Ümummilli lider Xızıda
anıldı
Gülər Əhmədova: «Heydər Əliyev
ötən əsrin 90-cı illərində Azərbaycana
qayıtmasaydı, xalqa rəhbərlik etməsəydi, bu
gün Azərbaycanı parçalanmış bir vəziyyətdə
görə bilərdik»
Mayın
10-u Azərbaycanın ümummilli lideri Heydər Əliyevin
doğum günüdür. Bu əlamətdar tarixlə əlaqədar
olaraq ölkəmizin müxtəlif bölgələrində
anım mərasimləri keçirilir. Belə tədbirlərdən
biri də mayın 6-da Xızı rayonunda keçirildi.
Xızı Rayon İcra Hakimyyəti və Beynəlxalq Diaspor
Mərkəzinin (BDM) birgə təşkilatçılığı
ilə baş tutan mərasimdə rayon ictimaiyyəti ilə
yanaşı, ölkə ictimaiyyətinin tanınmış
nümayəndələri, millət vəkili Gülər Əhmədova,
qeyri-hökumət təşkilatlarının təmsilçiləri,
Azərbaycandakı milli azlıqların, o cümlədən
Ukrayna, rus, tatar cəmiyyətlərinin nümayəndələri,
Türkiyənin Azərbaycandakı səfirliyinin məsul
şəxsləri iştirak edirdi.
Öncə
rayon ictimaiyyətinin nümayəndələri, rayonun rəhbər
strukturlarının təmsilçiləri, mərasimdə
iştirak etmək üçün rayona gələn şəxslər
Heydər Əliyevin Xızı şəhərinin mərkəzi
parkında ucaldılan abidəsini ziyarət etdilər.
Ziyarətdən sonra Qala abidəsinin
qarşısında tədbir başlandı. Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin başçısı Vaqif
Abdullayev qeyd etdi ki, Xızı tarixən
beynəlmiləlçi rayon kimi tanınıb. İcra
başçısı bildirdi
ki, rayon ərazisində milli azlıqların nümayəndələri bu
gün də
yaşayır. Onun fikrincə, tədbirdə
milli azlıqların təmsilçilərinin iştirakı rayona çox böyük hörmət, həmçinin Heydər
Əliyevə olan sədaqətin
göstəricisidir.
V.Abdullayev Xızının
sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması üçün
Heydər Əliyevin və
onun siyasətini davam etdirən prezident İlham Əliyevin hakimiyyəti
dövründə çox böyük işlər görüldüyünü dedi.
Onun sözlərinə görə, son illərdə görülən işlər nəticəsində
rayona qayıdan xızılıların sayı artıb.
Sonra
Beynəlxalq Diaspor Mərkəzinin Məşvərət
Şurasının sədri, millət vəkili Gülər Əhmədova
çıxış etdi. Millət vəkili
çıxışının əvvəlində
ümummilli liderin ad günü ilə bağlı xüsusi mərasimin
keçirilmə səbəblərinə aydınlıq gətirdi:
«Bu gün müstəqil, suveren ölkədə
yaşayırıqsa, biz Heydər Əliyevə borcluyuq. Görülən
işlər nəticəsində Azərbaycan hazırda cənubi
Qafqazın ən güclü dövlətidir, ən
güclü iqtisadiyyata və orduya sahib olan ölkəsidir. Azərbaycan
yaxın zamanlarda Yaxın Şərqin ən gözəl
ölkələrindən birinə çevriləcək. Buna
görə də hər bir dövlət qulluqçusu, vətəndaş,
yetişən gənc nəsil Heydər Əliyevin doğum
gününü qeyd etməlidir. Hər zaman fəaliyyətimizlə
onun nəsihətlərini həyata keçirməyə
çalışmalıyıq».
G.Əhmədova
qeyd etdi ki, hər bir azərbaycanlının ürəyində
Heydər Əliyevə xüsusi bir minnətdarlıq hissi var:
«Hər kəs gözəl bilir ki, Heydər Əliyev ötən
əsrin 90-cı illərində Azərbaycana
qayıtmasaydı, xalqa rəhbərlik etməsəydi, bu
gün Azərbaycanı parçalanmış bir vəziyyətdə
görə bilərdik. Heydər Əliyevin apardığı
uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan regionun ən
güclü dövlətidir. Baxmayaraq ki, bizim Qarabağ boyda dərdimiz
var, uzun illərdir ki, bu problemlə üz-üzəyik, amma
biz hər zaman bu problemin qarşısında durmağa
özümüzdə güc və qüvvət
tapmışıq. Hamı prezident İlham Əliyevin
çıxışlarını izləyir. Çox
böyük əminliklə deyə bilərəm ki,
Qarabağla bağlı atılan bütün addımlar
çox yaxın zamanda veriləcək konkret qərarlara
bağlıdır».
G.Əhmədova
Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi
kursun bu gün prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini söylədi: «Keçmiş sovet
respublikaları ilə müqayisədə Azərbaycanda siyasi
və iqtisadi sabitliyin qorunub saxlanılması, balanslı siyasətin
həyata keçirilməsi imkan verdi ki, biz
Gürcüstanın vəziyyətinə düşməyək.
Əvvəllər çox insan balanslı siyasət dedikdə
nəyin nəzərdə tutulduğunu tam dərk edə
bilmirdi. Amma bir il bundan öncə Gürcüstanda baş verən
hadisələrdən sonra Azərbaycan prezidentinin Heydər Əliyev
siyasi kursunu nə qədər uğurlu davam etdirməsinin
şahidi olduq. Son prezident seçkisində insanların
İlham Əliyevə olan səmimi münasibətini, dəstəyini
də gördük. Mən bələdiyyə seçkilərində,
referendumda Xızı rayonunda olmuşam və dəqiq bilirəm
ki, xızılılar hər zaman Heydər Əliyev siyasətini
dəstəkləyib, İlham Əliyev siyasətinin
arxasınca gedirlər».
G.Əhmədova
Xızıda xüsusi anım mərasiminin keçirilməsinin
təsadüfi olmadığını da dedi. O bildirdi ki,
Xızı Azərbaycanın ən çox gözəlləşən,
inkişaf edən rayonlarından biridir: «Son illərdə
Xızıda, nəinki abadlaşma, eyni zamanda, sənaye obyektlərinin
tikilməsi, insanların iş yerləri ilə təmin
olunması məsələsi də ön plana çəkilir.
Bu uğurlu sosial və iqtisadi siyasətin təməlini qoyan
məhz Heydər Əliyev olub. Heydər Əliyev siyasətini
uğurla davam etdirən prezident İlham Əliyevin regionlarda
apardığı quruculuq işləri, əhalinin sosial təminatının
yaxşılaşdırılması məsələsi
Xızı da öz yerini tapır. Dövlət
başçısı tərəfindən olan qayğı,
xüsusilə də yaşlı insanlara olan diqqət, əlillərlə
bağlı prezident tərəfindən verilən sərəncamlar,
Qarabağ əlillərinə olan qayğının
artırılması xızılılar üçün də
ən önəmli məsələlərdəndir».
Beynəlxalq
Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev isə
BDM-in ardıcıl olaraq üçüncü ildir ki,
Xızı rayonunda Heydər Əliyevin doğum
gününü qeyd etdiyini bildirdi. O söylədi ki, budəfəki
tədbirdə BDM-in Avropa təmsilçiliyinin nümayəndəsi,
həmçinin Rusiya nümayəndəliyinin rəhbəri də
iştirak edir. İ.Ağayev bildirdi ki, məhz Heydər Əliyevin
hakimiyyəti dövründə ilk dəfə olaraq
dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılara
diqqət artırılıb, diaspor təşkilatları
gücləndirilib: «Dünyada 50 milyondan artıq azərbaycanlı
var və biz hamımız Heydər Əliyevin vaxtilə dediyi
«Mən fəxr edirəm ki, hamımızın bir vətəni
var o, da Azərbaycandır» devizini rəhbər
tutmalıyıq, onu yaşatmalıyıq».
Türkiyənin
Azərbaycandakı səfirliyinin müşaviri İsmayıl
Çalışqan da Heydər Əliyevlə bağlı
düşüncələrini açıqladı.
Onun
sözlərinə görə, Azərbaycan Heydər Əliyevin
bir neçə il öncə müəyyənləşdirdiyi
siyasi yolu davam etdirməklə ciddi nailiyyətlər əldə
edə bilib: «Heydər Əliyevin Azərbaycanda hansı
işlər gördüyünü çox yaxından izlədik.
Onun fikirləri ilə hərəkət edən Azərbaycan
bu gün çox sürətlə inkişaf edir. Dünyada
Azərbaycanın hər sahədə getdikcə yüksəlməsinin
şahidi oluruq.
Bütün
dünya bilir ki, Azərbaycan və Türkiyənin dünyada
baş verən hadisələrə münasibəti eynidir. Bu
iki qardaş ölkə arasında olan münasibətlərə
xələl gətirməyin mümkün
olmadığını da başa düşürlər. Heydər
Əliyevin vaxtilə söylədiyi «bir millət iki dövlət»
həqiqəti bundan sonra da davam edəcək».
«Diasporun
səsi» jurnalının baş redaktoru, professor Vaqif
Arzumanlı isə bildirdi ki, bu əlamətdar hadisə Azərbaycanın
hər bir rayonunda qeyd olunur. Onun fikrincə, bu münasibəti
Heydər Əliyev öz fəaliyyəti və dünyaya Azərbaycanı
tanıtmağı ilə qazanıb. Siyasətdə
uzaqgörənliyin çox vacib keyfiyyət olduğunu deyən
alim bildirdi ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində
Azərbaycan təhlükələrdən qaçaraq
güclü dövlətə çevrildi: «İndi Azərbaycan
müharibəyə hazır, güclü ordusu olan dövlətdir.
Heydər Əliyevin vəsiyyətləri nəticəsində
Azərbaycana rəhbərlik edən İlham Əliyevin yenə
də uzaqgörən, ağıllı siyasəti nəticəsində
bu gün ən güclü düşmənə belə cavab
verməyə hazırıq».
Milli
QHT Forumunun sədri Rauf Zeyni də Heydər Əliyevin
doğum gününü Azərbaycanın taleyində
çox önəmli günlərdən biri kimi qiymətləndirdi.
O əmindir ki, Heydər Əliyevin başlatdığı,
prezident İlham Əliyevin isə davam etdirdiyi siyasət nəticəsində
Qarabağ problemi həllini tapacaq: «Bu məqsədlə ordu
gücləndirilir, iqtisadiyyat inkişaf etdirilir».
«Olaylar»
İnformasiya Agentliyinin və eyniadlı qəzetin təsisçisi,
yazıçı Yunus Oğuz Heydər Əliyevi
güclü dövlət adamları ilə müqayisə
etdi: «Almaniyanın kansleri Otto Bismark, Fransanın prezidenti
Şarl de Qol, Türkiyənin prezidenti Atatürk öz ölkələri
üçün hansı işləri görüblərsə,
Heydər Əliyev də Azərbaycan üçün onu edib.
Adını sadaladığım insanların hamısı
ölkələrini parçalanmaqdan xilas ediblər, qoruyublar,
birləşdiriblər, müharibələrdən xilas ediblər.
Bu ölkələr indi dünyanın ən güclü
ölkələrindəndir. Azərbaycan isə qısa
müddətdə Qafqazın ən güclü dövlətinə
çevrildi».
Tədbir daha sonra musiqili hissə ilə davam etdirildi. Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyasının Xızı
rayon təşkilatının sıralarına daxil olan 4 nəfər gəncə partiyanın üzvlük vəsiqəsi
təqdim edildi.
Vasif Cəfərov
Mərkəz.- 2010.- 8 may.- S. 4.