HEYDƏR ƏLİYEV

 

“Bütün bunlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyinin, MK bürosunun fəaliyyətinin nəticəsidir. 1969-cu il iyulun 14-dən bu yana hansı işlər yerinə yetirilibsə, bunların hamısının planı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun iclaslarında işlənib, hazırlanıb, qəbul edilib. Ümumilikdə respublikanın uğurunu müəyyən edən hər bir addım, hər bir iş, hər bir tədbir böyük-kiçikliyindən asılı olmayaraq, bizim hamımızın - həm MK-nın bürosunun, həm də katibliyinin kollektiv işinin, düşüncəsinin və səylərinin məhsuludur. Onun üçün də, mən bu gün böyük məsuliyyətlə deyə bilərəm ki, bizim KP MK-nın həm bürosu, həm də katibliyi Sov. İKP MK-nın, partiya¬nın qurultay və plenum qərarlarının tələb etdiyi səviyyədə işləyib. İndi ayrılmaq məqamında, büronun bu son iclasında sizi əmin edirəm ki, bütün bu dediklərimi böyük fəxr və vüqar hissiylə təkrar etdim.

Mən ilk olaraq Azərbaycan KP MK-nın büro üzvlərinə bütün bu illər ərzindəki birgə, kollektiv, məhsuldar, fəal işimizə görə təşəkkürümü bildirirəm. Əziz yoldaşlar, əvəzsiz köməyinizə, məni dəstəklədiyinizə, mənə qarşı diqqətinizə görə sizə minnətdarlıq edirəm.

Biz bir çox kəskin məsələləri prinsipial olaraq həll etmişik. Hər hansı məsələ barədə fikir müxtəlifliyi olub, amma biz həmişə ortaq məxrəcə gəlib ən düzgün nəticənin üzərində dayanmışıq, birgə hərəkət etmişik. Ən əsası isə odur ki, Azərbaycan KP MK bürosunun və katibliyinin işində sağlam atmosfer yaratmağa nail olmuşuq. Əvvəllər bizim Kompartiyanın həm katibliyində, həm də bürosunda qarşılıqlı anlaşma, sağlam atmosfer yox idi və bu, ümumilikdə bizim respublikanın işinə böyük ziyan vururdu. Hamı öz şəxsi maraqlarını üstün tuturdu. Konyuktur yanaşma, intriqalar, qruplaşmalar, parçalanmalar və bir çox başqa mənfi hallar baş alıb gedirdi. Biz çox tez bir zamanda bu mənfi tendensiyaları aradan qaldırdıq və aydan-aya, ildən-ilə dediyim bu sağlam atmosferi bərqərar etməyə çalışdıq, MK-nın fəaliyyətində buna nail olduq. Əlbəttə ki, bütün bu nailiyyətlərə görə biz MK-nın işindəki bərqərar olmuş kollegiallıq prinsiplərinə minnətdar olmalıyıq.

Yenə də təkrar edirəm, indi bizim Mərkəzi Komitə partiya əsasları üzrə çox sağlam, dəqiq, düzgün tərzdə fəaliyyət göstərir. Və məncə, bu əsaslar onun gələcəkdəki uğurlu fəaliyyətinin də təminatçısıdır. Məhz buna görə də mən MK-nın bütün işçilərinə təkrar-təkrar minnətdarlığımı bildirirəm, hamınızın - KP MK-nın katibliyinin hər bir işçisinin, MK-nın bürosunun hər bir üzvünün, büro üzvlüyünə hər bir namizədin fəaliyyətini yüksək qiymətləndirirəm. Bizim Mərkəzi Komitənin bürosunun, katibliyinin iclaslarının demək olar ki, hamısında MK-nın şöbə müdirləri, partiya-ideoloji təşkilatların rəhbərləri iştirak edir və mən bu gün MK aparatının bütün işçilərinə, MK-nın şöbə müdirlərinə və bizimlə bu uzun illər boyu səmərəli şəkildə əməkdaşlıq etmiş yoldaşların hamısına MK-nın fəaliyyətinin məhsuldar, uğurlu, səmərəli olmasına öz töhfələrini verdiklərinə görə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, əziz dostlar, yoldaşlar. Mən əminəm ki, qazanılmış böyük təcrübənin, möhkəmlənmiş fəaliyyət ənənələrinin, işgüzar prinsiplərin əsasında MK-nın bürosunun və katibliyinin işi bundan sonra da uğurla davam etdiriləcək və büronun, katibliyin hər bir üzvü, hər bir partiya, sovet və təsərrüfat orqanının işçisi qazanılmış nailiyyətlərin bir qədər də möhkəmləndirilməsi, qazanılan təcrübənin artırılması üçün bundan sonra da əlindən gələni edəcəkdir. Əminəm ki, bizim təməlimiz, özülümüz o qədər möhkəmdir ki, Azərbaycan partiya təşkilatında 1969-cu ilə qədər mövcud olmuş mənfi tendensiyalar daha heç vaxt təkrar olunmayacaq.

Əziz dostlar, yoldaşlar, həmkarlar, mən sizə, Sov. İKP MK-nın iyirmi altıncı qurultayının, Sov. İKP MK-nın yanvar plenumunun, Azərbaycan KP MK-nın otuzuncu qurultayının və Azərbaycan KP MK-nın plenumlarının qərarlarını daha da uğurla həyata keçirməyinizi arzu edirəm».

Böyük-kiçikliyindən asılı olmayaraq partiyanın Mərkəzi Komitəsinin bürosunun iclaslarında adətən alqış səslənmir. Lakin bu dəfə çıxış qurtarandan sonra hamı sanki biri-birindən xəbərsiz sürəklə əl çalmağa başladı... Bu an kimsə təşəbbüsü öz üzərinə götürməliydi və Azərbaycan KP MK-nın ikinci katibi Yuri Puqaçov söz aldı. Bir az həyəcanlı, amma çox səmimi çıxış etdi. Bildirdi ki, Heydər Əliyevə böyük etimad göstərilib, amma bizim aramızda da onun yeri görünəcək, onsuz bizim üçün çox çətin olacaq... Bu vəzifəyə yeni namizədin adını da məhz Puqaçov açıqladı: «adi insanlarla, kommunistlərlə, MK üzvləriylə, MK-nın büro üzvləriylə uzun müzakirələrdən sonra son qərar qəbul edilmiş və bu qərar barədə Sov. İKP MK-ya, onun katibliyinə, Siyasi Bürosuna və şəxsən yoldaş Yuri Vladimiroviç Andropova məruzə edilmişdir».

Bu müddət ərzində yeni birinci katib Kamran Bağırovla Moskvada söhbət aparılmış, şəxsən Andropov onunla görüşmüşdü. Əlbəttə ki, məsələ faktiki olaraq Moskvada həll olunmuşdu, amma qaydalar bunu tələb edirdi: ona görə büronun üzvləri səs verir, plenum seçirdi.

Bir neçə il keçəcək və yetmişinci illəri «durğunluq dövrü» adlandıracaqlar. Amma soruşan gərəkdir ki, kimlər daha çox durğunluq halındaydı? Bütöv bir epoxaya, milyonlarla zəhmətkeşin əməyinə belə alçaldıcı bir damğa vurmağa kimə haqq verilib? Əlbəttə ki, nə Baykal-Amur magistralının tikintisində, nə Qərbi Sibirin, Xəzər dənizi¬nin neft mədənlərində, nə Donbassın, Kuzbasın, Karaqandanın şaxtalarında heç bir durğunluqdan əsər-əlamət də yox idi. Azərbaycanın təsərrüfatlarından da durğunluq rütubətinin iyi gəlmirdi. Burada Əliyevin rəhbərlik etdiyi on beş ilə yaxın bir müddət ərzində adambaşına düşən yerli məhsulun həcmi demək olar ki, iki dəfə artmışdı. Ümumi istehsal gücü isə iki dəfə yarım artmışdı. Milli gəlirin artımı 1969-cu ildəki ümumi istehsal həcminə bərabər idi. Sənaye istehsalı təxminən üç dəfə, əmək məhsuldarlığı iki dəfə, xalq istehlakı mallarının istehsalı üç dəfə artmışdı. Bu illər ərzində sənaye məhsullarının istehsal həcmi əvvəlki 50 ildəki həcmə bərabər idi. İki yüz əlliyə yaxın zavod, fabrik, sex tikilmiş, iki milyondan artıq insan mənzil şəraitini yaxşılaşdırmışdı. Bu illər ərzində respublika demək olar ki, ikinci Bakını tikmişdi, şə¬hər əvvəlkindən iki dəfə böyük idi.

Azərbaycan neft məhsulları, neftçıxartma avadanlığı, polad borular, rəngli metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil şinləri, mineral gübrələr, saxsı məmulatlar, xalça və xalçaçılıq məmulatlarının istehsalı üzrə SSRİ-də qabaqcıl yerlərdən birini tutmuşdu. Azərbaycanda istehsal olunan üç yüz əlli adda məhsul dünyanın altmış beşdən çox ölkəsinə ixrac olunurdu. Respublikada elektrotexnikanın, maşınqayırma sənayesinin yeni sahələri yaradılmış, neft emalı zavodlarında böyük miqyaslı rekonstruksiyalar aparılmış, Bakıda isə yeni metropoliten stansiyaları tikilmişdi.

Azərbaycanın təcrübəsi, nailiyyətləri, ən əsas da onun qeyri-adi lideri bütün dünyanın, xüsusilə, Yaxın Şərq, Afrika, Latın Amerikası ölkələrinin diqqətini cəlb etmişdi. Sovet İttifaqının Asiya və Afrika ölkələri ilə Həmrəylik Komitəsinin sədri Aleksandr Dzasoxov SSRİ-nin yaranmasının altmış illiyi ərəfəsində (1982-ci il) Bakıda «Postkolonial dünyanın gənc müstəqil dövlətlərinin milli azadlıq hərəkatlarına SSRİ-nin siyasi, diplomatik, iqtisadi və mənəvi yardımına həsr olunmuş böyük beynəlxalq forum» keçirməyi təklif etmişdi. Konfransa əllidən çox ölkənin yüksək vəzifəli nümayəndələri, milli azadlıq hərəkatlarının liderləri gəlmişdilər. Hazırda Rusiya Federasiyasının Federal Məclisinin üzvü Aleksandr Dzasoxovun dediyinə görə, ali qonaqlar Heydər Əliyevlə görüşdən, beynəlmiləlçi, çoxkonfessional şəhər olan Bakı ilə tanışlıqdan, şəhərdə tarixlə müasirliyin, beynəlmiləl yaşayış formalarının, yüksək səviyyəli sənayenin, elmin vəhdətindən vəcdə gəlmişdilər.

Əliyev çalışırdı ki, Azərbaycan sovet respublikaları arasında layiqli yer tutsun, respublikanın nümayəndələri ümumittifaq miqyasda olan vəzifələrə irəli çəkilsinlər, əlbəttə ki, öz savadlarına, təşkilatçılıq qabiliyyətlərinə uyğun olaraq. Məsələn, tacik şairi və beynəlxalq səviyyəli ictimai xadim Mirzə Tursunzadənin vəfatından sonra, Asiya və Afrika ölkələri ilə Həmrəylik Komitəsinə kimin rəhbərlik edəcəyi məsələsi qalxdıqda Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın böyük ədibi, məşhur romanların müəllifi, görkəmli alim, ensiklopedik biliyə malik yazıçı və ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov bu vəzifəyə təqdim olunmuş və yekdilliklə komitənin sədi seçilmişdi.

Amma həmin illərə nə qədər çirkab yaxmışdılar; həyatları boyu heç bir faydalı iş görməyən, heç yerə bircə mismar belə çalmayan «yenidənqurma mühəndisləri», onların nökərçələri görülən işlərə və insanlara şər atmışdılar. Əliyev respublika partiya təşkilatının yetmişinci illərdəki fəaliyyətinə qara yaxanların qarşısına konkret rəqəmlərlə, faktlarla çıxırdı.

- Necə sübut etmək olar ki, sizin göstərdiyiniz rəqəmlər saxta deyil? - deyə jurnalist və teleaparıcı Andrey Karaulov Heydər Əliyevdən soruşmuşdu.

- Mənim qeyd etdiyim bütün rəqəmlər yalnız rəsmi statistikadan götürülüb. Əgər rəsmi statistikanı inkar etmək istəyirsənsə, gərək bunu da rəqəmlərlə sübut edəsən. Axı, belə rəqəmlər yoxdur. Onlar mövcud deyil. Başqa rəqəmlər ola da bilməz, ona görə də mən nə deyirəmsə hamısı həqiqətdir.

- Yaxşı, bəs sizin özünüz necə, hansısa nazirliklərin, idarələrin, rayon təsərrüfatlarının fəaliyyətində saxta rəqəmlərə rast gəlmisinizmi?

- İstər məndən əvvəl, istərsə də mənim rəhbər olduğum dövrdə bütün ölkədə olduğu kimi, Azərbaycanda da müxtəlif təsərrüfat sahələrində belə hallar müşahidə olunurdu... Biz öz fəaliyyətimizə də məhz belə neqativ hallarla, həmçinin gözdən pərdə asanlarla mübarizədən başladıq. Onları tam aradan qaldıra bildikmi? Yox. Belə hallar indi də özünü göstərir. Belə neqativ hallar, saxta rəqəmlər rayonların, tikintilərin, kolxozların, sovxozların fəaliyyətində müşahidə olunurdu. MK-ya məlum olan belə faktlar büroda çox ciddi şəkildə müzakirə olunurdu. Biz elə düşünürdük ki, bu tədbirlərlə bir çox rəhbər işçiləri belə addımlardan çəkindirə bilərik. Əlbəttə, biz bu cür neqativ halların tamamilə aradan qaldırılması üçün çalışırdıq. Qeyd edim ki, bu mübarizədə biz heç kimə güzəştə getmirdik.

Bu kitab üzərində işlədiyimiz zaman tanış olduğumuz sənədlər Əliyevin sözlərini tam təsdiqləyir.

 

 

VI FƏSİL

 

«SƏN BÜTÜN SOVET İTTİFAQINA LAZIMSAN, HEYDƏR»

 

Baş katibin son gəlişi

 

1982-ci il iyul ayının sonlarından avqust ayının son günlərinə qədər Leonid İliç Brejnev Krımda xarici qonaqları - Sosialist Həmrəyliyi ölkələrinin liderləri Qustav Qusak (Çexoslovakiya), Erix Honekker (Almaniya Demokratik Respublikası), Voytsex Yaruzelski (Polşa), Yumjagiyn Sedenbalı (Monqolustan) qəbul etmişdi…

Sentyabrın iyirmi dördündə isə Sov. İKP MK-nın Baş katibi, SSRI Ali Soveti Rəyasət Heyətinin sədri Leonid İliç Brejnev Bakıya uçmuşdu. O zaman bütün qəzetlər yazırdı ki, «Baş katib Azərbaycan SSR-in Lenin ordeni ilə təltif edliməsi mərasimində iştirak edəcək. Respublika bu ordenlə sosialist quruculuğu yollarında, onuncu beşillikdə sənaye və xalq təsərrüfatı məhsullarının istehsalı sahəsində qazandığı nailiyyətlərinə görə təltif edilmişdir».

Azərbaycan bu böyük ordenə hələ iki il əvvəl layiq görülmüşdü, lakin Heydər Əliyev ordeni şəxsən Leonid İliçin özünün təqdim etməsində israrlıydı və o, öz istədiyinə nail oldu.

Dörd günlük gərgin səfər proqramı hətta gənc adam üçün də ağır və çətin işdir. Ətrafda baş verən hadisələri dumanlı şəkildə dərk edən xəstə, qoca Baş katib üçün isə bu, əlbəttə ki, daha ağır idi. Yəqin ki, yadına gələn bircə o idi ki, on il əvvəl daha gənc, daha gümrah olduğu zaman bu şəhərin vağzalından düşüb ətrafa nikbinliklə göz gəzdirmişdi. Alqış sədaları altında perrona düşməyi, vağzalətrafı meydandakı insan dənizinin onu salamlaması, ətrafa boylanaraq iki qaragöz gıza da gül dəstəsi verməsi və bu şəhərin istiliyi ona yaman xoş gəlmişdi. Rusiya televiziyası belə gümrah Brejnevi heç vaxt göstərmir. Bir neçə nəslin yaddaşına Brejnev qoca, halsız, ahıl, xəstə bir adam kimi həkk olub.

İndi isə yoldaş L. İ. Brejnevin Azərbaycana gəlişindən bəhs edən qəzet səhifələrini vərəqləyərək, şahidləri dindirək və dörd günlük bu səfəri olduğu kimi gözümüzün önündə canlandıraq.

...Təyyarənin trapı önündə Leonid İliç Brejnevi Azərbaycan KP MK-nın birinci katibi, Sov. İKP MK Siyasi bürosunun üzvlüyünə namizəd yoldaş Heydər Əliyev, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Q. A. Xəlilov, respublika Nazirlər Sovetinin sədri H. N. Seyidov və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvləri səmimi-qəlbdən salamladılar. Fəxri qarovulun rəisi yoldaş Brejnevə rəsmi raport verdi. SSRİ-nin və Azərbaycan SSR-in himnləri səsləndirildi.

Milli adət-ənənəyə uyğun olaraq hörmətli qonağa Azərbaycan torpağının yetişdirdiyi məhsullardan təqdim edildi. Pionerlər ona çiçək dəstələri verdilər.

Aeroportdan şəhərə qədər bütün yolboyu, küçələrdə, meydanlarda transparantlar, şüarlar tutmuş minlərlə Bakı sakini sevimli Leonid İliçi ürəkdən salamlayırdı...

Ertəsi gün, 1982-ci il sentyabrın 25-də qəzetlər məhz belə yazırdılar və bu həqiqət idi. Azərbaycanın paytaxtı da təmtəraqlı qəbul məsələlərində o biri respublikalardan geri qalmırdı. Eynən bu cür qəbulları Baş katib üçün başqa şəhərlərdə - Tbilisidə, Daşkənddə, Kiyevdə və sair yerlərdə də keçirmişdilər. Bu da «inkişaf etmiş sosializm»in dəst-xətti idi. İndi isə gəlin, ucsuz-bucaqsız maşın kortejini izləyək. Maşın karvanı aeroportdan şəhərəcən olan yolu qət edərək, o vaxt Leninin adını daşıyan böyük və gözəl dənizkənarı meydanda dayandı.

Jurnalistlər bu təntənəli manifestasiyanı təsvir edəndə öz emosiyalarını güclə saxlayırdılar:

…Şeypurlar səslənir. Toplaşanlar Sov. İKP MK-nın Baş katibi Leonid İliç Brejnevi və respublikanın rəhbərlərini böyük alqışlarla qarşılayırlar. Yoldaş Brejnev, Əliyev, Xəlilov, H. N. Seyidov respublikanın məşhur adamlarının toplaşdığı hökumət tribunasına doğru addımlayırlar.

Bakı Xalq Deputatları Sovetinin qərarı elan edilir: Azərbaycanın paytaxtı Bakı şəhərinin bütün zəhmətkeşlərinin ümumi rəyinə görə, Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, elmi, incəsənəti və sosial həyatına daimi qayğı ilə yanaşdığı üçün dərin minnətdarlıq əlaməti olaraq Leonid İliç Brejnevə Bakının fəxri vətəndaşı adı verilmişdir. Meydanı yenə də alqış sədaları bürüyür. SSRİ-nin xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov və buruq ustası, Sosialist Əməyi Qəhrəmanı S. Nağıyev Leonid İliç Brejnevə Bakının fəxri vətəndaşı diplomunu və medalını təqdim edirlər. Gənc leninçilər yenə də Leonid İliçə çiçək dəstələri verirlər. Əməkçilərin, ziyalıların, gənclərin nümayəndələri Leonid İliçi yeni fəxri ad alması münasibəti ilə təbrik edirlər. İncəsənət ustaları və özfəaliyyət dərnəklərinin üzvləri milli rəqsləri ifa edir, böyük vətənimizdəki xalqlar dostluğunu, beynəlmiləlçiliyi vəsf edən mahnılar oxuyurlar...

Sovet İttifaqı Teleqraf Agentliyinin müxbirləri sentyabr günəşinin istisində Baş katibin Bakıya səfərinin ilk gününü belə təsvir edirdilər. Ümid edirik ki, uzun sitatlara görə oxucular bizim günahımızdan keçərlər. Bu çıxarışlar həmin dövrün atmosferini hiss etmək üçündür, hadisələri və əsərimizin qəhrəmanını müxtəlif rakurslardan görməyə imkan verir. Əlbəttə ki, ev sahibi olan Heydər Əliyev üçün bu anlar, bu saatlar xüsusi önəm daşıyırdı.

«Qonağı çox olan ev sahibinin ürəyi böyük olar» - bir rus məsəlində təxminən belə deyilir (ona görə təxminən ki, məlum olduğu kimi atalar sözləri tərcümə olunmur). Azərbaycanda da buna bənzər atalar sözləri çoxdur. Ənənəyə görə azərbaycanlılar ən yaxşı nemətlərini qonaq üçün saxlayırlar. Əlirza ilə İzzət xanım da uşaqlarını məhz belə tərbiyə etmişdilər. Əgər böyük bir ailənin cəmi iki otağı varsa, onun birini mütləq qonaq üçün hazırlayır, ən yaxşı yataq, ən yaxşı yorğan-döşək qonaq üçün salınırdı. Bir dəfə balaca Heydər qardaşı ilə Naxçıvandan kəndə, hansısa bir qohumlarının evinə qonaq gedibmişlər. Heydər Əliyev sonralar bunu belə xatırlayırdı: «Bizi dəhlizdə qəbul edib yemək verdilər, amma qonaq otağına buraxmadılar. Bəs oranı kimin üçün hazırlayırdılar? Qonaq üçün. Orada bir çarpayı, ipək yorğan-döşək, yumşaq yastıqlar vardı. Özləri isə döşəməyə bir xalı da salmamışdılar. Mən fikirləşdim, yaxşı, evə ayda-ildə bir dəfə qonaq gəlirsə, deməli, bu otaq il uzunu boş qalır. Ev sahibi isə il uzunu belə çətin şəraitdə yaşayır, o otağa isə toxunmur. Bu da bir psixologiyadır. Bəlkə də, bu bizim milli adət-ənənə ilə bağlıdır - yaxşı şeylərin hamısı qonaq üçün...

...İllər ötəcək və jurnalistlərdən biri Əliyevə Leonid İliç Brejnevin Bakıya həddən artıq tez-tez gəlməsini və onun şərəfinə hazırlanan təntənəli qəbulları xatırladacaq.

- Çox səfeh sözdür, - deyə Heydər Əliyev daxilən etiraz edir. - Məgər ölkənin birinci adamının Azərbaycan Respublikasına tez-tez gəlməyinin, biz azərbaycanlıların mahiyyətcə qonaqpərvər olmağının nəyi pisdir ki? Bütün dünya telekanallarının, radiostansiyalarının diqqət mərkəzində olmağın nəyi pisdir ki? Ən əsası da, Baş katibin hər səfərini bəhanə gətirərək mərkəzi büdcədən yeni böyük tikintilər üçün vəsait qopartmağın nəyi pisdir ki?

Onu da qeyd etmək lazımdır ki, Brejnevin həmin son səfəri zamanı ev sahibləri adi qarşılama proqramı ilə məhdudlaşmadılar: bəli, əbədi məşələ və Leninin heykəli önünə əklil qoyuldu, Böyük Vətən müharibəsi veteranları ilə görüş də oldu. Amma bundan sonra Leonid İliçi dənizin dərinliklərində neft quyuları qazmaq üçün nəzərdə tutulan «Şelf- 2» - üzən qazma qurğusuna, kondisionerlər zavoduna apardılar. Bazar günü isə Leonid İliç Brejnev Azərbaycan Respublikasına Lenin ordenini təqdim etdi. Bu məqamda yenə də SİTA-nın reportajlarına nəzər salaq:

«...İclası açan yoldaş Heydər Əliyev Leonid İliç Brejnevi səmimi-qəlbdən və hərarətlə salamladı. O qeyd etdi ki, SSRİ-nin yaranmasının altmış illik yubileyi ərəfəsində, sovet insanlarının beynəlmiləlçilik və qardaşlıq bayramı olan bu gözəl vaxtda yoldaş Brejnevin Azərbaycana gəlməsi respublikamız üçün böyük şərəf və etimaddır. Yoldaş Heydər Əliyev bildirdi ki, Leonid İliçlə görüşərkən Bakı sakinlərinin nümayiş etdirdikləri səmimi sevinc hissləri və bu zalda hökm sürən bayram əhval-ruhiyyəsi, təmtəraq bizim hamımızın, bütün Azərbaycan zəhmətkeşlərinin Leonid İliç Brejnevə böyük məhəbbətinin və Sovet İttifaqı Kommunist Partiyasının daxili və xarici siyasəti ilə həmrəyliyimizin nümunəsidir».

Leonid İliç Brejnev başda olmaqla Sov. İKP MK Siyasi Bürosunun üzvləri yekdilliklə iclasın fəxri rəyasət heyətinə seçilir. Söz yoldaş Leonid İliç Brejnevə verilir. Hamı ayağa qalxıb uzunmüddətli alqışlarla Baş katibi salamlayır.

Sinəsində beş Qızıl ulduz olan yorğun qoca ayağa qalxıb ağır-ağır addımlayaraq tribunaya yaxınlaşır. Əlindəki kağızları açıb qarşısına düzür:

- Əziz yoldaş Əliyev! Əziz yoldaşlar!

Dünən biz Azərbaycan Respublikasını SSRİ-nin ən böyük mükafatı olan Lenin ordeni ilə təltif etmişik. İndi isə biz kəskin və partiya sərtliyi ilə...

Brejnev çox ləng danışır, onun süni dişləri üçün çətin tələffüz olunan «Azərbaycan» sözündə hər dəfə çaşırdı. Onu da deyək ki, öz rəhbəri haqqında saysız-hesabsız lətifələr danışan ölkənin vətəndaşları Leonid İliçin bu qüsuruna çoxdan öyrəşmişdilər və hətta bəzi oyunbazlar onun bu danışıq tərzini ustalıqla yamsılayırdılar da.

Lakin bu dəfə əzəmətli zalda elə bil külək əsdi; gözlənilməz hadisə baş vermişdi. Baş katib MK-nın sabahkı plenumu üçün hazırlanmış məruzəni oxuyurdu... Brejnevin ikinci sırada oturan köməkçisi Aleksandrov - Agentov cəld tribunaya tərəf atıldı. Amma natiq buna əhəmiyyət vermədi. Özünü itirən köməkçi əllərini yana açıb, gözlərini ona dikilən baxışlardan qaçırıb öz yerinə oturdu. Nəhayət, Əliyev Brejnevə yaxınlaşıb qulağına nəsə pıçıldadı və qarşısındakı mətni dəyişdi.

Baş katib sakit tərzdə:

- Hə, olan işdi, - dedi. Onunla birgə mərasim iştirakçıları nəhayət rahat nəfəs alıb əl çaldılar. Zalı alqış sədaları bürüdü. Leonid İliç yeni mətni demək olar ki, səhvsiz oxudu, yalnız bir dəfə çaşıb «Azərbaycan nefti» əvəzinə «Əfqanıstan nefti» dedi.

- Böyük məmnuniyyət hissi ilə bildirirəm ki, dövlətə taxıl məhsullarının satışı üzrə sosialist öhdəçiliyini bütün respublikalar arasında yenə birinci Azərbaycan Respublikası artıqlamasıyla yerinə yetirib. Əziz yoldaşlar, dostlar, icazə verin bu əmək nailiyyətinə görə Sov. İKP MK adından sizə dərin minnətdarlığımı bildirim. - Bu uğurların ən əsas səbəbi nədir? - deyə natiq özü-özünə sual verdi və qalın qaşlarının altından salonu nəzərdən keçirib, yenidən standartdan fərqli, iri hərflərlə yazılmış mətnə baxdı. - Uğur Heydər Əliyeviç Əliyev başda olmaqla, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və onun bürosunun prinsipial, ardıcıl və tükənməz enerji ilə partiya xəttini həyata keçirməsindədir.

 

 

Viktor Adrianov

 

Hüseynbala Mirələmov

 

Mərkəz.- 2010.- 2 noyabr.- S. 10-11.