Azərbaycanın müdafiə büdcəsi 13 dəfə artıb

 

Ermənistanın bir ildə hərbiyə xərclədiyini Azərbaycan iki ayda xərcləyir

 

Azərbaycanın 2010-cu il dövlət büdcəsinə edilən əlavədən sonra müdafiə məqsədilə ayrılan xərclər 2 milyard 150 milyon dollara çatıb. Ölkəmiz bu baxımından Cənubi Qafqazın digər iki respublikasını kəskin şəkildə üstələyərək qonşularını xeyli üstələyib. Hətta Azərbaycanın müdafiə xərcləri üçün nəzərdə tutduğu vəsait ilk dəfə olaraq Ermənistanın dövlət büdcəsinin gəlirlər hissəsini ötüb.

Bunu statistik məlumatlardan daha aydın görmək olar. 2010-cu ildə Ermənistanın dövlət büdcəsinin gəlirlər hissəsi 1,759 milyard dollar, xərclər hissəsi isə 2,305 milyard dollara bərabərdir. Bu ölkənin büdcə kəsri 475,8 milyon dollar təşkil edir. Ermənistanın hərbi xərcləri isə 347 milyon dollar planlaşdırılır.

Buradan görünür ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsinin xərclərinin 93,2 faizinə bərabər olsa da, işğalçı dövlətin büdcəsinin gəlirlər hissəsindən 22,5 faiz çoxdur. Azərbaycanın hərbi büdcəsi isə Ermənistanın hərbi büdcəsindən 6,2 dəfə böyükdür. Başqa şəkildə ifadə etsək, Azərbaycanın iki ay ərzində müdafiə məqsədilə xərcləyəcəyi vəsaiti Ermənistan bütöv il ərzində müdafiə hərbi məqsədləri üçün ayırır.

Azərbaycan müdafiə xərclərinin böyükluyünə görə Cənubi Qafqazın digər respublikası olan Gürcüstanı da xeyli qabaqlayıb. Gürcüstan 2010-cu ildə hərbiyə 519 milyon dollar xərcləməyi planlaşdırır. Bu Azərbaycanın eyni məqsədli xərclərindən 4 dəfə azdır.

Ümumiyyətlə, Azərbaycan Gürcüstan Ermənistanın müdafiə üçün ayırdığı cəmi vəsaitdən 2,5 dəfə çox vəsait ayırmağı nəzərdə tutub.

Azərbaycanın müdafiə xərclərinin artırılması son 7 ildə ardıcıl xarakter alıb. Müdafiə büdcəmiz bu dövrdə 13 dəfə artaraq 165 milyon dollardan 2150 milyon dollara çatıb.

İndi Azərbaycan müdafiə sahəsinə ayrılan vəsaitin böyükluyünə görə MDB ölkələri arasında yalnız Rusiya Ukraynadan geridə qalır. Rəsmi məlumatlara görə, Rusiya 2010-cu ildə müdafiə məqsədilə 42 milyard, Ukrayna isə 5,2 milyard ayırmağı planlaşdırır. Azərbaycan son illərdə müdafiə xərclərini ardıcıl artırmaqla Qazaxıstanı Özbəkistanı geridə qoyub. Adıçəkilən respublikalar bu il müdafiə üçün müvafiq olaraq 1152 milyon 1422 milyon xərcləyəcək. Digər iri MDB respublikalarından Belarusiya hərbiyə 926 milyon dollar, Türkmənistan 261 milyon dollar xərcləməyi düşünür.

Onu da bildirək ki, beynəlxalq təşkilatlar tez-tez Azərbaycanın münaqişə vəziyyətində olduğu Ermənistana nisbətən hərbiyə ayırdığı vəsaiti iri həcmdə artırmasından narahat olduğunu ifadə edir. Əslində Cənubi Qafqazda münaqişələrin qalması müdafiə üçün xərclənən vəsaitlərin artırılmasını zəruri edib. Amma unutmaq lazım deyil ki, Azərbaycanın hərbiyə ayırdığı vəsait digər iki respublika ilə müqayisədə müxtəlif sahələr üzrə nəzərdə tutulan vəsaitlərin azaldılması hesabına baş vermir. Azərbaycanda Ümumi Daxili Məhsulun istehsal həcminin dövlət büdcəsinin gəlirlər hissəsinin artması müvafiq olaraq müdafiə xərclərinin çoxaldılmasına da imkan yaradır.

Müqayisəli təhlil etdikdə aydın görünür ki, əslində Azərbaycan büdcə vəsaitlərini ayıran zaman daha ədalətli davranır. Belə ki, Ermənistanın 2010-cu il üçün ayıracağı vəsait ÜDM-nin 4,07 faizinə, Gürcüstanın ayıracağı vəsait isə 4,56 faizinə bərabər olacaq. Amma Azərbaycan proqnozlaşdırılan ÜDM istehsalının 3,95 faizi qədər müdafiə üçün pul ayırmağı planlaşdırır.

 

 

Vasif Cəfərov

 

Mərkəz.- 2010.- 26 iyun.- S. 3.