HEYDƏR ƏLİYEV
Nazirlər
Soveti: gündəlik qayğılar
Nazirlər Sovetinin və onun sədr
müavininin, Siyasi Büronun üzvü olan bir şəxsin
gündəlik qayğıları. Üstəlik də Siyasi
Büro üzvü, daha dəqiq desək, üstəlik də
yox, ilk növbədə Siyasi Büro üzvü. Görəsən,
bu qayğılar nədən ibarət idi? 1983-cü ilin ilk
aylarının xronikasına nəzər salaq.
3 yanvar 1983-cü il, bazar ertəsi.
SKK-nın (Varşava Müqaviləsi Ölkələrinin
Siyasi Konsultativ Komitəsi) işində iştirak etmək
üçün Moskvadan Praqaya böyük bir nümayəndə
heyəti yola düşür. Nümayəndə heyətinin
rəhbəri Yuri Vladimiroviç Andropovla birgə Nazirlər
Sovetinin sədri N.A.Tixonov, xarici işlər naziri A.A.Qromıko,
müdafiə naziri D.F.Ustinov, Sov. İKP MK-nın katibi K.V.Rusakov
da Praqaya gedirlər.
Tam proqram üzrə yolasalma mərasimi. Qəzetlər
protokola uyğun olaraq yola salanların adlarını
sadalayırlar - Əliyevdən Rıjkova qədər. Şəkillərdə
o, sağdan birincidir. İki il sonra Nikolay İvanoviç
Rıjkov bir az mərkəzə doğru yerini dəyişəcək.
Əliyev isə Tixonovun arxasındadır. Qorbaçov şəkildə
yoxdur. Bəlkə də, məzuniyyətdədir.
«Sosialistiçeskaya industriya» qəzetinin
elə həmin sayında ilin ən böyük tikintilərinin
xəritəsi verilib - atom elektrik stansiyasının beş
yeni bloku, üç yeni su elektrik stansiyası, Yakutiyada və
Krasnodar vilayətlərində ildə iyirmi milyon ton
kömür verəcək yeni şaxtalar, Urenqoy-Ujqorod (4,5 min
km) və Urenqoy Novopskov (1,5 min km) qaz kəmərləri, polad
emalında yeni sahələr, Çerepovets metallurgiya
kombinatında dünyanın ən böyük domna sobası…
Bu, təkcə ağır sənayedir. Hələ üstəlik
şəkər emalı zavodları, ət kombinatları,
konditer fabrikləri, tekstil sənaye müəssisələri,
yaşayış binaları, poliklinikalar, sanatoriyalar və
müasir dövrün tələbatı olan müxtəlif məişət
cihazları - məsəlçün videomaqnitofon istehsalı…
Filipp Denisovis Bobkovun
xatırladığı kimi, 1980-ci ildə Sov. İKP MK
xüsusi komissiya yaratdı. Yoldaşlar bir neçə dəfə
toplaşdılar və hamı qətiyyətlə əleyhinə
çıxış etdi: «Bu, bizə lazım deyil. Qoy
gömrükçülər və sərhədçilər
öz işlərini görsünlər - videokasetləri sərhəddə
müsadirə etsinlər». Ümumi rəy belə idi və
SSRİ rabitə naziri Q.A.Şamşin, SSRİ mədəniyyət
nazirinin birinci müavini U.İ.Popov, SSRİ Teleradio Komitəsinin
sədri S. K.Lapin də bu fikirdə idilər. DTK-nın
ölkədə videotexnikanın istehsalını təşkil
etmək təklifini yalnız SSRİ xarici işlər
nazirinin birinci müavini Q. M. Kornienko və bəzi qeydlərlə,
Dövlət Kino Komitəsinin sədri F.T.Yermaş müsbət
qarşıladı.
İki il keçdi. Y.V.Andropov Sov. İKP
MK-nın Baş katibi seçilən günün səhəri
komissiya yenidən yığıldı. Bu dəfə nəhayət
ki, videotexnika haqqında məsələni SSRİ Nazirlər
Sovetinə təqdim etmək qərarı qəbul olundu. Nazirlər
Sovetinin iclasını Heydər Əliyev aparır. Sovet sənayesi
videotexnika istehsalına başlayır.
9 aprel 1983-cü il. Sov. İKP MK-nın
Siyasi Bürosu 2000-ci ilə qədərki dövrü də əhatə
edən «SSRİ -nin uzunmüddətli energetika planı»nı
müzakirə edir. Koordinal məsələlərin müzakirələri
zamanı Əliyev həmişəki kimi
düşünülmüş,
ölçülüb-biçilmiş təkliflər verir.
12 aprel. Nazirlər Soveti və
Ümumittifaq Həmkarlar İttifaqının Mərkəzi
Şurası Ali Sovetin müzakirəsinə «Müəssisələrin,
idarələrin, təşkilatların idarə edilməsində
əmək kollektivlərinin rolunun yüksəldilməsi barədə»
SSRİ-nin qanun layihəsini çıxarır. Ölkənin
ictimai həyatı üçün yeni olan bu sənəddə
də, Əliyevin düşüncələrinin, fikirlərinin,
dəqiq təkliflərinin izlərini görmək
mümkündür.
18 aprel. Kənd təsərrüfatının
inkişafına və Ərzaq proqramının
reallaşmasına həsr olunmuş ümumittifaq
müşavirəsi.
22 aprel. Siyasi büro 1983-85-ci illərdən
1990-cı ilə qədərki dövr ərzində
Baykalyanı və Uzaq Şərq vilayətlərinin
yanacaq-enerji bazasının
yaxşılaşdırılması ilə bağlı məsələlərə
baxır.
Axşam Kremlin Qurultaylar sarayında Leninin
anadan olmasının 113 illiyi ilə bağlı təntənəli
mərasim keçirilir. Bütün Kreml rəhbərləri
rəyasət heyətində əyləşiblər. Bu
yaxınlara qədər Stavropol Vilayət Partiya Komitəsinin
katibi olmuş Sov. İKP MK-nın katibi Mixail Sergeyeviç
Qorbaçov məruzə ilə çıxış edir.
Baybakov bizimlə söhbətdə xatırlayır ki, 1976-cı
ildə Stavropol Vilayət Komitəsinin gənc birinci katibi onun
yanına, Dövlət Plan Komitəsinə gəlib
qoyunçuluğun inkişafıyla bağlı öz təkliflərini
bildirmişdi. O vaxtlar SSRİ-də bir qoyundan 2,6 kq yun
qırxılırdı, Avstraliyada isə bu rəqəm 10 kq
idi (hal-hazırda 90 yaşı olmasına baxmayaraq, Baybakov indi
də bütün bu rəqəmləri dəqiq
xatırlayır). Qorbaçov söz verirdi ki, öz vilayətində
bu rəqəmi 6 kq-a qədər qaldırsın. Mən sərəncam
verdim ki, onun proqramının qəbul olunmasına
yardımçı olsunlar, - deyə Baybakov sözünə
davam edir. - Həmin vaxtlar mənə kənd təsərrüfatı
üzrə müavin lazım idi. Qorbaçov da daxil olmaqla bu
vəzifəyə dörd nəfəri təqdim etmişdilər.
Ona təklif etdim ki, mənim yanıma gəlib kənd təsərrüfatı
ilə məşğul olsun. O, «Məgər mən belə
bir məsuliyyətli işin altına girə bilərəmmi?»
- deyib etiraz etdi və dərhal yoxa çıxdı. İki
il gözləyəndən sonra isə öz məqsədinə
nail oldu: onu MK-ya seçdilər. Bir müddət sonra isə
MK-nın katibi oldu.
Qorbaçov həmin iclasda Lenini və
leninçiliyi, kommunizmi və Kommunist partiyasını
ağızdolusu tərifləyir… Gələcək baş
katibin öz partiyasından, sadiq qalacağına and
içdiyi idealardan üz döndərəcəyinə cəmisi
səkkiz il qalır. Kimin ağlına gələrdi ki, hər
şey dəyişəcək!..
Həmin məruzəni indi nəzərdən
keçirəndə bayağılığı hiss etməmək
mümkün deyil. İqtisadiyyatda insan amili haqqında fikir
gözə dəydi və «intizamı möhkəmləndirmək
hamının işidir», yeni Baş katibə səliqə ilə
istinad edib «yoldaş Andropovun göstərdiyi kimi» növbəti
ifadəsinin arxasında gizləndi…
Qorbaçov bəyan edirdi:
- Biz əminik ki, ideyalar mübarizəsində
yenə də ən həqiqi və humanist ideya olan marksizm-
leninizm qələbə çalacaq. Bizə, kommunistlərə
isə tarix tərəfindən bəşəriyyətin ən
qiymətli incisi - Marks, Engels, Lenin kimi dahi mütəfəkkirlərin
ideya mirası həvalə olunub və biz onu göz bəbəyimiz
kimi qorumalıyıq…
10 may 1983-cü il. Heydər Əliyevin
altmış yaşı tamam olur. Ona ikinci dəfə Sosialist
Əməyi Qəhrəmanı adı verilir və
Qızıl medalla təltif olunur. Qəzetlərdə Sov.
İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, SSRİ Ali
Sovetinin təbrikləri dərc edilib. Təbrik edənlərin
arasında Denis İvanoviç Bobkov da vardı. O
xatırlayır: «Yadımdadır, Heydər Əliyev Yuri
Vladimiroviç Andropovun təbrik məktubunu necə
böyük fəxrlə göstərirdi. Məncə, bu,
onun əməyinə verilən ən böyük qiymət
idi». Bu qürurun arxasından, bir qədər də
uşaqlıq xarakterinə bənzər pak cizgilər
boylanırdı. İllər ötəndən sonra Azərbaycan
Prezidenti Heydər Əliyev böyük görüşlərin
birində etiraf etmişdi ki, hamı öz zəhmətinin
qiymətləndirilməsini istəyir. «Mən də həmişə
bunu arzulamışam».
Yeri gəlmişkən qeyd edək ki, Heydər
Əliyev, onu daha yaxşı tanıyanların dediyinə
görə, heç də şöhrətpərəst adam -
görkəmli lüğətçi Dalın kitabında
deyildiyi kimi «vəzifəyə seçilməyə,
şöhrətə, tərifə ehtiraslı və buna
görə də əxlaqi dəyərlərə yox, görkəmə
görə hərəkət edən» adamlardan - olmayıb. O
bütün həyatı boyu şöhrətə görə
işləməyib.
Heydər Əliyevin gündəlik işlərinin
təqvimində çox vaxt dəmiryol nəqliyyatı ilə
bağlı problemlər xüsusi qeyd olunurdu. Bu, Andropovun
şəxsi tapşırığı idi. Baş katib tez-tez
SSRİ-nin xəritəsinə baxıb, «bizim ölkədə
dəmiryolları həm iqtisadi, həm strateji, həm də
ümummilli rol oynayır və bizim ölkənin
xalqlarını birləşdirir» sözlərini təkrarlamağı
xoşlayırdı. Buna baxmayaraq, son illər dəmiryolları
pis işləyirdi. Odur ki, nəqliyyat naziri Pavlovskini Siyasi
Büroya dəvət edirlər. O isə aydın, məntiqi
bir izah verə bilmir, kənarda günahkar axtarmağa
başlayır. Sonda Andropov belə qərara gəlir: «Biz bu
cür nazirlə işləyə bilmərik».
29 noyabr. Plenumdan bir həftə sonra nəqliyyat
naziri vəzifəsinə Nikolay Semyonoviç Konarevi təyin
edirlər. Belə adamlar barədə deyirlər: «O, dəmiryolunda
böyüyüb». İşləyib, oxuyub; oxuyub, işləyib;
ən əsası isə işi bilir və təmiz
adamdır. Yol bölməsinin rəisi, cənub dəmiryolunun
rəis müavini, sonra isə rəisi, nazir müavini, birinci
müavin vəzifələrində çalışıb…
Andropovun yanına da nazir müavini kimi dəvət olunur.
Kabinetdə Siyasi Büro, demək olar, tam
heyətlə əyləşib, yalnız respublikalardan olan
yoldaşlar yox idi.
- Yoldaş Tixonov sizin Nəqliyyat Nazirliyinə
rəhbərlik etməyə razılıq verdiyinizi dedi, - Yuri
Andropov aramla danışırdı. - Biz bu qərarı təsdiq
edirik. Siyasi Bürodan isə nəqliyyat məsələlərinə
yoldaş Heydər Əliyev nəzarət edəcək. Bizə
sualınız yoxdur ki?
- Var, - Konarev cavab verdi. - Mənim bir
sualım var. Əgər bundan sonra da dəmiryol nəqliyyatına
münasibət əvvəlki kimi olsa, onda biz artıq
doxsanıncı illərdə iqtisadiyyatın inkişafı
ilə ayaqlaşa bilməyəcəyik.
Ardınca isə Nikolay Semyonov bir neçə
statistik rəqəm də sadaladı. 1970-ci ildə nəqliyyat
şəbəkəsi səksən min yeni vaqon alıb. 1980-ci
ildə bu rəqəm yetmiş minə enib. İşin həcmi
isə iyirmi beş faizə qədər artıb. Vaqon
parkı on beş faiz azalıb. Bu halda
yükdaşımaların keyfiyyətini necə yüksəltmək
olar? Lokomativ parkında və relslərdə də vəziyyət
yaxşı deyil. Əllinci illərin əvvəllərində
dəmiryoluna büdcənin on bir faizi sərf olunurdu, indi isə
bu rəqəm 4,2 faizə enib. Düzdür, atom
energetikası, kosmik araşdırmalara xüsusi diqqət
lazımdır, amma əgər dəmiryolu
daşınmaları həyata keçirmək iqtidarında
olmasa, nə olacaq?
Bu müzakirədə Dövlət Plan
Komitəsinin sədri Nikolay Konstantinoviç Baybakov da
iştirak edirdi. Son sözünü Andropov məhz ona
ünvanladı: görünür, XII beşillik haqqında hər
şey əvvəlcədən
düşünülmüş və
ölçülüb-biçilmişdi. «On ikinci beşillik
nəqliyyatın inkişafı, nəqliyyat beşilliyi
olmalıdır».
Bir neçə gündən sonra Heydər
Əliyev yeni nəqliyyat naziri Konarevi öz yanına dəvət
etdi: köməkçilərinə həvalə etmədi,
özü zəng vurdu.
- Söhbətimiz dörd saata qədər
davam etdi, - deyə Konarev xatırlayırdı.
Bəli, dörd saatın içində
onlar bütün dəmiryol təsərrüfatının,
bir-biri ilə sıx bağlı olan bütün başqa xidmətlərin
işini səhifə-səhifə, problem-problem
araşdırdılar. Yalnız söhbətin əvvəlində
3-4 dəqiqə Heydər Əliyev xatırlatdı ki, onun
özü də dəmiryolçu ailəsindəndir,
atası Naxçıvan dəmiryol stansiyasında usta işləyib
və hər parovoz üçün narahat olub...
Dövlət Plan Komitəsinin sədr
müavini, ölkədə dəmiryol nəqliyyatı və
ümumiyyətlə, nəqliyyat üzrə ən
böyük mütəxəssislərdən hesab olunan Viktor
Yefimoviç Biryukovla da söhbət eynən bu cür
işgüzar şəkildə keçdi.
… Nikolay Semyonoviç Konarev hələ
nazir müavini işlədiyi vaxt bazar günlərinin birində
nazirlik üzrə növbətçi dayanmışdı.
Birdən telefon zəng çaldı.
- Danışan Kosıgindir. İşlər
necədir?
- Hər şey yaxşıdır, Aleksey
Nikolayeviç, elə bir problem yoxdur.
- Necə yaxşıdır ki, Riqa
limanından taxılın daşınmasını təmin edə
bilməmisiniz?
Limanlar xaricdən gələn taxıl məmulatlarını
gəmilərdən boşaldıb çatdıra bilmirdilər.
Gəmilər Riqa, Leninqrad, Murmansk limanlarında dayanıb
gözləməyə məcbur olurdular. Dəmiryol
vaqonları çatışmırdı.
- Tədbir görün və iki gündən
sonra mənə məruzə edin, - Kosıgin
sözünü bitirdi.
İki gün sonra
tapşırığı yerinə yetirən Konarev Nazirlər
Sovetinin sədrinin qəbul otağına zəng vuranda ona
deyirlər ki, Kosıgin Latviyada məzuniyyətdədir. Deməli,
Pribaltikadan zəng vururmuş. O, istirahətdə də
işdən ayrıla bilmirdi…
Rusiyanın müasir gerçəkliyindən
bir epizod da yada düşür. Baş nazir Kasyanov əsas nazirliklərdən
birinin rəhbərini qəbul edir. Bu rəhbər, onu narahat
edən məsələlərin çox olmasına baxmayaraq,
baş nazirin vaxtının hər dəqiqəsinin qiymətli
olduğunu nəzərə alıb, çox yığcam
danışır. Birdən baş nazirin istirahət
otağından Rusiyada oliqarx adlandırılan bir nəfər
çıxıb deyir: «Mişa, mən çox tələsirəm,
gedək». Uşaqlar ehtiraslı gözlərlə pul
qazanmağa tələsirdilər. Müəssisələrin,
iqtisadiyyatın, regionların problemlərinə vaxt
hardaydı. O şey maraqlıdır ki, gəlir gətirir.
Pul!.. Pul vaxtıdır. Onlar üçün fərq etməz
nə işlə məşğul olurlar, nə ilə alver
edirlər - təki pul çıxsın. Rusiya nefti ilə və
ya Rusiya kömürü ilə. Rusiyanın səması ilə
və ya onun dənizi ilə. Kim onlarla deyil,
hamısını - istefaya, təqaüdə və ya nə
vaxtsa parovozları göndərdikləri yerə- xılta yola
salırlar.
Konarevin yaddaşına daha bir əhvalat həkk
olunub. Qərbi Sibirdə neft hasilatı gündən-günə
artırdı. Onu ixrac etmək üçün paralel olaraq nəhəng
neft kəmərləri, dəmiryolları tikir və yeni
teplovozları istismara cəlb edirdilər. Onlar
üçün mühərrikləri Kolomensk və
Xarkovdakı zavodlarda hazırlayırdılar. Dövlət
komissiyası Kolomensk dizel mühərrikini seçsə də,
o, uğursuz alınmışdı. Nəhayət, məsələ
gəlib Kosıginə çıxdı. Dəmiryol naziri
Pavlovski Nazirlər Sovetinin iclasına Konarevi göndərir.
Nikolay Semyonoviç yenidən öz mütəxəssisləri
ilə danışıb və nəticədə qəti qərara
gəlir ki, Kolomensk dizel mühərriki hazır deyil. Yerlərdəki
dəmiryolçular da buna əmin idilər.
- Necə yəni hazır deyil? - deyə
hökumət başçısının müavini Kirilin gənc
nazir müavininin sözünü ağzında qoyur.
Yeri gəlmişkən, Pavlovski öz
müavinini Kosıginin yanına iclasa göndərəndə,
sənədə qol çəkdiyini ona demir. Onun göstərişi
tamam başqa cür olur: «Kolomensk mühərrikinə
razılıq vermə».
- Aleksey Nikolayeviç, - deyə Kirilin qəzəblənmiş
tərzdə soruşur, - bu necə olur ki, nazir qol çəkir,
onun müavini razı deyil?!
Böyük zala bir sakitlik
çökür. Kosıgin bir Konarevə, bir Kirilinə
baxıb, yüngülcə qımışır:
- Bilirsiniz nə var, yoldaş Kirilin, - mənim
üçün əhəmiyyəti yoxdur kim qol çəkib
və nəyə çəkib. Mənim üçün həqiqət
vacibdir. Gəlin, indi Tomskdan deponun rəisini dinləyək.
Kosıgin həqiqəti beləcə
axtarıb tapırdı. Əliyev, Konarev, Biryukov məhz belə
fədakarlıqla işləyirdilər…
Əliyevlə Konarevin dörd saatlıq
söhbəti ərzində dəmiryolunun bütün problemləri
müzakirə olundu.
Konarev xatırlayır:
- Əliyevin timsalında mən hər
şeyə maraq göstərən həmsöhbətlə
yanaşı, həm də geniş miqyasda düşünə
bilən ağıllı dövlət xadimini gördüm. O,
əsas məsələləri ikinci dərəcəlilərdən
çox dəqiqliklə ayırırdı, o həlqəni
tapırdı ki, ondan tutub, bir klassikin diliylə desək,
bütün zənciri dartıb cıxartmaq olardı. Mən
hiss elədim ki, çox işıqlı təfəkkürə
malik bu insan sadəcə texniki problemlərin üstündə
dayanmırdı, bu problemlərin arxasındakı insanları
görə bilirdi.
Indi çox az adam bilir ki, dəmiryolçular
o vaxt Böyük Vətən müharibəsinin
iştirakçısı hesab olunmurdular. Onlar bomba və mərmilərin
gurultusu altında cəbhəyə yük
çatdırırdılar, odun-alovun içinə girirdilər,
amma belə bir laqeyd münasibətlə üz-üzə
qalmışdılar…
- Mən elə bir kitab nəşr etdirmək
istədim ki, - deyə Konarev davam edir, - orada cəbhəçi
dəmiryolçuların xatirəsi yad edilsin. Və belə
bir kitab nəşr olundu. Kitab belə adlanır: «Dəmiryolçular
Böyük Vətən müharibəsi illərində». Bu
kitab sükan arxasında, buxar sobasının
qarşısında dayanaraq döyüşən insanlar barədədir.
Təsəvvür edin, dəmiryol stansiyalarına və
qovşaqlarına iyirmi minə qədər hava hücumu olub,
yüz on beş min kilometrlik dəmiryol sahələri yenidən
bərpa olunub. Bu böyük zəhmətdir. Mən bu
kitabın bir nüsxəsini də Heydər Əliyeviçə
bağışlamışdım…
Xüsusi dəstələrdə xidmət
edən dəmiryolçuların «Vətən müharibəsi
iştirakçısı» statusunu almaları
üçünsə hələ bir neçə il də
gözləmək lazım gəldi.
Başqa məsələlərlə bərabər
Əliyev Nazirlər Sovetində Operativ Məsələlər
üzrə Komissiyaya (OMK) da rəhbərlik edirdi. Bu
komissiyanın iclaslarında neft və qaz sənayesi
inşaatı nazirinin birinci müavini Yuri Petroviç Batalin də
müntəzəm iştirak edirdi. Sonralar, o, Dövlət Əmək
Komitəsinin sədri və Nazirlər Sovetinin sədr
müavini vəzifələrinə qədər yüksəlmişdi.
Yuri Batalin dediyimiz komissiyanın işini belə
xatırlayır:
- Komissiyada həlli zəruri olan ən
müxtəlif məsələlər
qaldırılırdı. Qaz sənayesi, Sibirdən mərkəzə
çəkilən beş yeni qaz kəməri, eksporta işləyəcək
Urenqoy-Pomarı-Ujqorod qaz kəməri bu komissiyanın
xüsusi nəzarətindəydi.
Beşilliyin əsas vəzifələri -
bu tikintilər haqqında partiya sənədlərində belə
deyilirdi. Batalin neft və qaz sənayesi müəssisələrinin
tikintisi nazirinin birinci müavini kimi bilavasitə bu işlə
məşğul idi.
- Komissiyanın hər həftə
keçirilən iclaslarına nazir, adətən, məni
göndərirdi, - deyə Yuri Petroviç söhbətini
davam etdirir. - Bu iclasları Heydər Əliyev aparmağa
başlayanda, mən yaxşı mənada heyrət etdim. Necə
gözəl idarə edirdi. Nizam-intizamla, işini bilən bir
mütəxəssis kimi. Müxtəlif fikirləri diqqətlə
dinləyir, müqayisə edir, yalnız bundan sonra qərar qəbul
edirdi. Bütün işlərdə onun böyük təcrübəsi
və gözəl intuisiyası müşahidə olunurdu.
Komissiyanın iclaslarında müxtəlif
sahələr üzrə çoxlu məsələlər
müzakirə edilirdi. Onları tələsik qiymətləndirmək
çətin idi. Belə olan halda kompromis tapmaq
üçün işçi qrup təşkil edilirdi. Bir
çox hallarda isə heç buna da vaxt çatmırdı.
Məsəl üçün, yolun tikintisinə gəlməli
olan borular gecikdirilir. Niyə? Zavod yubandırır? Bəlkə
dəmiryolu? Yubanmaya kimlər səbəb olub? Həqiqət
haradadır?
OMK-nın daimi məşğul olduğu məsələlərdən
biri də qaz borularındakı və mədənlərdəki
«keçidlər» idi. Sverdlovskdan Tümenə və Tümendən
Tobolska qədərki dəmiryol xətti həmişə
normadan artıq yüklənmiş olurdu. Stansiyaları
genişləndirir, əlavə xətlər çəkirdilər.
Buna baxmayaraq, yenə də problemlər kifayət qədər
idi. Köhnə təcrübə köməyə gəldi:
neft və qaz boru kəmərlərinin tikintisinə borular və
başqa yüklər aparan eşalonların arxasınca
müharibədə olduğu kimi, dispetçer nəzarəti
təyin edildi. Bu işdə Heydər Əliyev də fəal
iştirak edirdi. Bundan sonra Neft və Qaz Sənayesi Müəssisələrinin
Tikintisi Nazirliyi problemlərdən qurtardı. Əliyev
nizam-intizamlı, tələbkar, məsuliyyətli və təcrübəli
rəhbər olduğundan kimin həqiqətən işlədiyini,
kiminsə gözdən pərdə asdığını o
saat hiss edirdi və düzgün qərar
çıxarırdı. Mən bura böyük psixoloji
hazırlığı, sözlərin arxasındakı mahiyyəti
dəqiq görmək bacarığını da əlavə
edərdim.
Komissiya sədri adətən dəqiq,
aydın qərarlar çıxarırdı. Məntiqi və
təmkini ilə seçilirdi. Emosiyalar coşanda yubanmadan
söndürürdü. Hiss olunurdu ki, Heydər Əliyev
komissiyanın iclaslarına çox diqqətlə, ciddi şəkildə
hazırlaşırdı. Bu onun rəhbərlik üslubuna
uyğun idi.
- Mən Heydər Əliyevin öz səlahiyyətlərinə
uyğun Nazirlər Sovetində, hökumətin
tapşırığıyla sədrlik etdiyi bir çox
iclaslarda iştirak etmişəm, - deyə Yuri Batalin davam edir.
- Az qala ölkənin bütün maliyyə problemləri bizim
Dövlət Əmək Komitəsinə axırdı. Problemləri
həll etməkçün isə maliyyə vəsaiti
lazım idi. Məsələn, rayon əmsallarının tətbiqi,
regionların müxtəlif sənaye, təsərrüfat sahələrinin
stimullaşdırılması, müəllimlərin məvaciblərinin
artırılması və s.
Bəs pulu haradan tapmalı? Dövlət Əmək
Komitəsi təklif irəli sürür, Maliyyə Nazirliyi isə
etiraz edirdi. Bu münaqişə müəllimlərin əmək
haqlarının artırılması ilə bağlı idi.
Dövlət Əmək Komitəsi MK-nın və Nazirlər
Sovetinin məktəb haqqında qərarına əsaslanaraq
öz təkliflərini hazırladı. Maliyyə Nazirliyi
etiraz etdi ki, artıq tələb edirsiniz. Mən maliyyə
naziri Qarbuzovun yanında və Dövlət Plan Komitəsində
müxtəlif iclaslarda oldum. Öz mövqeyimizi müdafiə
etdim. Çünki bu mövqe dərindən əsaslandırılmiş,
düşünülmüş bir mövqe idi, biz onu
respublikaların təcrübəli müəllimləriylə,
Pedoqoji Elmlər Akademiyasıyla, partiya və sovet
orqanlarıyla razılaşdırmışdıq.
Düzdür, tələblər böyük idi, amma bizcə,
mən belə düşünürdüm, məsələnin
optimal həllini tapmışdıq. Lakin Maliyyə Nazirliyinə
bu da çox görünürdü.
Heydər Əliyevin apardığı
növbəti iclaslardan birində ehtiraslar
qızışdı. Mən Dövlət Əmək Komitəsinin
təklifləri barədə məruzə edərkən, qəfildən
Qarbuzov qalxıb Heydər Əliyevdən də icazə istəmədən
məni kəskin şəkildə tənqid etməyə
başladı. Mahiyyət etibarı ilə arqumentləri yox
idi. Belə hallarda adətən şəxsi münasibətlərə
keçirlər. Qarbuzov da belə etdi: «Siz bu mövzuda
heç nə anlamırsız. Belə təklifləri
yalnız diletantlar irəli sürə bilər».
Batalin pauzanı gözləyib öz
çıxışına davam etdi. Qarbuzov sakitləşməyib
yenə də onun sözünü kəsdi. Batalin hələ
də özünü saxlayırdı. Lakin maliyyə naziri
üçüncü dəfə ayağa qalxıb «sən hələ
cavansan, təcrübəsizsən, belə tribunaya
çıxmamışdan əvvəl yaşlı, təcrübəli
yoldaşlardan çox şey öyrənməlisən» deyəndə
Batalin ona belə bir replika atdı:
- Öyrənməliyəm? Sizdən?
- Tutalım ki, məndən, - nazir cavab
verdi.
- Sizdən nə öyrənim?
Kobudluğu, mədəniyyətsizliyi, yoxsa həyasızlığı?
Qarbuzov belə təzyiqi gözləmirdi.
Batalinsə ürəyini boşaltdı:
- Əgər öyrətmək istəyirsinizsə,
öyrədin, kobudluq etməyin. Həm də bu, birinci dəfə
deyil. Məgər başa düşmürsünüz ki, siz
partiyanın Mərkəzi Komitəsinin üzvü kimi bizlər
üçün nümunə olmalısınız?
Həqiqətən də, Qarbuzov öz
arxasında maddi dayaq və böyük nüfuzun durduğunu
hiss etdiyinə görə başqaları ilə yuxarıdan
aşağı danışa bilirdi.
Zalda hamı donub qaldı. Qarbuzov yerindən
sıçradı.
- Yoldaş Qarbuzov, əyləşin, - Heydər
Əliyev sakitcə dilləndi. Lakin nazir səsinin tonunu bir az
da qaldırdı. Əliyev bir daha ona müraciət etdi:
- Yoldaş Qarbuzov, oturun və qulaq
asın. Əgər əsaslı dəlilləriniz varsa,
buyurun, deyin. Əks təqdirdə belə əsəbiləşməyə
ehtiyac yoxdur.
İclas qurtardı. Hamı
dağılışdı. Batalin öz iş yerinə
qayıtdı. Birdən hökumət telefonu zəng
çaldı. Heydər Əliyev idi.
- Siz Qarbuzovu yerində otuzdurmaqda düz elədiniz,
yoldaş Batalin. O, kobudluq etdi. Amma siz də
özünüzü təmkinli aparın və gələn dəfə
cavab verəndə özünüzdən
çıxmayın.
Bu zəng Batalinin yadından
çıxmadı. Çünki bu da Siyasi Büro
üzvünün təklikdə verdiyi bir məsləhət,
bir dərs idi.
Batalinin daha bir müşahidəsi: Heydər
Əliyev həmişə maliyyə qurumunun imkanlarıyla
konkret sahənin tələbləri arasında balans
yaratmağa çalışırdı.
Mərkəz.- 2010.- 4 noyabr.- S. 10-11.