HEYDƏR ƏLİYEV

 

Aylar keçdi. Baş katib kürsüsünə M.S.Qorbaçov oturdu. Çoxdan təqaüdə göndərilən Tixonovun yerinə Nikolay İvanoviç Rıjkov təyin edildi. Onun Nazirlər Sovetindəki çoxsaylı qayğılarına yetim uşaqların problemləri də əlavə olundu. Şənbə günlərinin birində, Rıjkov yazıçı Lixanovu öz kabinetinə çağırdı. Albert Anatoliyeviç Lixanovun qeydlərindən yenə bir neçə sətri misal gətirək:

«Mən sənədlərlə, fotolarla, mövcud problemlər yazılmış kağızlarla dolu olan qalın qovluğu qoltuğuma vurub Nazirlər Sovetinə gəldim. Bundan əlavə, uşaqların ümumi problemləriylə bağlı kiçik bir məktub da hazırlamışdım.

Kremldəki kabinetində Nikolay İvanoviç Rıjkov məni tək yox, həyat yoldaşı Lyudmila Sergeyevna ilə birgə qarşıladı. Dedi ki, bura Stalinin həmin məşhur kabinetidir, hər şey onun vaxtında olduğu kimi saxlanılıb. Kabinet sahibi öz xanımıyla birgə rahat olmaq üçün stolun bir tərəfində əyləşdilər, məni isə üzbəüzdə oturmağa dəvət etdilər.

Təbii ki, əvvəlcə yaman həyəcan keçirirdim. Belə görüşlər mənim həyatımda əvvəllər olmamışdı və yəqin ki, bundan sonra da olmayacaqdı. Məsələ ondadır ki, Nikolay İvanoviç kimi son dərəcə tərbiyəli, sadə və təmiz insanlara ölkə rəhbərliyində nadir hallarda təsadüf edilir.

Rıjkov dərhal dedi ki, uşaqların problemləriylə bağlı məqalələrimi oxuyub. Bundan əlavə, Heydər Əliyev də mənim barəmdə ona çox danışıb. Beləliklə, Rıjkov 1984-cü ildə yazdığım məktubdan və o vaxt hökumət tərəfindən çıxarılan qərardan xəbərdar idi.

O unudulmaz görüş həddən artıq uzun - üç saat qırx dəqiqə davam etdi. Mənim iki şəxs qarşısında çıxışım yavaş-yavaş dostyana müzakirəyə, səmimi söhbətə çevrildi. Nikolay İvanoviç müharibə dövründə işləməyə başlamasından, tələbəlik illərində çəkdiyi əziyyətlərdən danışdı. Lyudmila Sergeyevna da öz uşaqlıq illərindən danışdı. Onlar təmkinlə, tələsmədən, həmsöhbətinə ehtiramla danışırdılar və onda mən həqiqətən hiss etdim ki, biz eyni nəslin övladları, yetirmələriyik.

O vaxtlar Rıjkovun Qorbaçovla münasibəti çox yaxşı idi və sonralar öyrəndim ki, həmin görüşün ertəsi günü o, mənim barəmdə Qorbaçova danışıb. Və onlar razılaşıblar ki, yetimxanalarla, uşaq evləriylə bağlı yeni qərarın hazırlanmasına yenə də məni cəlb etmək lazımdır. Bundan əlavə, qərarın hazırlanması üçün Nazirlər Sovetinin mütəxəssislərindən ibarət kiçik bir komissiya da təşkil olundu. Komissiyaya rəhbərlik isə Heydər Əliyevin sosial məsələlər üzrə müavini Viktor İvanoviç Vlasova və mənə həvalə olundu.

O vaxt, 1987-ci ildə təşkil olunmuş Sovet (indiki Rusiya) Uşaq Fondu indiyədək fəaliyyət göstərir. Onun hesabında çoxsaylı xeyriyyə işləri, mərhəmət aksiyaları, minlərlə xilas olunmuş insan həyatı var. Bütün bunlar fondun fəaliyyətinin hələ kiçik bir hissəsidir. Amma bəla ondadır ki, yetimlərin sayı yenə də gündən-günə artmaqdadır. Və indi yəqin ki, Rusiyada elə bir məmur yoxdur ki, yetim və atılmış uşaqların taleyi Çernenkonun, Əliyevin, Rıjkovun qəlbini kövrəltdiyi kimi, onları da kövrəltsin.

Azərbaycanda Heydər Əliyev Fonduna ölkənin birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO-nun, İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyeva rəhbərlik edir. Fondun çoxplanlı işi barədə ayrıca söhbət etmək istərdik. Bu Fonda Heydər Əliyevin uzun və maraqlı ömür yolu, fəaliyyətiylə bağlı böyük materiallar toplanmışdır. Hazırda elmi araşdırmalar aparılır, maraqlı saytlar açılır. Amma indi biz Fondun fəaliyyətinin yalnız bir tərəfini, yalnız uşaqlara, gələcək nəslə, onların ən zəif və yaralı hissəsi olan əlil, xəstə və yetimlərə qayğıyla bağlı gördüyü işləri qeyd etmək istərdik.

Belə problemləri həll edərkən Heydər Əliyev Fondunun işçiləri uzaqgörən, perspektivli, strateji layihələr həyata keçirirlər. Bunlardan birini sözün həqiqi mənasında təhsil üzrə ümummilli layihə adlandırmaq olar. Bu layihə kənd məktəblərinin siniflərindən başlayıb. Fondun «kənd məktəblərini yaxın gələcəkdə yüksək səviyyəyə qaldırmaq» təklifi bütün ölkədə əks-səda verib. Belə məktəblərin məzunlarından hər hansı birisə gələcəkdə Heydər Əliyev Universitetinə daxil olacaq. Bizim günlərdə - XXI əsrin ilk illərində bu Universitetin konsepsiyası hələ hazırlanmaqdadır. Amma inanırıq, çox keçməyəcək bu Universitet yaradılacaq və o, Şərq mədəniyyətində, təhsilində Qərbdə Kembric və Sarbonnanın tutduğu yeri tutacaq.

 

Yaddaş və yaddaşsızlıq

 

1984-cü ilin iyununda SSRİ-nin neft və qaz sənayesi müəssisələrinin tikintisi naziri Vladimir Çirskov Mossovetə SSRİ-nin ilk neft və qaz sənayesi naziri Kortunovun yaşadığı mənzilin qarşısında xatirə lövhəsi vurulması barədə xahiş məktubu göndərdi. Bir ay sonra özünü paytaxtın sahibi hesab edən, Moskva Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Promıslovdan belə bir cavab məktubu gəldi:

«SSRİ neft və qaz sənayesi müəssisələrinin tikintisi naziri V. Q. Çirskov yoldaşa:

Hörmətli Vladimir Qriqoryeviç!

Sizin A. K. Kortunovun xatirə lövhəsinin vurulması haqqında xahişinizə cavab olaraq Mossovet İcraiyyə Komitəsi bildirir ki, «Sov. İKP MK-nın və Nazirlər Sovetinin 12 aprel 1983-cü il 318 ¹-li «1983-85-ci illər üçün memorial abidələrin və başqa artıq tikintilərin inşasına dövlətin maddi vəsaitini sərf etməmək barədə» sərəncamına əsasən direktiv orqanların icazəsi olmadan bu qəbildən olan abidə və xatirə lövhələrinin qoyulmasına icazə verilmir.

Bundan başqa, A. K. Kortunovun adı artıq əbədiləşdirilib, Novoçerkask İnşaat-Mühəndisləri İnstitutuna və Buxara Qaz Sənayesi Texnikumuna onun adı verilib. Qəhrəman nazirin xatirəsi artıq əbədiləşdirildiyi üçün bir də paytaxtı narahat etməyin».

Dövlətin xəzinəsini gör necə qoruyurlar? Artıq bircə qəpik də xərcləmək olmaz.

Xoşbəxtlikdən hökumətdə paytaxtın işlərini, konkret olaraq Promıslovun səhvlərini düzəldə bilən bir adam vardı. Daha bir sənədi də nümunə gətirək:

«SSRİ Nazirlər Soveti sədrinin müavini Heydər Əliyev yoldaşa.

18. 02. 1982.

SSRİ-nin ilk neft və qaz sənayesi naziri, Sovet İttifaqı Qəhrəmanı A. K. Kortunovun xatirəsinin əbədiləşdirilməsi üçün Sizdən xahiş edirik ki, Moskva XDS İcraiyyə Komitəsinə sərəncam verəsiniz ki, onun 1956-73-cü illərdə yaşadığı Qorki küçəsi 8 ünvanda xatirə lövhəsi vurulsun.

A. K. Kortunov 1941-ci ilin avqustundan Böyük Vətən müharibəsinin cəbhələrində olub. Alman-faşist qəsbkarları ilə döyüşlərdə göstərdiyi mərdlik və qəhrəmanlığa görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmiş, 4 dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, III dərəcə Suvorov və Aleksandr Nevski ordenləri, çoxlu medallarla təltif edilmişdir.

1948-ci ildə Sovet Ordusu sıralarından tərxis olunan A. Kortunov xalq təsərrüfatında rəhbər vəzifələrdə çalışmışdır. SSRİ Nazirlər Soveti yanında Baş Neftqaztikintinin Tuymarinsk ərazi tikinti idarəsinin rəisi, Baş cənubneftqaztikintinin, Baş Neftqazsənayetikintinin rəisi, neft sənayesi müəssisələrinin tikintisi nazirinin müavini olub.

1955-ci ildə neft sənayesi müəssisələrinin tikintisi naziri təyin olunub, sonra Başqazın rəisi - SSRİ naziri, qaz sənayesi üzrə Dövlət İstehsalat Komitəsinin sədri - SSRİ naziri, SSRİ qaz sənayesi naziri, 1972-ci ildən ömrünün sonuna qədər isə SSRİ Neft və Qaz Sənayesi Müəssisələrinin Tikintisi naziri vəzifəsində çalışıb.

Sov. İKP-nin XXII, XXIII, XXIV qurultaylarında A. Kortunov Sov. İKP MK-nın üzvü seçilib, altıncı, yeddinci və səkkizinci çağırış SSRİ Ali Sovetinin deputatı olub.

Sov. İKP MK-nın ağır sənaye və energetika şöbəsi də Kortunovun Moskvada yaşadığı evin qarşısına xatirə lövhəsi vurulmasına tərəfdardır. V. Q. Çirskov».

Bu məktubu oxuduqdan sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin hansı hisslər keçirdiyini demək çox çətindir. Amma dəqiq məlumdur ki, bu məktubu oxuyan Heydər Əliyev köməkçilərindən nəyə görə Mossovetin özünün bu məsələni həll etmədiyini soruşub. Ona Promıslovun cavab məktubunu göstəriblər. 1985-ci il aprelin 23-də Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sərəncamını imzalayır: Moskva şəhəri, Qorki küçəsi 8 (indiki Tverskaya-müəl.) ünvanına A. K. Kortunovun xatirə lövhəsi vurulsun».

Moskvaya gələn hər bir insan istər-istəməz şəhərin yaradıcısı olan knyaz Yuri Dolqorukinin abidəsi önündə ayaq saxlayır. Atlı knyazdan azca aralı «Araqvi» restoranı və Azərbaycan Beynəlxalq Bankının şöbəsi yerləşir.

O biri tərəfdə isə gecəyarıya qədər işləyən və moskvalıların çox sevdiyi «Moskva» kitab mağazası var. Bir az aşağıda isə həmin memorial lövhə vurulub: «Bu evdə 1956-1973-cü illərdə neft və qaz sənayesi müəssisələri inşaatının təşkilatçısı, Sovet İttifaqı Qəhrəmanı Aleksey Kiriloviç Kortunov yaşayıb».

Heydər Əliyev mavi gözlü bu gözəl insanı yaxşı tanıyırdı və hətta bir görüşündə ona Nazim Hikmətdən məşhur bir misranı da oxumuşdu: «Mavi gözlü bir pəhləvan vardı». Həm İttifaq miqyaslı tədbirlərdə, həm də Azərbaycana səfərləri zamanı onunla yaxından tanış olmuşdu və Heydər Əliyev onun strateji baxışlarını, özünü bütün varlığı ilə işinə həsr etməsini, sadəliyini yüksək qiymətləndirirdi. Belə insanları məgər unutmaq olarmı?

 

BAM onun qəlbində yurd salmışdı

 

Dəmiryol nəqliyyatı gündən-günə yeniləşməkdə, təzələnməkdəydi. İyirminci əsrin ən böyük nəqliyyat tikintilərindən olan Baykal-Amur magistralının tikintisi davam etməkdəydi. Sakit okeana aparıb çıxarmalı olan ikinci magistral xətt üç min yüz əlli kilometr idi və bu xəttin yan-yörəsində stansiyalar, qəsəbələr, şaxtalar, fabriklər, şəhərlər, meşə təsərrüfatları yaradılırdı.

1984-cü il iyulun 5-də MK-nın Siyasi Bürosu yoldaş Heydər Əliyevin «Baykal-Amur magistralının tikintisindəki bəzi problemlərlə bağlı» məruzəsini dinlədi.

Qeyd edildi ki, ümumilikdə magistralın tikintisi yüksək sürətlə davam edir. Sərt təbii-coğrafi şəraitə baxmayaraq, böyük həcmli iş görülmüş, çoxsaylı körpülər, tunellər və başqa tikililər inşa edilmişdir. İnsan ayağı dəyməyən bir çox ərazilərdə yeni yaşayış massivləri, qəsəbələr, şəhərlər salınır. Bütün bunlar fəhlə və mühəndis-texniki heyətin, yerli partiya, komsomol, həmkarlar ittifaqı təşkilatlarının birgə və məqsədli fəaliyyəti, digər respublika, vilayət zəhmətkeşlərinin məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Həmin il, yəni 1984-cü ildə tikintinin kollektivi Böyük Oktyabr inqilabının altmış yeddinci ildönümünə - bu böyük bayrama qədər magistralın əsas dəmiryol xəttinin açılacağına və vaxtından bir il əvvəl bütün magistral boyu qatarların hərəkətə başlayacağına söz veriblər.

Diqqət yetirək: 1984-cü ilin noyabrı. Əliyevin məruzəsinə görə Siyasi Büro qeyd edir ki, «… vaqon-lokomotiv təsərrüfatlarının, trassın mühəndis təminatının, yaşayış sahələrinin, uşaq müəssisələrinin, xəstəxanaların, ticarət müəssisələrinin, ictimai iaşə obyektlərinin tikintisi çox ləng gedir».

Sov. İKP MK-nın Siyasi Bürosu məsul nazirlik və müəssisələrin rəhbərlərinə sərt şəkildə tapşırıq verdi ki, Baykal-Amur magistralının istifadəyə verilməli olan obyektlərinin vaxtında tikilib qurtarmasını təmin etsinlər.

1984-cü il sentyabrın 30-da qəzetlər BAM-dakı qarşı-qarşıya gələn xətlərin birləşdirilməsi barədə xəbər verdilər. «Sosialistiçeskaya industriya» qəzeti qürurla car çəkirdi: «Baykaldan Amura qədər dəmiryolu artıq tikilib qurtardı. Ümumittifaq zərbəçi gənclər tikintisinin tacı qoyuldu. Dünən Balbuxta keçidində şərqdən və qərbdən bir-birinə tərəf gələn yol mantyorları Aleksandr Bondarın və İvan Varşavskinin briqadaları 3150 kilometrlik magistral yolu birləşdirməyə müvəffəq oldular. Həm də vaxtından bir il əvvəl».

Reportyor yalan demirdi. Həqiqətən də, Tayqada, adı çəkilən keçid məntəqəsində şərqdən və qərbdən çəkilən relslər bir-birinə qovuşmuşdu. Telekameralar son halqanın - «qızıl halqa»nın necə qaynaq edildiyini çəkmişdilər.

Amma heç kim demədi ki, Şimali Muysk tuneli hələ də hazır deyil. Oradan dolama yol çəkilirdi. Layihəçilər və tədqiqatçı-mühəndislər səhv etmişdilər: yolu sərt qayalardan istiqamətləndirmişdilər. Yeraltı çay inşaatçıların yolunu kəsmişdi. Dünyanın heç bir tuneli Severo-Muysk tuneli qədər yüksək vəzifəli rəis görməmişdi. Nazirlər, partiya işçiləri, alimlər gəlib bu obyektə baxmışdılar. Tuneldə qəzanın baş verməsi xəbəri gələn kimi ilk olaraq Heydər Əliyev, nəqliyyat naziri Nikolay Semyonoviç Konarev, Dövlət Plan Komitəsinin sədr müavini Viktor Yefimoviç Biryukov hadisə yerinə gəlmişdilər. Qeyd edək ki, Biryukovun o vaxt artıq yetmiş iki yaşı vardı, lakin bu hündür, gümrah insanın ardınca onun nisbətən gənc həmkarları özlərini güclə çatdırırdılar.

Həmin unudulmaz ezamiyyətdən artıq iyirmi ilə yaxın vaxt keçir. Biryukovun indi doxsandan çox yaşı var, amma o hələ də detalların təsvirində əvvəlki kimi dəqiqdir, heç nəyi yadından çıxarmayıb.

İrkutskdan Şimali Muyska qədər onlar xüsusi qatarda gəlmişdilər. Heydər Əliyev Siyasi Büro üzvü kimi xüsusi vaqonda, nümayəndə heyətinin o biri üzvləri isə ikinci vaqonda gəlirdilər. Səhər erkən əynində idman geyimi olan Biryukov qatardan çölə çıxır.

- Dünən otlar yaşıl idi, bu gün isə gümüşü rəngə çalır. Ay dad, deyəsən, qar yağıb axı. Özü də avqust ayının ortasında, - o, gənclərə məxsus ruh yüksəkliyi ilə dillənir.

Qonşu vaqondan Əliyev də idman geyimində çıxır.

- Heydər Əliyeviç, - deyə Biryukov üzünü ona tutur. Əks-səda ətrafa yayılır. - Gəlin, çatın!

- Gəlirəm! - Əliyevin cavabı eşidilir.

Xoşbəxt əhval-ruhiyyədə olan bu iki sağlam, gümrah kişi ətir saçan otların, günəşin ilk şüalarının, tayqa sakitliyinin gözəlliyindən təsirlənərək cığır boyu yavaş-yavaş qaçmağa başlayırlar.

Sonra isə hər iki tərəfdə selovlarda guruldayan dağ sularının səsi altında tunel boyu üç kilometrlik keçid. Bir müddət sonra Nazirlər Sovetinin sədri Nikolay Rıjkov da bu tunelə baş çəkmişdi və marşrutu obrazlı şəkildə belə təsvir etmişdi: «Sanki gur şəlalənin içiylə gedirsən».

Məhz Heydər Əliyevin xüsusi vaqonunda çağırılan iclasda ilk dəfə dolama yolla dəmiryolu çəkmək təklifi səsləndirildi. Əks halda yolu qapamaq mümkün deyildi. Nikolay Semyonoviç Konarev həmin unudulmaz günlərə qayıdanda, indi də həyəcanlanır:

- Keçirdiyimiz ən kəskin hiss təəssüf hissi idi. Axı, bu niyə belə oldu? Niyə qəza baş verdi? Minlərlə insanın çəkdiyi zəhmət hədər getdi. İndi də təcili olaraq yeni çıxış yolu tapmaq lazımdır. Yoxuşun hündürlüyü on iki metrdən artıq olanda bu yerdə dəmiryol xətti çəkməyə icazə verilmir, - deyə bir mütəxəssis kimi Konarev işin incəliklərini izah edir. - O vaxtın normativlərinə görə bu rəqəm ən yuxarı hədd kimi götürülürdü. Şimali Muysk tunelinin ətrafında çəkiləcək dolama yolda isə yoxuş on səkkiz metr idi. Çox mübahisələrdən, müzakirələrdən sonra dəmiryolunun çəkilişinə icazə verildi.

Əliyev də yerində məsələdən hali olandan sonra Konarevin dolama yol çəkmək təklifini qəbul etdi. Lakin son qərarı hökumət verməliydi. İşlərin böyük miqyasını nəzərə alan hökumət başçısı Nikolay Rıjkov özü hadisə yerinə baş çəkməyi qərara aldı. O da hər şeyi öz gözüylə görəndən sonra dolama yolun çəkilməsi təklifi ilə razılaşdı. Tuneldə isə işlər daha iyirmi il davam etdirildi.

Tunelin inşaatçıları ilə xudahafizləşən xüsusi vaqonun sərnişinləri şərq istiqamətinə yol aldılar. Yeni stansiyalar, tikililər, sexlər…

Həmin qatarda çəkilmiş şəkillərdən birində belə bir qeyd var: «BAM. Urqal stansiyası ilə tanışlıq. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev. 1984-cü il».

Heydər Əliyev adamların arasındadır, açıq rəngli pencəyinin yaxalığında deputat nişanı parıldayır. Dəmiryol qoşunlarının rəisi general Koqatko Heydər Əliyevə böyük bir albom bağışlayır. Yəqin ki, bu albomda Urqal şəhərini, burada tikintilərin necə başlanmasını əks etdirən şəkillər vardı. Dəmiryolçu paltarında olan Konarev və kənardakı adamlar əl çalırlar. Arxa planda sərnişin vaqonu görünür.

On il əvvəl bura, o vaxt adı olmayan bu stansiyaya Donbassdan eyniadlı «Donbass» qatarı gəldi. Sonra daha dörd qatar yanaşdı. Onlar tikinti materialları, kranlar, maşınlar və mənzil, elektrostansiya, klub tikmək üçün digər avadanlıqlar gətirmişdilər. Sənədlərə görə vaqonlarda ümumi çəkisi on üç min ton olan avadanlıq vardı. Deməli, gələcək şəhər təkərlərin üstündəydi. Bir azdan burada evlər, küçələr peyda oldu. İlk küçəyə ukraynalı kommunist Artyomun adı verildi. Eynən Donetskdə olduğu kimi.

Heydər Əliyev BAM səfəri zamanı hər addımda yeni salınmış şəhərlər, qəsəbələr görürdü. Bu yaşayış məntəqələrini İttifaq respublikaları, vilayətləri öz maddi vəsaitləri, canlı qüvvələri hesabına tikdirmişdilər. Niyu şəhərini Gürcüstan, Olekmu şəhərini Tacikistan, Eterkanı Moldaviya, Duqda stansiyasını Volqoqrad vilayəti… Əlbəttə ki, Azərbaycanın da BAM-da öz şəhəri vardı. Magistralın qərb sahəsinin iki yüz on kilometrliyindəki Ulkan şəhəri Azərbaycanın hesabına tikilmişdi. Orada, uzaq tayqa vilayətində, sürətlə axan Kirenqa çayının sahilində gözəl bir şəhərcik salınmışdı: səliqəli evlər, məktəb, uşaq bağçası, tibb məntəqəsi, ictimai ticarət obyekti və s… Heydər Əliyev hələ Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyərkən bu tikintini ciddi nəzarətdə saxlayırdı. Məhz o, təklif etmişdi ki, vağzalın və bir neçə başqa tikilinin layihələri çəkilərkən Azərbaycan memarlığının elementlərindən istifadə olunsun.

İndi bu uzunmüddətli və ağır ezamiyyət zamanı Heydər Əliyev qəlbən yüksək iftixar hissi keçirirdi. Düzdür, qarşıda görüləsi işlər hələ çoxdur, amma artıq görülmüş işlərə nəzər salanda, bu işdə iştirak etmiş hər bir insanda fəxarət və qürur hissi yaranırdı.

Qayıdan baş nümayəndə heyəti Moskvaya Vladivostokdan uçdu. Siyasi Büronun üzvünə İL-62 təyyarəsində ayrı salon təşkil olunmuşdu. Lakin Heydər Əliyev hər yerdə özünü başqalarından üstün tutmağı sevən lovğa məmurlardan deyildi. O, yanına çağırdığı bir neçə həmkarı üçün stol açmağı xahiş etdi.

- Deməli belə, yoldaşlar, bu gün mən tamada olacam.

Viktor Yefimoviç Biryukovun söylədiyinə görə, həmin gün Heydər Əliyev onların hər biri haqqında deməyə xoş və isti söz tapdı.

Bir neçə onillik keçib getdi. Azərbaycanın paytaxtında iyirmi dörd ölkənin dəmiryol idarələri rəhbərlərinin böyük müşavirəsi keçirilirdi. Azərbaycan Prezidenti Rusiyanın nəqliyyat naziri Nikolay Aksyonenkonu qəbul edirdi. Birgə layihələr müzakirə olundu, Rusiyanın dəmiryollarında vəziyyət barədə danışıldı, BAM-ın adı çəkildi… Necə bilirsiz, Baykal-Amur magistralı haqqında son məlumatları eşidən Heydər Əliyev həmsöhbətindən nə barədə soruşdu? Əlbəttə ki, həmin tunel barədə.

- BAM-dakı o tuneli təmir edə bildilərmi?

- Bu il martın 30-da xətti birləşdirmişik (görüş 2001-ci ilin iyun ayında baş vermişdi). İlin axırınacan yolu yoxlayıb sonra qatarları buraxacağıq. Yaddaqalan tarixdir, artıq iyirmi beş il keçib.

- Mən orada olmuşam, - deyə Heydər Əliyev xatırladı. - Həm şərq, həm də qərb tərəfin gəzmişəm. O vaxt on beş kilometrlik tunelin hər iki tərəfindən cəmi üç-dörd kilometri qazılmışdı. Mən gedəndə orada heç avtomobil yolu da yox idi. Şərqdən və qərbdən üç kilometrlik yol dizə qədər suyun, palçığın içindəydi. Bura magistralın ən çətin sahələrindən idi. Adi yol üçün on beş kilometr nədir ki? Heç nə. Baxın, BAM 1974-cü ildə tikilməyə başlayanda plan üzrə on il vaxt ayrılmışdı. Mən 1984-cü ildə, on il sonra oraya getmişdim. Düz on gün BAM-da oldum. Moskvadan Bratska dəmiryoluyla, oradan isə Vladivostoka, Naxodkaya qədər getdim, bütün stansiyalara baxdım. Bəli, on beş kilometr adi tunel üçün bir o qədər də böyük məsafə deyil. Amma orada təbii şərait çox mühüm şərtdir. Mən dəfələrlə komissiyanın iclasını çağırdım. Orada çoxlu mütəxəssis, seysmoloq, akademik vardı. Bəziləri deyirdi ki, gəlin, tikintini dayandıraq, ora yüksək aktivliyi olan seysmik zonadır. Deyirdilər ki, tuneli tiksəniz də əvvəl-axır dağılacaq.

- Bu tikinti bütün dünya üçün yaxşı bir dərs oldu, - deyə Nikolay Aksyonenko əlavə etdi. - Orada hər yerdən qonaqlar olurdu, Amerikadan, Yaponiyadan… Tunellərin qazılması üçün unikal texnologiyalar kəşf edilib. Biz qoyulan məqsədi yerinə yetirə bildik.

- Təbrik edirəm. Bu işdə mənim də zəhmətim olub.

O adam xoşbəxtdir ki, belə böyük yolların, belə nəhəng tikintilərin inşaatı barədə danışılanda fəxrlə «Orada mənim də zəhmətim var» deyə bilir. Bu, yaradıcı insanların hüququdur. Dünya isə Heydər Əliyevin təbirincə desək, öz varlığına və inkişafına görə məhz yaradıcı insanlara borcludur.

Biz Əliyevin nəqliyyatdan başqa məşğul olduğu o biri sahələr - təhsil, səhiyyə, yaxud kinematoqrafiya barədə də ətraflı məlumat verə bilərdik. Qeyd edək ki, kinematoqrafiya ilə Heydər Əliyev şəxsən Andropovun tapşırığı ilə məşğul olurdu.

- Mən diqqətli adamam, bir işlə məşğul olmağa, hər hansı bir sahə üzrə sənədlər hazırlamağa başlamamışdan əvvəl həmin sahəni dərindən, hərtərəfli öyrənməyə çalışıram. Düzdür, mənim kinematoqrafiyadan xəbərim vardı, amma onun maddi-texniki bazasını və başqa incəliklərini də öyrənmək lazım idi, - Heydər Əliyev öz «kinoepopeyasını» belə xatırlayırdı. - Kino xadimləriylə sərəncamın layihəsi hazırlanana qədər çoxsaylı görüşlər keçirtdim. SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin sədri Yermaşa dedim ki, sən öz yanında ölkənin ən tanınmış kinematoqrafçılarını topla, mən də bu iclasda iştirak edəcəm. Bu, 1984-cü il idi… Biz bir neçə saat ərzində söhbət etdik. Sonra isə birlikdə o dövr üçün fundamental olan bir sənəd layihəsini hazırladıq - SSRİ kinematoqrafiyasının inkişafı proqramı məhz o vaxt qəbul olunmuşdu.

Bəli, onun bütün işlərə bu cür xüsusi, diqqətlə yanaşma xüsusiyyəti vardı. Kremldə məhz belə usta adamlar çatışmırdı.

Indi Şimali Osetiyanın prezidenti olan, həmin dövrlərdə Kremlin palatalarından keçmiş, necə deyərlər, oddan-sudan adlamış Aleksandr Dzasoxov Heydər Əliyevin Kremldəki illərini belə qiymətləndirir: «Biz Əliyevin yeni imkanlarını, onun çox böyük potensiala malik olduğunu aydın gördük».

 

 

Mərkəz.- 2010.- 6 noyabr.- S. 10-11.