HEYDƏR ƏLİYEV

 

Əbədi şölələnən ulduzun işığı

 

İndi isə əziz oxucu, biz sizə Heydər Əliyevin həyatının ən ağır günlərindən biri haqqında danışmaq istəyirik. 1985-ci il aprelin 17-də Heydər Əliyev, oğlu İlham, qızı Sevil və yaxınları Zərifə Əliyevanı dəfn edirdilər.

Heydər Əliyev Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü və Nazirlər Sovetinin sədr müavini seçiləndən sonra, o, Moskvaya tək gəlmişdi. Zərifə xanım hələlik Bakıda qalıb elmi araşdırmalarını tamamlamaq niyyətindəydi.

İndi artıq uzaq keçmişdə qalmış Böyük Vətən müharibəsindən əvvəlki illərdə Zərifə xanım Moskvanı Heydərdən əvvəl görmüşdü. Ucqar Naxçıvanda yaşayan Heydər Əliyev üçünsə SSRİ-nin paytaxtını görmək hələ əlçatmaz bir arzu olaraq qalırdı. Zərifənin valideynlərinin imkanları daha böyük idi və onlar öz qızlarını Moskvaya, dostlarının yanına göndərmişdilər. Zərifə xanım Moskvadan böyük və xoş təəssüratlarla qayıtmışdı, gözəl saçlarına isə zərif bir özbək araxçını bərkidilmişdi. O vaxt onun cəmisi 16 yaşı vardı, həyat hələ qarşıdaydı.

- Moskvanı mən o vaxt özümçün kəşf etmişəm, - Zərifə zarafatla ərinə deyirdi. - İndi isə növbə sənindir.

Zərifə xanım Leninqrada, O. P. Dobromıslovaya yazırdı:

«Mən hələ Bakıda qalıram. Öz işimi, böyük əziyyətlə yaratdığım laboratoriyanı atmaq istəmirəm. Orada bu saat çox faydalı işlər görülür. Bir çox işlərim yarımçıq qalıb, onları heç kimə etibar edə bilmərəm, gərək özüm yekunlaşdırım».

Başqa bir məktub:

«Mən hələ də Bakıdayam. İli başa vurub sonra Moskvaya getmək istəyirəm. Bütün ailəmiz artıq oradadır. Uşaqlar üçün və nəvəm üçün yaman darıxıram».

30 yanvar 1985-ci il. Məktub Moskvadan yazılıb:

«Artıq Moskvaya gəlmişəm. Məni çox yaxşı qarşıladılar. İşlə bağlı sərfəli təkliflər çoxdur, amma hələ qəti qərar qəbul etməmişəm… Düşünməyə hələ vaxt var». Vaxt isə qısalırdı, Zərifə xanımın ölümünə iki il yarım qalırdı.

O, tibb elmləri doktoru, professor Z. M. Skripniçenko ilə birgə elmi araşdırmalarla məşğul olmağa hazırlaşırdı. Növbəti görüş 1984-cü ilin qışında dövlət bağlarında oldu. «Onun xəstə halını, solğun bənizini görəndə adamın ürəyi sıxılırdı. Hərçənd onun davranışı, əhvali-ruhiyyəsi qətiyyən sürətlə yaxınlaşan faciədən xəbər vermirdi. Bakı Məişət Kondisionerləri zavodundakı araşdırmalardan iftixarla danışırdı… Maraqlı söhbətə yalnız arabir fasilə verilirdi və Zərifə xanım məni artıq xeyli artmış ailə üzvləriylə tanış edirdi. Onun danışığında, davranışında sonsuz hərarət və sevgi hiss olunurdu. Sevil cazibədar balaca Zərifədən sonra daha bir oğul dünyaya gətirmişdi, İlhamın xanımı Mehriban isə onlara bir qız nəvəsi bəxş etmişdi. Körpəsini qucağında tutan Sevil nəvazişlə anasına baxır və gözlərindəki narahatçılığı gizlətməyə çalışırdı, balaca Zərifə isə nənəsinin yanından çəkilmək istəmirdi. Moskvadan gələn İlham hamıdan əvvəl anasını çox böyük nəvazişlə salamladı. Düzdü, evdə narahatlıq hiss olunurdu, amma heç kəs Zərifənin səhhətinin belə çıxılmaz vəziyyətə düşəcəyini ağlına gətirmirdi».

Onlar sabah yenidən yığışıb müzakirələri davam etdirmək fikrindəydilər, amma ertəsi gün Zərifə xanımı xəstəxanaya apardılar. Bu, onların son görüşü oldu.

Professor Skripniçenko Zərifə xanımın məzarının üstünə gələ bildi.

- Onun məzarı üstündə kədərlə düşünürdüm ki, dostlarımı itirməyi həyat mənə lap çoxdan, hələ Böyük Vətən müharibəsinin cəbhələrində öyrətməyə başlamışdı, amma buna adət etmək mümkün deyil. İllər keçdikcə hər yeni itkinin ağrısını daha da bərk hiss edirsən.

O uzaq cəbhə illəri məni bir şeyə vərdiş etdirib: əgər dostun həyatdan gedibsə, yubanma, əvvəl görməyə macal tapmadığın işi indi başa çatdır. Onun üçün də Zərifə xanımın son arzusunu yerinə yetirməyi, birgə yazdığımız kitabı bitirib onun işıq üzü görməsini təmin etməyi özümə borc bildim. Və əlimdən gələni etdim ki, bu böyük zəhmət hədər getməsin, geniş oxucu kütləsi və mütəxəssislər Zərifə xanımın bu kitabdakı fikirləriylə tanış ola bilsinlər.

Professor Skripniçenko sözünün üstündə durdu.

- Həkim olduğuna görə Zərifə xanım xəstəliyinin nə qədər ağır olduğunu yəqin ki anlayırdı. Həkimlər yaxşı bilirlər ki, xəstəlik insanı necə dəyişir. Bəzi adamlar özünə qapanır, bəziləri gecə-gündüz yalnız xəstəliyi barədə danışırlar, bəziləri isə vasvası, hətta ətrafdakılara qarşı qəzəbli olurlar. Zərifə xanım isə necə vardısa, elə də qalmışdı. Ən çox isə ona görə fikir çəkirdi ki, onu sevən insanlar bu xəstəliyə görə narahatlıq keçirirlər. Bunu Zərifə xanım özünə bağışlaya bilmirdi.

Deyirdilər ki, onu onkologiya mərkəzinə göndəriblər. Zərifə xanımı professor Bloxin müayinə edib. Son sözü belə olub: «Heç olmasa, iki həftə əvvəl gətirsəydiniz…».

Bu, məhz belə olub, ya başqa cür, indi bunun əhəmiyyəti yoxdur. Ən ağırı budur ki, Zərifə xanım çox tez, cəmisi 62 yaşında həyatdan köçüb. Onu 1985-ci il aprelin 17-də dəfn etdilər. Yağış yağırdı. Kropotkinski küçəsindəki Alimlər evinə əklillər gətirirdilər.

Səhər Boris Pastuxov Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı MK-nı və katibliyini toplayaraq bildirdi: «Uşaqlar, kim istəsə gedə bilər, istəməyənlər getməsin».

Katiblik tam heyətlə dəfndə iştirak etdi.

- Biz demək olar ki, hamıdan tez gəlmişdik, - Boris Nikolayeviç o kədərli günü belə xatırlayır. - Kimlərin gələcəyini bilmirdik. Birdən gördük ki, MK Komsomol Komitəsinin bütün bürosu başsağlığı verməyə gəldi. Heydər Əliyev heç vaxt bu haqda danışmayıb, amma gənclərin ehtiram göstərib başsağlığına gəlməsi ona xeyli təsəlli vermişdi və o, bunu unutmamışdı.

Alimlər evinin zalındakı portretdən bizə Zərifə xanımın geniş açılmış şən gözləri baxırdı. Zərifə xanımı tanıyanlar onun heyrətamiz dərəcədə mənalı, qara gözləri olduğunu qeyd edirdilər.

Leninqradlı alim Dobromıslova deyir:

- Şərqlilərə məxsus qara gözləri, mehriban baxışları onu başqalarından fərqləndirirdi. Onun gözləri gah gülür, gah sevinir, gah heyrətlənir, gah da narazılığını bəyan edirdi. Lakin onun gözlərində heç vaxt biganəlik ifadəsi görmək olmazdı. Zərifə xanımın iri, çox ifadəli, sanki «danışan gözləri» vardı.

Professor Şulpina isə belə deyir: «Onun böyük, qara gözləri insanın qəlbinə nüfuz edirdi».

Hələ 1924-cü ildə çəkilmiş uşaqlıq şəklində balaca Zərifənin iri, qara gözləri o birilərinin gözlərindən seçilirdi. Saçları səliqəylə vurulmuş balaca qızcığaz yumşaq oyuncağı sinəsinə sıxmışdı. Onun böyük qara gözləri uzaq zamanların dərinliklərində şölələnən bir ulduzun işığı kimi bizə zillənib.

Dəfndən düz bir həftə sonra, artıq son illər ərzində üçüncü olan yeni Baş katibin dövründə Heydər Əliyev Leninin anadan olmasının 115 illiyinə həsr olunmuş təntənəli iclasda məruzə etməliydi. Qorbaçov ona məruzədən imtina etməyi məsləhət görürdü. Deyirdi ki, eybi yox, gələn il məruzə edərsiniz.

- Yox, - Heydər Əliyev etiraz etdi, - öhdəsindən gələrəm.

Yeni Baş katibi 1985-ci il martın 11-də seçmişdilər. Ukrayna Kommunist Partiyasının birinci katibi Vladimir Vladimiroviç Şerbitskidən başqa hamı plenumda iştirak edirdi. O, yolda idi, Amerikadan ezamiyyətdən qayıdırdı.

Qromıko Qorbaçovun «hədsiz yaradıcı enerjisini» və başqa xüsusiyyətlərini qeyd edib, onu Sov. İKP MK-nın Baş katibi seçməyi təklif etdi. Etiraz edən olmadı.

SSRİ Nazirlər Sovetinin sədri Tixonov yarınmaq üçün kompliment deməyə imkan tapdı: «Qorbaçov ilk Baş katibdir ki, iqtisadiyyatdan yaxşı başı çıxır»(Nikolay Aleksandroviç yeni çarın mərhəmətinə ümid bəsləyərək göz görə-görə yaltaqlanırdı). ABŞ Prezidenti corc Buş (böyük - red.) Qorbaçovla Maltadakı danışıqlardan sonra Kremldən gəlmiş müsahibinin iqtisadi savadını tamam başqa cür qiymətləndirmişdi. Buş müşavirlərinə deyirmiş: «Aman Allah, o ki iqtisadiyyatdan heç bir şey bilmir».

Qorbaçovun ustalıqla qurduğu pərdəarxası «portfel bölgüsü»ndə Əliyev iştirak etməmişdi. Hərçənd ki, özünün təşkilati bacarığına, hədsiz təcrübəsinə, işgüzar keyfiyyətlərinə görə Əliyevin Baş katib olmağa da tam hüququ vardı. Məşhur publisist Artyom Borovik yazır: «Heydər Əliyev onun bu vəzifəyə seçilməsinin heç cür mümkün olmadığını israr edənlərə nahaq yerə inanmışdı. Tixonov belə hesab edirdi ki, Heydər Əliyevin bu yüksək vəzifəyə seçilməsinə «dini əqidəsi və milliyyəti» mane olur. Mən belə hesab edirəm ki, - deyə Borovik sözünə davam edir, - Heydər Əliyev Rusiyanın maraqlarını başqalarından daha artıq müdafiə edirdi.

Baxın, görün, Qorbaçov SSRİ-nin başına nə gətirdi, Yeltsin Rusiya ilə nə etdi? Əliyev yəqin ki, düşünülmüş islahatlar yoluyla gedəcəkdi və onda bizim dövlətin və özümüzün taleyi tamam başqa cür olacaqdı».

Xatırladaq ki, Qromıko da Heydər Əliyevi SSRİ miqyaslı bir siyasətçi kimi görürdü. Lakin qalibin mərhəmətinə sığınıb səsini çıxartmadı və SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri vəzifəsinə seçildi.

 

22 aprel 1985-ci il, Moskva

 

Sovet təqvimində 22 aprel xüsusi bir gün idi, həmin gün V. İ. Leninin doğum günü qeyd olunurdu. Təntənəli konsertlər, Mavzoleyin qarşısına əklillərin qoyulması, gurultulu iclaslar. . . Leninin anadan olmasının 115 illiyinə həsr olunmuş təntənəli iclasda Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev «Leninin ideya və əməllərinin tarixi həqiqətləri» adlı məruzə ilə çıxış etdi.

Bu, onun paytaxtda belə bir miqyasda ilk çıxışıydı. Əlbəttə ki, məruzə Mərkəzi Komitənin sənədi kimi qəbul edilir. Amma bu tipli məruzədə də Heydər Əliyevin özünəməxsus yanaşmasının izlərini görmək mümkündür.

Əliyevin o vaxtkı məruzəsini oxuyanda görürsən ki, epoxanın dağılmasından sonra da, bir çox baxışlarından imtina etməmiş, düşüncələrinin çoxuna sadiq qalmışdı. Heydər Əliyev sonralar da rus xalqı, rus dili haqqında böyük ehtiramla danışır, bu dilin digər SSRİ xalqlarının, millətlərinin dillərini zənginləşdirdiyini, bu xalqlar üçün dünya ədəbiyyatının, mədəniyyətinin geniş üfüqlərini açdığını qeyd edirdi. Bu dilin vasitəsiylə onlarla millətə, xalqa məxsus milyonlarla insan dünya mədəni irsiylə tanış olur, özləri də bu mədəni irsə öz töhfələrini verirlər.

Müstəqil Azərbaycanın Prezidenti olandan sonra da Heydər Əliyevin Rusiyaya, rus xalqına, rus dilinə munasibəti, demək olar ki, əvvəlki kimi qalmışdı.

İşgüzar adamlar bunu çoxdan müşahidə ediblər - kim daha iş çox apara bilirsə, ona daha çox iş tapşırırlar. Əliyev də bu vəziyyətə düşmüşdü. Nazirlər Sovetində və Siyasi Büroda ona həvalə edilmiş vəzifələrdən savayı, Qorbaçov və o vaxt MK-da ikinci adam olan Liqaçov ona yeni-yeni tapşırıqlar verirdilər. Bu tapşırıqlardan biri də məşhur olan qalmaqallı antialkoqol kampaniyasıyla bağlıydı. Bu işlə bağlı sənədlərin hazırlanmasını Rıjkova, Əliyevə və RSFSR-in Nazirlər Sovetinin sədri Solomentsevə tapşırmışdılar.

- Biz bu sənədin üzərində əsaslı surətdə işlədik, - deyə Nikolay İvanoviç Rıjkov xatırlayır. - Sənəd MK-nın katibliyi və Qorbaçovun özü tərəfindən bəyənildi.

Rıjkovun fikrincə, Qorbaçovu sərxoşluqla mübarizəyə Liqaçovla Solomentsev təhrik etmişdilər. Özü-özlüyündə mövzunun zəruriliyi heç kimdə şübhə doğurmurdu. Sərxoşluq, alkoqolizm cəmiyyətə, həqiqətən də, böyük zərbə vururdu. Minlərlə ailə dağılırdı. Narahatlıq aydın və başa düşülən idi, amma məsələyə başqa tərəfdən yanaşanda, tamam fərqli hadisələr ortaya çıxırdı. Belə bir atalar məsəli var: «Dəlini Allaha dua etməyə məcbur etsən, vurub alnını partladar». Alkoqolsuz, sağlam həyat tərzi uğrunda mübarizədə də eynən belə oldu.

Rıjkovun fikrincə, Qorbaçovu və onun ətrafını, yəqin ki, sərxoşluqla mübarizədən daha çox, bu kampaniyadan qazanacaqları siyasi dividendlər maraqlandırırdı.

Amma əfsus! Sərxoşluqla mübarizə aparanlar da bütün fanatiklər kimi ifrata varmaqdan özlərini saxlaya bilmədilər. Yenidənqurma vaxtı «araq-çaxır» mağazalarının qarşısındakı növbələri görməyənlər, yəqin inanmazlar ki, növbə gözləyən insanların sırası kilometrlərlə uzanır, mağazalara əməlli-başlı hücum çəkilirdi. Şəhər və kəndlərdə araq çəkənlərin sayı durmadan artırdı. Araqsız, çaxırsız qalan adamlar mağazalara axışıb içində spirt olan başqa şeyləri - odekolonları, lasyonları alıb içirdilər. Məhz elə o vaxt, çaxır istehsalı üçün əkilmiş üzümlükləri buldozerlərlə süpürüb tullayır, yerində başqa bitkilər əkirdilər.

Aleksandr Timofeyeviç Qavrilov bu süjetə maraqlı və xarakterik bir ştrix də əlavə edir. Bir dəfə Heydər Əliyevin köməkçisi Qavrilovun yanına köhnə tanışı, Moldaviyanın Nazirlər Sovetinin sədri Ustiyan gəlib deyir:

- Saşa, bizə üzümlüklərin qırılması barədə sərəncam gəlib. Axı, biz onları onilliklər boyu yetişdirmişik, əziyyət çəkmişik. Xahiş edirəm, şefin yanına get, hər şeyi ona danış.

Qavrilov xatırlayır:

- O zaman elə bil mənə nəsə qəribə bir cəsarət gəldi. Heydər Əliyevin yanına keçib hər şeyi danışdım. Amma o, çiyinlərini çəkib başını yellətdi ki, heç nə eləmək mümkün deyil.

Indi artıq hamı bilir ki, antialkoqol kampaniyası MK-da əsas işlərin başlanmasından iki-üç il əvvəl düşünülmüşdü. Və bu işi MK-nın qocaman üzvü, Partiya Nəzarəti Komitəsinin sədri, sərtliyi və eyni zamanda ehtiyatlılığı ilə tanınan Pelşeyə tapşırmışdılar. Amma Arvid Yanoviç başa düşürdü ki, bu işdə qəti, sərt addımlara yol vermək olmaz.

Nikolay İvanoviç Rıjkov o günləri belə yada salır: «Pelşenin vəfatından sonra bu komissiya bir neçə il yığılmırdı. Və birdən-birə bu komissiyanı «ayıltdılar» və komissiya sərt tədbirlər həyata keçirməyə başladı. Amma ürəyimizdə hamımız başa düşürdük ki, nəyisə düz eləmirik».

Artıq Nazirlər Sovetinin sədri olan Rıjkov bir dəfə Heydər Əliyevə zəng vurub xahiş etdi ki, onun yanına gəlsin. Heydər Əliyeviç üzr istədi: «Mən indi iclas aparıram, yarım saata qurtaracam. İclas başa çatan kimi gələrəm».

Əliyev gələndə Rıjkov hansı məsələylə məşğul olduğunu soruşdu.

- Kefirin alkoqollu içki olub-olmadığını müzakirə edirdik, - deyə Əliyev cavab verdi.

Rıjkov bilirdi ki, bu, partiyada ikinci adam olan Liqaçovun tapşırığı idi. İndi bu, gülməli görünür, amma o vaxt heç kim gülmək hayında deyildi.

Bizimlə söhbətdə Nikolay İvanoviç Rıjkov etiraf etdi:

- Mən elə əvvəldən antialkoqol kampaniyasının əleyhinəydim. Amma Siyasi Büronun üzvü kimi, orada qəbul olunan qərarları icra etməliydim. Mənə Heydər Əliyeviçlə işləmək xoş idi. Həm MK-da, həm də Nazirlər Sovetinin sədri seçiləndən sonra. Xarici ezamiyyətlərdə, müxtəlif insanlarla kontaktlarda adamın bir çox gözlənilməz xüsusiyyətləri üzə çıxır. Səfər vaxtı bir daha əmin oldum ki, Heydər Əliyeviç uzaqgörən siyasətçi və xeyirxah, ünsiyyətə meylli bir insandır. Onunla işləmək çox asan idi.

1985-ci ilin sentyabrında məni SSRİ Nazirlər Sovetinin sədri seçdilər. Bilirdim ki, Tixonov Heydər Əliyevə qarşı həmişə ədalətsizlik edirdi. Nazirlər Sovetində də hər yerdə olduğu kimi müəyyən qruplaşmalar vardı və Tixonov məzuniyyətə gedəndə heç vaxt öz yerinə Heydər Əliyevi qoymurdu. Həmişə öz dostu və müavinlərindən biri Arxipova etimad göstərirdi. Hərçənd ki, Arxipov heç Siyasi Büronun üzvü də deyildi. Mən başa düşürdüm ki, bu, Siyasi Büronun üzvü olan Heydər Əliyevin yaman xətrinə dəyirdi. Onun üçün də elə ilk iclasdaca vəzifə bölgüsü aparanda dedim: «Bu gündən etibarən mən olmayanda məni Heydər Əliyev əvəz edəcək».

- Siz bunu əvvəlcədən Heydər Əliyevə söyləmişdiniz?

- Yox.

- Bəs, Heydər Əliyevin buna münasibəti necə oldu?

- Mən hiss elədim ki, onun ürəyi rahatlandı. Nazirlər Sovetində onun ətrafında formalaşmış inamsızlıq buzu əriməyə başladı.

Onun Nazirlər Sovetindəki işi barədə nə deyə bilərəm? O, yaxşı işləyirdi, hətta çox yaxşı işləyirdi. Əliyev sistemli adam idi, o biri rəhbər işçilər kimi heç vaxt dağınıq, qatmaqarışıq, məsuliyyətsiz iş görmürdü. Səliqə-sahman, nizam-intizam ona xas idi. Ona hansısa bir işi tapşırırdınsa, tamamilə arxayın ola bilərdin, bu tapşırıq mütləq yerinə yetiriləcəkdi.

Bizim aramızda heç vaxt hansısa konflikt, daxili nifaq yaranmırdı. Elə vaxt olur ki, kabinetdə stol arxasında oturub həmkarlarla mehriban söhbət edirsən, amma bayıra çıxan kimi adamın qarasınca min cür söz deyirlər. O, belə şeylərdən uzaq idi.

Bir-birimizə çox yaxşı münasibət bəsləsək də, aramızda bir pərdə vardı. Birgə yeyib-içmirdik, ailəvi dostluq etmirdik - Nazirlər Sovetində ümumiyyətlə, belə bir adət yox idi. Mən beş il ərzində öz kabinetimdə bircə qədəh araq da içməmişəm. Heydər Əliyevlə də aramızda yalnız işgüzar münasibətlər vardı. Mən onun işindən çox razı idim.

MK-da elə hallar olurdu ki, baş katiblər məzuniyyətdən qayıdanda öz yerlərinə qoyduqları adamların çıxardığı qərarları ləğv edirdilər. Amma bizdə, Nazirlər Sovetində belə şeylər olmurdu. Hansısa mübahisəli məsələ müzakirə olunanda Heydər Əliyev zəng vururdu, həll olunan məsələ barədə mənim də rəyimi öyrənirdi.

Əliyevlə Qorbaçovun hərəkətlərini müqayisə etmək maraqlı olar. Konkret nümunədə onları müqayisə edək, onların ümumittifaq əhəmiyyətli iqtisadi problemlərlə necə məşğul olmalarına fikir verək:

Tümen Baş Geologiya İdarəsinin müdiri, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanov xatırlayır: «Qorbaçov hakimiyyətə gələndə xalq ondan çox şey gözləyirdi, amma o, bu ümidləri doğrulda bilmədi.

Kadrların hazırlanması, seçimi və irəli çəkilməsi mexanizmi işlənib hazırlanmamışdı. Kadrların işgüzar keyfiyyətləri əvvəlki kimi ikinci plandaydı. Ən əsas, rəhbərə şəxsi sədaqət, dostbazlıq, qohumbazlıq, yerliçilik idi. Qorbaçovun vətəni Stavropoldan Moskvaya xeyli kadr gətirilmişdi.

Mən 1985-ci ilin sentyabrında Qorbaçovun Tümen vilayətinə səfəriylə bağlı lətifəyə bənzər bir hadisəni tez-tez yada salıram. Onun səfəri ərəfəsində vilayətə bir neçə vaqon konfet gətirmişdilər. Qəfildən bu konfetlərin satışına qadağa qoyuldu. Bilirsiz niyə? Məlum oldu ki, bu konfetlərin adı «Mişka na Severe»dir; tərcümə etsək - «Mişka Simalda»dır. Yerli yaltaqlar qorxdular ki, Mixail Sergeyeviçin vilayətdə olduğu vaxtda «Mişka…» adlı konfetlərin satışı onu təhqir etmək kimi qiymətləndirilə bilər. Bu cür qənaətlərə, hətta Saltıkov-Şedrin qələminin yaratdığı Qlupova şəhərinin rəhbərləri belə həsəd aparardılar.

Ümumiyyətlə, Qorbaçovun Tümen səfəri mənim içimdə çox mənfi təəssürat yaratdı və bu barədə o vaxt öz gündəliyimdə də qeyd etmişdim.

«5 sentyabr. Nijnevartovsk aeroportu. Qonağı vəzifəli şəxslərin böyük bir qrupu qarşılayır: V. İ. Dolgix, B. N. Yeltsin, N. K. Baybakov, B. E. Şerbina və başqaları. Təyyarə gəlib yerə endi. Mixail Sergeyeviç Qorbaçovla Raisa Maksimovna Qorbaçova təyyarədən yerə endilər. İki gün əvvəl onların gəlişi üçün Moskvadan təyyarəylə xüsusi yapon avtobusu gətirmişdilər, elə bil ki, Baş katibi yerli avtobusa mindirmək qəbahət idi.

Axşam Nijnevartovsk Şəhər Partiya Komitəsində iclas keçirildi. Şəhər partiya komitəsinin katibi S. İ. Denisov, Mahal Partiya komitəsinin katibi V. A. Çurilov kiçik informasiya ilə çıxış etdilər. Onlardan sonra Qorbaçov sözü mənə - Tümen Baş Geologiya İdarəsinin rəisinə verdi. Mən geoloji kəşfiyyat işlərinin vəziyyəti və perspektivləri barədə danışdım, neft və qaz sənayesinin əmtəə bazasının daha da inkişafıyla bağlı bəzi rəqəmləri misal gətirdim. Qorbaçov bir neçə dəfə sözümü kəsdi və Baybakovla Dolgixi geoloqlara yaxşı kömək etmədiklərinə görə tənqid etdi.

Sonda Qorbaçov çıxış etdi: «Geoloqlar məni bu vilayətin geoloji-kəşfiyyat işlərinin perspektivlərinə inandırmağa müvəffəq oldular. Mən bu perspektivləri hiss edirdim və geoloqların işindən də razıyam. Çox sağ olun, yoldaşlar, amma bu sahəyə mütləq kömək etmək lazımdır».

Onun zəhmətimizi belə yüksək qiymətləndirməsi bizi çox ruhlandırdı. Gecəylə bizim hamımız Urenqoy şəhərinə uçduq. Siz təsəvvür edə bilməzsiniz, Sov. İKP MK-nın Baş katibini xalq küçələrdə necə böyük sevinclə qarşılayırdı. Çox gözəl, günəşli bir hava vardı. Şəhərin mərkəzində, neçə min adamın yığışdığı yerdə Qorbaçovu aparan maşın korteji dayandı. Baş katib maşından düşüb insanlarla söhbət eləməyə başladı. Yaşlı bir qadın ona sual verdi ki, bəs Böyük torpaqda (ölkənin yaşayış üçün yararlı ərazilərində - red.) bizim şimal sakinləri üçün mənzil tikintisi nə yerdədir?

Mən Mixail Sergeyeviçin cavabını eşidəndə təəccübümdən donub qaldım. O, tam ciddi şəkildə cavab verdi: «Böyük torpaqda mənzili neynirsiniz? Baxın, görün burada necə gözəl iqlim var. Yaxşısı budur burada daha çox mənzil tikin».

Məgər Qorbaçov bilmirdi ki, Urenqoy Şimal qütb dairəsinin yaxınlığında yerləşir? Rusiyanın Avropa hissəsindən, Ukraynadan, Belorusiyadan, Azərbaycandan işləməyə gələn insanlar burada daim yaşayıb işləyə bilmirlər. Bura tundra zonasıdır, havada oksigenin faizi aşağıdır. Ona görə də burada heç normal bitkilər, ağaclar da bitmir.

Ertəsi gün Qorbaçov öz dəstəsiylə Tümenə qayıtdı. Siz görəydiniz aeroportda nələr baş verirdi. Moskvadan Qorbaçovla xanımını gəzdirsin deyə təyyarəylə dörd ədəd xüsusi «ZİL» markalı minik avtomobili gətizdirmişdilər. Yolları bağlamışdılar. Respublika küçəsində maşınların yolunu əks istiqamətə çevirdilər. Yaltaqlar yaman əldən-ayaqdan gedirdilər - Baş katibin rənglənmiş, köhnə evləri görməməsi üçün onu şəhərin ucqarlarıyla aparırdılar. Bütün bunlar məni yaman əsəbiləşdirmişdi. Axı, əvvəllər dövlətin ikinci şəxsi Kosıgin Tümendə dəfələrlə olmuşdu. Moskvadan yapon avtobusları, xüsusi «ZİL» maşınları da gətirməmişdilər. Hər şey sadə və işgüzar şəkildə təşkil olunmuşdu.

Burada isə təmtəraqdan adamın gözü qamaşırdı. Qorbaçov hələ cəmisi dörd ay idi ki, Baş katib seçilmişdi, amma indidən belə bir cah-cəlala, təmtərağa həvəs göstərirdi.

Axşam Tümenin partiya-təsərrüfat aktivində Qorbaçov çıxış etdi. Onun məruzəsini eşidəndə qulaqlarıma inanmadım. O, iki gün əvvəl Nijnevartovskda söylədiklərinin tam əksini dedi. Mənim kefim tamam pozuldu. Uzun mühakimələrdən sonra belə qərara gəldim ki, Qorbaçov sadəcə Moskvadakı bürokratik aparat üzvlərinin tərtib etdiyi məruzəni üzündən oxuyur. Mənim iki gün əvvəl ona dediklərim isə deyəsən, tamam yadından çıxmışdı. Nə verdilərsə, onu da oxudu. Nədənsə, Brejnevin Bakıya səfərini, ona verilən kağızları çaşdırıb tamam başqa bir çıxışı heç nə başa düşmədən üzündən oxumağını və Əliyevin onun qarşısındakı kağızları dəyişdirməyini xatırladım.

 

 

Viktor Adrianov

Hüseynbala Mirələmov

 

Mərkəz.- 2010.- 8 noyabr.- S. 10-11.