Uşaq ədəbiyyatının
problemlərinə nəzəri bir
baxış
Ancaq mən uşaq ədəbiyyatımızın bu
gününə və gələcəyinə böyük
ümidlə baxıram. Çünki bizim söykənməyə,
əsaslanmağa, öyrənməyə klassik uşaq ədəbiyyatımız,
ən başlıcası uşaq folklorumuz var.
Bundan əlavə, bizim görkəmli sənətkarlarımız
S. Vurğun, R. Rza, S. Rəhimov, M. İbrahimov, İ. Əfəndiyev,
M. Dilbazi, N. Rəfibəyli, M. Seyidzadə, Ə. Cəmil, M.
Rzaquluzadə, Ə. Məmmədxanlı, Ə. Əhmədova,
Ə. Cəfərzadə, İ. coşqun, Ə. Kərim, M. cəlal,
T. Bayram, H. Ziya, Ə. Qasımov, E. Baxış, İ. Məlikzadə
kimi görkəmli sənətkarlarımız elə bir
uşaq ədəbi irsi qoyub getmişlər ki, onların əsərlərinə
könül söykəməklə, folkloru bilməklə
uşaq ədəbiyyatımızın taleyini müəyyənləşdirmək
olar. Bu ədəbi nəsillə yanaşı, B. Vahabzadə,
Elçin, Anar, H. Abbaszadə, N. Xəzri, Q. İlkin, F.
Sadıq, A. Vəfalı, F. Qoca, İ. Tapdıq, N. Həsənzadə,
Ə. Əylisli, Qabil, V. Babanlı, X. Əlibəyli, M.
İsmayıl, M. Aslan, Z. Xəlil, Ə. Səmədli,
Ç. Əlioğlu, Qərib Mehdi kimi sənətkarlarımız
həyatlarının müxəlif məqamlarında dəyərli
uşaq əsərləri yaratmış və bu gün də
bəziləri mütəmadi olaraq uşaq ədəbiyyatı
ilə məşğuldurlar.
Müasir uşaq ədəbiyyatını 3 ədəbi
növ - uşaq şeiri, uşaq nəsri, uşaq ədəbi
tənqidi üzrə qruplaşdırmaq olar ki, burda da əsas
məsələ kəmiyyət deyil, başlıca meyar bədiilikdir.
Son illərdə yaranan uşaq əsərlərində
bəlkə də müharibə şəraitində
yaşadığımıza görə publisistika
üstünlük təşkil edir. Külli miqdarda şeirlər
var ki, təpədən- dırnağa publisistikadır,
özü də zəif publisistika.
Orta yaş nəslinə mənsub olan
Q. İsabəyli, Ə. Quluzadə, R. Yusifoğlu,
P. Qəlbinur, V. Bəhmənli, M. Alim, Ə.
Əlioğlu, A. Əlizadə, Ş. Xəlilli, Ə. Mədətoğlu,
Ə. Əsgəroğlu, M. Köhnəqala, A. Şirin, Ə. Ol, A. Səməd
onlardan bir az gənc olan S. Hüseynoğlu, S. Babullaoğlu,
S. Nuruqızı, A. Bunyadzadə, Nisə Bəyim, Ə. Salman, Ş. Sahibli, D. Sevgin, E. Atalı, F. Tahirli,
F. Balabəyli, M. Mirhəşimoğlu, Ş. Vəfadar,
Gülzar İbrahimova
son dövr çap olunmuş uşaq kitabları ilə və ya «Göyərçin», «Savalan»,
«Günəş», «Elli», “Bahar”,
“Yuva” jurnallarında, «Cik-cik»,
«Elin gücü», «Tumurcuq», “Tonqal”, “yaz çiçəkləri” və digər uşaq mətbuat orqanlarında, həmçinin,
«Ulduz» jurnalında, «Ədalət», «Yeni Azərbaycan» və «Kaspi»
qəzetlərində çap olunan şeirləri ilə ədəbi
ictimaiyyətin nəzər-diqqətini cəlb ediblər.
Tanınmış şair, Füzulişünas
alim Ayaz Vəfalı
həm böyüklər, həm də uşaqlar
üçün maraqlı şeirlər
müəllifidir. Uşaq
dünyasını dərindən duyan şair təkcə uşaqların iç dünyasını deyil,
həm də ata-anaların övladlara olan sonsuz sevgisini
çox səmimi şəkildə tərənnüm
edir.
Şair
qızlarına müraciətlə:
Nə qədər körpəsiniz,
Yazım, nə sözünüz
var.
Böyük qız olanda siz
Sonra yadımdan
çıxar.
Deyərək bütün
ataların hiss və duyğularını
məhəbbətlə qələmə alır.
İstedadlı şair
və naşir Qəşəm İsabəyli
son illərdə uşaqlar
üçün «Ay
külək, nə əsirsən?» yeni
şeirlər kitabını və «Ü» nağıl povestini təkrar nəşr etdirib.
Eyni zamanda, müəllif
«Ulduz» jurnalı və uşaq
mətbuat orqanlarında «Elnur Əkil və
onların başına gələnlər»
nağılını və uşaq həyatından
bəhs edən müxtəlif səpkili şeirləri balaca oxucuların ixtiyarına verib.
Sevindirici haldır ki, Qəşəm
İsabəyli bir naşir
kimi «Şirvannəşr» nəşriyyatında
silsilə uşaq ədəbiyyatı çap edərək, balaca
oxucuları sevindirib. «Çik-çik»
uşaq qəzeti də onun
rəhərliyi altında öz səhifələrində
körpə fidanlara hər ay geniş yer
ayırır.
Tədqiqatçı
alim, professor, gözəl
şair, uşaq ədəbiyyatının
yorulmaz təbliğatçısı Zahid Xəlil ötən illərdə həm televiziyada, həm pedoqoji fəaliyyətində
uşaq ədəbiyyatının ən
gözəl incilərini üzə çıxarıb.
2002-cı ildə «Dünyanın balaca
nağılları» kitabı çap olunub. Eyni zamanda,
Füzuli Əsgərli 2003-cü ildə Zahid Xəlilin yaradıcılığı ilə
bağlı yazdığı «Sənətkarın uşaq dünyası» kitabını çap etdirərək, sənətsevərlərin
ixtiyarına verib. Onu da deyim ki, Zahid
Xəlilin yaxından köməkliyi nəticəsində «Elmin gücü» adlı bir qəzet çıxır ki,
burada da orta məktəb müəllim və
şagirdlərinə metodiki kömək
vasitəsi kimi dünya
ədəbiyyatından seçmələr verilir.
«Göyərçin»
jurnalının baş redaktoru,
istedadlı şair və alim
Rafiq Yusifoğlu çox gərgin və məhsuldar
yaradıcılıq yolu keçib.
Ali və orta ixtisas məktəbləri üçün
uşaq ədəbiyyatı dərsliyi, uşaqlar və böyüklər üçün bir
neçə şeir və nəsr
kitabları nəşr etdirib. «Söz çəməni»
kitabında sait və samitlərə, nitq hissələrinə, cümlə üzvlərinə,
durğu işarələrinə,
«Günlərimiz, aylarımız» kitabında günlərə,
aylara yazdığı şeirlər ibtidai sinif şagirdlərinin
həm Azərbaycan dilinin
qrammatikasının, həm də əlamətdar gün və ayların öyrənilməsi
üçün ədəbi-bədii
vasitədir. «Sual» şeirində olduğu kimi:
Yorulmur, hey soruşur,
Deyingən bir
qarı tək.
Ona cavab verməyə
Sözlər tapasan,
gərək.
Sual işarəsinin
forması, daxili əlamət və keyfiyyətləri,
ədəbi-bədii lövhələrlə uşağa
çatdırılır. Uşağın idrak
və təfəkkürünü, mənimsəmə qabiliyyətini
surətləndirir. Əslində, bu cür əlamətlərlə tanıma və
qavrama uşaq
şeirlərinin mayası R. Rzadan gəlir.
Bu da təbii
haldır. R. Rzanın «Şanapipik»
şeirinə fikir verək:
Şanapipik, şanapipik
Alabəzək, qara
kiprik
Üstü-başı zolaq-zolaq
Balacaboy, nəzik ayaq.
Əlli yaşını yenicə
ötmüş istedadlı şair Ələmdar Quluzadə həm uşaqlar, həm də böyüklər üçün maraqlı şeirlər
yazır. Son dövrdə onun
«Göyərçin», «Günəş» jurnallarında orijinal uşaq şeirləri
dərc edilib. Ə. Quluzadə uşaq xarakterini, onun daxili
düşünclərini dərindən bilən şairdir. Onun
aşağıdakı şeirində maraqlı bir məqamı nəzərinizə
çatdırmaq istəyirəm.
Mağazaya gəldi
Gülər:
- Əmi, mənə
çörək ver,
Bir də dəftər.
- Buyur,
qızım.
- Bəs saqqızım?
- Saqqız üçün
Pul qalmadı.
- Əmi, deyən düz olmadı
qoy çörək
də,
qoy dəftər
də burda qalsın.
İndi elə hesabla ki,
Saqqız üçün
xırda qalsın.
Evlərinin yanındakı dükanlara gedən uşaqların həmişə
gözü xərclənən puldan geri qayıdan
xırdadadır. Bu təbii, poetik məqami şairin
alıcı gözləri göydə tutub.
Xalq
yazıçısı Elçin «Azərbaycan
uşaq ədəbiyyatı» məqaləsində
yazır: «Zaqreb Simpoziumunda
Rumun yazıçısı Tiberd Utaq bir
hadisə danışdı. Dostumun
qızı televiziya ilə göstərilən
olimpiya oyunlarına baxırdı. Gimnast Konsilyaçinin
çıxışından sonra qız
atasına dedi: «Ata, bu qız gözəl quş
ola bilərdi…» Elçin
elə oradaca haqlı olaraq
qeyd edir ki, məncə, bu gözəl
misaldır. Bu kiçik
və işıqlı bənzətmə bir
daha sübut edir ki, xüsusən «uşaq ədəbiyyatının estetik simasından çox
şey asılıdır».
Həmin uşağın təfəkkür
qanadları daim əşyalar üzərində
qanad çalır, nəfəs alır, dəyişir,
kiçilir, həm də böyüyür.
Qəşəm Nəcəfzadə
Mərkəz.- 2010.- 18 iyun.- S. 10.