«Uşaq ədəbiyyatı» layihəsi maraqla qarşılanıb

 

Qəşəm Nəcəfzadə: «Respublika Uşaq Təşkilatı, Azərbaycan Yazıçılar Birliyi və «Mərkəz» qəzeti birləşərək çiynimizi olduqca ağır bir yükün altına vermişik»

 

Respublika Uşaq Təşkilatı, Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsi və “Mərkəz” qəzetinin təşəbbüsü ilə hər həftənin cümə günü qəzetimizdə uşaq ədəbiyyatı ilə bağlı səhifə təqdim olunur. Uşaq ədəbiyyatının keçmişi, bu günü və sabahı, onun problemləri, müasir dövrdə vəziyyəti, nəşri və yayımı, yeni çıxan kitablar, uşaq mətbuatının indiki durumu, uşaq şeirinin dili və müasirliyi, dərsliklərimiz haqqında maraqlı yazılar səhifədə yer alır. Səhifədə, həmçinin, balaca oxucularımız nağıllar, şeirlər, tapmaca və yanıltmaclar, eyni zamanda, dünya uşaq şeirindən maraqlı nümunələrlə tanış olmaq fürsəti qazanır. Qeyd edək ki, qısa vaxt ərzində səhifə publikada böyük əks-səda doğurub. Bu barədə təəssüratlarını qəzetimizlə paylaşan səhifənin müəllifi, Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə layihənin yaranması barədə danışdı: ««Yeni Azərbaycan» qəzetinin redaksiyasında uşaq problemlərinə həsr olunmuş dəyirmi masa keçirilirdi. Orada millət vəkili, Respublika Uşaq Təşkilatının rəhbəri Gülər xanım Əhmədova uşaq problemlərini o qədər əhatəli şəkildə təhlil etdi ki, məndə uşaq ədəbiyyatı səhifəsi yaratmaq arzusu baş qaldırdı. Mənim düşüncələrimlə hörmətli millət vəkili Gülər xanımın fikirləri üst-üstə düşdü. Daha sonra «Mərkəz» qəzetinin redaksiyasından uşaq ədəbiyyatı ilə bağlı səhifənin müəllifi olmaq təklifi aldım». Qəşəm Nəcəfzadə aradan qısa vaxt keçməsinə baxmayaraq, səhifənin böyük maraqla qarşılandığını söylədi. Onun sözlərinə görə, səhifəni maraqla izləyən AYB sədri Anar təşəbbüsü alqışlayıb. Eyni zamanda, səhifənin doğurduğu xoş təəssürat Qəşəm Nəcəfzadənin e-mail ünvanına göndərilən məktublarda da öz əksini tapıb: «Mən çoxlu sayda elektron məktubu alıram, telefon zəngləri olur. Hər kəs uşaq ədəbiyyatına göstərilən bu diqqətdən danışır, səhifəni maraqla izlədiklərini söyləyirlər. Hər kəs bu sözü təkrarlayır ki, «Mərkəz» qəzeti sözün yaxşı mənasında uşaq ədəbiyyatını inhisara alacaq, çünki uşaq problemlərini çözmək baxımından vacib işlər görür. Bu gün hər kəsə aydındır ki, uşaq ədəbiyyatı sahəsində problemlər var, uşaqla ədəbiyyat ayrı düşüb, ədəbiyyatın təbliği lazımi səviyyədə deyil və s… Bu boşluğu «Mərkəz» qəzeti doldurdu».

Şair balaca oxucularından da söz açdı. İstər paytaxt, istərsə də bölgələrdən çoxlu sayda oxucularının olduğunu deyən Qəşəm Nəcəfzadə onların arzu və təkliflərini də nəzərə alacağını söylədi.

««Mərkəz» qəzeti olmasaydı, mənim uşaq ədəbiyyatı ilə bağlı ideyam da olmazdı»- deyən şöbə müdiri, qəzetin onun qarşısında çox geniş imkanlar açdığını dilə gətirdi. Buna görə, Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədovaya xüsusi minnətdarlıq etdi: «Respublika Uşaq Təşkilatı, Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsi və “Mərkəz” qəzeti birləşərək çiynimizi olduqca ağır bir yükün altına vermişik» - deyən Qəşəm Nəcəfzadə gələcək planlardan da danışdı. Qeyd etdi ki, səhifədə klassik uşaq şeiri, uşaq ədəbiyyatı ilə bağlı tənqidi materiallar çap olunacaq. Uşaq ədəbiyyatındakı boşluğun aradan qaldırılması üçün çıxış yolları göstəriləcək, yeni çapdan çıxan kitablara, uşaq verilişlərinə, teatrlarda göstərilən uşaq tamaşalarına münasibət öz əksini tapacaq». Onu da öyrəndik ki, yaxın zamanlarda səhifədə dünya uşaq ədəbiyyatından seçmələr, tərcümələr dərc olunacaq. Bir sözlə, səhifədə uşaq dünyası, uşaq düşüncəsi bütünlüklə öz əksini tapacaq. Səhifə bir növ uşaqlar üçün güzgü rolunu oynayacaq.

 

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2010.- 17 iyul.- S. 11.