yer verildi.
- Ansamblın adını kim qoymuşdu?
-
Əvvəlcə «Şərq»
adı fikirləşmişdik,
sonradan, televiziyada «Klassik irsimizdən» adlı verilişə baxanda qəfildən ağlımıza gəldi
ki, ansamblın adını «İrs» qoyaq.
-
İlk dəfə efirə nə vaxt çıxdınız?
- 1980-ci ildə.
- Niyə belə gec?
- O vaxt indiki kimi
deyildi. Ansambl yaratmaq, onu hazırlaşdırmaq uzun
çəkirdi. Elə
ona görə də uzunömürlü
olurdu də…
- Qastrol səfərlərinə
çıxdınızmı?
- İtaliya, Çexiya, Polşa… Əksər ölkədə konsert vermişik.
-
«İrs» həm də müğənnilərin
yetişməsində böyük
rol oynayıb. Kimlər çıxdı «İrs»in
«şinel»indən?
- Xalq artsti Mələkxanım
Eyyubova ilk addımlarını
«İrs»də atıb. Sonra Məmməd Əliyev,
Mehman Hacıbəyov…
çoxdular. Ansambl həm
də qədim el havaları, mahnılarımız,
muğamlarımızın tapılıb üzə çıxarılmasında rol
onayıb. «Nəva» muğamını
ilk dəfə biz tapıb
bərpa etmişik.
Onu da qeyd edim
ki, «İrs» həm də qədim alətlərdə
ifa edən ifaçılar yetişdirdi.
O vaxta qədər qədim alətlərdə
ifa edən musiqiçilər yox idi.
- Yeri gəlmişkən, həmin alətlərin tədris olunmadığını
bildirdiniz, bəs ifaçılar necə yetişdi?
- Biz özümüz fərdi qaydada tələbələr
seçib qədim alətlərin tədrisi ilə məşğul olduq. Efirə gec çıxmağımızın
bir səbəbi də elə bu idi.
- Ansamblın populyarlığı
neçə il davam etdi?
- 1990-ci ilə
qədər. Sonradan yavaş-yavaş
populyarlığımız itməyə başladı.
- Səbəb
nə oldu?
- O vaxta qədər
dediyim kimi qədim alətlərdən ibarət ansambl yox idi.
Amma sonradan bizdən örnək götürüb belə
qruplar yaratmağa başladılar. Sumqayıtda «Dügah»
ansamblı yarandı. Rəhmətlk Baba Mahmudoğlu «Dastan»
ansamblı, Məcnun Kərimov Qədim Musiqi Alətləri
Ansamblı yaratdı. Beləcə şöhrət əldən
getdi. Amma əsas odur ki, biz bu işin təməlini qoyduq.
-
Hazırda «İrs» fəaliyyət göstərir?
- Bəli,
ordakı ifaçıların hamısı mənim tələbələrimdir.
- Uzun illər
qədim alətlərimizin bərpasına can qoymusunuz, 50 ilə
yaxındır ki, pedaqoji fəaliyyətlə məşğul
olub, tarzənlər nəsli yetişdirmisiniz, zəhmətinizin
qiymətini almısınızmı?
- Fəxri
adları soruşursunuzsa, heç bir titulum, adım, fəxri
təqaüdüm yoxdur. Təqdimatlarım olub, amma hələ
xəbər-ətər yoxdur. Sənətkarlara dəyər
verən hörmətli nazirimiz Əbülfəs Qarayev zəhmətimi
qiymətləndirər, yəqin. Elə burdan
aldığım 280 manat məvaciblə dolanıram. Amma kiməsə
ağız açmağı, qapılar döyməyi,
özümü gözə soxmağı xoşlayan adam deyiləm.
Bu, mənə yaraşmaz.
-
Ömrünüzü pedaqoji fəaliyyətə həsr etməynizə
peşman deyilsiniz ki?
- Qətiyyən.
Tələbələrimə ifaçılığı
öyrətməkdən aldığım zövqü
heç nəyə dəyişmərəm.
- Yeri gəlmişkən,
tələbələrinizdən razısınızmı?
- Onlarda əvvəlki
həvəs yoxdur.
- Sizcə, səbəb nədir?
- Maddi maraq. Şou-biznes onların
da ağlını başından alıb.
Tar çalmağı öyrənir,
sonra aləti dəyişir, gitara çalır və toylara gedirlər. Tələbələrim məni qınayırlar
ki, neçə illərdir müəllim işləyirsən, aldığın
qəpik-quruşdansa, niyə
toylara gedib pul qazanmamısan? Suallar qarşısında aciz qalıram. «İrs»dən söz düşəndə deyirlər,
müəllim, incimə,
bizdən, kimdir axı sənin o qədim alətlərindən
ibarət ansamblına
baxan, bu saat belə ansambllara maraq göstərən yoxdur.
-
Tələbələrin tara münasibətini bildik, bəs ümumiyyətlə,
musiqi aləmində bu alətə münasibət sizi qane edirmi?
- Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyeva muğamı uçurumdan çıxarıb,
UNEScO səviyyəsinə
qaldırandan sonra tarın da bəxti
açıldı. Tar, kamança, qaval-triolar dəbə mindi. Amma bir məqama da toxunum ki,
Avropa alətləri ilə milli alətlərimizin sintezi məni qane etmir. Xalq mahnılarımızın yeni oranjemanda gənc müğənnilərin
ifasında səslənməsinin
əleyhinəyəm. Mahnıları pis günə
qoyurlar. Mahnının gözəlliyinə xələl
gəlir.
- Gələn il
70 illik yubileyiniz olacaq, inşallah, qeyd edəcəksinizmi?
- Elə «İrs»in də 35 yaşı olacaq. Çox istərdim ki,
yubileylərimizə diqqət
göstərilsin və
hansısa bir məkanda qeyd olunsun.
- Bəs tarınızın
neçə yaşı
var?
- 100. O tar mənə babamdan yadigar qalıb.
- Kökdən düşmür
ki?
- Kökdən düşməyə
qoymuram.
- Arzularınız çox olar, yəqin?
- Səkkiz yaşında bir nəvəm var, tar çalır… Arzum budur ki, o nəvəm
böyüyəndə tarzən
olsun və mənim yolumu davam etdirsin. Başqa arzularıma gəlincə,
mənim də zəhmətimə qiymət
verilsin. Mən özümü
bu sənətin fədaisi sayıram.
Amma insan zəhmətinin qiymətini alanda daha da ruhlanır.
Cəvahir SƏLİMQIZI
Mərkəz.- 2010.- 19 fevral.- S. 11.