Uşaq ədəbiyyatının problemlərinə nəzəri bir baxış

 

Poeziya zamanın bir an ayaq saxladığı yerdir. Poeziya zamanı bizə hiss elətdirən Allah möcüzəsidir. Məncə, zamanı ən çox uşaqlar hiss eləyirlər.

Uşaqlar dünyanın ilk şeiridir. Dünyanın ilk şeiri olduqları üçün də dünyanı yaxşı duyurlar. Məsələn, biz ağacdan pəncərə düzəltmək istəyirik, onlarsa ağacın budaqlarından yelləncək asmaq fikrindədirlər.

Uşaq atasından soruşur:

- Dənizi kim qazıb, gəmilərin ayağı yerə çatırmı?

Demək, uşaq dünyanın heyrətidir. Uşağın heyrətisə onun şeiridir. Demək, uşaq şeiri uşaqlara dünyanı necə göstərəcəyimiz haqda deyil, onların dünyanı necə görmələri barədədir.

Təəssüflər olsun ki, çox zaman biz uşaq düşüncələrinə, duyğularına öz böyük fikirlərimizi, nitqimizi, dilimizi pərçim eləmişik. Uşaqları böyük kimi danışdırmışıq. Uşaq böyük kimi düşünəndə ölür. Beləliklə, bugünkü uşaq şeirimizin fəlsəfəsi çatmır.

Uşaq şeirində əsas meyarlardan biri dil məsələsidir. Şeirin dili yumşaq və həlim olmalıdır. Şeir uşağın dilində yumşaq və rahat nəfəs almalıdır. Nizamidən bu günə qədər bütün ədəbi məqamlarda fikir aydınlığı, sözün semantik mənasına, təfəkkür çevikliyinə dilin daxilinə nüfuz etmək əsas məqsəd olub. Nizami heç bir əsərini uşaqlar üçün yazmayıb. Sadəcə olaraq Nizaminin dövründə və sonralar da yazılan əsərləri uşaqların yaş mərhələlərinə görə müəllimlər qruplaşdırıblar və bununla dərsliklər, məktəblər, qiraətxanalar yaranıb. Kim deyə bilər ki, Ənvər Məmədxanlının «Buz heykəl» hekayəsi, ancaq uşaqlar üçündür və ya əksinə. Kim deyə bilər ki, «Od tutub qırmızı atəşlə yenə yandı üfüq» şeiri ancaq böyüklər üçündü və ya əksinə. Kim deyə bilər ki, M. cəlilin «Saqqallı uşaq», «Poçt qutusu», «Pirverdinin xoruzu», A. Şaiqin «Məkub yetişmədi» hekayələri ancaq böyüklər üçündür və ya əksinə. Demək uşaq və böyük ədəbiyyatı bölümü ən çox pedaqoji termindir. Və bu gün uşaq ədəbiyyatının əsas problemlərindən biri də böyük və uşaq ədəbiyyatına kəskin fərq qoymağımızdı.

Uşaqlar ilk dəfə mənsub olduqları xalqın dilini onun ədəbiyyatı vasitəsilə daha mükəmməl öyrənir. Şübhəsiz ki, dişləri çıxmayan körpə çörək yeyə bilmədiyi kimi, təfəkkürü formalaşmayan uşaq da dediyi sözlərin mənasını öyrənə bilməyəcək. Çünki ona ən əvvəl ilıq, aydın tələffüz olunan sözlər, bir növ təfəkkür lazımdır. Təfəkkürü isə dil yetişdirir. Məhz M. Ə. Sabir müəllim olduğu üçün «Uşaq və buz» şeirini çox aydın, sadə və mənalı, həm də əruz vəznində yazmışdı. A. Şaiq, A. Səhhət, R. Əfəndiyev, c. cəbrayılbəyli məktəbdarlıqla məşğul olduqlarına görə onların uşaq şeirlərinin dili sadə və aydındır. Bir sözlə, uşaq ədəbiyyatı ilə məşğul olan şairin pedaqoji təhsili olması vacibdir.

XIX əsrin sonlarında, xüsusən «Əkinçi» qəzetinin nəşrindən sonra yeni ictimai fikrin, habelə uşaqların bədii dünya görüşünün formalaşması üçün yeni yollar açıldı. S. Ə. Şirvaninin «Rəbiül-Ətfal», «Tasül-Kütüb», Çernyayevskinin Vəlibəyovla birlikdə hazırladıqları «Vətən dili», R. B. Əfəndiyevin «Uşaq bağçası», A. Şaiqin «Gülzar», «Milli qaraət kitabı», «Uşaq gözüyü», A. Səhhətin «Türk ədəbiyyatına ilk qədəm», Ağazadənin «Məktəb məcmuəsi», F. Köçərlinin «Balalara hədiyyə» dərslikləri yarandı və bütün bu dərsliklər Azərbaycan Pedaqoji tarixinin əsası olaraq, ictimai fikrimizin formalaşmasında, dilimizin ərəb və fars tərkiblərindən təmizlənməsində mühüm rol oynamış oldu.

1906-cı ildə müəllimlərin qurultayından sonra məktəblərimiz üçün «Dəbistan», «Rəhbər» və «Məktəb» jurnalları nəşrə başladı. N. Nərimanovun S. M. Qənizadənin S. S. Axundovun, A. Şaiqin, A. Səhhətin, M. Mahmudəyovun yaxından köməkliyi ilə bu jurnallar dilimizin, mənəviyyatımızın inkişafı yolunda məşəl oldu. Şübhəsiz ki, bu jurnallarda uşaqların dərk edə biləcəyi və öyrənəcəyi çox maraqlı şeirlər, hekayələr və nağıllar çap olunurdu. «Uşaq və buz», «Keçi», «Gəl, gəl, a yaz günləri», «can gülüm, can, can», «Dovşan», «Durna», «Vətən» və başqa məşhur şeirlər bu dövrlərə təsadüf edir. A. Şaiqin, A. Səhhətin, Mahmudbəyovun uşaq şeir yaradıcılığında ən başlıca uğurları onda idi ki, onlar xalqın içərisində məşhur olan və ən çox sevilən mahnı ritmləri üzərində yazıb, yaradırdılar. Bununla onlar öz şeirlərini xalqın ruhuna yaxınlaşdırır və bununla da xalq öz içindən çıxan şeyi asan əzbərləyir və heç zaman da unutmurdu. A. Səhhət, A. Şaiq və Sabir də bu keyfiyyətlər fitri istedad olmaqla bərabər, həm də bir pedaqoji ustalıq idi.

Görkəmli şair Çukovski qeyd edirdi ki, uşaqlar ilk şeir təəssüratlarını anaların onlara beşik nəğmələri və başqa bu cür nəğmələr oxuduğu südəmər yaş dövründə alırlar.

 

Laylay dedim ucadan,

Ünüm çıxdı bacadan,

Tanrı səni saxlasın,

Çiçəkdən, qızılcadan,

Balam layla, ay layla,

Ünüm layla, a layla.

 

Bu şeirdəki ritm xalqın özünün təfəkküründən gəlir. Ona görə öyrənilməsi, su içmək qədər asandı. «Ç»səslərinin allerterasiyası şeirin bədii gücünü artırır, dil, nitq, təfəkkür məsələləri oxucu və dinləyici tərəfindən asan qavranılır.

Abbas Səhhət də «Quşlar» şeirində sanamalar, yəni təkərləmələr janrından istifadə edib:

 

Quşlar, quşlar, a quşlar…

Və yaxud A. Şaiqin «Dovşan» şeiri:

Dovşan, dovşan, a dovşan…

 

Görürsünüzmü, hər iki misra eyni mənbədəndir, yəni xalqın yaddaşındandır, sadəcə oyadılıb, dilə gətirilib. A. Şaiqin başqa bir şeirinə fikir verək:

 

Bülbül oxur yuvada,

Gan gülüm, can, can.

Qanad çalır havada

can gülüm, can, can.

 

Bu şeir həm sanamalara, həm də xalq havalarının intonasiyasına yükləndiyi üçün gözəldir və həmişə yaşardır.

«Dovşan», «Keçi» və «cücələrim» şeirlərində də sayaçı sözlərindən, təkrirlərdən, anofora və epifolardan məharətlə istifadə olunur.

 

cip-cip cücələrim

Tükü ipək cücələrim.

cücələr həm çağırılır, həm də sananır.

«Gəl, gəl a yaz günləri»

(Sanki uşaq əllərini yelləyir)

ilin əziz günləri,

dağda ərit qarları,

(əlini bu tərəfə əyir)

bağda ərit qarları

(indi də bu tərəfə əyir…)

 

Bu şeirin daxilindəki ritm xalq havasıdır. Ona görə də klassiklərimiz xalq poezyasına və təfəkkürünə fitri və ağıllı şəkildə söykənib.

Rəşid bəy Əfəndiyevin «Durna» şeirinə fikir verin:

 

Ay havada uçan durna,

bizi qoyub, qaçan durna.

Get, xoş gəldin, şəfa gəldin,

Gələcəksən, haçan durna?

Nə qədər axıcı, səlis və aydındır. Bu şeir uşaqlara ana dilini asanlıqla öyrədir. R. B Əfəndiyevin başqa bir şeiri:

 

Yaz gələndə yağar yağış,

Otlar uzanar bir qarış,

Qaranquş eylər sifariş:

Mən sizə qonaq gələcəm,

Olsun ki, sabah gələcəm.

 

Bu şeir:

 

Piyalələr irəfdədir,

Hər biri bir tərəfdədir,

Görməmişəm bir həftədir,

Yar bizə qonaq gələcək,

Olsun ki, sabah gələcək.

 

Bu misalları ona görə çəkirəm ki, bugünkü uşaq şeirimiz xalqdan xalqın melodiya və intonasiyasından uzaq düşüb.

Yenə də Çukovski yazır: «Çoxlu uğursuzluqlardan və tərəddüddən sonra mən belə qənaətə gəldim ki, bütün yazıçılar üçün istər zəif olsun, istərsə güclü yeganə kompas xalqın poeziyasıdır».

S. Ə. Şirvani, F. Köçərli, A. Səhhət, c. Məmmədquluzadə, M. Mahmudbəyov, R. Əfəndiyev, Hüseyn cavid, S. M. Qənizadə kimi sənətkarlarımız mənəvi dəyərlərə əsaslanan, xalqın poetik yaddaşına söykənən dilinə, nitqinə rahatlıq verən milli dərsliklərimizin əsasını qoyublar və təəssüflər olsun ki, bu milli mənəvi dəyərlər bolşevik süngülərinə taxıldı. Gözəl şairimiz M. Müşfiq ilk şeirlər kitabının adını məcburən «Pambıq» qoydu. Rusiyanın rəmzi olan qırmızı traktora şeirlər qoşuldu. Süni vətənpərvərik uşaqların dilinə, nitqinə zorla pərçim edildi. Elə pərçim edildi ki, oğlu general Qəzənfər Musabəyovun üzünə durub - sən, Vətən xainisən - dedi.

Bu gün üstümüzdən sovet ədəbiyyatı terminini götürmüşüksə, hələ də onun qalıqları ilə yaşamaqdayıq. Dünyada ən pis şey qalıqlarla yaşamaqdır.

 

Ardı var

 

Ələsgər Əlioğlu

 

Tikan

 

Cəfər əlinə

iynədən nazik

bir tikan aldı.

Tikan Cəfərin

Cəfər tikanın

əlində qaldı.

 

Konfet

 

Uşaqlara qoşulub

Natəvan gəldi bağa.

Konfetini itirib

Başladı ağlamağa.

 

Konfeti görüb, birdən

Natəvan büzdü dodaq.

Qarışqalar konfeti

Tapmışdı ondan qabaq.

 

Boş vedrə

 

Biz moruğu vedrəyə

Cəfər ağzına atdı.

Onun vedrəsi evə

Meşədən boş qayıtdı.

 

Yuvasını tapmadı

 

Siçanı görüb evdə

Tutmaq istədi məstan.

Yuvasını tapmadı,-

Çəkməyə girdi siçan.

 

Balalara sovqat

 

Bu günlərdə “Dirili Qurbani” ədəbi məclisinin təqdimatında kiçik yaşlı uşaqlar üçün “Balalara sovqat” almanaxı işıq üzü görüb. Kitaba klassik və müasir uşaq şairlərimizin əsərləri daxil edilib

 

 

Nəcəf Qəşəmzadə

 

Mərkəz.- 2010.- 11 iyun.- S.10.