Əmlak Məsələləri Dövlət Komitəsi arxivlərini elektronlaşdırır

 

Bir əmlaka dair bütün sənədlərin bir qovluqda yığılması sisteminin tətbiqinə başlanılıb

 

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində müasir tələblərə cavab verən daşınmaz əmlaklara dair arxivlər yaradılıb.

Komitədən «Mərkəz»ə verilən məlumata görə, hər bir daşınmaz əmlak növü üzərində mülkiyyət və digər əşya hüquqlarının yaranması (ləğv edilməsi), yüklənməsi (yüklülükdən azad edilməsi) ilə bağlı hüquqmüəyyənedici və texniki sənədlər yerli arxivlərdə saxlanılır.

Arxivlərdə saxlanılan hər bir saxlama vahidi daşınmaz əmlakın mövcud olduğu bütün dövrlərdə daimi saxlanılır. Daşınmaz əmlak obyekti fiziki cəhətdən məhv olduqda bu əmlaka dair əsas lazımi məlumatlar xüsusi jurnallarda qeyd edilərək daimi saxlanılır bu əmlaka dair lazımi sənədlər idarədə 3 il saxlanıldıqdan sonra müvafiq qaydada xüsusi komissiyanın qərarı ilə məhv edilir. Daşınmaz əmlak mədəni və ya tarixi baxımdan xüsusi əhəmiyyət kəsb edərsə, onlar yerli mədəniyyətya arxiv idarələrinə təhvil verilir.

Daimi saxlanılan sənədlər sırasına şəhərlərin, qəsəbələrin, iri yaşayış məntəqələrinin sxematik planları, inventar işləri, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu müəyyən edən sənədlər, reyestr kitabları, texniki pasportlar, mühəndis xətlərinə, qurğulara, şəhər abadlığı infrastrukturuna daxil olan texniki uçot materiallarıs. daxildir.

Arxivlərdə saxlanılan və mütəmadi yenilənən məlumatlar dövlət orqanları və vətəndaşlar tərəfindən daşınmaz əmlak sahiblərinin müəyyən edilməsində, yaşayış və qeyri-yaşayış fondunun qeydiyyatının aparılmasında, özbaşına tikililərin müəyyən edilməsində, daşınmaz əmlakın fiziki köhnəlməsinin müəyyən edilməsində, daşınmaz əmlakın qiymətinin müəyyən edilməsində, aparılan əməliyyatlardan rüsumların yığılmasında, özəlləşdirmə üçün sənədlərin hazırlanmasında, istifadə olunan torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsində və digər hallarda xüsusi məqsədlər üçün geniş istifadə olunur.

Məlumata görə, arxiv sənədlərinin uzunömürlülüyünü təmin etmək məqsədi ilə ərazi idarələrində müasir tələbələrə cavab verən sənəd saxlanc yerləri yaradılıb. Göstərilən saxlanclarda sənədlərin rütubətdən, tozdan, günəş şüasından və digər faktorlardan qorunmasına, müvafiq sanitar-gigiyenik temperatur normalarına riayət olunmasına daim nəzarət edilir.

Arxiv sənədlərinin mühafizəsi, istifadəsi, sənədlərin arxivdən verilməsi və arxivə qaytarılması sistemi yüksək səviyyədə təşkil edilib. Belə ki, arxivdən yalnız məsul işçilər tərəfindən müəyyən sənədlər çıxarıla bilir ki, bu da arxiv sənədlərinin dövriyyəsinə xüsusi nəzarət edilməsinə imkan verir.

Məlumatda o da qeyd olunur ki, dünya praktikasında arxivlərin daha da effektiv idarə edilməsi və qorunub saxlanılması üçün tətbiq olunan müasir informasiya texnologiyalarından Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində də istifadəsinə başlanııb. İlkin olaraq artıq Abşeron Sumqayıt ərazi idarələrində əvvəllər yaranmış hüquqlara dair arxiv sənədlərinin elektron formasının yaradılmasıbu formaların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bütün ərazi idarələrinin arxivlərində bir əmlak - bir qovluq sistemi, yəni bir əmlaka dair bütün sənədlərin bir qovluqda (xüsusi ardıcıllıqla) yığılması sistemi tətbiq edilir ki, bu da axtarış sistemini xeyli yüngülləşdirir, vaxta qənaət edir. Onu da qeyd etmək lazımdır ki, 01.02.2010-cu il tarixə mövcud olan 1025738 ədəd saxlanma vahidindən 639176 ədədi müvafiq qaydalara müasir tələblərə uyğun olaraq yeni sistem üzrə yığılıb. Bunlardan 139196 ədədi skanlaşdırılmış və elektron bazaya daxil edilıb.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə tam elektron arxiv sisteminin qurulması istiqamətində aparılan işlər nəticəsində bütün ərazi idarələrinin arxivləri tam elektronlaşaraq müasir dövrün tələblərinə cavab verən elektron axtarış sistemi yaradılacaqdır.

 

 

Mərkəz.- 2010.- 24 fevral.- S. 7.