Çingiz Abdullayev Yanukoviçdən kitab yazıb

 

«Qonorardan əlavə mənə vertolyot ya buna bənzər başqa hədiyyə də təklif etdilər»

 

Ukraynanın yeni dövlət başçısı Viktor Yanukoviçi yaxından tanıyan, 2004-cü ilin axırından 2005-ci ilin əvvəlinədək çəkən qalmaqallı prezident seçkisi ərəfəsində onun haqdaPravo na leqendu” (Əfsanə hüququ) adlı əsər qələmə almış azərbaycanlı yazıçı Çingiz AbdullayevMediaforum” saytına müsahibə verib.

- Çingiz müəllim, necə oldu ki, Yanukoviç haqqında kitab yazası oldunuz?

- Donetsk vilayətinin rəhbərliyi məndən xahiş etdi. Heç vaxt sifarişlə kitab yazmamışam. Lakin bu insanın tərcümeyi-halına baxdım, xoşuma gəldi, gördüm ki, əsl kişidir. Ona görə yazdım. Ruminyada olanda Ukraynanın deputatları mənə dedilər ki, seçkidə o kitabı paylayırdıq.

- Necə oldu ki, sizə bu kitabı yazmağı təklif elədilər? Hansısa vasitəçi ilə sizə çıxdılar, yoxsa?..

- Axı mənim çox məşhur kitablarım var. Hətta Ukraynadan gələnlər deyirlər ki, əsərlərimi dərsliklərə də salıblar. Bunu Ukraynada olan kimdənsə soruşa bilərsiniz. Mən danışanda belə çıxır ki, özümü tərifləyirəm.

Azərbaycanlı olaraq deyirəm ki, Rusiyada, Ukraynada yazıçı tapmayıb Bakıya xahişə gəlmək ən böyük fəxrdir. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, Ukraynadan və yaxud Qazaxıstandan istənilən şəxsdən soruşsanız ki, ən tanınmış yazıçı kimdir, görün sizə kimin adını deyəcəklər. Mən bunu özümü tərifləmək üçün demirəm.

Onlar mənim qaşıma-gözümə vurulub kitab yazmağımı istəməyiblər. Yəqin ki, araşdırıblar, seçiblər və mənə müraciət etmək qərarına gəliblər. Müxtəlif vasitələrlə məni tapmaları, Bakıya gəlmələri, iki ay müddətində məni bu işə razı salmaları uzun söhbətdir. Həmin iki ayda materiallarla tanış oldum, götür-qoy etdim. Elə o vaxt da dedim ki, Yanukoviç mütləq gec-tez Ukraynanın prezidenti olacaq. Elə də oldu...

- Kitab satışa çıxarıldımı?

- Kitabın bütün tirajını ukraynalılar aldı. Birinci dəfə satış olmayıb. Sonradan başqa nəşriyyatlar kitabı satışa buraxıblar. İlk tirajı paylamaq üçün buraxmışdılar və bütünlüklə payladılar. Amma yenə də çap olunur və satılır.

- Nə qədər qonorar aldınız? Sirr deyilsə...

- Mənə müraciət olunanda bildirdilər ki, hansı şərti istəyirsən qoy. Mən də bildirdim ki, pula qaçan insan əsl yazıçı ola bilməz, o biznesmendir. Onlardan sadəcə işimin əvəzi qədər qonorar istədim. Düzdür, qonorardan əlavə mənə vertolyot və ya buna bənzər başqa hədiyyə də təklif etdilər. Lakin belə şeylər mənə gülməli gəlir.

- Verdikləri qonorar vertolyotun dəyəri qədər varıydı?

- Təbii ki, yox.

- Kitab yazılan müddətdə və ya sonra Yanukoviçlə görüşdünüzmü?

- Bəli, kitab yazılan dövrdə iki görüşümüz oldu. Onun ətrafındakıların əksəriyyətini şəxsən tanıyıram.

- Yanukoviçin tərcümeyi-halında diqqətinizi cəlb edən nə vardı? Yəni o, kitab qəhrəmanı olacaq birisidirmi, yoxsa sadəcə, qonorar üçün ondan qəhrəman düzəltməli oldunuz?

- Xeyr, o doğrudan da qəhrəmandır. Həyatı çox maraqlıdır. Bu şəxs anasız böyüyüb. Atası onu çox çətinliklə saxlayıb, məktəbdə oxumağı belə çətinliklə başa gəlib. İki dəfə həbsə düşüb. Koloniyada oğrular ona ölüm cəzası kəsiblər. Bu cür çətin şəraitdə sağ qalıb, oradan çıxdıqdan sonra təzədən oxuyub, akademik olub, baş nazir kürsüsünə oturub, indi prezident oldu. Bu adam haqqında kino çəksələr camaat görər ki, Yanukoviçin həyatı əfsanəyə bənzəyir. İnsanın inanmağı belə gəlmir ki, bu cür zülmlə böyüyən, iki dəfə türmədə yatan bir insan gəlib Avropanın ən böyük dövlətinin prezidenti seçilib. Görün bu necə insandır, hansı qüvvəsi var, necə kişiliyi var ki, bunu bacarıb. Bu baxımdan mən fəxr edirəm ki, belə adam haqqında kitab yazmışam bu adam gəlib Ukraynanın prezidenti olub.

- Yazmadan öncə hansısa tərəddüdləriniz vardımı?

- Hamı bilir ki, mən onun mövqeyi ilə razı olmasaydım, vertolyot yox, yüz vertolyot bağışlasaydılar, ömrümdə o kitabı yazmazdım. Mənim onun həyatından, özünü bir insan kimi aparmağından, mövqeyindən, müsəlmanlara, azərbaycanlılara yanaşmasından çox xoşum gəldi ki, yazdım. Əks halda yazmazdım. Mən Azərbaycanın düşməni olan bir adamdan necə kitab yaza bilərəm axı? Yazmaram. Bu adam Azərbaycanın dostudur. Elə ən yaxın dostu da müsəlman, tatar Renat Əhmədovdur.

Hesab edirəm ki, Ukrayna xalqı çox gözəl seçim edib. Düzdür, bizim bəzi vətənpərvərlər deyirdilər ki, Timoşenkoya səs vermək lazımdır. Başqa söz demək istəmirəm, amma bunu deyənlərin vicdanı olsun. Timoşşenkonun qanında bir qram da ukraynalı qanı yoxdur. Mən daha çox ukraynalıyam, nəinki Timoşenko.

- Prezident seçildikdən sonra Yanukoviçi təbrik etmisinizmi?

- Təbrik etmişəm. Doğrudan da sevinirəm ki, bu adam seçilib.

- Yanukoviç sizi vəzifəyə dəvət eləsə, gedərsiniz?

- Mən azərbaycanlıyam. Getməyinə gedib qalaram, yaşayaram e, amma mən Azərbaycan vətəndaşlığını heç vaxt dəyişmərəm.

- Sizcə, Ukrayna xalqı Yanukoviçi demokrat prezident kimi görə biləcəkmi?

- Siz gəlin Avropa demokratiyası ilə müqayisə etməyin. Avropa demokratiyası bizim demokratiyalara oxşamır. Əsas məsələ odur ki, onu xalq seçib. Özü iki dəfə. Görün, Yanukoviç necə müdrik adamdır ki, 2004-2005-cü illərdə baş verənlərə razı oldu. Əslində o vaxt razı olmasaydı, bəlkə Ukraynada vətəndaş müharibəsi düşəcəkdi. Bu baxımdan Yanukoviç qəhrəmandır.

O vaxt amerikalılar, avropalılar yalandan demişdilər ki, Yuşşenko demokratdır, Yanukoviç isə anti-demokratdır, onu dəstəkləmək olmaz. Amma indi başa düşdülər ki, yanılıblar. Mən bunu o vaxt başa düşmüşdüm, onlar indi başa düşürlər. Anlayıblar ki, keçən dəfə düz eləməyiblər. Görün, onların dəstəklədiyi adamlar beş ildə ölkəni vəziyyətə salıblar? Demokratiya sözü ilə alver edirlər. Bizdə olub da demokratiya dedikləri, görmüşük. Mən heç kəsi pisləmək istəmirəm, amma görmüşük axı, ay qurban olum. Demokratiya bu deyil. Demokratiya azadlıq deməkdir. O adam ki, gəlib deyir mən ağıllıyam, siz axmaqsız, o adam demokrat deyil. Yuşşenko gəlib faşistlər tərəfdə döyüşmüş Banderanı qəhrəman elan elədi. Mənim iki əmim İkinci Dünya müharibəsində rəhmətə gedib. Mən Yuşşenkonu necə dəstəkləyə bilərdim?

- Sizə elə gəlmirmi ki, məhz Yuşşenkonun yaratdığı demokratiyanın hesabına Yanukoviç prezident ola bildi?

- Bilirsiz, təəssüflər olsun ki, siz bunu yazmırsız, demirsiz - Azərbaycanda idmanda, mədəniyyətdə kimsə irəli çıxanda, qalib gələndə prezidenti sevməyənlər buna sevinmirlər. Əksinə, başlayırlar ki, niyə biz udmuşuq, pul verilib, filan... Bizdə faşistlərlə birlikdə vuruşan müsavatçıları dəstəkləyirlər. Ay vicdansızlar, bunlar Stalinə qarşı vuruşurdular, azərbaycanlıları öldürürdülər. Mən sizdən soruşuram, ermənilər gəlib Gəncəni yandırsa, siz onu da dəstəkləyəcəksiniz? Bu demokratdır, olar deyəcəksiniz?

Adamın bir az insafı olmalıdır. Demokratiya-demokratiya deməklə olmur ey. Demokratiya Stepan Banderanı milli qəhrəman eləməkdir? Mən fəxrlə deyirəm ki, heç vaxt Yuşşenkonu dəstəkləməmişəm. Yanukoviç bunun əleyhinə çıxıb yüz faiz düz eləyib. Mən gedib Yuşşenkoya, Timoşenkoya səs verən azərbaycanlıların yerinə utanıram. Ona görə yox ki, Timoşenko yarıerməniydi. Ona görə ki, Ukraynanın azadlığı uğrunda qanını verən azərbaycanlılar olub. Faşistə demokrat demək olar? Hər adama demokrat demək olmaz ey, bir az bundan çəkinin.

- Yanukoviçə demokrat demək olarmı?

- İndi siz məndən Nazarbayevi, İslam Kərimovu da soruşacaqsınız. Bilirsiz, hər millətin öz yolu, öz tarixi, öz keçmişi olur. Ona görə gəlin bir az hörmətlə yanaşaq. Əgər iki dəfə dalbadal bu adamı seçiblərsə, görünür, xalq onu istəyir . Gəlin xalqın mövqeyinə hörmətlə yanaşaq. Neçə faiz demokratdır deyə bilmərəm, amma onu xalq seçib, ona görə hörmət eləmək lazımdır.

 

 

Mərkəz.- 2010.- 25 fevral.- S. 10.