HEYDƏR ƏLİYEV
Batalinin özü də
Nazirlər Soveti sədrinin müavini olanda Heydər Əliyevi
lap yaxından tanımaq imkanı qazandı. O, inşaat və
daha bir neçə sahəyə məsul idi. O vaxt Nazirlər
Sovetinin sədri kreslosunda Nikolay Rıjkov əyləşmişdi.
Batalinin xatirələrinə görə, Nazirlər Sovetinin rəyasət
heyətində Heydər Əliyev həmişə öz
mövqeyini əsaslandırmağa
çalışırdı. O, bir çox partiya rəhbərləri
kimi «mən belə düşünürəm, mən belə
hesab edirəm» deyib məsələyə nöqtə qoymurdu.
Yox, Əliyev onlar kimi vəzifəsinin nüfuzuna güvənib
belə addımlar atmırdı. O, dəqiq nəticələr
sistemiylə işləyirdi.
Heydər Əliyev hələ gənclik
yaşlarından səriştəli və öz sahəsini dərindən
bilən mütəxəssislərə hörmət edirdi,
onları qiymətləndirirdi. İndi də o,
inşaatçı Batalini qiymətləndirdi. Əgər
komissiyanın hansısa iclasında inşaatla bağlı məsələ
müzakirə olunurdusa, Heydər Əliyev mütləq
Batalinin də iştirak etməsini xahiş edirdi: «İstəyirəm
şəxsən siz özünüz də iştirak edəsiniz,
Yuri Petroviç. Birlikdə biz mütləq əsaslandırılmış
bir qərar çıxara bilərik».
1983-cü
ilin may ayının sonlarında Siyasi Büro İttifaq
respublikalarının orta və ali məktəblərində
rus dilinin tədrisinin yaxşılaşdırılması ilə
bağlı əlavə tədbirləri müzakirə edirdi.
Bu, çox vacib bir məsələ idi. Estoniyadan,
Gürcüstandan, Litvadan, Qırğızıstandan sovet
ordusuna çağırılan gənclər rusca demək
olar ki, danışa bilmirdilər. Azərbaycanda və əlbəttə
ki, Ukrayna ilə Belorusiyada vəziyyət daha yaxşı idi.
Qeyd edək ki, Heydər Əliyev rus dilini mükəmməl
bilirdi və həmişə həmsöhbətlərini təəccübləndirirdi.
Viktor Yefimoviç Biryukov bu xüsusda xatırlayır:
-
Mən onun rus dilini necə mükəmməl bilməsindən
heyrətə gəldim. Birgə sənədlər üzərində
işləyəndə həmişə onun səyinə və
istedadına valeh olurdum. O, hər bir ifadəni diqqətlə
oxuyur və sanki götür-qoy edirdi: «Burada feli bağlama tərkibi
olsa, daha dəqiq olardı». O öz işini səylə yerinə
yetirirdi. Deyərdim, hətta xüsusi istedadla.
Siyasi
Büro rus diliylə ona görə məşğul olurdu ki,
bu çoxmillətli ölkədə rus dili xalqlararası
ünsiyyət vasitəsiydi. Onu bilmək həyati zərurət
daşıyırdı.
1
noyabr 1983-cü il. Heydər Əliyev Vyetnama yola düşən
Sov. İKP nümayəndə heyətinə
başçılıq edir. Bu səfərdə Nikolay
İvanoviç Rıjkov da iştirak edirdi. O, nümayəndə
heyətinin başçısı kimi Heydər Əliyevin
işini çox yüksək qiymətləndirir. Vyetnamda iki
ölkə arasında iqtisadi və elmi - texniki sahələrdə
uzunmüddətli proqam qəbul edilir.
20
noyabr. Heydər Əliyev Siyasi Büronun «Xalq istehlakı
malları istehsalının və məişət xidmətinin
genişləndirilməsi üzrə kompleks tədbirlər
planı»na rəhbərlik üzrə komissiyasının
işinə qatılır.
3
dekabr. SSRİ Hava məcəlləsinin həyata keçirilməsilə
bağlı «SSRİ-nin hava hərəkətinə vahid nəzarət
sistemi»nin yaradılması üçün hökumətin
hazırladığı tədbirlər planı Siyasi Büro
tərəfindən qəbul edilir. Heydər Əliyev bu
planın hazırlanmasında öz köməyini əsirgəmir.
Sov.
İKP MK-nın plenumu 26 dekabra təyin edilir. Yuri
Vladimiroviç Andropovun bu plenumun başlanğıcına qədər
xəstəxanadan çıxacağı gözlənilir. Əfsus.
Plenum iştirakçılarına Baş katibin
çıxışının yalnız yazılı mətnini
verirlər. Məhz bu başlıq altında da
çıxış ertəsi gün qəzetlərdə dərc
olunmuşdu: «Sov. İKP MK-nın Baş katibi, yoldaş Yuri
Vladimiroviç Andropovun plenumdakı
çıxışının mətni».
«Çox
təəssüflər olsun ki, məndən asılı olmayan
bəzi müvəqqəti səbəblər üzündən
plenumun iclasında iştirak edə bilməyəcəyəm.
Lakin mən gələn ilin planının əsasını təşkil
edəcək bütün materiallarla yaxından tanış
olmuşam… Öz çıxışımın mətnini
göndərirəm».
Əliyev
bu vida çıxışını böyük
narahatlıq və kədər hissiylə oxuyur. Hamı bu mətni
Andropovun vəsiyyəti kimi qəbul edirdi. Budur, Andropov sanki
Heydər Əliyevə ruhlandırıcı salam göndərir:
«…
Nəqliyyatın işi də partiya və sovet təsərrüfat
orqanlarının sonsuz diqqətini tələb edir. Əlbəttə,
son vaxtlar bu sahədə bir çox müsbət tendensiyalar,
irəliləyişlər müşahidə olunmaqdadır.
Amma məncə, nəqliyyatda başqa sahələrdən
daha çox gizli ehtiyatlar var və onları qısa zamanda
tapıb hərəkətə gətirmək lazımdır».
…
İki ay tamam olmamış MK-nın plenumu yeni Baş katibi
seçməli oldu: Konstantin Ustinoviç Çernenko.
-
Heyif ki, yoldaş Yuri Vladimiroviç Andropov bizim partiyamıza,
dövlətimizə az, çox az rəhbərlik edə
bildi.
O
vaxt heç kim bilmirdi ki, onun xələfinə
ayrılmış müddət daha qısa olacaq.
Yuri
Vladimiroviçi topların yaylım atəşinin sədaları
altında dəfn etdilər. Zavodlar, çay və dəniz nəqliyyatı
isə düz üç dəqiqə ərzində matəm
fiti verdilər.
Bu
kədərli günlərdə Heydər Əliyev 1967-ci ildəki
ilk görüşdən başlayaraq Andropovla
görüşlərini tez-tez anırdı. Sanki uzun illər
ötmüşdü üstündən. Nə qədər
uzaq görünürdü bu görüş. Andropov onda hələ
orta yaşlarındaydı - təzəcə əllini
adlamışdı. Heydərinsə qırx dörd
yaşı vardı. İkisi də ucaboylu, qədd-qamətli…
Heydər
Əliyev xatırlayır:
-
Brejnevin dəfnindən sonra biz Andropovla ikilikdə
görüşdük. O mənə dedi: «Sənə
ehtiyacım var, istəyirəm ki, sən Moskvada işə
başlayasan».
Brejnevə
dediyim kimi, indi də Andropova dedim: «Yox, mən imtina edirəm.
Özümü Azərbaycansız, Azərbaycandan kənarda təsəvvür
edə bilmirəm. Doğma vətənimdən ayrılmaq mənə
çətindir».
Amma
Andropov israr etdi: «Azərbaycan artıq səninçün dar
bir məkandır. Sən bütün SSRİ-yə
lazımsan, Heydər. Sən mənim Baş katib seçilməyimə
səs vermisən, indi bəs mənə kömək etmək
istəmirsən?».
Əlbəttə,
azərbaycanlılar Kremldə öz həmyerlilərinin
olmasıyla fəxr edirdilər. Başqa işləriylə bərabər
Heydər Əliyev SSRİ-nin İslam ölkələriylə
münasibətlərinə də himayəçilik edirdi. Bu
ölkələrdə ona çox böyük ehtiramla
yanaşırdılar. Vacib diplomatik tapşırıqlarla o, dəfələrlə
Misirdə, Suriyada, Livanda, Pakistanda, İordaniyada, İraqda
olmuşdu.
«1984-cü ildə məni təcili olaraq
Suriyaya göndərdilər, - deyə Heydər Əliyev yada
salırdı. - DTK-nın verdiyi informasiyaya görə,
Prezident Hafiz Əsədlə onun qardaşı Rifət Əsəd
arasında narazılıq yaranmışdı. Rifət Əsəd
Suriyanın xüsusi xidmət orqanlarına rəhbərlik
edirdi.
Suriyada
hakimiyyət başçısının dəyişdirilməsi
Kremlə sərf etmirdi. Mən təcili Dəməşqə
yola düşdüm. Artıq xəstəxanadan
çıxmış Hafiz Əsədlə
görüşdüm. Xəstə olmasına baxmayaraq, bizim
görüşümüz səkkiz saat çəkdi. Bir az
sonra isə o, çılğın qardaşını
ölkədən İspaniyaya sürgün etdirdi. Beləliklə,
problem həll olundu və Siyasi Büro rahatlıqla nəfəs
aldı».
SSRİ-nin
Suriyada səfiri vəzifəsində uzun müddət Aleksandr
Dzasoxov işləmişdi. İndi o, Şimali Osetiyanın
prezidentidir. O bizə dedi: «Suriyanın Prezidenti Hafiz Əsəddən
Heydər Əliyev barədə çoxlu xoş sözlər
eşitmişdim».
Özgə
uşaqları
SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin
fəaliyyəti dairəsinə iyirmiyə yaxın nazirlik və
təşkilat daxil idi. Nəqliyyatdan əlavə, o, kitab nəşri,
kinematoqrafiyanın maddi-texniki bazası, səhiyyə və
uşaq evləriylə də məşğul
olmalıydı. Uşaq evləri məsələsini
yazıçı Albert Lixanovun məktubuna əsasən
Çernenko şəxsən özü Heydər Əliyevə
tapşırmışdı.
Həm
də bu, elə bir hal idi ki, rəsmi tapşırıqla
daxili maraq üst-üstə düşmüşdü.
Heydər
Əliyev hələ çekist fəaliyyəti zamanı
müharibə nəticəsində yetim və kimsəsiz
uşaqlarla üz-üzə gəlmişdi. Bakının və
Naxçıvanın uşaq evlərində dəfələrlə
olmuşdu. Bilirdi ki, SSRİ Xalq Deputatları Sovetinin sədri
N. A. Voznesenski 1945-ci ildə «Sənaye müəssisələrinin
nəzdində uşaq evlərinin yaradılmasına dair» bir sərəncam
imzalamışdı.
Kolxozların
və sovxozların nəzdində çox vaxt da kəndlilərin
hesabına, uşaq evləri əvvəllər də yaradılmışdı.
Məsələn, Azərbaycanda beləydi. Xalq
Daxili İşlər Komissarlığının şəhər
və bölgə şöbələrində kimsəsiz və
yetim uşaqlarla məşğul olan şöbələr
yaradılmışdı. Komsomol təşkilatı da bu
işdə uşaq evlərinə yardım edirdi. 1946-cı
ildə Azərbaycan gəncləri uşaq evləri
üçün doxsan iki stul, üç yüz qırx
səkkiz boşqab, iki yüz yetmiş beş qaşıq, min
yeddi yüz iyirmi beş kitab, üç yüz beş dəftər
toplamışdılar.
Gənclər
bəzən özlərinin son dəftər-kitablarını
da uşaq evlərinə göndərirdilər. Yüzlərlə
dəftər - kitabın arasında Heydər Əliyevin verdikləri
də vardı.
Zaman
keçdikcə ölkədə kimsəsiz, evsiz-eşiksiz
küçə uşaqları problemi həll olundu. Amma yetimlər müəyyən mənada yaddan
çıxmışdı. Partiya və dövlət rəhbərlərinin
çox kiçik bir qismi yolunu uşaq evlərindən, internat-məktəblərdən
salırdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev
üçün uşaq evlərinə, internatlara və
qocalar evlərinə mütəmadi səfərlər
neft mədənlərinə, pambıq tarlalarına edilən
səfərlər kimi adi bir hal idi. Heydər Əliyev bir dəfə
memarları yanına çağırıb uşaqlar
üçün isti və rahat bir uşaq evinin layihəsini
hazırlamağı tapşırmışdı.
Rusiya Uşaq Fondu İdarə Heyətinin
sədri, yazıçı Albert Anatoliyeviç Lixanov
sözün əsl mənasında, bütün
ömrünü yetimlərin, kimsəsiz uşaqların
müdafiəsinə həsr etmişdi. Çernenko Baş
katib seçiləndən sonra Lixanovun komsomoldan
tanıdığı köhnə tanışı Viktor
Pribıtkov onun köməkçilərindən biri
təyin olunmuşdu. O da Lixanovun
narahatçılığını
bölüşürdü və məsləhət
görmüşdü ki, Baş katibin adına məktub
yazsın.
Bir
neçə gündən sonra Lixanov məktubu yazıb gətirdi.
O, həyatının lap
başlanğıcından çətin vəziyyətə
düşmüş uşaqlar haqqında yazırdı.
Lixanov bildirirdi ki, onların tərbiyəsi məsələsiylə
bütün cəmiyyət məşğul olmalıdır və
yetimlər koordinal yardım tələb edir. Bu yardımı
həyata keçirmək üçün o, qırx beş bənddən
ibarət düşünülmüş fəaliyyət
proqramı təklif edirdi. İlk olaraq isə Azərbaycandakı
təcrübəni nümunə gətirirdi:
«Məktəb
tikintilərinin geniş miqyas aldığı bir şəraitdə
ölkəmizdə yeni uşaq evləri demək olar ki, tikilmir.
Uşaq evləri köhnə, bəzi hallarda isə inqilabdan əvvəlki
tikililərdə yerləşir. Müasir uşaq evinin elmi cəhətdən
əsaslandırılmış konsepsiyası yoxdur. Həmin
konsepsiyanı yaradandan sonra yeni uşaq evlərinin tikintisinə
başlamaq lazımdır. Bu məsələdə ilk və
unikal nümunə Bakı şəhərində həyata
keçirilmişdir. Orada yoldaş Əliyevin ciddi nəzarəti
altında bir neçə il əvvəl yeni nümunəvi
uşaq evi tikilmişdir.
Məncə,
böyük sənaye mərkəzlərində və ucqar
bölgələrdə uşaq evlərinin tikilməsi məqsədəuyğun
deyil. Ucqar bölgələrdə ixtisaslı pedoqoji kadrlar
çatışmır, mərkəzlərdə isə
valideynlik hüquqlarından məhrum edilmiş valideynlər
qeyri-sağlam mikromühit yaradılmasında aktiv iştirak
edirlər.
İdeal
variantda uşaq evləri əsasən böyük mərkəzlərdən
əlli-yüz kilometr aralı, yaxşı yolu olan yerdə
yaradılmalıdır. Bu halda mərkəzin mədəni
mühitindən ayrılmadan uşaqları yarımkənd
atmosferində gözəl tərbiyə etmək imkanı
yaranır».
Lixanov
məktubunu bu sözlərlə bitirirdi: «Müharibə illərində
bəzi raykomlar iş günlərini məhz uşaq evlərinə
baş çəkməklə başlayırdılar. Bu
aydındır. Orada ümumxalq fəlakətindən zərər
çəkən uşaqlar yaşayırdı. İndi
başqa zamandır və balaca yetimlərin problemlərinə
tamam başqa rakursdan baxmaq lazımdır.
Partiya
həmişə birinci olaraq uşaqların köməyinə
gəlib, inanıram ki, bu problem də partiya tərəfindən
təxirə salınmadan həll olunacaq».
Bir
həftə sonra Baş katibin köməkçisi
Pribıtkov Lixanova zəng vurub bildirdi ki, Çernenko məktubun
üstünə öz müsbət rəyini yazıb.
Konstantin Ustinoviç Çernenko bu məsələylə
məşğul olmağı məhz Heydər Əliyevə
tapşırmışdı. Ola bilsin, Baş katib uşaq evi
ilə bağlı məktubda göstərilən nümunəyə
diqqət yetirmişdi, ola bilsin də abituriyentlər, hərbi
təmayüllü internat-məktəbi üçün vəsait
almaq yönündə
MK-da Əliyevin necə qətiyyət göstərdiyini
unutmamışdı. Hadisələrin sonrakı
gedişatını Lixanov belə xatırlayır:
«Bir
neçə gün sonra SSRİ maarif nazirinin müavini Lyubov
Kuzminiçna Balyasnaya mənə zəng vurub dedi ki, MK-ya məktubunuza
görə təşəkkür edirəm. Məncə, bunun
çox köməyi olacaq.
Açığı
deyim ki, bu zəng məni yaman sevindirmişdi. Amma buna
baxmayaraq, soruşdum:
-
Lyubov Kuzminiçna, məgər Nazirliyin özü bunu edə
bilmirdi?
-
Əlbəttə ki, yox, - o, qəti şəkildə bildirdi.
- Bizim məktubumuza adi məmur məktubu kimi baxacaqdılar.
Siz isə məşhur yazıçısınız, cəmiyyətin
adından çıxış edirsiniz.
Situasiyanın
nəzəri təhlilinə görə bu qadına
qarşı məndə rəğbət hissi yarandı;
gülümsündüm, onun sözünə həm inanmaq, həm
də inanmamaq olardı.
Daha
bir neçə gündən sonra isə məni MK-ya, Heydər
Əliyevin yanında keçirilən iclasa
çağırdılar. O vaxt Əliyev Nazirlər Soveti sədrinin
birinci müavini idi. Onun kabinetindəki uzun stolun arxasında
artıq xeyli adam oturmuşdu. Biri-biriylə yaxından
tanış olan adamlar nə barədəsə müzakirələr
aparırdılar. Əliyev isə kabinetin yuxarı
başındakı stulunda əyləşib telefon söhbətini
bitirirdi. Köməkçisi məni onun yanına apardı və
təqdim etdi. Əliyev xoş təbəssümlə
gülümsünüb əlimi sıxdı və stol
arxasında əyləşənlərə tərəf
dönüb məni onlara təqdim etdi:
-
Bu hörmətli yazıçımız Lixanovdur, xahiş
edirəm onu sevin və ehtiram göstərin.
Ümumi
stolun arxasında əyləşdim. Kabinetdə əyləşənlər
məni maraqla süzməyə başladılar. Onların
çoxunu tanımırdım, ilk dəfəydi ki,
görürdüm. Jurnal redaktoru olsam da, Moskvada çox vəzifə
sahiblərini tanısam da, Kreml iclaslarında bircə dəfə
də iştirak etməmişdim. Oarşımda sanki tamam
başqa bir aləm açılmışdı.
Düzünü deyim, özümü burada necə
aparmağı da bilmirdim.
Etiraf
etmək lazımdır ki, Heydər Əliyev
sıxıldığımı görüb mənə əməlli-başlı
kömək etdi. Onun qısa, lakin ətraflı
çıxışı Balyasnayanın fikirləriylə
üst-üstə düşdü. Əliyev bir neçə
dəfə mənə istinad edib dedi ki, Lixanov
tanınmış yazıçıdır, ictimaiyyətin
adından çıxış edir. Və davam
edərkən onunla söhbətimizin ikinci hissəsini bir
növ təkzib etdi: Çox təəssüf ki, bu işlərə,
yetim uşaqlarla işə məsul olan nazirlik, özü məsələ
qaldırıb heç bir tədbir görmür, bu sahədə
heç nə etmək istəmir.
Sonra
Heydər Əliyeviç bildirdi ki, Baş katib yetim
uşaqlara yardım proqramının işlənib
hazırlanmasını Nazirlər Sovetinə
tapşırıb. Kimlərinsə adını çəkdi,
hansısa təşkilatları qeyd etdi, təşkilati məsələləri
detallarına qədər çözdü. Üç dəfə
təkrar etdi: məktubun müəllifiylə müzakirələr
aparın, detalları onunla razılaşdırın. Sonda isə
mənə tərəf dönüb soruşdu:
-
Növbəti dəfə nə vaxt bizim iclasda iştirak edə
bilərsiniz?
Bax
bunu gözləmirdim. Güman edirdim ki, mənim bu işdə
rolum sadəcə bir qonaq rolu olacaq. İndi isə mənə
belə sual verirdilər. Sualın cavabını bir müddət
düşünməli oldum. Əliyev isə sualı təkrar
edib gülümsündü:
-
Burada məmurlar əyləşib, sizsə kənar sahənin
adamısınız. Sizin üçün nə vaxt rahat olsa,
iclas təyin edək və onlar gəlsinlər. Nə vaxt bura
gəlməyə vaxtınız olar?
-
İstənilən vaxt, - deyə tez-tələsik cavab verdim.
- Çox sağ olun.
Necə
deyərlər nağılda hər şey tez başa gəlir,
həyatda isə yox. Mən uzun müddət Nazirlər
Sovetindən zəng gözlədim, amma zəng vuran olmadı.
Təzədən Əliyevə zəng vurmaq isə
yaxşı deyildi. İki ay sakitlik oldu, bilmirdim neyləyim.
Pribıtkov isə məni sakitləşdirirdi:
-
Əgər bu iş Əliyevə tapşırılıbsa, sən
tamamilə arxayın ola bilərsən.
Nəhayət,
Kremldən zəng vurdular:
-
Bu gün filan saatda Nazirlər Sovetində iclas olacaq. Xahiş
edirik ki, siz də iştirak edəsiniz.
Vaxtından
xeyli əvvəl gəldim və mənə qərar layihəsini
verdilər. Vərəqlədikcə təəccübdən
donub qaldım. Az qala halım pisləşəcəkdi. Mənim
təkliflərimdən əsər-əlamət
qalmamışdı. Katibə dedim ki, iclasdan əvvəl Heydər
Əliyeviçlə görüşmək istəyirəm.
Məni
içəri dəvət etdilər. İçəri girən
kimi özümü saxlaya bilməyib salamsız-kəlamsız
dilləndim:
-
Axı belə olmaz. Siz hər şeyi kəsib
doğramısınız, azaltmısınız. Belə olmaz.
Əliyev
gülümsündü və təxminən belə dedi:
-
Narahat olmayın. İndi biz stol arxasına əyləşəcəyik,
mən sizə söz verərəm və hər şeyi
lazımi qaydaya salarıq.
Iclas
başlandı. Əvvəlcə maliyyə nazirinin birinci
müavini daxil olmaqla üç nazir müavini
çıxış etdi. Onlar Əliyevin üzünə
gülümsünərək bir ağızdan qeyd edirdilər
ki, hazırlanan bu gözəl qərarın unikal proqram layihəsi
yetimlərə qayğı sistemini kifayət qədər
yaxşılaşdıracaq, humanistləşdirəcək və
s.
Əliyev
onlara sözlərini deməyə imkan verdikdən sonra dedi:
-
İndi isə MK-ya müraciətin müəllifi olan
tanınmış yazıçı Lixanovun rəyini dinləyək,
- və mənə baxıb gülümsündü.
Əvvəlki natiqlərin pafoslu
çıxışları, dedikləri səfeh sözlər,
axmaq fikirlər məni lap özümdən
çıxartmışdı. Məsələn, deyirdilər
ki, uşaq evlərində hər uşağa düşən
gündəlik ərzaq payını 20 qəpik dəyərində
artırmaq lazımdır. Bununla onların səhhəti
yaxşılaşacaq. Arqumentləri isə bundan ibarət idi ki,
hər bir uşaq evində xeyli uşaq yaşayır və hər
uşağa ayrılan xərc iyirmi qəpik artırılsa,
görün ümumi xərc nə qədər artacaq. Bu
adamlar kimin üçün qənaət edirdilər, kimlərin
hesabına qənaət edirdilər - bunu mən yaxşı
anlamırdım. Bəlkə də, bu məmur xüsusiyyətlərinin
nümayişi idi, yəni onlar dövlətin hər qəpiyinin
qiymətini bilirlər, onun üstündə əsirlər.
Amma bu canyananlıq çox saxta alınırdı,
çünki söhbət məhz dövlətin
uşaqlarından gedirdi. Bundan başqa, məndə
məşhur dietoloqların, uşaq qidalanması üzrə mütəxəssislərin
yazılı rəyləri - bu insafsız adamlara qarşı
yaxşı tutalğac vardı. Burada verilən meyvə-tərəvəzin,
sıyıqların miqdarı, keyfiyyəti, vitamin
normaları, bir sözlə, bu qərar üçün gərəkli
olan bütün arqumentlər vardı. Söhbət isə
valideynləri tərəfindən atılmış yüz
minlərlə uşaqdan gedirdi. Dövlətdən başqa
onların qayğısına kim qalmalıydı ki? Əgər
dövlət bu balaca vətəndaşların taleyi
üçün məsuliyyət daşıyırsa, hansı
tədbirləri görməlidir? Qənaət etməlidir, xəsislik
yolunu tutmalıdır? Ruhsuz, cansız və kimə məxsus
olması bilinməyən abstrakt «büdcə»ni
qorumalıdırmı? Məgər bu büdcə ölkənin
gələcəyi olan bu körpələrə məxsus
olmamalıdırmı? Öncə bu uşaqları,
qocaları, xəstələri yedizdirin, içizdirin, sonra
başqa işlər barədə düşünün.
Öz
vətəndaşları qarşısında məsuliyyət
daşıyan Vətən mənə elə gəlir ki, belə
düşünüb hərəkət etməlidir.
Qısası,
hər uşağa nəzərdə tutulan maddi vəsaiti 20 qəpikdən
1 rubl 20 qəpiyə qaldıra bildim. Təsərrüfat,
istehsalat təcrübəsi üçün paltarlara
ayrılan vəsaiti isə 10 rubldan 200 rubla qaldırdıq.
Çünki uşaq evlərinin çoxu şəhərlərdən
kənarda yerləşirdi və uşaqlar təcrübəni
qapalı, isti sexlərdə yox, açıq havada, tarlada,
bostanda günün, yağışın, küləyin
altında, traktorun, kombaynın yanında keçirdilər.
Buna görə də onlara qalın işçi paltarı,
sırıqlı-pencək, sırıqlı-şalvar,
qalın dəri çəkmələr mütləq lazım
idi. . .
Beləliklə,
mən Əliyevin nəzarəti altında
çıxış edənlərin dediklərini bənd- bənd
altını üstünə çevirdim və fikirlərimi
isbatladım. Əliyev də mənim bütün fikirlərimi
bəyəndi. Yalnız birindən başqa. Hələ
1984-cü ildə mən V. İ. Lenin adına uşaq fondu
yaratmağı tövsiyə etmişdim. Bayaqdan bəri
uşaqların geyiminə pul ayırmaq istəməyən
maliyyə nazirinin müavini birdən yerindən qalxıb dilləndi:
-
Bəs xaricdə buna nə deyəcəklər? Belə
çıxır ki, biz öz yetim uşaqlarımızın
qayğısına qala bilmirik?
Deyəsən,
mənim məruzəmdəki «xeyriyyəçilik»
sözü onun xoşuna gəlməmişdi.
Heydər Əliyev mənə baxıb
üzr istəyirmiş kimi dedi:
-
Hələ biz bu addımı atmağa hazır deyilik.
Mən
əldə etdiklərim üçün sevinirdim və
düzü qorxdum ki, fondla bağlı məsələ siyasi
müstəviyə çıxa bilər. Onda bu
işlər Nazirlər Sovetinin, yəni Heydər Əliyevin nəzarətindən
çıxacaqdı. Aydın məsələ idi ki, xeyriyyə
fondu yaradılması haqqında fikir, istər uşaqlar
üçün olsun, istər Leninin adını
daşısın, istər təşkilat deyil, ictimai cəmiyyət
olsun, Suslov kimi bir partiya bürokratının əlinə
düşsə, yetimlər haqqında qərar, ümumiyyətlə,
ləğv oluna bilərdi. Bunu isə mən istəmirdim.
Görünür, mənim aparat dəhlizlərinə,
müxtəlif məmurların kabinetlərinə ayaq döyməməyim
üçün Heydər Əliyev işi elə qurdu ki, qərarın
yeni variantını elə oradaca nazirliklərin nümayəndələriylə
razılaşdırdım. Və möcüzə - 1985-ci
ildə qərar qəbul olunaraq elan edildi. Mən sevincimdən
az qala ağlayırdım.
İndiki
dillə desək, yetim uşaqların iqtisadi vəziyyəti
koordinal olaraq dəyişildi. Yemək-içməyin və
geyim-kecimin həcmi artdı. Uşaq evləri sakinlərinin
görkəmi də dəyişdi. Gödəkçələr,
donlar, köynəklər təzələndi, gözəlləşdi.
Onlar artıq adi «ev» uşaqları kimi geyinib-keçinirdilər,
onlar kimi qidalanırdılar. İşçi personalın məvacibi
xeyli artırıldı. Ümumiyyətlə isə, əvvəllər
adı xəcalətlə çəkilən yetimlər birdən-birə
diqqət mərkəzinə düşdülər. İş
elə quruldu ki, müxtəlif təşkilatlar, idarələr,
müəssisələr uşaq evlərinə, internatlara
himayədarlıq etməkçün az qala növbəyə
durmalı oldular. Hamı nəsə yardım etmək istəyirdi:
damı düzəltdirmək, ərzaq məhsulları ilə
təmin etmək, uşaqları teatrlara, muzeylərə
aparmaq və s. Uşaq evlərindəki uşaqlar
üçün belə yerlərə giriş artıq
havayı idi.
MK
mənim daha bir ideyamı qəbul etdi, uşaq evlərinin
çoxsaylı təcrübəli, qocaman tərbiyəçiləri,
müəllimləri, həkimləri, müdirləri, xidmətçi
personalın üzvləri müxtəlif orden və medallarla təltif
edildilər. Uşaqların tərbiyəsi ilə məşğul
olan insanların nüfuzu xeyli artmış oldu, onlar cəmiyyətdə
tanınan, hörmətli şəxslərə çevrildilər».
Mərkəz.- 2010.- 5 noyabr.- S. 10-11.