«Quranelm»

 

İslamda bioetika məsələləri

 

Hənəfi məzhəbində ruh üfürülmədən öncə uşaq saldırmağın mübah olduğunu söyləyən hüquqçular varsa da (10, II, 380), hakim görüş bu işin ancaq üzrlü bir səbəb mövcud olduqda mümkünlüyünü qəbul edir. Cəfəri məzhəbinin məsələyə münasibəti də, demək olar ki, bu cürdür.

Maliki məzhəbinə görə, 40 gündən sonra abort haramdır. Uşaq saldırmanın göstərilən müddətdən əvvəl mübah, yaxud məkruh olduğunu söyləyənlər varsa da, maliki fəqihlərinin əksəriyyətinə görə bu haramdır.

Şafii məzhəbində abortun ruh üfürülmədən öncə mümkün olub-olmadığı barədə iki fərqli görüş mövcuddur. Belə ki, İmam Qəzali abortun bütün zamanlarda və müddətlərdə haram olduğunu qeyd edir. Bəzi digər alimlər isə uşaq saldırmanın haram deyil, məkruh olduğunu, lakin ilk günlərdən ruhun üfürülmək vaxtına gedildikcə məkruhdan harama doğru dəyişdiyini və 120-ci günə yaxın bir müddətdə isə haram olduğunu bildirirlər.

Bəzi hənbəli fəqihləri ruh üfürülməsindən öncə abortun mübah olması fikrində olsalar da, məzhəbə hakim olan ümumi görüş bu müddətdə də abortun haram olmasıdır.

Göründüyü kimi, islam fəqihləri ruh üfürüldükdən sonra abortun haram olduğubu hərəkətin cinayət hesab edilməsi barədə eyni fikirdədirlər. Klassik fiqh qaynaqlarında bu fikir, hətta rüşeymin ananın sağlamlığına təhlükə yarada biləcəyi hallarda belə müdafiə edilir (2,364). Məsələn, İbn Abidin (1784-1836) belə hesab edir ki, rüşeym canlı olduğu təqdirdə ananın həyatına təhlükə törədə biləcəyi güman edilsə belə, onu saldırmaq caiz deyildir. Çünki ananın bu səbəb üzündən ölə bilməsi bir ehtimaldır. Ehtimala görə isə hər hansı bir canlının, insanın öldürülməsi düzgün deyildir (10, I, 602).

Lakin son zamanlarda Küveytdə nəşr edilmiş "Fiqh ensiklopediyası"nda bətndəki uşaq ananın sağlamlığına təhlükə törətdiyi təqdirdə abortun mümkün olması, ananın həyatının xilas edilməsi daha doğru hesab edilir (11,57).

İslam hüququna görə, ana bətnindəki rüşeymə qarşı bir cinayət işləndiyi təqdirdə "qurrə" deyilən bir təzminat ödənilir ("qurrə" həmin cinayətin cəzasıdır). Uşaq saldırmanın qəsdən və ya səhvən baş verməsi, yaxud ata-ana tərəfindən həyata keçirilməsi bu cəzanı aradan qaldırmır. Qurrə adlanan təzminatın miqdarı ayrı-ayrı hakimlər tərəfindən deyil, dövlət tərəfındən müəyyənləşdirilməlidir. Çünki bu təzminat hakimlərin ümidinə qalsa, onu hərə bir cür təyin edər. Abort zamanı qurrə ilə birlikdə kəffarənin (günahı yumaq üçün yerinə yetirilən müəyyən bir əməl) vacib olub-olmaması barəsində məzhəblər arasında ixtilaf mövcuddur. Hənəfilərlə malikilər kəffarənin vacib deyil, məndub (bəyənilən əməl) olduğunu, şafiilər və hənbəlilər isə qurrə ilə yanaşı, kəffarənin də vacib olduğunu qeyd edirlər.

Ananın, yaxud başqa bir kimsənin müdaxiləsilə saldırılmış rüşeym üçün hamiləlik əsnasında sabit olan miras, vəsiyyət və vəqflə bağlı haqlar sağ doğulduqdan sonra ölən uşaqda olduğu kimi, onun varislərinə keçər. Rüşeym ana bətnində öz-özünə öldükdə isə bu haqlardan heç biri varislər üçün sabit olmaz.

Süni mayalanma. Qadının yumurtasını ərindən başqa bir kişinin sperması (mənisi) ilə birləşdirərək süni mayalanma yolu ilə qadını hamilə etmək zina (qeyri-qanuni cinsi əlaqə) ünsürlərini ehtiva etdiyi, insanlıq hisslərinə toxunduğu üçün belə bir əməl islamda caiz görülmür. Dinimizdə buna gizli zina (zinaun müqənnə) deyilir. Süni mayalanma heyvan nəslini islah etmək məqsədilə edilərsə, o mümkün sayılır.

Müasir dövrdə süni mayalanma əməliyyatında bəzi inkişaflar mövcuddur. Uşağı olmayan ər-arvadı (cütlüyü) uşaq sahibi etmək üçün dövrümüzdə yeni üsul və çarələr tapılmışdır. Bunların içərisində ən çox istifadə olunanı kişinin sperması ilə qadının yumurtasını bir boruda (tübikdə) yerləşdirib, sonra aşılanmış yumurtanı uşaqlığa yerləşdirməkdir. Bu yolla uşaq sahibi olmaq üçün üç ünsürün bir araya gəlməsi lazımdır: sperma, yumurta və uşaqlıq. Bunların hər üçü bir-biri ilə evli cütə aid olarsa, boruda aşılama yolu ilə uşaq sahibi olmaqda heç bir şəri maneə yoxdur. Belə üsulla uşaq sahibi olmağı İslam Konfransı Təşkilatının Fiqh Akademiyası da mümkün hesab edir. Bundan əlavə, Fiqh Akademiyası başqa bir üsulu da mümkün sayır. Bu üsul müsəlman şəriətinə müvafiq olaraq, iki arvadı olub bunların birindən uşağı olmayan kişinin spermasını uşağı olmayan qadının yumurtası ilə boruda mayalayıb onu övladı olan (doğmağa qabil olan) o biri arvadın uşaqlığında yerləşdirmək yolu ilə uşaq sahibi olmaqdır. Göründüyü kimi, hər iki qadın eyni kişiyə aid olduğu , burada yabançı bir ünsür iştirak etmədiyi üçün belə bir üsulla da uşaq sahibi olmaq mümkün hesab edilmişdir. (Bax: İslam Konfransı Təşkilatı Fiqh Akademiyasının 3/VII-1986-cı il tarixli 4 saylı qərarı).

Yuxarıda deyilən üsullardan kənara çıxdıqda , yaxud araya yabançı ünsür girdikdə və ya sperma, yumurta və uşaqlıqdan biri ər-arvaddan kənar bir şəxsə aid olduğu təqdirdə bu mümkün hesab edilmir. Çünki islam dininə görə, uşaq yalnız o zaman qanuni olur ki, o, istər sperma, istər yumurta, istərsə də uşaqlıq baxımından eyni cütlüyə (yəni ər-arvada) aid olsun.

Nəsəb. Doğulan uşaq kimə aiddir, kimin familiyasını daşıyacaq? Bu suala belə bir hədis cavab verir. "Uşaq yatağındır (ərindir), zina edən məhrum qalır". İslamda təbii atalıq deyil, hüquqi atalıq mötəbər hesab olunur. Nikahlı bir qadın nikahdan müəyyən bir müddət keçdikdən sonra dünyaya bir uşaq gətirmişsə, bu uşağın atası onun kəbinli əridir. Bir başqası həmin uşağın ondan olduğunu iddia edirsə, rədd olunur. Ancaq ər uşağın zina məhsulu olduğunu iddia edərsə, məhkəmədə tərəflər, qaydaya görə, and içərlər bu iddia doğru olduqda uşağın nəsəbi anaya aid (qeyd) edilir.

Övladlığa götürmə. Övladlığa götürmə çox qədim zamanlardan günümüzə qədər gəlmiş bir adətdir. Atası bəlli, yaxud bilinməyən bir uşağı başqa bir ailə götürüb öz övladı kimi qeyd etdirir, ailə üzvləri sırasına qatır öz doğma uşaqlarının haqlarına sahib (şərik) edir.

İslam hüququ əxlaqı baxımından bu əməlin bir sıra yasaq tərəfləri vardır.

1. Bir başqasının övladını öz övladı halına gətirmək saxta haqsız bir əməliyyatdır.

2. Bu uşaq böyüyüncə bir sıra yasaqlar yerində qalır - bədən üzvlərini gizlətmə (təsəttür), baxma, təmas s.

3. Bu zaman daha yaxın qohum-əqrəba mirasdan qismən ya tamamilə məhrum qalır.

Qurani-Kərim məhz bu səbəblərə görə bu cür övladlığa götürməyi qadağan etmiş, haram buyurmuşdur. Peyğəmbər (s.ə.s) öz atasını inkar edərək bir başqasına ata deyən uşağın lənətləndiyini bildirmişdir.

Yetim kimsəsiz uşaqların evə gətirilərək baxılması, böyüdülməsi, təlim-tərbiyəsi isə tamamilə ayrı bir işdir. Peyğəmbərimiz (s.ə.s) bu işi təşviq edərək belə buyurmuşdur: "Şəhadət barmağı orta barmaq bir yerdə olduğu kimi, mən yetimi himayə edənlə cənnətdə bir yerdə olacağam".

İslama görə, övladı olmayan valideynlər tərbiyə etmək üçün, təbii ki, uşaq götürə bilərlər. Lakin müsəlman dininə görə bu uşaq onların qanuni övladı, qanuni varisi hesab edilə bilməz. Onlar öz mallarının yalnız üçdə birini vəsiyyət yolu ilə həmin uşağa verə bilərlər. Çünki qanuni övlad, qanuni varis nikahdan olmalıdır.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, islam hüququna görə, uşaqlar ana bətnində ikən artıq bir şəxsiyyət kimi qəbul edilirlər. Buna görə də onlar bütün mədəni hüquqlardan faydalanmaq haqqına malikdirlər.

 

 

Mərkəz.- 2010.- 9 noyabr.- S. 16.