«Quranelm»

 

XXVIII söhbət

 

Doğulacaq körpənin qız, yaxud oğlan olması

 

Uşaq ana bətnində təşəkkül tapdıqdan sonra onun cinsiyyəti təsbit edilə bilərmi? Uşağın cinsiyyətinin təşəkkülündə ata-ananın heç bir rolu olmadığını bilirik. Ancaq uşaq təşəkkül tapdıqdan sonra onun cinsiyyətini təyin etmək olarmı? Müasir dövrdə ultrasonoqraf adlanan cihaz vasitəsilə ana bətnindəki uşağın cinsiyyəti hamiləliyin IV ayından etibarən müəyyən edilir. Oğlan uşağının cinsi orqanları, uşağın içində olduğu və divarına yapışdığı selikli qişada asanlıqla görünə bilir. Buna görə də, oğlan uşağının cinsiyyəti qız uşağına nisbətən daha asan müəyyənləşdirilir.

Ana bətnindəki uşağın cinsiyyətinin qəti şəkildə müəyyən edilməsinə baxmayaraq, bəzi psixoloji səbəblər üzündən o, adətən, ata-anaya bildirilmir.

Müsəlman alimlərinin əksəriyyəti Loğman surəsinin 34-cü ayəsinə istinad edərək, ana bətnindəki uşağın cinsiyyətinin bilinməsinin mümkün olmayacağı fikrindədir. Ayədə belə buyurulur:

"Həqiqətən, o saat (qiyamət) haqqında bilgi, ancaq Allahın yanındadır. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, hər şeydən xəbərdardır!"

Rəd surəsinin 8-ci ayəsində isə bu barədə belə deyilir:

"Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bətnindəki körpənin 9 aydan tez, yaxud gec dünyaya gələcəyini, doğulacaq uşağın sağlam ya xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir. (Hamının ruzisi əzəldən müəyyən edilmişdir. Heç kəsin istedadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. Allahın bilmədiyi heç bir şey yoxdur)".

Loğman surəsinin 34-cü ayəsində "ma fil-ərham" ifadəsi işlənməkdədir ki, o, "bətnlərdə (balalıqlarda) olan şey" deməkdir. Alusi (?-1853), Zəməxşəri (1074-1144) kimi məşhur müfəssirlər həmin ifadə ilə "ana bətnindəki uşağın oğlanmı, qızmı, ağmı, qaramı olması" nəzərdə tutulduğunubunu Allahdan başqa heç kəsin bilməyəcəyini bildirirlər.

Bəzi müfəssirlər isə Peyğəmbərdən gələn bir hədisə istinad edərək belə hesab edirlər ki, beş şey qeyb aləminə məxsusdur ki, onları Allahdan başqa heç kəs bilməz. Bunlar aşağıdakılardır: 1) heç kəs sabahbaş verə biləcəyini bilməz; 2) heç kimsə bətnlərdə nə olacağını bilməz; 3) heç kəs sabah nə kəsb edəcəyini bilməz; 4) heç bir kəs harada öləcəyini bilməz; 5) heç kəs nə vaxt yağış yağacağını bilməz (və ya heç kəs qiyamətin nə vaxt qopacağını bilməz). (Bax: Buxari. Səhih, Tövhid, 4).

Göründüyü kimi, ana bətnində olan körpənin oğlan, yaxud qız olacağı da qeyb aləminin bu əsas 5 şərti arasındadır. Belə ki, ana bətnində olan körpənin erkək və ya dişi olacağını külli (tam, bütöv) və cüzi olaraq yalnız Allah bilir. Bununla belə, bir qrup alim belə hesab edir ki, qiyamətin qopacağı vaxt istisna olmaqla, bəzi kimsələr Allahın bildirməsi ilə qeyb aləminə aid olan bəzi şeyləri bilə bilərlər. (Bax: Əlmalılı Həmdi Yazır. "Haqq dini Quran dili". İstanbul, c. 5, s. 3853).

Quranın özündə buna işarə edilərkən belə buyurulur: "Onlar (bəndələr) Allahın dilədiyindən başqa onun elmindən heç bir şey qavraya bilməzlər" (Bəqərə, 255). Və ya "Qeybi bilən ancaq Odur və O Öz qeybini - bəyənib seçdiyi peyğəmbər istisna olmaqla, - heç kəsə bəyan etməz" (cinn, 26-27).

Qurandan məlumdur ki, Allah-təala Zəkəriyyaya İsanı təsdiq edən Yəhya ilə müjdə vermiş, Yusif peyğəmbərə də yuxu yozmağı öyrətmişdir.

Buxaridə məşhur səhabə Ənəs bin Malikdən (?-709) belə bir hədis nəql edilmişdir: "Allah-təala ana bətninə bir mələk müvəkkil etmişdir. Allah, ana bətnindəki körpənin yaradılışını tamamlamaq istədiyi zaman həmin uşağın oğlanmı, qızmı, yaxşı, yoxsa pis insanmı olacağını, ruzisinin nə, əcəlinin nə olacağını mələyə söyləyər. Körpənin anasının qarnında bunlar yazılır. O zaman onu mələk və Allahın məxluqatından dilədiyi kimsələr də bilir (Buxari. Səhih, Haiz, 17, İstanbul, 1979, c. 1, s. 82).

Hədisdən göründüyü kimi, bəzi kimsələr Allahın izni ilə bətndə olan körpənin təkcə cinsiyyətini deyil, onun yaxşımı, pismi insan olacağını, ruzisinin, əcəlinin nə olacağını da, daha doğrusu, Qurani-Kərimdə buyurulduğu kimi, "ma fil-ərham"ı (bətnlərdə olan şeyi) bilə bilər.

Müasir elm indi bunlardan yalnız birini - bətndəki körpənin oğlanmı, qızmı olduğunu bilməkdədir. Elmin gələcəkdə bətndə olan körpə ilə bağlı bəzi digər şeyləri bilməsi də, yuxarıda qeyd edilən hədisə əsasən, əgər Allah bunu istəsə, qeyri-mümkün görünməməkdədir.

Çünki Qurani-Kərimdə və hədisdə bildirildiyi kimi, Allah-təala qeyb aləmindən istədiyi kimsələrə bəzi şeyləri bildirə bilər.

Müslimdə və başqa məcmuələrdə mövcud olan bir hədisdə Peyğəmbər əleyhis-səlatü və s-səlam belə buyurur: "Hər birinizin vücudu ana bətnində 40 gün nütfə, 40 gün laxtalanmış qan (rüşeym, embrion, bağlı qalan şey), 40 günbir çeynəm ət halında qalar. Ondan sonra ona bir mələk göndərilər, həmin mələk də ona ruh üfüləyər və bu dörd kəlməni yazar - ruzisini, əcəlini, yaxşı, yaxud pis insan olacağını" (Müslim. Səhih, Qədər 1, Hh. 2643).

Hədisdən göründüyü kimi, ruh körpənin bədəninə (rüşeymə) 120-ci gündə, yəni körpənin 4 aylığında üfürülür, daha doğrusu, ana bətinindəki rüşeym 120-ci gündə özünə ruh üfürüldüyü üçün insan sayılır. Elə ultrasonoqraf da uşağın oğlan, yaxud qız olduğunu hamiləliyin 4-cü ayında müəyyən edir.

Loğman surəsinin 34-cü ayəsində "ma fil-ərham"ı (bətnlərdə olan şeyi) Allahdan başqa heç kəsin bilmədiyi bildirilmişdir. Ana bətnində olan rüşeymona ruh üfürülənə qədər cansız, ağılsız bir şey olduğu üçün ərəb dilində mən (kim) sözü ilə deyil, ma (nə) sözü ilə bildirilmişdir. Rüşeym ona yalnız ruh üfürüləndən sonra kimə, yəni canlı insana çevrilir və mütəxəssislər də ana bətnindəki körpənin oğlan, ya qız olacağını ancaq 4-cü ayında, yəni o, insana çevrildikdən sonra təyin edə bilirlər.

Yuxarıda deyilənlərdən aydın olur ki, insanlar ana bətnindəki körpənin ona ruh üfürülmədiyi, yəni "kim" deyil, "nə" olduğu müddətdə oğlan, yaxud qız olmasını bilməyəcəklər.

Ana bətninə düşən körpənin ilk gündən cinsini təyin edən, onun oğlanmı, qızmı olacağını ilk andan bilən isə Allah-təaladır. Allah-təala bu işi hələ mayalanma dövründə təqdir edib öz əzəli və əbədi elmi ilə bilir. Bizlərə isə bu həqiqəti bilmək yalnız ana bətnindəki körpənin insana çevrilməsindən, yəni hamiləliyin IV ayında, daha doğrusu, 120-ci günündə ona ruh üfürülməsindən sonra müyəssər olur.

Yuxarıda qeyd etdiyimiz kimi, müsəlman alimlərinin əksəriyyəti Quranın Loğman surəsinin 34-cü, Ənam surəsinin 59-cu ayələrinə, eləcə də "Qeybin beş açarı var (qeybin açarları beşdir). Allahdan başqa onları heç kəs bilməz" hədisinə istinad edərək, ana bətnində körpənin cinsiyyətinin təyin edilməsinin qeyri-mümkün olduğunu bildirir. İslam alimlərinin bir qismi isə müasir elmin ana bətnindəki körpənin cinsiyyətinin hamiləliyin IV ayında müəyyənləşdirilə bilməsi faktının danılmazlığını qəbul edərək belə hesab edirlər ki, qeyb iki cür olur: 1) mütləq qeyb; 2) nisbi qeyb.

 

 

Mərkəz.- 2010.- 3 noyabr.-S.16.