«Quran və
elm»
İSLAMDA BİOETİKA MƏSƏLƏLƏRİ
Öldürülməyə izin vermə məsələsində
müsəlman hüquqçuları üç qrupa
bölünürlər.
1. Əbu Hənifə (699-767), Əbu Yusif
(731-798) və İmam Əhməd belə hesab edirlər ki,
öldürülməyə icazə verilməsi canidən cəzanı
düşürür. Yəni öldürən kimsəyə
nə qisas cəzası, nə diyə (qanbahası), nə də
kəffarə düşər.
2. İmam Şafii (767-820), İmam Malik
(?-795) və yuxarıda adı çəkilən İmam Əhmədə
görə, öldürülməyə izin vermə canidən
qisas cəzasını düşürür, diyəni
(qanbahasını) isə düşürməz.
3. Yenə İmam Malikə və İmam
Züfərə (?-775) aid bir görüşə görə,
belə bir vəziyyətdə cəza tam şəkildə
sabit olur. Əgər cəza qisasdırsa, qisas cəzası
verilir.
Öldürülməyə verilən
izinlə yanaşı, bir də yaralanmağa verilən izin
vardır. Fəqihlərə görə, bu əməlin hər
ikisində günah həm izin verənə, həm də onu
yerinə yetirənə aiddir.
Konkret olaraq yaralanmağa verilən izinlə
əlaqədar müəyyən ediləcək cəza
baxımından fəqihlər arasında ixtilaf mövcuddur.
İxtilafa səbəb olan əsas məsələ isə
yaralanmağa verilən iznin ölümlə nəticələnəcəyi
hala aiddir.
Əbu Hənifə və İmam Malikin rəyincə,
yaralanmağa verilən izin ölümlə nəticələndikdə,
bu iş qəsdən qətl halını alır.
Çünki verilən izin öldürülməyə deyil,
yaralanmağa aid idi. Belə olduğu təqdirdə
ölümlə nəticələnən iş izinsiz olaraq
edilmiş qəsdən qətldir. Ona görə də bu halda
caniyə qisas cəzası düşür.
Əbu Yusif, İmam Məhəmməd
Şeybani (752-805) və İmam Əhməd isə belə
hesab edirlər ki, bu halda caniyə həm qisas cəzası, həm
də diyə (qanbahası) düşür. Çünki ən
əvvəl izin vardır. İznin ölümlə nəticələnməsi
onun izin verilməmiş bir iş olmasını vacib etməz.
Çünki o (iş), mahiyyət etibarilə izin verilmiş
bir işdir (feldir). İşin bu keyfiyyətini onun daha sonra
ulaşdığı nəticə dəyişməz (13,
122-129).
Fədakarlıq intihar deyildir
Döyüşdə, yaxud xalqa, millətə,
cəmiyyətə aid bir iş uğrunda fədakarlıq
göstərərək özünü təhlükəyə
atmaq, canını fəda etmək intihar deyildir. İntiharla fədakarlığın
qaynaqları ayrı-ayrı şeylərdir. İntiharın
qaynağı ümidsizlik, əqidəsizlik, qorxudursa, fədakarlığın
qaynağı əqidə, iman, yüksək vətənpərvərlik,
ülvi duyğu və düşüncələrdir. Buna
görə də dinimizdə intihar pisləndiyi, haram
buyurulduğu halda, fədakarlıq təqdir edilərək
yüksək qiymətləndirilir.
Abort. İslam şəriətində
«isqatul-cənin», müasir ərəb ədəbi dilində
«ichaz» adlanan abort islamda olduğu kimi, islamdan əvvəlki dinlərdə
də geniş müzakirə obyekti olmuşdur. Məsələnin
tarixinə müxtəsər bir nəzər salsaq, görərik
ki, qədimdən bəri müxtəlif xalqlarda və müxtəlif
dinlərdə uşaqlara münasibət müxtəlif cür
olmuşdur. Uşaqların qurban edilməsi (Allah yolunda qurban kəsilməsi)
qədim kənanilərdən yunanlara, hindlilərdən
çinlilərə qədər bir çox insan
toplumlarında bir ənənə halını almasına
baxmayaraq, (istərsə səmavi, istərsə də qeyri-səmavi)
dinlər abortu (süni yolla uşaq saldırmağı)
qadağan etmişlər.
Hinduizmdə uşaq saldırmaq
yasaqdır, belə bir iş görən qadın mənsub
olduğu kastadan xaric edilir. Hinduizmin müqəddəs
kitablarından olan Atharvavedaya görə, uşaq
saldırmaqdan daha böyük günah yoxdur. Buddizm və zərdüştilikdə
də abort qadağandır. Bunun əksinə olaraq qədim
Yunanıstanda ailə üzvlərinin sayını məhdudlaşdırmaq
məqsədilə abortla yanaşı, yeni doğulmuş
uşaqların öldürülməsinə də icazə
verilmişdir. Aristotel şikəst doğulma ehtimalı olduqda
rüşeymin canlı hala gəlmədən öncə ana bətnindən
saldırılmasını mümkün hesab etmişdir (1,
133; 2, 363-364).
Yəhudilərdə evlənmə və
çoxalma əmr edilmiş, buna görə də çox
qadınla evlilik, sonsuz qadını boşamaq və cariyəlik
mümkün sayılmaqla yanaşı, uşaq saldırmaq
qadağan edilmişdir. (3,1, 28)
Əhdi-ətiqə (Tövrata, yəhudi
dininə) görə, ana bətnində olan bir
uşağın saldırılmasına səbəb olan kimsə
qadının ərinin müəyyən edəcəyi məbləği
ödəməlidir. Əgər bu hadisə (abort)
ölümlə nəticələnmişsə, ölümə
ölümlə qarşılıq verilməlidir (4, XXII,
22-23).
Xristianlıqda uşaq saldırmaq
böyük günah hesab edilir. Xristian ənənəsinə
görə, Allah varlıqları (məxluqatı) müəyyən
bir müddət üçün yaratmış və hər
bir həyat sahibi üçün fiziki ölümü təqdir
(əvvəlcədən müəyyən) etmişdir. Lakin
bununla yanaşı, əsl hədəf həyatın davam
etdirilməsidir. Əslində ölüm insanlar arasına
Şeytanın arzusu və günah vasitəsilə
girmişdir. Buna görə də ölümə qalib gəlməyə,
onun qarşısını almağa səy göstərilməlidir.
Çünki «Tanrı ölülərin deyil, dirilərin
tanrısıdır» (5, XXII, 32). Xristianlıq bu məsələdə
yunan - Roma dünyasının əleyhinə
çıxmışdır.
İslamda abort. İslam
hüquqçuları (fəqihləri) uşaq
saldırmanın dini hökmü barəsində iki qrupa
ayrılırlar. Birinci qrupa görə, hamiləliyin heç
bir dövründə məşru (qanuni) səbəb olmadan
uşaq saldırmaq caiz (mümkün) deyildir. Onlar belə
hesab edirlər ki, Allahın yaratdığı rüşeymin
(cəninin) həyatına insan tərəfindən son verilməsi
məşru olmaz.
İkinci qrupa daxil olan hüquqçulara
görə isə, hamiləliyin ilk dövrlərində abort
haram deyildir. Onların bəzisi belə bir əməli məkruh
(bəyənilməyən), bəzisi isə mübah (sərbəst,
qeyri-yasaq) hesab edir. İkinci qrupa daxil olan alimlər abortun
hansı şərtlər daxilində və hansı müddət
içərisində mümkün olması barədə
çox fərqli görüşlər irəli
sürmüşlər. Bunun əsas səbəbi isə
Quranda və hədislərdə (nəss) bu barədə bir
şey olmaması və məzhəb imamlarından bu barədə
bəlli görüşlərin nəql edilməməsidir.
Ayrıca bu qrupa daxil olan alimlərin ictihadlarında (fətva
və hökmlərində) onların yaşadıqları
dövrlərdə rüşeym (embrion) haqqında mövcud
olan tibbi biliklərin kifayət dərəcədə
olmadığı da öz təsirini göstərmişdir
(2,364).
Hamiləliyin ilk dönəmində bəlli
bir müddət içində abortun mübah olduğunu
söyləyən alimlər ümumilikdə bədənə
ruhun üfürülməsi zamanı, bəzən də rüşeymin
ana bətnində tam təşəkkül tapması mərhələsini
əsas götürürlər. Başda Buxari olmaqla, bir
çox hədis qaynaqlarında səhih olaraq rəvayət
edilən bir hədisə görə, ana bətnində olan
rüşeymə üçüncü qırx günün
sonunda (yəni dördüncü ayın sonunda, ananın boynuna
uşaq düşdüyü 120-ci gündə) ruh
üfürülür, onun əcəli, qədəri (taleyi,
ruzisi, ömrü, xoşbəxt, yaxud bədbəxt
olacağı) müəyyənləşdirilir (6,6).
Bəzi başqa hədislərdə ruhun
üfürülməsinə toxunulmadan insanın əcəli
ilə taleyinin müəyyənləşdirilməsi
rüşeymin ana bətninə düşməsinin
qırxıncı günü və ya bundan bir neçə
gün sonra baş verdiyi qeyd edilir (7, 397;8, 2 ,4). Lakin islam alimlərinin
əksəriyyəti, demək olar ki, bütün məzhəblər
ruhun bədənə üfürülməsini
uşağın ana bətninə düşməsinin 120-ci
günündə qəbul edirlər. Məsələnin bu
cür qəbul edilməsində Qurani-Kərimdə
yaradılış mərhələlərindən bəhs edən
ayələrin də mühüm rolu vardır (9, XXIII, 12-14).
Müasir tibb elmi də dördüncü
aydan etibarən, hətta daha öncə rüşeymdə
daxili orqanların tamamilə təşəkkül tapdığını,
onun xarici görünüşünün
açıq-aydın şəkildə insana
oxşadığını və ananın hiss edə biləcəyi
şəkildə hərəkət qabiliyyəti
qazandığını sübut edir. Bütün bunlardan
sonra məzhəblərin mövzu ilə əlaqədar
görüşlərini aşağıdakı şəkildə
izah etmək mümkündür.
Mərkəz.- 2010.- 8 noyabr.- S. 16.