«Quranelm»

 

XXVIII söhbət

 

Doğulacaq körpənin qız, yaxud oğlan olması

 

İnsanlar qədimdən bəri doğulacaq uşağın cinsiyyətini, o hələ doğulmamışdan əvvəl bilmək, öyrənmək istəmişlər. Hər bir ata-ana doğulacaq uşağın qız, yoxsa oğlan olacağını böyük maraqla izləmiş, arzu etmədikləri bir nəticə hasil olunca, kədərlənmiş, istədiklərinə nail olduqda isə sevinmişlər.

İnsanlar çox zaman psixoloji amillərin təsiri ilə, xüsusilə ata nəslinin, ocağın davam etməsi arzusu ilə ailədə, heç olmasa, bir oğlan uşağının doğulmasını istəmişlər. Gözlədikləri oğlan uşağı doğulmadıqda, ər, qız doğduğu üçün arvadını məzəmmət etmiş, qadın da «oğlan istədiyiniz halda qız doğdum» - deyə, haqsız yerə özünü günahkar saymışdır. Quranın Nəhl surəsinin 58-59-cu ayələrində buyurulduğu kimi, islamdan əvvəlki cahiliyyə dövründə ərəblərdən birinə - «qızın oldu», - xəbərini verdikdə o, həddindən artıq kədərlənər, üzü qəm-qüssədən qap-qara qaralar, xalqdan gizlənməyə çalışar, yenicə doğulmuş qız uşağını utana-utana əlində tutar, yaxud da onu diri-diri torpağa basdırarmış.

Qeyd edildiyi kimi, ata-anaların əksəriyyəti çox zaman oğlan uşağı arzusunda olur. Məhz buna görə də, insanlarda ana bətnindəki uşağın cinsini o doğulduqdan öncə bilmək və öyrənmək həvəsi oyanmış, bu barədə müxtəlif fikir və mülahizələr irəli sürülmüşdür. Qədimdən bəri uşağın cinsiyyətinin təyinində iki ümdə məsələ mövcuddur:

1. Uşağın cinsiyyətini ata-ana təyin və təsbit edə bilərmi?

2. Uşaq təşəkkül tapdıqdan sonra onun cinsiyyəti təsbit edilə bilərmi?

Lap qədim zamanlardan uşağın cinsiyyətinin təyinində ata-ananın qismən rolu olduğuna inanılmış və bu, müxtəlif amillərlə izah edilmişdir. Belə ki, uşağın cinsiyyətinin təşəkkülündə Günəş, Ay, ulduzlar, əsən küləklər, isti, soyuq, iqlim, mövsüm, aylar, günlər, hiss və xəyallar, yaş, qüvvət, şəhvət, cinsi münasibət əsnasında alınacaq vəziyyətlər, yemək-içmək və bəzi dərmanların təsiri olduğuna inanılmışdır. Qız istəyənlərin çox yorulmaması, idmandan çəkinməsi, daha çox kartof, xəmir xörəkləri, yumurta, şirniyyat yeyib, çoxlu su içməsi, ayın ikinci həftəsinin sonunda cinsi münasibətdə olması tövsiyə edilmişdir.

Oğlan istəyənlərin isə çox hərəkətdə olması, idmanla məşğul olması, az çörək yeyib, az su içməsi, istədikləri vaxt cinsi münasibətdə olması tövsiyə edilmişdir. (Bax: camal Zəki Önal. Evlilik və məhrumiyyətləri. İstanbul, 1972, s. 743-748).

Yuxarıda deyilənlərdən əlavə, keçən əsrdə kişi və qadınların cinsiyyət hüceyrələrindəki azotlu maddələrin miqdarının cinsiyyət amili olaraq rol oynadığı bildirilmişdir. Bol azotlu maddələrlə bəslənən anaların uşaqlarının oğlan, unlu və şəkərli qidalarla bəslənilən qadınların isə uşaqlarının qız olacağı iddia edilmişdir. (Bax: Asəf Atasevən. Qızmı, oğlanmı? İslam mədəniyyəti məcmuəsi. İstanbul, 15 mart 1968).

Yuxarıdakı mülahizə və müddəaların doğulacaq körpənin oğlan, yaxud qız olması problemini aydınlaşdırmağa qadir olmadığı öz-özlüyündə məlumdur. Göründüyü kimi, ana bətninə düşən uşağın cinsiyyətini təyin etmək barədə indiyə qədər tutarlı bir üsul mövcud deyildir.

Görək Qurani-Kərim bu barədə nə deyir:

Şura surəsi, 49-50-ci ayələr:

«Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən - həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir».

Yuxarıdakı ayələr uşağın cinsiyyətinin təyinində ata-ananın heç bir rolu olmadığını açıq-aşkar bəyan etməkdədir. Yəni hər hansı bir uşağın oğlan, yaxud qız doğulması ata-ananın əlində deyildir.

cinsiyyət seçimində mütləq bir sirr mövcud olmaqdadır. Dünyada əhali baxımından bir qeyri-tənasüblüyün olmaması bunun ən böyük dəlilidir. Yaradan insanları elə bir incə və həssas tarazlıqla yaratmaqdadır ki, erkək-dişi tənasübü - əgər o, süni şəkildə pozulmasa - əsla pozulmamaqda, dəyişməməkdədir. İnsanlar bu tənasübü, müvazinəti pozmağa çalışsalar da, Allahın müəyyən etdiyi bu ölçünü, bu tarazlığı əsla poza bilməzlər. Çünki

ayələr qəti şəkildə uşağın cinsiyyətinin Allah tərəfindən müəyyən edilməsini, Allahın təqdirinə bağlı olmasını bildirməkdədir. Yoxsa ana bətnindəki uşağın oğlan, yaxud qız olması ata-ananın əlində deyildir. (Bax: cəlal Qırca. Quran və fən bilimləri. İstanbul, 1997, s. 306-307).

Uşağın cinsiyyətinin mayalanma anında müəyyən olunduğu müasir dövrdə elmi şəkildə sübut edilsə də, onun hansı səbəbə görə məhz bu cür olduğu elm tərəfindən izah edilə bilməmişdir.

Müasir elmin təsdiq etdiyi bu həqiqəti Qurani-Kərim 14 əsr bundan əvvəl bəyan etmişdir. Quranın bildirdiyinə görə, ana bətninə düşən uşağın oğlan, yaxud qız olmasında əsas səbəb erkəyə (kişiyə) aid olan ərlik suyudur.

Ayələrə nəzər salaq:

Qiyamə surəsi, 36-39-cu ayələr:

«Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! Məgər o (ata belindən ana bətninə) tökülən bir qətrə məni (nütfə, sperma) deyilmi? Sonra laxtalanmış qan (qapalı qalan bir şey, rüşeym, embrion) olduAllah onu yaradıb surət verdi (insan şəklinə saldı). Sonra da ondan bir kişi, bir qadın olmaqla iki cift (həmtay) yaratdı».

Müasir elm bu məsələni belə izah edir:

Qadının yumurtalığı hər ay bir yumurta ortaya qoyur. Kişi (erkək) isə hər cinsi təmasda 25 və ya 26 milyon spermatozoid ifraz edir ki, onlardan yalnız bir dənəsi dişi yumurtalığın içinə girməyi bacarır, qalanları isə bayıra atılır. Kişinin ifraz etdiyi nütfə (spermatozoidlər) erkəklik və dişilik xüsusiyyətləri daşıyır. Əgər yumurtaya aktiv təsir göstərən (onu mayalandıran) spermatozoid dişilik xüsusiyyətləri daşıyırsa, rüşeym dişi (qız), erkəklik xüsusiyyətləri daşıyırsa, rüşeym erkək (oğlan) olur.

Mayalanma zamanı uşağın cinsiyyətini təyin və təsbit edən qüdrətli bir əl vardır ki, o da məhz Allah-təaladır. Qurani-Kərimin buyurduğu kimi, «bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur» (Ali-İmran, 6). Və ya «O bilmədən heç bir meyvə qabığından (tumurcuğundan) çıxmaz, heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz» (Fussilət, 47).

Allah-təala cins təyinini - istər qız, istər oğlan olsun, - qadın vasitəsilə deyil, kişi vasitə¬si¬lə gerçəkləşdirməkdədir.

Nəcm surəsinin 45-46-cı ayələrində də buna açıq-aydın işarə edilməkdədir. «Axıdılıb tökülən nütfədən iki cifti (hər bir cütü) erkək və dişi olaraq yaradan Odur

Göründüyü kimi, dünyada hər şey Allahın təqdiri ilə olmaqdadır. Uşağın cinsiyyətinin təyinində qadının heç bir rolu yoxdur, üstəlik Allah-təala uşağın cinsiyyətinin təyinində kişidən istifadə etməkdədir. Lakin özündə erkəklik və dişilik xüsusiyyətləri daşıyan spermatozoidlərdən məhz hansı birinin ananın yumurta hüceyrəsi ilə birləşməsində isə kişininheç bir rolu yoxdur. Bu, hər şeyi Öz əzəli elmi ilə ehtiva edən Allahın təqdiri ilə həyata keçirilir.

cahiliyyə dövründə - qız uşaqlarına xor baxıldığı, bəzi ərəb qəbilələrində onların diri-diri torpağa gömüldüyü, qız doğan anaların hər cür həqarətə məruz qaldığı bir dövrdə nazil edilmiş Quranın 14 əsr öncə bəşəriyyətə bəyan etdiyi bu həqiqət, sözün əsl mənasında, əzəmətli, heyrətamiz bir elmisosial inqilab hesab edilə bilər (İsmail Karacam. Sonsuz möcüzə Quran. İstanbul, 1987, s. 311).

Qurani-Kərim özünün insanlığa bəyan etdiyi bu elmi gerçəkliklə dünyaya gələn körpənin qız, yaxud oğlan olmasında əsas səbəbkarın qadın deyil, kişiyə məxsus ərlik suyunun olduğunu sübut etmiş, bununla da təkcə ərəb qadınını deyil, ümumiyyətlə, bütün qadınlığı bu ümumbəşəri məsələ ilə bağlı hər cür həqarətdən xilas etmişdir. Bu böyük həqiqəti isə, Quranın özünün buyurduğu kimi, yalnız düşünüb-daşınan, yüksək ağıl və təfəkkür sahibləri dərk edə bilər.

 

 

Mərkəz.-2010.- 2 noyabr.- S. 16.