İpək yolu» maraqla qarşılanıb

 

Ramiz Zöhrabov: «Festival iki ildən bir keçiriləcək»

 

Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-dən Şəki şəhərində «İpək yolu» adlı I Beynəlxalq Musiqi Festivalına start verilib. Beş gün davam edəcək festival öz işinə iyunun 27-də Şəki şəhərinin simvolu hesab edilən Xan Sarayında Qara Qarayev adına Kamera Orkestrinin konserti ilə başlayıb. Təəssüratlarını bizimlə bölüşən ittifaqın katibi, xalq artisti Ramiz Zöhrabov festivalın Şəki şəhərində böyük ajiotaj yaratdığını söylədi.

Onu da öyrəndik ki, festivalın keçirilməsi ideyası Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Firəngiz Əlizadəyə məxsusdur.

- «İpək yolu» adlı birinci Beynəlxalq Musiqi Festivalı Şəki sakinləri tərəfindən necə qarşılanır?

- Yüksək səviyyədə. Festival o qədər yüksək ajiotaj yaradıb ki, hər kəs bu festivalı Şəkinin musiqi bayramı kimi qeyd edir. Festivalın bir özəlliyi və uğuru da bundadır ki, konsertlər açıq səma altında keçirilir. Bu da yay fəslində istər xarici ölkələrdən dəvət olunmuş əcnəbi qonaqlar, istərsə də paytaxtdan Şəkiyə təşrif buyuran musiqiçilərə xüsusi zövq verir. Təbii ki, sakinlər başda olmaqla. Festival çərçivəsində pulsuz təşkil edilən konsertlər əhali tərəfindən maraqla qarşılanıb. Sizinlə danışdığım vaxtda festival iştirakçıları «Sarı gəlin» Norvec-Azərbaycan ansamblının çıxışını dinləyib, feyzyab olur. İzdiham əlindən tərpənmək mümkün deyil. Avtomobillərdən düşən insanlar Alban kilsəsinə piyada qalxırlar. Düzü, belə izdihamı özümüz də gözləmirdik.

- Maraqlıdır, festival niyə paytaxtda, yaxud digər bölgələrdə deyil, məhz Şəkidə baş tutdu?

- «İpək yolu» I Beynəlxalq Musiqi Festivalının böyük tarixi, qədim dövlətçilik ənənələri olan, özünəməxsus ifaçılıq mədəniyyəti ilə seçilən Şəki şəhərində keçirilməsi təsadüfi deyil. Bu, bir çox amillərlə bağlıdır. Böyük ipək yolunun qırılmaz halqası olmuş və zəngin ipəkçilik ənənələrini özündə yaşadan Şəki, eyni zamanda Azərbaycanın qədim tarixə malik mədəniyyət mərkəzlərindən biridir.

- «İpək yolu» I Beynəlxalq Musiqi Festivalının keçirilməsi ideyası Mədəniyyət və Turizm Nazirliyinə məxsusdur, yoxsa, Bəstəkarlar İttifaqına?

- Açığı bu ideya Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə məxsusdur. Firəngiz xanım çoxdan belə bir festivalın keçirilməsini arzulayır və bu istiqamətdə əcnəbi ölkələrlə danışıqlar aparırdı. Nəhayət, uzun, gərgin iş öz bəhrəsini verdi və festival gerçəkləşdi. Şəki Azərbaycanda beynəlxalq musiqi festivalı keçirilən ikinci bölgədir. Bundan qabaq Qəbələdə belə bir möhtəşəm muğam festivalı reallaşmışdı.

- Festivalın sponsoru varmı?

- Konkret olaraq festivala hər hansı biznes dairəsi sponsorluq etmir. Bu layihə Şəki Şəhər İcra Hakimiyyəti, eləcə Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

- Festival davamlı olacaq?

- Festival başa çatan kimi biz bu məsələni müzakirə edəcəyik. Tədbiri davamlı olaraq keçirmək planımız var. Həmin plana əsasən «İpək yolu» I Beynəlxalq Musiqi Festivalı iki ildən bir keçiriləcək ənənə halını alacaq.

- Ramiz müəllim, əcnəbilərin təəssüratları barədə deyə bilərdiniz. Onlar Azərbaycan musiqisini necə qarşıladılar?

- Təəccüb heyrət içərisində. Təsəvvür edin, onlar bizim musiqimizi dinləyəndə özlərinəməxsus əl hərəkətləri ilə heyranlıqlarını bildirirdilər. Festival çərçivəsində Şəki rayonunun Kiş kəndindəki Alban məbədində Azərbaycan Bəstəkarlar İttifaqının «Oazis» Simli Kvartetinin təqdimatı konserti baş tutdu, Yuxarı Karvansarayda Cənubi Koreyanın «Samulnori» folklor ansamblının çıxışı oldu. Daha çox sintez musiqilərimiz səsləndi.

- Proqramda daha hansı konsertlər nəzərdə tutulub?

- Festival çərçivəsində Azərbaycan Dövlət Opera Balet Teatrının kollektivi ilk dəfə opera səhnəsindən kənarda Yuxarı Karvansarayda - açıq havada Üzeyir Hacıbəylinin «Leyli Məcnun» eləcə Müslüm Maqomayevin «Şah İsmayıl» operalarının konsert variantını nümayiş etdirəcək.

Daha sonra Helsinki Musiqi Akademiyasının professoru N. Yujanin Şəki Musiqi Kollecinin tələbələri üçün ustad dərsləri keçəcək. İyulun 1-də isə əməkdar incəsənət xadimi Azad Əliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Televiziyası Xor Kollektivi Şəki şəhəri Musiqi Kollecinin tələbələrinin birgə iştirakı ilə keçirilən konsertlə festival yekunlaşacaq.

 

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2010.- 1 iyul.- S. 11.