YAP Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirib

 

Əli Əhmədov: «Heydər Əliyevin əzəmətli qayıdışının 17-ci ildönümü inkişaf, tərəqqi və yüksəlişlə müşayiət olunur»

 

Yeni Azərbaycan Partiyası (YAP) dünən «Hyatt Regency» otelində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş «Qurtuluş-17» adlı konfrans keçirib. Konfransda YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiya fəalları iştirak ediblər. Konfransı giriş sözü ilə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov açaraq ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi barədə fikirlərini bildirib. Milli Qurtuluş Gününün Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıdığını, xalq üçün böyük əhəmiyyətə malik bayram olduğunu vurğulayan Əli Əhmədov qeyd edib ki, həmin gündən - ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından 17 il ötür. Onun sözlərinə görə, bu hadisə Heydər Əliyev şəxsiyyətinin əzəmətinin və qüdrətinin təntənəsidir, eyni zamanda, Azərbaycan xalqının müdrikliyinin, siyasi kamilliyinin bilavasitə ifadəsidir. «Heydər Əliyevin 1993-cü ildə mürəkkəb və təhlükəli bir dövrdə xalqın səsini eşidərək hakimiyyətə gəlməsi Azərbaycanın gələcəyini böyük bəlalardan xilas edib. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıtması ilə Azərbaycanın müstəqil dövlətçilik tarixinin yeni mərhələsinin başlanmasını birmənalı şəkildə qeyd edə bilərik. Qurtuluş məfkurəsi qurtuluş fəlsəfəsi əslində mahiyyət etibarı ilə Azərbaycanın milli dövlətçilik praktikasının yeni mərhələdə ideoloji əsası kimi özünü biruzə verir», - deyə YAP sədrinin müavini vurğulayıb. Ə. Əhmədov qeyd edib ki, milli qurtuluş Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir. Onun sözlərinə görə, dövlətçilik ənənələrinin formalaşdırılması və milli dövlətçiliyin əsaslarının yaradılaraq möhkəmləndirilməsi ilkin olaraq qurtuluş məfkurəsinə istinad edirdi. Qurtuluş məfkurəsinin Azərbaycanın dövlətçilik həyatında, milli məfkurəsində oynadığı rol Azərbaycanın dövlətçilik təcrübəsinin bərpa edilməsi, dövlət quruculuğu istiqamətində səmərəli addımların atılması ilə əlaqədar idi. Ə.Əhmədov H.Əliyevin hakimiyyə gəlişindən sonra ölkədə əmin-amanlığın bərpa edildiyini bildirib. Əlavə edib ki, Heydər Əliyevin əzəmətli qayıdışının 17-ci ildönümü həyatımızın bütün sahələrində inkişaf, tərəqqi yüksəlişlə müşayiət olunur: «Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycan tənəzzül etməkdə olan bir ölkə kimi tanınırdısa, bu gün Azərbaycan dünyada ən yüksək sürətlə inkişaf edən iqtisadiyyata malik bir ölkə kimi qəbul olunur. Azərbaycan xalqı xoşbəxtdir ki, 17 il öncə Heydər Əliyevin möhtəşəm qayıdışı ilə əsası qoyulan inkişafın böyük mərhələsini keçərək yüksələn, müasirləşən, yeniləşən bir Azərbaycan kimi özünü tanıda bilib. Azərbaycanın müasir tarixinin ən əzəmətli hadisəsi Heydər Əliyevin qayıdışında özünü ehtiva edən qurtuluş məfkurəsi ilə əlaqədardır. Bunun nəticəsidir ki, hər bir Azərbaycan vətəndaşı Heydər Əliyevin şəxsiyyətinə, siyasətinə bütün zamanlarda ehtiram və hörmət nümayiş etdirir». Ə. Əhmədov 17 ildə Azərbaycanın çox böyük uğurlara imza atdığını, xalqda gələcəyə inam nikbin fikirlərin formalaşdığını qeyd edib: «Məhz onun xidmətləri nəticəsində sonrakı illərdə keçirilən seçkilər zamanı xalq Heydər Əliyevin siyasətini dəstəkləyib. Məhz qurtuluşdan başlanan inkişaf yolu bu gün də Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir».

Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Arif Rəhimzadə Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycanda mövcud siyasi, sosial-iqtisadi durum barədə geniş məlumat verib. O qeyd edib ki, həmin dövr hakimiyyət daxilində və ölkədə hər sahədə xaos, qarışıqlıq, qanunsuzluq hökm sürürdü: «Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə idi». A. Rəhimzadə deyib ki, xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə dəvət olunandan sonra ölkədə baş verə biləcək böyük bəlaların qarşısı alınıb: «Azərbaycanda dövlət çevrilişlərinin, separatizmin, terror aktlarının, torpaqların işğal edilməsinin qarşısı alındı. Bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib». A.Rəhimzadə ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən islahatlar, işlər barədəgeniş məlumat verib.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov isə konfransdakı çıxışında 90-cı illərin əvvəllərində Azərbaycandakı gərgin siyasi vəziyyətdən danışıb. O qeyd edib ki, Azərbaycanın qurtuluşunun əsası ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışı ilə qoyulub. O zaman Naxçıvanın düşdüyü ağır vəziyyətdən danışan E. İbrahimov bildirib ki, Heydər Əliyev Naxçıvanda hakimiyyətə gəlməsəydi, Naxçıvan Ermənistan tərəfindən işğal olunacaqdı. Azərbaycanın üçrəngli bayrağının da ilk dəfə məhz Naxçıvan Ali Məclisində Heydər Əliyevin rəhbərliyi ilə qaldırıldığını deyən millət vəkili qeyd edib ki, həmin dövrdə çoxları bu bayrağı tanımırdı. Onun sözlərinə görə, əgər qurtuluş günü olmasaydı yəqin ki, indi heç bir bayram qeyd olunmurdu: «Gərək bizim gənclər bilsinlər ki, 15 İyun - Milli Qurtuluş Gününə gedən yol necə baş verib. Bütün bunlar dərsliklərdə yüksək səviyyədə əksini tapmalıdır».

YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov çıxış edərək ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulduğunu vurğulayıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.

YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda bütün sahələrdə mərhələlərlə inkişafın başlandığını deyib. Nazir bildirib ki, ümummilli liderin hakimiyyətə gəlişi ilə ölkədə siyasi, iqtisadi stabillik yarandı və Azərbaycanın inkişaf dövrü başlandı: «Bu gün bizim əldə etdiyimiz uğurlar, nailiyyətlər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bağlıdır. Hər birimiz həyatımızdakı inkişafa görə Qurtuluş Gününə borcluyuq. Haqlı olaraq bu gün Azərbaycanın tarixində bayram kimi qeyd olunur».

 

 

Səxavət

 

Mərkəz.- 2010.- 13 iyun.- S. 5.