Muzeylərimizin günü

 

YUNESKO-nun təşəbbüsü ilə 1978-ci ildən bəri 18 may dünyada, o cümlədən də Azərbaycanda Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bu günlə əlaqədar olaraq muzeylərimizlə əlaqə saxlayıb hazırkı durumu, gələcək planları, üzləşdikləri ən vacib problemləri öyrənməyə çalışmışıq.

 

Əsas problem deyil, onun həllidir

 

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktor müavini Sədaqət Hüseynova bayram ərəfəsində yalnız xoş hadisələrdən danışdı. Muzeyin 70 illik yubileyinə hazırlaşdıqlarını deyən direktor müavini bu xoş olayla bağlı prezidentin sərəncamını da xatırlatdı: «Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin bu il 70 yaşı tamam olur. Bu qocaman mədəniyyət ocağının yubileyinin keçirilməsi ilə bağlı ölkə prezidenti 16 mart 2010-cu il tarixdə sərəncam imzalayıb. Elə həmin vaxtdan indiyə qədər bayrama hazırlıq işləri görürür. Silsilə tədbirlərin keçirilməsini planlaşdırmışıq. Burda yeni ekspozisiyaların təşkilindən tutmuş görüşlər, mərasimlərə qədər hər şey var. Buna görə də bayram günündə yalnız xoş işlərdən danışmaq istəyirik». Problemlərə gəlincə, direktor müavini prezidentin imzaladığı 22 may 2009-cu il tarixli «Azərbaycanda muzeylərin inkişafına dair» tədbirlər proqramını yada saldı. Qeyd etdi ki, problemlərin olması əsas deyil, əsas problemlərin çözümü istiqamətində dövlət səviyyəsində görülən işlərdir.

 

İstərdim..

 

Niyazinin Ev Muzeyinin baş elmi işçisi Əzirə Ələkbərova bayram günündə problemlərdən deyil, arzularından danışdı: «Çox istərdim ki, Azərbaycanda fəaliyyət göstərən muzeylərin hamısı dünya səviyyəsində təbliğ olunsun. Bu gün müqayisədə biz bir qədər gerdə qalırıq. Amma ümid edirəm ki, dövlət tərəfindən göstərilən yüksək qayğı və diqqətin sayəsində biz bu sahədə liderliyi ələ alacağıq. Səsimiz dünyadan gələcək».

 

İşlər görülür...

 

Mədəniyyət və Turizm Nazirliyi Muzey İşi Sektorunun müdiri Azadə Hüseynova xoş gündə problemlərdən danışıb, bayram əhval-ruhiyyəsini korlamaq istəmədiyini dedi. Buna görə də, sektor müdiri Azərbaycanda fəaliyyət göstərən muzeylərin inkişafı ilə bağlı dövlət tərəfindən göstərilən qayğı və diqqətdən danışdı. Azərbaycanda təxminən 250-yə yaxın muzeyin eləcə də əlavə şəxsi kolleksiyaların olduğunu deyən A.Hüseynova onların hər birinə dövlət dəstəyi olduğunu xatırlatdı: «Prezidentin 22 may 2009-cu il tarixli qərarı ilə «Azərbaycanda muzeylərin inkişafına dair» tədbirlər proqramı qəbul edilib. Həmin proqramda istər paytaxt, istərsə də bölgələrdə fəaliyyət göstərən muzeylərin problemlərinin həlli nəzərdə tutulub. Proqrama fəaliyyətlərini yaxşılaşdırmaq üçün maliyyə vəsaitinin ayrılması, əsaslı təmir işlərinin aparılması, ekspozisiyaların yaradılması və digər işlər daxildir. Bu istiqamətdə işlər aparılır və davam edir».

Sektor müdiri görülən işlərdən də danışdı. Qeyd etdi ki, son dörd il ərzində Mədəniyyət və Turizm Nazirliyinin nəzarəti altında 21 muzeydə bədii-tərtibat işləri aparılıb. Dövlət İncəsənət Muzeyinin bir binasında əsaslı təmir işləri aparılıb, Dövlət Xalça Muzeyi və Dövlət Musiqi Mədədəniyyət Muzeyi üçün yeni binalar tikilir, digər muzeylərin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə 7 sərəncam imzalanıb və s.

Belə…Beynəlxalq Muzeylər günündə biz də çox arzulayardıq ki, muzey sistemimiz mükəmməl və yüksək səviyyədə olsun.

Fransa Luvr, Sankt-Peterburq Ermitajı ilə necə öyünürsə, biz də muzeylərimizlə eləcə öyünüb qürur duyaq.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2010.- 18 may.- S. 11.