Milli parkda soyqırımı sərgisi

 

Dünən Dənizkənarı Milli Parkda Demokratik cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi tərəfindən Xocalı soyqırımına aid sərgi təşkil olundu. Sərgidə biz də iştirak etdik.

Tək-tək insanlar gəlir, şəkillərə baxır, başlarını yelləyib gedirdilər. Ətrafı müşahidə etdikdən sonra təşkilatçıların kim olmasıyla maraqlanıram. Əvvəlcə Demokratik cəmiyyətin İnkişafına Yardım İctimai Birliyinin lideri Əsgər Məmmədovla səgri barədə söhbətləşmək istəyirəm. «Yox, qoy gənclər danışsın», - deyərək razı olmur. Bir neçə dəqiqədən sonra birliyin idarə heyətinin sədri Fəqan Yaqubov gəlir. Bizə yaxınlaşıb tədbirin keçirilmə məqsədindən danışır: ««Xocalı soyqırımını unutmuş gənclik bu millətin övladı deyil» tezisini əsas götürərək fevralın 22-dən tədbirlər silsiləsinə başladıq. Əvvəlcə Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdik. Ayın 23-də Nərimanov parkında, 24-də «Elmlər Akademiyası» parkında, Pedaqoji Universitetdə sərgi keçirdik. Ayın 27-də ofisimizdə konfransla silsilə tədbirləri yekunlaşdıracağıq. Bu şəkillər bizim özümüzündür. Qoy gənclərimiz görsün ki, onun millətinin başına hansı oyunları açıblar. Hesab edirəm ki, bunu görən gənc düşməninin kim olduğunu unutmaz».

F.Yaqubov söyləyir ki, gənclərin sərgiyə maraq göstərmə səviyyəsi normaldır. «Bizim işimiz maarifləndirmədən ibarətdir», - idarə heyətinin sədri digər millətlərin nümayəndələrinin də sərgiyə maraqla gəldiklərini bildirir:

«Bir qədər əvvəl bir sıra millətlərin nümayəndələri də maraqla şəkillərə baxırdılar. Hətta bir qrup çeçenlər gəldi şəkillərə baxdı və göz yaşlarını saxlaya bilmədilər. Əsasən ingilislər, çinlilər, çeçenlər sərgiyə daha çox maraq göstərirlər. Çox təəssüf ki, gənclərimiz gözləyir ki, kimsə bizə nəyisə öyrətsin. Hər şey ailə tərbiyəsindən başlayır. Bu şəkilləri görən insana ona «bax» demək artıqdır. Bu psixologiyanı aradan qaldırmaq lazımdır. Azərbaycan gəncliyi «mən» prizmasından çıxıb, «biz» prizmasına girməlidir».

Bayaqdan təvazökarlıq göstərib danışmaq istəməyən birlik lideri Əsgər Məmmədov isə deyir ki, sərgidə 64 foto nümayiş etdirilir. Gələcəkdə onların sayının 150-yə çatdırılması nəzərdə tutulur. Müsahibim inanır ki, gənclər bu kimi tədbirlər düzənləməklə nəyəsə nail olacaq: «Bütün ali məktəblərdə mütəmadi tədbirlərimiz olacaq. Yay aylarında da bu tip tədbirlər nəzərdə tuturuq. Hazırda bütün işləri cəmi 15 nəfər həyata keçirir. Hər kəsictimai əsaslarla işləyir».

Tədbirin təşkilatçılarından biri, birliyin idarə heyətinin üzvü, Pedaqoji Universitetin 3-cü kurs tələbəsi Həsrət Almasov isə deyir ki, ürəyində vətən qeyrəti olan insanlar bu işə laqeyd qala bilməzlər: «Bu vəhşətə laqeyd qalanları vətəndaş kimi qiymətləndirə bilmərik. Hər şey ailədəki tərbiyədən asılıdır. Düzdür, bəzi gənclərdə laqeydlik var. Amma onları məlumatlandırdıqda, maraqlanırlar. Bu hadisələr gənclərə doğru çatdırılsa, narazı qalmazlar. Çox təəssüf ki, indiyə kimi əksər telekanallar bu cür işlərə laqeyd qalıblar. Mİüşahidələrimdən deyə bilərəm ki, yaşlı nəsil bu şeylərdə daha maraqlıdır».

İnsanları sərgiylə tanış edən xanımlar - təşkilat sədrinin müavini Vüsalə Bəkirova və şöbə müdiri Şəms Əmrahova isə gördükləri işdən qürur duyurlar. Vüsalə xanım deyir ki, gənclər qan yaddaşımız olan Xocalını unutmamalıdırlar: «Çalırışıq ki, insanlara bu şəkillər haqqında məlumat verək. Şəkildəki insanlar bizim soydaşlarımızdır və onların yerində biz ola bilərdik. Hələ ki, səylərimiz nəticə verir».

Şəms Əmrahova ilə söhbətə başlayarkən digər şəkillərdən birini ətrafına təxminən 10-15 gəncin yığışdığını görürəm. Ancaq Şəms xanımla söhbətimiz davam edir: «Məncə tədbirimiz alındı. Gənclərimiz maraq göstərirlər. Əcnəbiləri də sərgimizə cəlb edə bildik».

 

Həsən adlı bir nəfər nədənsə narazı görünür Fəqan Yaqubovla mübahisə edir

Həsən: - Bunları indi qoymusan, sabah yığacaqsan.

Fəqan Yaqubov: - Xeyr, sabah da gətirib bura qoyacağıq.

Həsən: - Yox yığacaqsan. Mən bunu neçə illərdir görürəm. Qoyulur da, yığılır da. Bunlara bir abidə qoysunlar da. Niyə qoymurlar.

Fəqan Yaqubov: - İctimai birlik olaraq əlimizdən gələn budur, bunu da edirik.

Artıq bayaqdan sərgiyə maraq göstərməyənlər bu iki gəncin ətrafına toplaşıb. Bu arada Əsgər Məmmədovun müdaxiləsi vəziyyəti sakitləşdirməklə yanaşı, hər iki tərəfi razı salır: «Bu mütəmadi olacaq. Yay ərzində bu tip sərgilərimizi görə bilərsiniz».

Həsən: - Kor isər? İki göz.

Əsgər Məmmədov: - Siz belə şeylərdə yaxından iştirak edə bilirsinizmi?

Həsən: - Həmişə iştirak etmişəm edəcəm .

Əsgər Məmmədov: - Onda gənclərlə əlaqə saxlayın ki, onlar sizi dəvət eləsinlər. Olarmı?

Həsən:- Olar, niyə olmur.

 

 

İntiqam VALEHOĞLU

 

Mərkəz.- 2010.- 26 fevral.- S. 9.