HEYDƏR ƏLİYEV
Heydər
Əliyevin Azərbaycanın rəhbəri seçilməsinin
artıq on dördüncü ili idi. Onun həm
özünün, həm də respublikanın həyatında
böyük bir mərhələ arxada qalmışdı. Rəhbərin
həqiqətən də fəxr etməyə haqqı
vardı. Azərbaycan Respublikası sovet dövlətinin
qoyduğu iqtisadi və sosial inkişaf planını ildən-ilə
daha da uğurla yerinə yetirirdi. Respublikada hər il yeni
zavodlar işə salınırdı. Neft hasilatı da artaraq,
ildə on dörd milyon tona çatmışdı və bunun
üçdə iki hissəsi Xəzər dənizinin dərinliklərindən
çıxarılırdı. Sosial planlar reallığa
çevrilməkdəydi…
Bazar
ertəsi Azərbaycan KP MK-nın büro üzvləriylə
görüşən və görüşdə lazımi
nitqini oxuyan Leonid İliç Brejnev yubanmadan Moskvaya uçdu.
O, artıq son aylarını yaşayırdı.
Noyabrın
beşində Brejnev Kremldə, SSRİ Ali Sovetinin Rəyasət
Heyətində Böyük Sosialist İnqilabının
altmış beşinci ildönümünə həsr
olunmuş təntənəli iclasda iştirak etdi və Sov.
İKP MK-nın Siyasi Bürosunun üzvü, Moskva şəhər
Partiya Komitəsinin birinci katibi Viktor Qrişinin məruzəsini
mürgüləyərək dinlədi. Viktor Viktoroviç
Qrişin Baş katib Brejnevin vəsfində əlvan rəngləri
əsirgəmədi:
-
Öz məruzələrində,
çıxışlarında, yazdığı əsərlərdə
Leonid İliç Brejnev marksist-leninçi nəzəriyyəni
fundamental ümumiləşdirmələr və nəticələrlə
zənginləşdirmişdir. Sovet vətəndaşları
ölkə iqtisadiyyatında xalqın rifahının yüksəldilməsinə
yönəlmiş müsbət dəyişiklikləri və
onların reallaşdırılmasında partiyanın
gördüyü işi haqlı olaraq məhz Leonid
İliçin adıyla bağlayırlar. Leninçi ənənələrə
böyük sədaqət…
Noyabrın
yeddisində keçirilən parad və nümayişdə
Brejnev Qızıl meydandakı tribunada dayanıb
nümayişçiləri salamladı. Kremlin Qurultaylar
sarayında isə kiçik nitq söyləyib çoxpilləli
bir tost dedi:
-
Bizim Leninçi partiyanın şərəfinə! Bizim
xalqlar dostluğunun şərəfinə! Bizim SSRİ-nin
şərəfinə! Yer üzərində möhkəm
sülh və əmin-amanlığın şərəfinə!
Hər bir sovet ailəsinin xöşbəxtliyi və
rifahı şərəfinə! Bu zalda əyləşənlərin
hamısının cansağlığı şərəfinə!
Bu,
onun həyatında son tost oldu. cümə günü, 1982-ci
il noyabrın on ikisində sovet qəzetlərinin
hamısının birinci səhifəsi matəm əlaməti
olaraq qara haşiyə ilə dərc olundu.
…
Həqiqi və alovlu vətənpərvər, böyük
inqilabçı, kommunizm uğrunda yorulmaz mübariz,
müasir dövrümüzün böyük dövlət və
siyasət xadimi Leonid İliç Brejnev vəfat edib.
Ardınca
isə onun ölümü barədə tibbi arayış və
ölümün səbəbləri
açıqlanırdı…
Dəfn
mərasimi üzrə dövlət komissiyasının məlumatı:
Leonid İliçin dəfn mərasimi 15 noyabr, bazar ertəsi
saat on ikidə Qızıl meydanda olacaq.
Noyabrın
on ikisi Sov. İKP MK Siyasi Bürosunun plenumu
yığışıb Yuri Vladimiroviç Andropovu Sov.
İKP MK-nın Baş katibi seçdi. Elə həmin gün
plenum iştirakçıları Sütunlu salona gəlib
Leonid İliçlə vidalaşdılar. Böyük şəkilin
mərkəzində Andropov və Tixonov, solda Şevardnadze, Əliyev
və o zaman SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin
birinci müavini Kuznetsov dayanmışdılar.
SSRİ
və Sov. İKP rəhbərliyində dəyişikliklər
artıq çoxdan zərurətə çevrilmişdi. Ətrafda
baş verənləri dumanlı şəkildə dərk edən
«qocalar» neçə ildi ki, böyük bir dövləti idarə
etməkdəydilər. Daha doğrusu, dövləti onlar yox,
onların ətrafındakı sıx «kütlə» idarə
edirdi.
Brejnev
1974-cü ildə Uzaq Şərqə səfəri zamanı
artıq möhkəm xəstələnmişdi. Vəziyyəti
getdikcə daha da pisləşməkdəydi. Müvəqqəti
ayılmalar zamanı onun özü də artıq getmək
vaxtının çatdığını başa
düşür, amma hər şeyin olduğu kimi
qalmasını istəyən ətrafdakılar Baş katibi bu
addımdan çəkindirirdilər. «Sizi, Leonid İliç
heç kəs əvəz edə bilməz».
Andrey
Pavloviç Kirilenko da neçə müddət idi ki,
prostatdan əziyyət çəkirdi. MK-nın katibi və
Siyasi Büronun üzvü olsa da, artıq çoxdan idi ki,
iclaslarda iştirak etməyə taqəti qalmamışdı.
Çernenko
da mualicə olunurdu. Ustinovla Qromıko artıq yetmiş
yaşı adlamışdılar. . .
Leonid
İliçin səhnədən getməsinə iki il
qalmış köhnə bolşeviklər Mixail Andreyeviç
Suslovu, partiya iyerarxiyasında 2 N-li adamı, Starıy
ploşadda təqribən yarım əsr ömür
keçirmiş «boz kardinal»ı o dünyaya yola saldılar. Onunla, deyilənə görə, hətta Stalin də
hesablaşırmış. Suslov o insanlardan idi ki, Stalindən
sonra Kremldə başlayan hakimiyyət davasında Molotovu,
Malenkovu, Kaqanoviçi və «onlara birləşən
Şepilovu» (artıq lətifəyə çevrilmiş, rəsmi
partiya sənədlərindən götürülmüş
formula) kənarlaşdırmaqda Xruşşova kömək
etmişdi. 1964-cü ilin aprelində Xruşşovun 70
yaşı tamam olanda hamıdan qabağa düşüb əziz
Nikita Sergeyeviçin istirahətə getməyini elan etdi. On
ildən sonra o, eynən beləcə partiya qəzəbi ilə
Xuruşşovu ifşa etdi və Brejnevə odlu-alovlu tərif
yağdırdı.
Bir
sözlə, hakim dairələrdəki dəyişiklik
ölkəyə hava-su kimi lazım idi. Bu barədə kəskin,
sərt şəkildə və açıq-aydın
sözü Yuri Vladimiroviç Andropov dedi. O artıq iyrmi ilə
yaxın idi ki, SSRİ DTK-sına rəhbərlik edirdi və
eyni zamanda MK-nın katibi idi, iclaslara da çox vaxt o sədrlik
edirdi. Bu səbəbdən də vəziyyəti hamıdan
yaxşı bilirdi.
Andropovun
ölkədə keçirilməsi vacib olan konkret reformalar və
dəyişikliklər haqqında dəqiq işlənib
hazırlanmış planı vardımı, yoxdumu? - indi bu
suala dəqiq cavab vermək çətindir. Əliyev bu
xüsusda belə deyirdi: «Andropovun gizli saxladığı
planlar çox idi və bu planların hamısı sirr olaraq
qaldı». Ancaq hər şeydən əvvəl müəyyən
etmək lazım idi ki, «bizim yaşadığımız cəmiyyətin
mahiyyəti» nədən ibarətdir. Elm adamları sistemə
ad qoymaq üçün muxtəlif sözlər
düşünürdülər: inkişaf etmiş sosializm,
real sosializm, yetkin sosializm. . . Amma sən demə, bu sistemin
özünün də kamilləşməyə hələ
çox ehtiyacı vardı. Vaxt keçdikcə ölkənin
qarşısında daha kəskin gündəlik məsələlər
dururdu: insanları yedizdirib-içizdirmək, geyindirmək, mənzillə
təmin etmək, təhsili qaydasına salmaq, Əfqanıstandakı
müharibəni yoluna qoymaq və s.
22 noyabr 1982-
ci il, Moskva
Sov.
İKP MK-nın növbəti plenumunda SSRİ
Nazirlər Soveti sədrinin müavini Nikolay Konstantinoviç
Baybakovun «1983-cü ildə SSRİ-nin sosial-iqtisadi
inkişafının Dövlət Planı» və SSRİ
maliyyə naziri Vasiliy Qarbuzovun «1983-cü il üçün
SSRİ-nin Dövlət büdcəsi» haqqında məruzələri
dinlənildi.
Rəsmi
xəbərlərdə isə deyilirdi ki, plenum təşkilati
məsələlərə də baxmışdır:
«MK-nın
plenumu yoldaş H. Ə. Əliyevi Sov. İKP MK Siyasi
Bürosuna üzvlüyə namizədlikdən üzvlüyə
qəbul edilməsi barədə qərar qəbul edib.
MK-nın
plenumu yoldaş A. P. Kirilenkonu səhhətiylə əlaqədar,
öz xahişi ilə Sov. İKP MK-nın katibi və Siyasi
Büronun üzvlüyündən azad edib.
Sov.
İKP MK-nın plenumu yoldaş N. İ. Rıjkovu Sov. İKP
MK-nın katibi vəzifəsinə seçib».
Əlavə
edək ki, Əliyev və Rıjkov məhz Andropovun təqdimatı
ilə seçilmişdilər. Bir neçə
gün əvvəl, bazar günü (Yuri Vladimiroviç həm
DTK-da, həm də MK-da artıq çoxdan idi ki, bazar günləri
də işləyirdi) Andropov Kremldəki kabinetində Əliyevlə
görüşmüşdü. Qaydalara uyğun olaraq
bütün qəzetlərdə KP MK-nın Siyasi Bürosunun
yeni üzvünün böyük şəkli və
haqqında kiçik bioqrafik məlumat çap olunmuşdu.
«Yoldaş
Əliyev 1923-cü ildə fəhlə ailəsində anadan
olub. 1945-ci ildən Sov. İKP-nin üzvüdür. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix
fakültəsini bitirib.
Naxçıvan Muxtar
Respublikası Xalq
deputatları sovetinin
şöbə müdiri vəzifəsində işləyib. Sonra isə
Dövlət təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb, sıravi operativ işçidən Azərbaycan DTK-sının sədri vəzifəsinə qədər yüksəlib.
1969-cu ildə
Azərbaycan KP MK-nın birinci katibi
seçilib. Sov. İKP-nin XXIV, XXV, XXVI qurultaylarında Sov. İKP MK-nın üzvü seçilib. 1976-cı ilin martından etibarən Sov. İKP MK Siyasi Bürosunun üzvlüyünə
namizəddir.
Sosialist Əməyi
Qəhrəmanıdır. SSRİ Ali Sovetinin deputatıdır».
Tarixçi və
publisist Roy Medvedevin sərrast ifadəsi ilə desək, «Kremlin
səmasında yeni ulduz parlamağa başladı». İllər ötəndən
sonra SSRİ-nin xarici işlər naziri və SSRİ rəhbərliyində
ən hörmətli, nüfuzlu siyasətçi olan Andrey
Qromıko o vaxt beynində parlamış bir fikri
açıqlamışdı. O, boynuna
almışdı ki, «Heydər Əliyev Moskvaya gələndə
mən düşünmüşdüm ki, SSRİ-yə məhz
bu cür gənc və enerjili bir rəhbər
lazımdır».
Əfsuslar olsun ki, Andropovla Çernenkodan
sonra növbəti yeni lideri müəyyənləşdirmək
məqamı çatanda Qromıko bu düzgün fikrini
açıqlamamışdı…
Zahirən hər
şey əvvəlki qaydasında idi. Ancaq zahirən. Hələ də
Brejnev xatırlanır, MK-nın, SSRİ Ali Soveti Rəyasət
Heyətinin və Nazirlər Sovetinin «Leonid İliç
Brejnevin xatirəsinin əbədiləşdirilməsi
haqqında» qərarı dərc olunur, şəhər və
rayonların adları dəyişdirilib L. İ. Brejnevin
adına qoyulur, zavodlar, kolxozlar, ali məktəblər, orta məktəblər,
meydanlar və 30-cu illərdə Leonid İliçin xidmət
etdiyi tədris tank diviziyası onun adını
daşımağa başlayırdı.
Ölkədə
isə gələcək inkişafın əsas aparıcı
istiqaməti siyasi quruluşun ana xəttinə uyğun tənzimlənirdi. Və ilk dəfə olaraq - sonralar
Qorbaçovun öz adına
çıxmaq istədiyi «sürətləndirmə» prosesi həyata
keçirilməyə başlanmışdı.
Yeni Baş
katib Yuri Andropov iqtisadiyyatın inkişaf tempinin sürətləndirilməsi,
milli gəlirin, kənd təsərrüfatı və sənaye
məhsullarının mütləq həcminin
artırılması, əmtəə dövriyyəsinin
yüksəldilməsi barədə danışırdı. Brejnevin ölümündən
cəmi iki həftə keçirdi, amma əsas söz-söhbət
görülən yox, hələ görüləsi olan
işlər barədəydi. Bir neçə
əsas məqamı diqqətinizə çatdıraq.
Yuri
Vladimiroviç iclas iştirakçılarının diqqətini
belə bir fakta çəkdi ki, «beşilliyin ilk iki ili ərzində
plan tapşırıqları bir çox göstəricilər
üzrə yerinə yetirilməmiş qalıb. Bir çoxları, deyəsən,
heç işə necə başlamağı da bilmirlər,
- deyə yeni Baş katib davam edir. - Gərək
belə yoldaşlara hansı köməyi göstərmək
barədə düşünək». Yenə
də son zamanlar tez-tez eşidilən «sürətləndirməli»
sözü səslənir. İqtisadiyyatın,
planlaşdırmanın, təsərrüfat mexanizmlərinin
kamilləşdirilməsi prosesini sürətləndirmək
lazımdır.
Baş katib
isə hesab edir ki, «elə iqtisadi və təşkilati şərait
yaratmaq lazımdır ki, keyfiyyətli, məhsuldar əməyi,
təşəbbüskarlığı və
işgüzarlığı stimullaşdırsın». Ancaq vaxtı
çatmış məsələlərin həlli
üçün hazır reseptlər yoxdur. Düzdür, cavab tapmaq üçün yerli və
dünya təcrübəsini birləşdirmək, ən
yaxşı praktik işçilərin və alimlərin
biliklərini öyrənib onlardan faydalanmaq lazımdır.
Baş katib
iqtisadiyyatın əsas sahələrinin - yanacaq-energetika
kompleksinin, qara metallurgiyanın, dəmiryol nəqliyyatının
inkişafının başlıca problemlərini təhlil
edir. Dəmiryollarında vəziyyət
olduqca pis idi. Nazirlər Sovetinin sədrinin
birinci müavini Heydər Əliyevə vəzifəsinə
uyğun olaraq bir çox başqa sahələrlə
yanaşı, məhz bu sahəylə də məşğul
olmaq tapşırılır.
MK-nın
plenumundan dərhal sonra SSRİ Ali Sovetinin sessiyası
keçirildi. Onuncu
çağırış yeddinci sessiya eyni gündə,
noyabrın 23-də, eyni vaxtda saat 16-da Kremlin Böyük
Qurultaylar Sarayında İttifaq hökumətinin birinci
iclası, Ali Sovetin binasında Millətlər Sovetinin ilk
iclası keçirildi.
Qəzetlərin yazdığı kimi,
deputatlar və qonaqlar yoldaş H. Ə. Əliyevi, M. S.
Qorbaçovu, V. V. Qrişini, A. A. Qromıkonu, D. A. Kunayevi, Q.
V. Romanovu, N. A. Tixonovu, D. F. Ustinovu, V. V. Şerbitskini, P. N.
Demiçevi, V. I. Dolgixi, T. Y. Kiselyovu, M. M. Solomentsevi, İ. V.
Kapitonovu sürəkli alqışlarla qarşıladılar.
Staraya ploşad mətbuata məhz bu
qaydanı diktə etmişdi: əlifba sırası ilə əvvəlcə
Siyasi Büronun üzvləri gəlir, sonra üzvlüyə
namizədlər, nəhayət, qvardiyanı MK-nın katibliyi
tamamlayır. Lakin bu sıralama
çoxlarının xoşuna gəlmir. «Axı,
nəyə görə siyahı məhz Əliyevlə
başlamalıdır, Qorbaçov isə yalnız ikincidir.
Haqqınızı tapdalayırlar, Mixail Sergeyeviç!»
Sovet İttifaqıyla bərabər onun Kommunist
partiyası da on beş ildən
artıqdır ki, tarixin səhifələrinə
köçüb. Siyasi Büronun tam tarixi isə
hələ də əlimizdə yoxdur. Partiya
qurultaylarında Mərkəzi Komitəni, Mərkəzi Komitənin
plenumlarında isə Siyasi Büronu seçirdilər. Bəli, hər şeyi idarə edən, istiqamətləndirən,
hər şeyi bilən əsas hakimiyyət məhz Siyasi
Büroya məxsus idi. Siyasi Büronun
özündə isə Baş katibin ətrafında hakimiyyətin
əsas nüvəsi - Baş katibin son dərəcə etibar
etdiyi yaxın adamları toplaşırdı. Stalinin son
illərində bu nüvəyə Beriya, Malenkov, Molotov,
Xruşşov daxil idi: Brejnev isə Ustinovun, Qromıkonun,
Andropovun, Suslovun məsləhəti olmadan heç bir qərar
qəbul etmirdi. Qorbaçov isə hamıdan çox Yakovlevə,
Şevardnadzeyə, Medvedyevə inanırdı…
Siyasi Büro
1919-cu ilin martında yaradılıb. O vaxt büroya cəmi beş MK
üzvü daxil idi. Onun funksiyası xüsusi qeyd olunurdu: təxirə
salınması mümkün olmayan məsələlərin həlli
üçün qərarlar qəbul etmək. Siyasi Büronun
ilk beşliyi belə olub: Xalq Komissarları Sovetinin sədri
Lenin, hərbi və dəniz işləri xalq komissarı
Trotski, milli məsələlər üzrə xalq komissarı
Krestinski, Moskva Xalq Komissarları Sovetinin sədri Kamenev. Tarixçi Yuri Jukovun yazdığına görə,
Siyasi Büronun fərdi tərkibi göstərir ki, bu
kiçik qrup partiyaya rəhbərliyi yox, ölkəyə rəhbərliyi
həyata keçirən dövlət orqanıdır.
Stalin bu xətti
inkişaf etdirib otuzuncu illərdə hakimiyyətin formal da
olsa, müstəqil sayılan iki qolunu - sovetləri və
partiyanı tam birləşdirdi. Qorbaçov yenidənqurması
hakimi-mütləq olan Siyasi Büronu diskussiya klubuna çevirənə
qədər bu orqan öz funksiyasını
saxlamışdı.
Rıjkovla Əliyev
eyni plenumda Siyasi Büronun üzvü seçilmişdilər
və bu da onların arasında müəyyən
yaxınlıq yaradırdı. Yoldaşlar onları təbrik edir, xoş
arzularını bildirirdilər. Onlar da əl
verib bir-birini təbrik etdilər. Əliyevin
partiya karyerasında bu, sadəcə layiq olduğu növbəti
yüksəliş idi. Rıjkov isə heç vaxt
özünü partiya işində təsəvvür etmirdi:
«Axı mən istehsalat adamıyam».
Təbii ki,
onlar bir-birini çoxdan tanıyırdılar. Müxtəlif iclaslarda,
qurultaylarda, plenumlarda görüşürdülər. Əvvəllər məşhur «Uralmaş»ın
(Ural maşınqayırma zavodu) baş direktoru vəzifəsində
çalışan Rıjkov son vaxtlar SSRİ-nin Dövlət
Planlaşdırma Komitəsində sədr müavini işləyirdi.
Maddi vəsaitlər, resurslar onun əlindəydi
və respublika rəhbəri də müxtəlif işlərlə
bağlı bu idarəyə tez-tez baş çəkirdi.
Dövlət
Plan Komitəsinə Stalinin məşhur Xalq Komissarları nəslindən
olan qocaman Nikolay Konstantinoviç Baybakov rəhbərlik edirdi. Baybakov Bakıda
doğulmuş, burada neft mühəndisi ixtisasına yiyələnmiş
və işgüzar dairələrdə bacarıqlı
mütəxəssis kimi tanınmışdı. Otuz yaşı tamam olduqdan sonra, o, Volqaboyu regionda
böyük bir trestin rəisi, nəhayət, bütün neft
sənayesinin rəhbəri olmuşdu. 1942-ci
ilin noyabrında SSRİ Neft Sənayesi Xalq Komissarının
birinci müavini N. K. Baybakovu Stalinin yanına
çağırırlar.
-Yoldaş Baybakov, - deyə Stalin
özünəməxsus tərzdə ona müraciət etdi, -
siz yubanmadan Qafqaza uçmalısınız. Kimi
istəyirsiniz, özünüzlə götürün. Neftə görə başınızla cavabdehsiniz.
Siz necə tikməyi bilirsiniz, indi isə necə
dağıtmağı öyrənməlisiniz. Əgər Hitlerə bircə ton da neft saxlasanız,
biz sizi güllələyəcəyik. Amma
əgər siz mədənləri məhv etsəniz və
almanlar oraya gəlib çıxa bilməsələr, onda biz
neftsiz qalacağıq. Belə olan təqdirdə
biz sizi yenə də güllələyəcəyik.
Baybakov soruşur:
- Başqa heç bir alternativ yoxdur?
Stalin belə cavab verir:
- Bunun üçün, cavan oğlan,
çiyinlərinizdə başınız var, fikirləşin.
Yubanmadan cənuba uçun və bütün məsələləri
Budyonnı ilə həll edin.
Baybakov
Stalinin şəxsi tapşırığının öhdəsindən
müvəffəqiyyətlə gəldi.
Xruşşov
dövründə dikbaşlığına görə onu -
RSFSR-in Dövlət Plan Komitəsinin sədrini yüksək vəzifədən
çıxarıb Krasnodar Xalq Təsərrüfatı Sovetinə
rəhbərlik etməyə göndərmişdilər. Ancaq bir müddət sonra
yenidən Moskvaya qaytarmışdılar. Xruşşovun
istefasından sonra isə Brejnevlə Kosıgin ona SSRİ
Dövlət Plan Komitəsinə rəhbərlik etməyi
tapşırırlar. Amma harada
çalışmasından asılı olmayaraq, Nikolay
Konstantinoviç heç vaxt öz kiçik vətənini
unutmurdu.
Nikolay Rıjkov xatırlayır:
- Baybakov Azərbaycana
həmişə yaxşı münasibət bəsləyirdi. Uzun illər ərzində
respublikanı SSRİ-nin Ali Sovetində təmsil edənlərdən
biriydi. Heydər Əliyeviç isə
Moskvada olarkən həmişə Nikolay Konstantinoviçin
yanına gələrdi.
Bu
görüşlərə Dövlət Plan Komitəsinin rəhbəri
adətən öz dörd müavinindən birincisini - Nikolay
Rıjkovu da çağırırdı.
İndi isə
MK-nın həmin unudulmaz plenumundan sonra Rıjkovla Əliyev
artıq çiyin-çiyinə işləməli
olacaqdılar. Rıjkov MK-da iqtisadi məsələlərə
baxırdı, Heydər Əliyev isə Nazirlər Sovetinin sədrinin
birinci müavini idi.
Bəzən deyirlər ki, Heydər Əliyev
özündən sonra heç bir sənəd qoymayıb və
onun bioqrafiyası - doğulduğu il,
valideynlərinin mənşəyi əvvəldən sonacan quraşdırmadır.
Bu versiya ilə qətiyyən razılaşmaq
olmaz. Andropovun idarəsi (DTK) öz
kadrlarının bütün həyatını rentgen
şüalarından da yaxşı öyrənirdi. Əminliklə
deyə bilərik ki, Baş katib özüylə bərabər
Siyasi Büroya gətirdiyi kadrın onuncu nəslinə qədər
hər şeyi bilirdi: əlaqələrini, ətrafını,
vərdişlərini, sağlamlığını, xarakterik
xüsusiyyətlərini, maraq dairəsini və s…
Yeri gəlmişkən, o xasiyyətnamələrdə
Əliyevin intellektual potensialına və əxlaqına
verilmiş yüksək qiymət barədə sözlərə
diqqət yetirin: şəxsi həyatda iddiasızdır,
davranış və həyat tərzi idealdır.
Nazirlər
Sovetinin sədri Nikolay Aleksandroviç Tixonov Brejnevin
dövründən işləyirdi və Yuri Vladimiroviç
Andropov nəyə görəsə onu dəyişdirmədi,
yalnız Heydər Əliyevi onun birinci müavini təyin etdi. O, Heydər Əliyevi, bəlkə də,
ölkənin ikinci adamı olan Tixonovun xələfi kimi
görürdü. Bu, boş fərziyyə
deyil. Bizim həmsöhbətlərimizdən
bir çoxu, Kreml mətbəxinə yaxşı bələd
olan adamlar bu fikri təsdiq edirlər.
- Əminəm
ki, Nazirlər Sovetinin sədri postunda Yuri Vladimiroviç
Andropov Tixonovu yox, başqa bir kadrı görürdü, - bu
fikri Nikolay Semyonoviç Konarev bildirir. İndi, o, Rusiyanın ən
böyük nəqliyyat-ekspedisiya şirkəti olan «Intertrans»
Qapalı Səhmdar cəmiyyətinə rəhbərlik edir.
Bundan əvvəl isə doqquz il
SSRİ-nin nəqliyyat naziri olub və bu vəzifəyə
1982-ci ildə Andropovun təqdimatıyla təyin olunub. - Bəli,
Nazirlər Sovetini daha geniş siyasi təfəkkürə
malik, aktiv, mobil və idarəçilik təcrübəsi
çox olan bir kadr idarə etməliydi. Yəqin
ki, bu məqamda milli məsələ də nəzərə
alınırdı. Çoxmillətli bir
dövlətin hakimiyyətində təkcə ruslar
olmamalıydı. Yuri Vladimiroviç
kadrları hamıdan yaxşı tanıyırdı. Və mən bütün faktları təhlil edəndən
sonra belə bir fikrə gəlmişəm ki, Əliyevin Kremlə
gətirilib Nazirlər Soveti sədrinin müavini vəzifəsinə
təyin edilməsinin daha uzaq bir perspektivi vardı. Əfsuslar
olsun ki, tale Andropova öz planlarını reallaşdırmaq
üçün çox az vaxt
ayırmışdı…
Əliyevin
Nazirlər Sovetinə təyinatı, deyəsən, Tixonovun
bir o qədər də xoşuna gəlməmişdi. Bir vaxtlar onun özü
Kosıginin müavini işləmişdi və metodiki olaraq
öz rəisini gözdən salıb
sıxışdıraraq məqsədinə yol
açmışdı. İndi də
Tixonov Əliyevi özünə rəqib görürdü.
Əliyev Baş katibin tam etibar etdiyi adam
idi və istənilən vaxt o, Nazirlər Sovetinin sədri vəzifəsinə
təyin edilə bilərdi. Tixonov o biri
müavinlərindən qorxmurdu - Baybakovla Arxipov onun
yaşıdı idilər, həm də partiya rəhbərliyində
o qədər də parlayan kadrlar deyildilər. Nazirlər Sovetindən cəmi iki şəxs -
Tixonovun özü və Əliyev Sov. İKP
MK-nın Siyasi Bürosunun üzvüydü və belə
görünürdü ki, müavinlərin içində Əliyev
o birilərindən daha yüksəkdə olmalıydı.
Amma ezamiyyətə, yaxud məzuniyyətə
gedərkən Tixonov heç vaxt öz vəzifəsini Əliyevə
həvalə etmirdi. Əlbəttə,
bütün bunlar Heydər Əliyevin xətrinə dəyirdi,
amma o, bunu heç vaxt büruzə vermirdi.
Kremldə, Nazirlər Sovetində beş il - Andropovdan Qorbaçova qədər
bütün bir epoxanı əhatə edən beş il.
- Bizim yollarımız həmişə kəsişirdi,
- deyə Nikolay İvanoviç Rıjkov xatırlayır. - Əliyev nəqliyyat məsələləri ilə,
yüngül sənaye ilə, başqa sahələrlə məşğul
olurdu, mən isə MK-nın katibi kimi Dövlət Plan Komitəsinin,
Qiymətlərə Nəzarət Komitəsinin və başqa
strukturların işinə nəzarət edirdim. Yeni vəzifələrimizdəki
ilk iş günlərindən etibarən biz sıx əlaqədə
işləməyə başladıq. Həm MK-da, həm də
Nazirlər Sovetində tez-tez görüşürdük. Bəzən hansısa sənədlər üzərində
birlikdə işləyirdik, işin gələcək
perspektivlərini birgə müzakirə edirdik.
Heydər Əliyev
öz təmkinli görkəmiylə o vaxt da mənim
xoşuma gəlirdi. Çox səmimi,
ünsiyyətə meyilli adam idi,
qapalı, özündən razı, lovğa insan deyildi. Sakit təbiəti vardı, yerinə düşən
yumoru çox sevirdi. Bir insan kimi onunla
işləmək çox asan idi.
Viktor Adrianov
Hüseynbala Mirələmov
Mərkəz.- 2010.-3 noyabr.- S. 10-11.