Supermahnı, superklip…
Mübariz Tağıyev: «Yaxşı olardı ki,
mahnıda estrada ladı hiss olunsun, milli ruhun hiss olunması
çox vacibdir»
Eldar Quliyev: «Əla, çox gözəl mahnı və
gözəl də klipdir»
Azərbaycanı
"Eurovision-2010" mahnı müsabiqəsində təmsil
edəcək Səfurə Əlizadənin ifa etdiyi "Drip
drop" mahnısına çəkilən klipin təqdimatı
keçirilib.
Klip
ilk dəfə olaraq İctimai Televiziyada (İTV) göstərilib.
Klip
artıq İTV-nin rəsmi internet saytında
da yerləşdirilib.
Ukraynada çəkilişləri
aparılan bu klipdə dünyanın ən tanınmış mütəxəssisləri iştirak
edib. "Drip drop" mahnısının
müəllifləri isveçli
Anders Bagge, Stefan Örn
və Sandra Bjurmandır.
Tanınmış prodüser
Niklas Flikt isə bu mahnını
aranjeman edib və mahnının prodüseridir. Klipin rejissoru Rubert Ueynaryt, Səfurə Əlizadənin xoreoqrafı
JaGuel Nayt, stilisti və obrazı üzərində
işləyən isə
Tanya cilldir. Hər üç peşəkar S.Əlizadənin klip çəkilişi və
hazırlığı üçün
İTV, "Euromedia" və
"Luxen Group of companies" tərəfindən dəvət
olunublar. Klipin çəkilişi ümumilikdə
37 saat davam edib. Klip mahnının
adından da məlum olduğu kimi su damcısının
göstərişi ilə
başlayır. Klipin süjeti qarşılıqsız
sevgi üzərində
qurulub. Bütün xoreoqrafiya nömrəsində
də bu amil əsas götürülüb. Burada
həm modern, həm də urban üslubda rəqslərə üstünlük
verilib. Klipdə Səfurə Əlizadəni
ukraynalı rəqqaslar
müşayiət edib.
Təmsilçimiz iki
geyimdən istifadə
edib. Təqdim olunan klipi mütəxəssislər
də yüksək qiymətləndirib, onun beynəlxalq standartlara uyğun çəkildiyini
qeyd ediblər. Klipin yaxın müddətdə bir sıra ölkələrin
telekanallarında da nümayişi nəzərdə
tutulur. Qeyd edək ki, Azərbaycanın
təmsilçisi Səfurə
Əlizadə "Eurovision-2010" mahnı müsabiqəsinin
mayın 27-də keçiriləcək
II yarımfinalında çıxış
edəcək. Xeyirli-uğurlu
olsun, amma gəlin görək mahnı və klip peşəkarlarımızın
zövqünü oxşayıbmı?
Yaxşı olardı
ki…
Xalq artisti Mübariz Tağıyev klipi izləməsə də, mahnını eşitdiyini söylədi.
Müğənni mahnıda
estrada ladlarının
olmamasından təəssüfləndi,
amma: «Yaxşı olardı ki, mahnıda estrada ladı hiss olunsun, çünki mötəbər
bir yarışmada milli ruhun hiss olunması çox vacibdir. Onsuz da avropalıları Avropa musiqisi ilə təəccübləndirmək
mümkünsüzdür. Ancaq
mahnıda bu ladları görmədik, çox heyif. Axı heç bizimkilər, şəxsən
mənim özüm o
mahnı seçimində
olmadığımdan bu
barədə danışmağımız
da yersizdir. İş-işdən keçib,
amma bizə qalır Səfurəni dəstəkləmək».
Xalq artisti bir şeyə də təəssüfləndiyini
söylədi. Dediyinə
görə, Səfurədə
milli boğazların olmasından da istifadə edilməyib.
Buna görə də
bəzi məqamlarda heç o qızı da qınamağa dəyməz; nə veriblər, onu da oxuyur. Amma
bütün bunlara rəğmən, Mübariz
Tağıyev mahnının
beynəlxalq müsabiqədə
uğur qazanacağına
ümid edir: «Vallah, indi zəmanə
dəyişib, cavanlar
yaşlı müğənnilərin
oxuduqlarını bəyənmir,
adımızı «köhnəlmişlər»
qoyublar. Buna görə
də Avropa mahnılarını dinləyib,
qiymətləndirirlər. Səfurəyə
gəlincə də öz yetirməmizdir, mən ondan yalnız uğurlar gözləyirəm. O, öz
performansı ilə müsabiqədə qələbəni
təmin edəcək,
Azərbaycanın adını
ucaldacaq, bizə də elə bu lazımdır».
Mükəmməl…
Mübariz Tağıyevdən
fərqli olaraq bəstəkar Vüqar camalzadə mahnını da bəyəndiyini deyir, klipi də.
Onun fikrincə, dünya arenasına çıxmaq üçün
heç də milli estrada ladlarından
istifadə etməyə
ehtiyac yoxdur:
«Eurovision» Avropa musiqi yarışmasıdır, burda
da Səfurənin oxuduğu mahnı yüksək uğur qazana bilər. Çünki avropalıların
zövqünə, tələbinə
cavab verə biləcək mahnıdır.
Klipə də baxdım, super. Avropa dinləyicilərinin qəbul
edəcəyi bir klipdir. Sağ olsunlar, mükəmməl
səviyyədə çəkiblər.
İnanıram ki, Səfurənin ifası, səsi və ümumilikdə xarici görünüşü bizə
qələbəni qazandıracaq».
Vüqar camalzadə
onu da əlavə
etdi ki, növbəti iştirakımızda
«Eurovision» mütləq Azərbaycana
gətiriləcək.
Gözəl səs,
gözəl qız
Bəstəkar, xalq
artisti Eldar Mansurov da mahnı
və kliplə bağlı yalnız xoş sözlər söylədi. Əvvəlki
açıqlamalarında milli
ladların vacib olduğunu önə çəkən bəstəkar
nədənsə, bu mövzunu təzələmədi.
Səfurənin ifasında
eşitdiyi mahnının
və çəkilən
klipin Azərbaycana uğur gətirəcəyini
proqnozlaşdırdı: «Əla,
çox gözəl mahnı və gözəl də klipdir. Durub bu mahnıda milli ruh axtarmağa
dəyməz. Avropaya elə avropasayağı mahnıyla getməliyik əslində. Ona görə ki, onların zövqünü
oxşaya bilək. Səfurə də maşallah, gözəl müğənni olduğu
kimi gözəl, cazibədar qızdır, bu da təbii
ki, tamaşaçı
simpatiyası baxımından
ona uğur qazandıracaq. Səsi də ürəyə toxunandır. Gəlin, hamılıqla ona dəstək olaq, çünki Azərbaycan
adına xidmət edir». E.Mansurov Səfurənin ifası nəticəsində Azərbaycanın
öncül sıralardan
birini tutacağına
da əmindir.
Mərkəz.- 2010.- 1 may.- S. 11.