Qəyyur Yunus dünyası

 

«Onun tablolarındakı qeyri-adi rəngləri yalnız təbiətdə tapmaq mümkündür»

 

Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda əməkdar rəssam Qəyyur Yunusun fərdi sərgisi açılıb.

Qeyd edək ki, tanınmış rəssam, “ Humaymükafatçısı Qəyyur Yunusun yaradıcılığı Azərbaycan sənətsevərlərinə çox yaxşı tanışdır. Rəssamın işləri Almaniya,Türkiyə, ABŞ, Fransa, Norveç, Finlandiya, Danimarka, Hollandiya, Suriya, İngiltərə, Polşa, Əlcəzair, İran, Rusiya kimi ölkələrdə həm dövlət, həm də şəxsi kolleksiyalarda saxlanılır. Yeri gəlmişkən, sənətsevərlər bu dəfə rəssamın onuncu fərdi sərgisini seyr etmək fürsəti qazandılar.

Orijinal dəst-xətti ilə seçilən rəssamın sərgidə, əsasən portretləri nümayiş olunur. Düzdür, onun yaradıcılığında lirik, gözəl mənzərələr yer alsa da, rəssama daha çox portretləri şöhrət gətirib. Qəyyur Yunusun növbəti sərgisində də qəhrəmanları qadın surətləri, etnik qadın portreti idi. Bir məqam xüsusilə diqqət çəkir: rəssamın Tanrıya olan sonsuz inamı onun portretlərinə hopub elə bu səbəbdən onun tabloları seyrçiyə inam, məhəbbət aşılayır.

Qeyd edək ki, sərgiyə toplaşanlar müxtəlif peşə sahibləri idi. Onların arasında fırça ustaları da vardı, rejissorlar, sənətşünaslar, tələbələr, hətta millət vəkilləri də…

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev Qəyyur Yunus yaradıcılığını belə dəyərləndirdi: «Qəyyurun qəhrəmanları kimlərdir? Bu, ağlı-qaralı, daha çox da günahlı dünyamızda rəssam özünə kimləri həmdəm-yaxın hesab edir? Əgər onları sadalamalı olsaq, onda bu mənəviyyat daşıyıcıları ensiklopediyasında Heyran xanımla yanaşı, Adəm və Həvvanın, Nəsrəddin Tusinin, Ağabəyim Ağabacının, Səttar Bəhlulzadə və digər neçə-neçə işıqlı əməlləri ilə tarixləşən şəxsiyyətlərin adlarına rast gələrik. Onun «Azərbaycan gözəllərini», «Xəzər gözəli», «cəhrayı evin sakinləri»ni digər bu səpkili əsərlərini konkretlikdən bir qədər uzaq olsa da, bütünlüklə onları yaddaqalan mənəviyyat məcmuəsi kimi qəbul etmək olar».

Millət vəkili Əhəd Abıyev bu cür sərgilərin təşkilinə görə ilk növbədə MədəniyyətTurizm Nazirliyinə minnətdarlıq etdi. Özünün rəssamlıq qabiliyyətinin olduğunu deyən millət vəkili vaxtaşırı sərgi salonlarına gedib rəsm sərgilərinə tamaşa etdiyini dedi: «Mən də rəsm çəkməyi çox xoşlayıram vaxtım olanda daxili dünyamı o rəsmlərə boşaldıram. Bugünkü sərgiyə gəlincə, çox bəyəndim. Qəyyur Yunusun yaradıcılığında xüsusilə qabarıq görünən rənglərin parıltısı məni özünə cəlb etdi. Rənglərdən məharətlə istifadə edən rəssam tablolarında həm də dərin-fəlsəfi düşüncə də aşılayır. Əhsən!»

Təəssüratlarını bizimlə paylaşan, keçmiş «Bakılı oğlan» Bəhram Bağırzadə Qəyyur Yunusun sayca onuncu sərgisindən xüsusi zövq aldığını dilə gətirdi: «Mən Qəyyur Yunusa arzu edirəm ki, həyatı da əsərləri kimi rəngbərəng olsun. Çünki rəsmləri həmişə parlaq rəngləri ilə fərqlənib»

Qəyyur Yunusu son illərin ən parlaq rəssamlarından sayan rejissor Oqtay Mİrqasımov onun növbəti sərgisindən ağızdolusu danışdı: «Bu sərgi bir daha o həqiqəti təsdiqlədi ki, Qəyyur Yunus rəssam olaraq heç vaxt özünə qarşı xəyanətkar olmayıb, o əqidəli rəssamdır. Onun özünəməxsus üslubu var bu üslubu ilə əsərlərini sevdirə bilib. Mən onuncu sərgidə heç bir təkrarçılıq görmədim, hamısı yeni əsərlərdir».

Rəssam Ağaəli İbrahimov Qəyyur Yunus yaradıcılığındakı bənzərsiz üslub gözəlliyindən söz açdı: «Qəyyurun tablolarında olan qeyri-adi rəngləri yalnız təbətdə tapmaq mümkündür. Çünki onun yaradıcılığı təbiətlə həmahəngdir. Seyrçi onu məhz bu gözəl üslub rəngarəngliyi ilə sevir, bəyənir yaradıcılığını izləyir».

Tanınmış rəssam Toğrul Nərimanbəyov təəssüratını yalnız bir cümlə ilə izah etdi; valehedici tablolardır.

Sərgidə iştirak edən Rəssamlıq Akademiyasının tələbələrinin də fikirlərini öyrəndik. Rəssamın daha çox üslub fərqliliyindən söz açan təbləbələr gələcəkdə məhz Qəyyur Yunus kimi özünəməxsus və təkrarsız rəsam olmaq arzularını da gizlətmədilər.

Orijinal dəst-xətlə tanış olmaq, fərqli qadın portretləri görmək, ən əsası əlvan rənglərin parıltısına qərq olmaq istəyirsinizsə, Səttar Bəhlulzadə adına Sərgi Salonuna tələsin. Hələ sərgi bir neçə gün davam edəcək.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2010.- 9 iyun.- S.11.