Heydər Əliyev və musiqimiz

 

Ramiz Quliyev: ««Orta mahur»u musiqi diliylə elə təsvir etdi ki, çaş-baş qaldım»

 

Oqtay Zülfüqarov: «Fikrət Əmirov, Qara Qarayev Tofiq Quliyevin müalicəsi üçün o insan nələr eləmədi»

 

Dahilər 100 ildən bir doğulur. Nə xoşbəxt bizlərə ki, Tanrı bu lütfünü xalq olaraq Azərbaycandan da əsirgəmədi. İsmi tarixə əbədi həkk olunan bir dahini bizlər üçün xəlq etdi. Və yenə də nə xoşbəxt bizlərə ki, böyük öndər, əbədiyaşar şəxsiyyət, fenomen insan, ümummilli lider Heydər Əliyev kimi bir dühanın müasiri olmaq şərəfi nəsibimiz oldu. Heydər Əliyev həm xalqın, həm də musiqi, teatr, kino, ümumilikdə mədəniyyətimizin hamisi idi. 87 yaşını sevə-sevə qeyd etdiyimiz belə bir ərəfədə böyük öndərin mədəniyyətimizdəki xidmətlərini xatırlayacağıq… İlk olaraq «Heydər Əliyev və musiqimiz» mövsuzunda danışacağıq. Özü bu sahənin biliciləri ilə birgə…

 

«Onda fenomen musiqi duyumu vardı…»

 

Xalq artisti, ustad tarzən, professor Ramiz Quliyev müasir Azərbaycan dövlətçiliyinin əhatəli inkişafında, o cümlədən , musiqimizdə Heydər Əliyevin danılmaz rolunu qeyd etdi: «Heydər Əliyev dühasının gücü bir onda idi ki, o fenomen şəxsiyyətin gördüyü işlər dünya siyasətçiləri tərəfindən yüksək qiymətləndirilirdi. Mən fikir vermişəm, Azərbacanda ona qədər heç bir rəhbər musiqimizə, mədəniyyətimizə onun qədər diqqət yetirməyib. Bu baxımdan mədəniyyətimiz ona borcludur». Böyük öndərin Azərbaycan musiqiçilərinə göstərdiyi qayğıdan ağızdolusu danışan xalq artisti Heydər Əliyevi mədəniyyətin hamisi kimi qiymətləndirdi: «Heç yadımdan çıxmaz, 1970-ci illər idi, respublika sarayı yenicə istifadəyə verilmişdi. Onda mən sarayda bir «Orta mahur» ifa etdim. Konsertdən sonra onun adəti vardı, gəlib bircə-bircə musiqiçilərlə söhbətləşir, onları təbrik edirdi. Gəldi məni təbrik etdi. Böyük öndər orda «Orta mahur»u musiqi diliylə elə təsvir etdi ki, mən çaş-baş qaldım. Deyərdin, musiqiçi odur, mən yox. O, belə bir şəxsiyyət idi onda fenomen musiqi duyumu vardı».

 

«Onun çörəyini yeyirəm…»

 

«Hələ indiyə qədər onun çörəyini yeyirəm», - deyən xalq artisti, bəstəkar Oqtay Zülfüqarov böyük şəxsiyyət Heydər Əliyevin Azərbaycan musiqisi musiqiçilərinin həyatında əvəzolunmaz xidmətlərini sadaladı: «Heydər Əliyev musiqiçilərimizə o qədər dəstək olub ki, sadalamaqla qurtarmaz. Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyevin müalicəsi üçün o insan nələr eləmədi. Xaricdə müalicələrini təşkil etdi, onlara maddi dəstək oldu. Adlarını çəkdiyim o böyük bəstəkarlara Heydər Əliyev tərəfindən xüsusi təqaüdlər ayrılmışdı. Digər mədəniyyət adamlarına olunan köməkliyi unutmaq olmaz. O, belə bir şəxsiyyət idi». Oqtay Zülfüqarovun dediyinə görə, Heydər Əliyev Azərbaycanda bütün əsərlərin premyerasında iştirak edib. Hər premyeradan sonra isə kiçikliyindən-böyüklüyündən asılı olmayaraq hər bir musiqiçini bağrına basaraq təbrik edib: «Mənim yadımdadır ki, o vaxtlar hər həftənin 5-ci günü filarmoniyada simfonik konsertlər təşkil olunurdu, bu, məhz Heydər Əliyevin təşəbbüsü idi. O, özü həmin konsertlərdə iştirak edirdi bütün məmurları məcbur edirdi ki, o konsertlərə gəlsinlər. Heydər Əliyev ensiklopedik bir şəxsiyyət idi; bu adam musiqidən danışanda elə bilirdin peşəkar musiqiçidir, ədəbiyyatdan danışanda elə bilirdin ədəbiyyatçıdır».

Bəstəkar onu da xatırlayır ki, Heydər Əliyev onlarla bərabər, tez-tez təşviqat qatarları ilə rayonlara səfər edib. Hər səfərdən qayıdandan sonra isə bəstəkarlara gözəl mahnılar yazmağı tövsiyə edib: «İsmayıllı rayonundan təşviqat qatarı ilə qayıdandan sonra Heydər Əliyev Tofiq Quliyevin «Üzüyümün qaşı füruzədəndir», «Yalqızam, yalqız» mahnısını elə oxudu ki, müğənnilər məəttəl qaldılar. bizə dedi ki, zəhmətkeşlərin şərəfinə belə gözəl mahnılar yazmalısınız». Bəstəkarın böyük öndərlə bağlı xatirələri bitib-tükənməzdir. Elə bu məhəbbətin qarşılığı olaraq Heydər Əliyev haqqında mahnılar da yazıb. «Ulu Heydər yoluyla» adlı yeni mahnısı isə dahi şəxsiyyətin 87 yaşına hədiyyədir.

 

Musiqi bilicisi idi

 

Xalq artisti, musiqişünas Ramiz Zöhrabov Heydər Əliyevin Azərbaycan musiqisinə göstərdiyi xidmətlərin saysız-hesabsız olduğunu söylədi: «Mədəniyyətimizin, incəsənətimizin adı Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan musiqisinin təkcə ölkəmizdə deyil, dünya səviyyəsində tanınması, təbliği böyük öndərin xidmətləri sayəsində baş tutub. O, təkcə musiqinin hamisi deyildi, həm musiqi bilicisi idi».

R. Zöhrabov Azərbaycan opera sənətində böyük əsərlərin yazılmasında, bir-birindən əzəmətli simfonik musiqilərin ərsəyə gəlməsində məhz Heydər Əliyevə borclu olduğumuzu deyir: « gözəl ki, Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyev onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu gün mədəniyyətimizə hamiliyi davam etdirirlər, həm böyük öndərin ideyalarının təbliğatçısıdırlar».

 

 

Mərkəz.- 2010.- 6 may.- S. 11.