«Qala» gənc rejissora uğur gətirib

 

Samir Fərzəlibəyov: «Bu təkcə mənim yox, həm də Azərbaycanın uğurudur»

 

Gənc azərbaycanlı rejissor Samir Fərzəlibəyov İstanbulda fəaliyyət göstərən Avropa Qəzetçilər Dərnəyinin keçirdiyi müsabiqədə "Ən yaxşı rejissor" nominasiyasında qalib gələrək mükafata layiq görülüb. Qardaş ölkənin bu mükafatı həmyerlimizə özünəməxsus yaradıcılıq fəaliyyətinə görə təqdim edilib. Təəssüratlarını «Mərkəz»lə paylaşan rejissor

müsabiqədəki uğuruna görə həyat yoldaşı Afaq xanıma minnətdar olduğunu söylədi. Dediyinə görə, Avropa Qəzetçilər Dərnəyinin keçirdiyi müsabiqədən xəbər tutan xanımı onun yaradıcı işlərini - klip, sənədli filmreklam roliklərini internet vasitəsilə İstanbula göndərib: «Yoldaşım mənə həmişə deyirdi ki, “niyə işlərini xarici ölkələrin festivallarına, müsabiqələrinə göndərmirsən?” Axırda özü məndən xəbərsiz işlərimi müsabiqəyə göndərib. Mən o vaxt xəbər tutdum ki, artıq İstanbula dəvət edirlər. Sözün düzü, qalib olduğumu bilmirdim və mənə elə gəlirdi ki, sadəcə, həmin təqdimat mərasiminə dəvətliyəm. Samir onu da bildirdi ki, müsabiqə təşkilatçılarının diqqətini çəkən və maraqlarına səbəb olan onun yaradıcılıq üslubu olub. İçərişəhər haqqında çəkdiyi «Qala» filmi, klipləri və reklam roliklərindəki rejissor yanaşması, yozum münsifləri yaxşı mənada təəccübləndirib. Rejissorun müğənnilərdən - Elnarə Xəlilova, Manana, reper Elşad Xoseyə çəkdiyi kliplər xüsusilə bəyənilib. «Bu təkcə mənim yox, azərbaycanın uğurudur» - deyən rejissor elə təqdimat mərasimindəcə maraqlı təkliflər alıb: «Tanınmış prodakşınlar tərəfindən mənə işbirliyi təklif olundu. Hansı ki, həmin prodakşınlarda Türkiyənin ünlü sənətçilərinin klipləri, ümumiyyətlə, filmlər və reklam rolikləri çəkilb. Bu mənada, təklifləri özüm üçün şərəf hesab edirəm. Yaxın günlərdə konkret cavab verəcəm. Məni düşünməyə vadar edən bir səbəb var: adətən türk prodakşınlarla əməkdaşlıq üçün 3-5 illik müqavilələr bağlanır. Bu müddət ərzində rejissor öz ölkəsində fəaliyyət göstərə bilməz. Bütün bunları götür-qoy etdikdən sonra dəqiq qərar verəcəyəm». «Çox istərdim ki, gənc həmkarlarımın da sorağı Türkiyə və digər xarici ölkələrdən gəlsin» - deyən Samir həmkarlarını təpərli olmağa səslədi: «Gənc həmkarlarım arasında istedadlı rejissorlar çoxdur. Onların gözəl yaradıcı işləri var, hansı ki, əcnəbi festivallarda yüksək mükafatlara layiq görülə bilərlər. Bunun üçün çox şey tələb olunmur, yaradıcı işlərini internet vasitəsilə müsabiqələrə göndərmək yetər. Uğurlu mütləq qiymətini alacaq».

S.Fərzəlibəyov onu da qeyd etdi ki, indiyə qədər müxtəlif nominasiyalar üzrə Avropa Qəzetçilər Dərnəyi mükafatlarına Türkiyə Prezidenti Abdullah Gül, dövlət naziri Egemen Bağış, eləcə də sənət dünyasında tanınmış simalar - Muazzez Ersoy, şoumen Beyaz, populyar müğənni Sıla, Səlami Şahin, "Babutsa" qrupu, Soner Sarikabadayi, aktyor Ozan Güven, "Ezel" serialı və bir sıra adamları, siyasətçilər, TV kanallar layiq görülüblər. Mükafat artıq 10 ildir ki, istedadlı insanlara verilir. Gənc rejissorun gələcək yaradıcılıq planları ilə də maraqlandıq: «Qarşıda Leyla Ramazanlı, Elnur, Aygün Rəhimovaya klip çəkmək planlarım var. Sənədli filmlərin çəkilişləri üzərində gedir. Çox istərdim ki, böyük kinoda da ilk addımlarımı atım, özümü sınayım. Amma təəssüflər olsun ki, bunun üçün güclü maliyyə lazımdır. Pul olsa, böyük kinoya keçəcəyəm».

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2010.- 9 iyul.- S. 11.