Bu gün
Respublika Günüdür
Bu
gün Azərbaycan tarixinin ən əziz və ən şərəfli
günlərindən biridir. 1918-ci ilin məhz bu günü
müsəlman Şərqində ilk demokratik respublikanın -
Azərbaycan Demokratik Respublikasının (ADR)
yaradıldığı bütün dünyaya rəsmən
elan edildi. Azərbaycan xalqı və dövlətçiliyi
qarşısında misilsiz xidmətlərə imza atan ADR
mürəkkəb siyasi-hərbi vəziyyətdə
qurulmuş milli, dünyəvi respublika idi.
1917-ci ilin fevralında Rusiya imperiyasında baş
verən inqilab nəticəsində
Romanovlar sülaləsinin
300 illik hakimiyyətinə
son qoyuldu. Ölkədə çarizmin
məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı
başlandı. Xalqlar öz
müqəddəratlarını özləri
həll etməli oldular. Bu
imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın
milli qayəli, milli təfəkkürlü
övladları ADR-i elan
etdilər. Həmin gün axşam
Azərbaycan Milli Şurasının Tiflisdə
keçirilən ilk iclasında
İstiqlal Bəyannaməsi qəbul edildi. Bəyannamədə
Azərbaycanın şimal
torpaqlarında ADR-in
yaradıldığı elan edildi. Bu tarixi sənədə
görə Azərbaycan qonşu
xalqlar və dövlətlərlə
dostluq münasibəti
quracaqdı. Bəyannamədə qeyd olunurdu ki, ADR millət, məzhəb,
sinif və cins fərqi görmür və bütün vətəndaşların
siyasi hüquqlarını
təmin etməlidir. Milli
Şuranın iclasına
Məhəmməd Əmin Rəsulzadə rəhbərlik edib. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı
isə Fətəli Xan
Xoylu seçilib. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb.
Həmin dövrdə Bakı şəhəri Stepan
Şaumyanın başçılığı
altında bolşevik-daşnak silahlı dəstələrinin
nəzarətində olduğu üçün, Azərbaycan hökuməti
müvəqqəti olaraq Gəncə
şəhərində yerləşmişdi.
Yalnız 1918-ci ilin sentyabrında baş verən
ağır döyüşlərdən sonra,
milli ordunun və Nuru Paşanın başçılıq etdiyi
Qafqaz-Türk İslam
Ordusunun hissələri
Bakını bolşevik,
erməni-daşnak və
ingilis hərbi dəstələrindən azad
etdi. Bundan sonra müstəqil
Azərbaycan hökuməti Bakıya köçdü. ADR-in ərazisi İrəvan şəhəri və
quberniya əraziləri
güzəştə gedildikdən sonra 99,86 min km təşkil edirdi. 13,1 min km ərazinin isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar
prosesində həll olunması nəzərdə tutulmuşdu.
Müstəqil ADR qısa
ömrundə böyuk nailiyyətlər
və qalibiyyətlər əldə etdi. Onun dövlət atributları -
bayrağı, himni, gerbi
qəbul edildi. İlk dəfə
qadınlara seçim hüququ
tanıyan və qadın-kişi bərabərliyini
təmin edən cümhuriyyət, o cümlədən milli ordunun yaradılması, milli
pulun tədavülə
buraxılması, milli bankın
yaradılması, universitetin
açılması, azad seçkilərin keçirilməsi, beynəlxalq əlaqələrin
qurulması və beynəlxalq ictimaiyyət tərəfindən
Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın
ərazi bütövlüyünün təmin edilməsi, iqtisadi
islahatların həyata
keçirilməsi kimi sahələrdə
xeyli işlər gördü.
Ancaq ADR gərgin və
mürəkkəb ictimai-siyasi şəraitdə cəmi
23 ay yaşaya bildi. 1920-ci il
aprelin 28-də işğalçı sovet qoşunları Azərbayjanı işğal
etdi. Buna baxmayaraq, ADR millətimizin
tarixi yaddaşında
Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu.
Bolşevik Rusiyasının istilasına baxmayaraq, Azərbaycan xalqının istiqlal ideyası yenilmədi və
M. Ə. Rəsulzadənin «Bir kərə yüksələn
bayraq bir daha enməz» şüarı 1991-ci ildə öz təsdiqini
tapdı. Müstəqil Azərbaycan Respublikası özünü ADR-in varisi elan etdi.
Səxavət HƏMİD
Mərkəz.- 2010.- 28 may.- S. 2.