Quranelm

 

XXVIII

 

Doğulacaq körpənin qız, yaxud oğlan olması

 

Mütləq qeybi Allahdan başqa heç kəs, hətta mələklər belə bilə bilməz. Bu qeybin sirri yalnız Allahın yanındadır. Heç bir mələk, cin, yaxud insan bu aləmə yol tapa bilməz. Qiyamətin qopacağı vaxt bu qeyb aləminə məxsusdur.

Nisbi qeyb isə yaradılmışların mütləq əksəriyyətinin bilgisindən uzaq olan, yalnız mələklərə və ya bəzi seçilmiş kimsələrə məlum olan qeybdir. Bəzi insanlar müəyyən şeylərin səbəblərini, yollarını arayıb öyrənməklə, kəşf etməklə nisbi qeybə vaqif ola bilərlər ki, bu da yalnız Allahın onlara olan lütfü və mərhəməti sayəsindədir. İnsan mütləq qeybi ancaq Allahın ona xəbər verməsi ilə bilə bilər. Müqəyyəd qeybə isə Allahın insana bəxş etdiyi ilhamla, kəşflə yetişmək olar. Allah mütləq qeyb aləminə aid olan bir biliyi, məlumatı mələyə və ya insana bildirdikdə, o artıq mütləq qeybə aid olan bilik halından çıxıb nisbi qeybə aid olan biliyə çevrilir. (Bax: Həsən Bəsri. Çantay, Qurani-həkim və Məali-Kərim c. 1, İstanbul, 1993, s. 14).

Onu da qeyd etmək lazımdır ki, insanın hər hansı bir həqiqəti kəşf etməsi, o cümlədən ana bətnindəki körpənin cinsiyyətini hamiləliyin müəyyən dövründə təyin edib bilməsi Allahın mütləq elminə, qüdrətinə və təqdirinə mane ola bilməz. Çünki Allah-təala hər bir şeyin əslini, əsasını, məğzini və mahiyyətini bildiyi halda, insanlar yalnız bilinə biləcək şeylərin bir qismini, müəyyən bir hissəsini bilə bilərlər. İnsanın kəşf etdiyi, öyrəndiyi hər bir yeni şey onu bilmədiyi yeni şeylərin qapısını açmağa sövq etməkdə, yeni-yeni məchullarla üz-üzə qoymaqda, insan da öz növbəsində Allahın ona bəxş etdiyi əql, zəka, elm və qüdrət sayəsində onlara cavab tapmaq üçün durmadan çalışmaqdadır. (Bax: cəlal Qırca. Göstərilən əsəri, 1997, s. 318).

 

 

XXIX söhbət      

 

Qurangigiyena

 

Qurani-Kərim insanlara Allaha inamı, yüksək mənəvi keyfiyyətləri aşıladığı, ibadət qaydalarını, əxlaq tərbiyəsini öyrətdiyi kimi, həm də onlara öz sağlamlıqlarının qeydinə qalmağı, bədənlərini təmiz saxlamağı tövsiyə edir. Allahın kitabında dəfələrlə namazdan əvvəl dəstəmaz alınması, bədən üzvlərinin yuyulub təmizlənməsi buyurulmuş və ibadət edən insanın həm daxilən, həm də xaricən təmizlənməsi vacib bilinmişdir. Peyğəmbərin (s.ə.s) hədislərində bu məsələlərə daha ətraflı toxunulmuş, onların bir çoxu təfərrüatı ilə izah edilmişdir. "Sağlam bədəndə sağlam ruh olur" şüarını rəhbər tutan dinimiz insanın öz dini borclarını yerinə yetirə bilməsi üçün onun sağlamlığını ön plana çəkir.

İslam aləmində təbabətin "tibbi-nəbəvi" ("Peyğəmbər tibbi") adlı xüsusi bir bölməsi mövcuddur ki, orada Peyğəmbərimizin (s.ə.s) sünnətində tibbin yeri, onun tibbi görüşləri geniş surətdə işıqlandırılır.

İslam dini insanın öz sağlamlığı qayğısına qalmasını ibadətin bir növü olaraq qəbul edir. Dərmanlar və müalicə üsulları təbabətdə tez-tez dəyişdiyi üçün islam dini elmə xüsusi müalicə metodları və vasitələri gətirməmiş, bunu insanların özlərinə həvalə etmişdir. Məlumdur ki, elm inkişaf etdikcə müalicə metodları və üsulları da mütəmadi olaraq dəyişir, hətta eyni bir xəstəlik müxtəlif insanlarda onların sağlamlıq dərəcəsi, orqanizmlərinin xüsusiyyəti nəzərə alınaraq, müxtəlif cür müalicə olunur (Bax: cəlal Qırca. Göstərilən əsəri).

Həzrəti Muhəmməd (s.ə.s): "Ey Allahın bəndələri, müalicə olunun. Allah verdiyi hər bir dərdin (xəstəliyin) dərmanını da yaratmışdır, lakin bunu bəziləri bilir, bəziləri isə bilmir", - deyə buyurmuşdur.

Əbu Hüzamə adlı bir səhabə Peyğəmbərdən (s.ə.s): "Biz xəstəliklərdən qorunuruq, dua edirik və müalicə olunuruq. Bunlar qəzavü-qədəri dəyişdirirmi?" - deyə soruşmuş, Peyğəmbər (s.ə.s.) də ona: "Qorunma, dua və müalicə də qəzavü-qədərdir", - deyə cavab vermişdi.

Peyğəmbərimiz (s.ə.s) özü xəstələnəndə həkimlərə müraciət etmiş və ümmətinə də xəstələndikdə həkimə müraciət etməyi tövsiyə etmişdir.

Xəstə insanın iradəsi zəif, bədən üzvləri rahatsız olur, əsəbləri pozulur. cəmiyyət sağlam, qüvvətli bir insandan gördüyü faydanı xəstə, zəif bir kimsədən görə bilməz. Quranda Həzrəti Musanın ruhi və əxlaqi gözəlliyi ilə yanaşı, onun fiziki baxımdan qüvvətli olması da tərifəlayiq bir cəhət kimi nəzərə çatdırılmış (Qəsəs surəsi, ayə 26), Talutun padşah seçilməsində əqlcə və bədəncə başqalarından üstün olması Allah-təala tərəfindən əsas meyar kimi götürülmüşdür (Bax: cəlal Qırca. Göstərilən əsəri, s. 217).

Qurani-Kərim Allah kəlamı, insanlara doğru yolu göstərən bir nur mənbəyi, hidayət çırağıdır. Quranda elmin müxtəlif sahələrinə dair bir çox qiymətli, müasir elmi kəşfləri qabaqlayan fikirlər söylənilsə də, o, bütövlükdə elmdən bəhs edən bir kitab deyildir. Quran Allahın qüdrət və əzəmətini, vəhdaniyyətini, əzəli və əbədi elmi ilə bütün kainatı ehtiva etməsini insanlara çatdırmaq, bununla da bəşər övladına tövhid əqidəsini aşılamaq məqsədilə, yeri gəldikcə, buya digər elmi həqiqətləri möminlərin nəzərinə çatdırır. Bu baxımdan Quranda bir sıra tibbi məlumatların olması da təbiidir. Allahın Kitabını diqqətlə, fəhmlə oxuyan hər bir kəs orada insanın yaranması və təşəkkülü, insan nəsli, anatomiya, fiziologiya, patologiya, bədən xəstəlikləri, ruhi xəstəliklər və s. barədə qiymətli fikirlər söylənilməsinin şahidi olur. Ümumiyyətlə, onu qeyd etmək olar ki, Quranda astronomiyadan sonra ən çox tibbi biliklərə yer verilmişdir. (Bax: cəlal Qırca. Göstərilən əsəri, s. 217-218).

Qurani-Kərim hamiləlik və sonsuzluq (qısırlıq), adət halında olduğu zaman qadınla yaxınlıq etməmək, uşaqların əmizdirilməsi, müəyyən tibbi səbəblərə görə süd qardaş və bacılarının bir-biri ilə evlənə bilməməsi, süd anası ilə evlənməyin mümkün olmaması, yaşı ötmüş qadınların hamilə ola bilməməsi, insanın anatomiyası və fiziologiyası, bəzi xəstəliklərin nə cür əmələ gəlməsinə dair, qısa da olsa, müəyyən məlumatlar vermişdir. Qurani-Kərimin sağlamlıq barəsində əsas prinsipi müalicə deyil, sağlamlığı qorumaq, hifzüssəhhədir. Quran hifzüssəhhəni aşağıdakı cür təsəvvür edir: 1) ruhi sağlamlığı qoruma; 2) yoluxucu xəstəliklərdən qorunma; 3) zərərli yeməklərdən qorunma; 4) zərərli içkilərdən qorunma; 5) bədənin təmizliyi və sağlam olması; 6) normal qidalanma.

Quran belə hesab edir ki, xəstəliyə tutulan kimsə müalicə olunmalı, Allahın mərhəmətindən ümidini kəsməməlidir. Çünki hər bir dərdin bir dərmanı vardır. Ayələrə nəzər salaq:

Hicr surəsi, ayə 56:

"(Haqq yoldan) azanlardan başqa, Rəbbinin mərhəmətindən ümidini kim üzə bilər?!"

Zumər surəsi, ayə 53:

"Ey mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim, Allahın rəhmindən ümidsiz olmayın".

Yunus surəsi, ayə 107:

"Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Allahın özündən başqa heç kəs (səndən) sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O bağışlayandır, rəhm edəndir".

Şuəra surəsi, ayə 80:

"Xəstələndiyim zaman mənə ancaq Allah şəfa verir".

 

 

Mərkəz.- 2010.- 4 noyabr.- S. 16.