Azərbaycanın Hərbi
Doktrinası qəbul edildi
Dünən
Azərbaycanın Hərbi Doktrinasının layihəsi nəhayət
Milli Məclisin müzakirəsinə
çıxarıldı. Qeyd edək ki, Azərbaycanın
müdafiə imkanlarını özündə əks etdirən
sənədin hazırlanmasına 6 il vaxt sərf olunub.
Sənədi
parlament sədrinin birinci müavini, təhlükəsizlik və
müdafiə komitəsinin sədri Ziyafət Əsgərov təqdim
etdi.
O bildirdi ki, Hərbi Doktrina Azərbaycanın «Milli
Təhlükəsizlik Haqqında»
Konsepsiyanın tərkib hissəsidir. Səkkiz
bölmə və 75 maddədən ibarət olan
doktrina fərdin, cəmiyyətin və
dövlətin hüquq və
mənafelərini daxili,
xarici hərbi və
digər təhdidlərdən qorunmasına yönəlmiş
hərbi təhlükəsizlik sisteminin konseptual əsasını
müəyyənləşdirən sənəddir.
Z.Əsgərov bildirdi ki, layihə
hazırlanarkən bir sıra
ölkələrin təcrübəsi, BMT-nin sənədləri nəzərə alınıb. Azərbaycanın
təhlükəsizlik mühitinin və milli
maraqlarının həyata keçirilməsinə mane olan və
ya onlara təhlükə yaradan
şərait, proses təhlil edilib.
Z.Əsgərov qeyd etdi ki,
hərbi doktrinada Ermənistan
tərəfindən Azərbaycanın ərazisinin
bir hissəsinin işğalı faktına ayrıca toxunulub. Layihədə göstərilir ki,
Ermənistanın vaxtilə
azərbaycanlılar yaşamış bölgələrində
və Azərbaycan Respublikasının işğal
olunmuş ərazilərində
etnik təmizləmə
siyasətinin aparılması, iqtisadi və sosial infrastrukturun dağıdılması ilə
nəticələnmiş təcavüz aktının davam etdirilməsi Azərbaycanın milli təhlükəsizliyinə
mənfi təsir göstərən əsas
amildir. Doktrina Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində qurduğu separatçı
rejimə hər hansı siyasi,
hərbi, iqtisadi və digər dəstəyi
Azərbaycana qarşı əməl kimi
qiymətləndirir.
Hərbi doktrinada Azərbaycanın
ərazi bütövlüyünü
bərpa etmək məqsədilə
hərbi güc daxil olmaqla, bütün lazımi vasitələrdən
istifadə etmək hüququnu özündə saxladığı
vurğulanır: «Ümumilikdə isə Azərbaycan
müdafiə siyasətini formalaşdıran zaman
beynəlxalq hüququn norma
və prinsiplərinə
riayət edir, bütün
dövlətlərlə dinc
yanaşı yaşamağa
səy göstərir, qarşılıqlı faydalı əməkdaşlıq
və mehriban qonşuluq
prinsiplərinin bərqərar
olunmasına çalışır».
Sənəddə istisna
hallarda Azərbaycanın
öz ərazisində
xarici hərbi bazaların müvəqqəti
yerləşdirilməsinə yol verə biləcəyi də
göstərilib.
Hərbi Doktrinada həmçinin NATO ilə əməkdaşlığın
davam etdiriləcəyi
qeyd olunub.
Qanun layihəsinin
təqdimatından sonra sənədin
müzakirəsinə
başlanıldı. Çıxış edən deputatlar doktrinaya bəzi əlavə və dəyişikliklər
olunmasını təklif etdilər.
Hərbi
Doktrinanı Azərbaycan torpaqlarını işğaldan
azad etmək vəzifəsini
üzərinə götürən sənəd adlandıran deputat Zahid Oruc
təklif etdi ki, sənədə
Türkiyənin adı Azərbaycanla hərbi-siyasi təhlükəsizlik
sahəsində əməkdaşlıq edən ölkə kimi salınsın.
Onun bu
təklifinə münasibət
bildirən spiker Oqtay Əsədov dedi ki, Azərbaycan bloklara qoşulmamaq siyasətini yürüdür. Türkiyənin
adının doktrina layihəsinə salınması
faktiki hərbi bloka qoşulmuş mənasını verəcək.
Millət vəkili Aydın Mirzəzadə
hesab edir ki, doktrina Azərbaycanın
bugünkü və gələcək tələblərinə
cavab verir. O, Azərbaycanın
milli maraqları
çərçivəsində, konkret
şərtlər, müddət göstərilməklə
silahlı birləşmənin ölkəmizdə yerləşdirilməsi
ilə bağlı müddəanın doğru
əlavə olduğunu
dedi.
Deputat Fəzail
Ağamalı sənəddə Azərbaycana qarşı torpaq iddiasında olan ölkələrin də adının
çəkilməsini istədi. Onun sözlərinə görə, konkret olaraq, İranın
Azərbaycana qarşı ərazi iddiaları var.
Xüsusilə Xəzərin
su hövzəsi ilə bağlı.
Millət vəkili Pənah Hüseyn sənədə
tənqidi yanaşdı. Onun
sözlərinə görə, layihə kamil sənəd deyil və Ermənistanla bağlı müddəalar
nəzərə alınmasa, əsasən ümumi
ifadələrlə yazılıb. O, sənəddə
Azərbaycanın mövqeyinin konkret ifadə edilməsini
istədi.
P.Hüseynin fikrincə, layihədə
hərbi qulluqçunun Azərbaycanda
ən üstün qulluqçu olması
ayrıca qeyd edilməlidir.
Deputat Aydın Həsənov
isə bildirdi ki, orta məktəblərdə hərbi dərslərin
sayı artırılmalıdır. O, bu məqamın hərbi doktrinada göstərilməsini
təklif etdi.
Müzakirələrdən sonra
hərbi doktrina 110 səs
lehinə, 2 səs əleyhinə və bir
nəfər bitərəf
qalmaqla qəbul edildi.
Vasif Cəfərov
Mərkəz.- 2010.- 9 iyun.- S. 9.