HEYDƏR ƏLİYEV

 

Gecə səhərə qədər düşünəndən sonra bu qərara gəldim ki, yeni Baş katib böyük boşboğazdır. İqtisadiyyatdan, siyasətdən bir o qədər başı çıxmasa da, ambisiyaları həddən artıq böyükdür. Neqativ xüsusiyyətləri də kifayət qədərdir. Belə keyfiyyətlərə malik olan bir kadr çətin ki, böyük ölkəni ağıllı idarə edə bilsin və biz onun hakimiyyəti dövründə çətin ki, uğura nail olaq.

Elə də oldu: iqtisadiyyat gündən-günə uçuruma yuvarlanırdı, istehsalatın sürəti aşağı düşməyə başladı, neft sənayesi isə ilk həyəcan siqnallarını verməyə başladı. Bütün ölkə zəhmətkeşlərinin səyləri nəticəsində yüksək həddə qaldırılan neft hasilatı getdikcə aşağı düşməyə başladı. Sonda bircə onu deyə bilərəm ki, bizim xalqın yaxşı və firavan yaşaması üçün mütləq ağıllı və dövləti idarə etməyi bacaran rəhbərləri olmalıdır».

Fərman Salmanov haqlıydı. Ən maraq lısı isə budur ki, nə üçünsə istənilən sistemdə - totalitar, demokratik, sosialist, kapitalist - hakimiyyətə, səriştəsiz, buna haqqı olmayan insanlar gələ bilir?! Axı, belələrini hakimiyyətə heç yaxın da buraxmaq olmaz.

Rusiyanın müasir tarixində də, Azərbaycanın postsovet tarixində də və başqa xalqların tarixində də buna çoxlu nümunələr göstərmək olar.

31 avqust 1986-cı il, Novorossiysk

1986-cı il avqustun 30-da saat 22. 10 radələrində Novorossiysk yaxınlığında sərnişin teploxodu «Admiral Naximov»la yük gəmisi «Pyotr Vasev» toqquşmuşlar. İtkilər var. Xilasetmə işləri aparılırdı… Təxminən belə bir xəbər avqustun 31-nə keçən gecə bir çox əsas instansiyalara - Sov. İKP MK-ya, Nazirlər Sovetinə, DTK-ya, Dəniz Donanması Nazirliyinə və s. yayıldı… Radio və televiziya hələ heç bir rəsmi xəbər açıqlamamışdan əvvəl xalq arasında artıq çoxsaylı şayiələr yayılmağa başlamışdı. Əlbəttə ki, ilk olaraq xarici radiostansiyalar bu hadisəyə əks-səda verdilər.

Rıjkov gecəyarı Əliyevə zəng vurdu:

- Heydər Əliyeviç, siz bu hadisəylə bağlı təşkil olunan Dövlət Komissiyasının sədri təyin olunursunuz. Adamları seçin…

Heydər Əliyev yəqin ki, həmin gecə heç yata bilmədi. Əgər bilsəydi ki, qarşıda onu on beş yuxusuz gecə gözləyir, bəlkə də, bir az mürgüləyərdi. Amma yatmaq istəmirdi. Onun yadına üç il əvvəlki ilk bu cür ezamiyyəti düşdü. O vaxt Volqa çayında, Ulyanovsk şəhərinin limanında turistlərlə dolu «Aleksandr Suvorov» sərnişin teploxodu körpünün dirəkləriylə toqquşmuşdu. Teploxodun kinozalında həmin vaxt komediya göstərirdilər. Bir çox tamaşaçı zala uşaqlarıyla gəlmişdi. Ekrandakı qəhqəhələr adamların ahu-fəryadına qarışmışdı. Teploxodun üst göyərtəsi və kinozalı sınıb tökülmüş və idarəsini itirən teploxodu çayın axarı aparmışdı. Hadisə yerində aparılan araşdırma nəticəsində qəzanın səbəbi aşkar edildi: sərxoşluq…

Adətən Əliyev Nazirlər Sovetinə səhər saat doqquza yaxın gəlirdi. Həmin gün isə daha tez gəldi. Özünün nəqliyyat işləri üzrə köməkçisi Vladimir Sergeyeviç Uxova tapşırdı ki, komissiyanın tərkibiylə bağlı sərəncam hazırlayaraq hamını xəbərdar etsin.

- Siz də bizimlə birgə uçacaqsınız.

Uxov evə baş çəkməyə macal tapmadı, yalnız zəng vurub xəbərdar etdi ki, «on gündən sonra qayıdacaq». Ezamiyyətdə lazım ola biləcək dəyişək paltar və bəzi xırda-para şeyləri almaq üçün Qızıl Meydanı adlayıb univermağa getdi. Avqustun 31-dən sentyabrın birinə keçən gecə «Vnukovo-2» aeroportundan Novorossiyskə xüsusi hökumət təyyarəsi uçdu.

Əliyevlə üç il birgə işlədiyi müddətdə Uxov rəhbərini yaxşı tanıya bilmişdi. Vladimir Sergeyeviç xatirələrini çözələyir:

- Onun qətiyyətli, sərt adam olduğunu əvvəl də bilirdim. Amma Volqada, parça-parça olmuş «Suvorov» teploxodunun yanında mən anladım ki, onun xarakteri bütünlüklə kritik situasiyalarda - iradəni, düşüncəni və emosiyaları bir yumruğa yığıb qəti şəkildə hərəkət etmək üçün lazım olan məqamlarda, özünü daha bariz göstərir. Onun inadı, ağlı və sərtliyi problemi həll edirdi. Mənə elə gəlir ki, adi günlərdə Heydər Əliyeviç elə bil sıxılır, onun möhtəşəm daxili enerjisi sanki özünə yol axtarırdı və o, axşam saat ona, on birə qədər işdən ayrılmırdı. Bəzən elə olurdu ki, ona bilavasitə bizim idarəyə aid olmayan işlər tapşırılırdı. Biz bunu onun özünə deyəndə Heydər Əliyeviç əsəbiləşmirdi. O hesab edirdi ki, hökumət başçısı, Baş katib istənilən tapşırığı verə bilər, bizim vəzifəmizsə onu yerinə yetirməkdən ibarətdir.

… İlkin məlumatlara görə, «Admiral Naximov»un göyərtəsində cəmi 1234 adam, onun da 888-i sərnişin və 346-sı ekipaj üzvü olub. Teploxod toqquşmadan sonra yeddi-səkkiz dəqiqə ərzində batıb. 836 sərnişini xilas etmək mümkün olub. Bəs o birilərinin aqibəti necə olub?

İki həftəlik Novorossiysk ezamiyyəti - dənizin özü boyda bir kədər kimi yadda qaldı. Hər gün öz doğmalarını, yaxınlarını itirən insanlarla görüşürsən. Suyun dibindən teploxodun içində əsir olmuş insanların meyitləri çıxarılır: bir təsəvvür edin, birinci üç gün ərzində yetmiş doqquz, sentyabrın 4-nə qədər yüz on altı meyit çıxarılır. Onlarla problem bir-birinə qarışıb.

Heydər Əliyevə yalnız işlərə ümumi rəhbərliyi təklif etmişdilər: komissiyada kifayət qədər nüfuzlu adamlar, mütəxəssislər vardı - dəniz donanması naziri, DTK-nın sədr müavini, MK-nın nəqliyyat və rabitə şöbəsinin müdiri - onlar detalları aydınlaşdırıb lazımi tədbirlər görə bilərdilər.

- Yox, - deyə Heydər Əliyeviç təkid etmişdi, - mən hər gün insanlarla görüşəcəyəm, həm də dövlət komissiyasının üzvləriylə təmasda olacağam, onların cavabdeh olduqları məsələləri necə yerinə yetirdiklərinə də nəzarət edəcəyəm.

Dövlət komissiyası gündə iki dəfə - saat 10.00-da və 17.30-da iclas keçirirdi.

«… Və hər gün axşam saat 19.00-da komissiyanın sədri Heydər Əliyev ölənlərin qohumları, yaxınları ilə görüşür. Onlara görülən işlər barədə məlumat verir, yaranan problemləri yerindəcə operativ şəkildə həll edir», - «Trud» qəzeti bu hadisə barədə hazırladığı reportajında belə yazırdı.

Məlum oldu ki, teploxodun təhkim edildiyi Qara Dəniz Gəmiçiliyi İdarəsi heç gəmidə nə qədər sərnişinin olduğunu da dəqiq bilmir. Və bu, adi hal hesab olunurdu. Kapitanlar sən demə, qaydaların əleyhinə olaraq, gəmilərinin bir-birinin yanından necə keçəcəkləri barədə əvvəlcədən sanki köhnə faytonçular kimi danışıq aparıbmışlar. Üç-dörd gün suda qalan meyitlər kənara çıxarılanda istidən artıq çürüməyə başlayırdılar. Onun üçün də öncə buz dolabları olan qatarlar, sonra isə yubanmadan tabutlar gətirildi. Uxov xatırlayır:

- Heydər Əliyev hamıdan son dərəcə sərt haqq-hesab tələb edirdi. Hansısa bir tapşırığı yerinə yetirilmədiyi üçün o, dəniz donanması nazirinin müavinini dərhal vəzifəsindən kənarlaşdırdı. Hamı bundan dərs götürdü.

Ən çətini isə çıxarılan cəsədlərin arasında öz əzizlərini tapa bilməyən və yenə də sudan kimlərinsə çıxarılmasını gözləyən insanlarla söhbət etmək idi. Öz həyatlarını təhlükə qarşısında qoysalar da, operatorlar sualtı çəkilişlər apara bildilər. Budur, kamera batmış gəminin bortuna sıxılmış və oradan çıxarılması mümkün olmayan bir qadın meyitinə yaxınlaşır. Sualtı axın onun uzun saçlarını yüngül külək kimi yellədir. Adama elə gəlir ki, bu saat başını geri atacaq. Ekran qarşısında donub qalan gənc bir oğlan bu qadını görən kimi öz sevimli Nataşasını tanıyır.

- Siz onu çıxara biləcəksinizmi? - deyə oğlan boğuq səslə soruşur.

Ona belə cavab verirlər:

- Çalışacağıq, əlbəttə, əgər bu, dalğıcların həyatı üçün təhlükə törətməsə. - Bir nəfər dalğıc artıq həlak olub.

Heydər Əliyevsə komissiyanın iclaslarının birində əminliklə deyir:

- Biz araşdırıb öyrənmişik ki, qəzanın səbəbi - «Pyotr Vasev» və «Admiral Naximov» gəmilərinin kapitanlarının xidməti vəzifələrinə məsuliyyətsiz və cinayətkarcasına laqeyd yanaşmasıdır. Görülən işlər barədə Əliyev mütəmadi olaraq Rıjkova məlumat verirdi. Uxovun sözlərinə görə, hətta bir-iki dəfə Qorbaçovun özü də zəng vurmuşdu, deyirdi ki, gəlmək istəyir.

Amma bu, bir o qədər də inandırıcı görünmürdü. Baş katib yəqin ki, öz istirahətini yarımçıq qoymayacaqdı. May ayında Çernobıla baş çəkməkçün vaxt tapmamışdı, sentyabrda Novorossiyskə gəlmədi. Başqalarının kədərindən kənarda yaşamaq çox rahat mövqedir. Yalnız həssas, kövrək qəlbə malik olan şairlər belə hesab edir ki, «özgənin dərdi olmur» (ifadə Konstantin Simonovun şeirindəndir). Siyasətçilər də belə hesab edir: həm də böyük siyasətçilər, cılızlar yox.

Həmin yay Qorbaçov avqustun 20-dən sentyabrın 20-nə qədər istirahət etdi. Geri qayıdanda isə Kubanda və Stavropolda oldu, elektoratla çox şən, qayğısız söhbətlər etdi. Həmin vaxtda isə Rıjkov Ukrayna və Belorus rəhbərliyinin bir qrupu ilə Çernobılda atom elektrik stansiyasında baş verən qəza zonasına baş çəkir, Heydər Əliyev Novorossiysk qəzasının nəticələrini aradan qaldırmaqla məşğul olurdu.

Aleksey Nikolayeviç Kosıgin 1942-ci ilin yanvarında blokada şəraitində olan Leninqradda iki yeniyetmənin qardaşlarınınmı və ya qonşularınınmı uzandığı xizəyi soyuq buz bağlamış küçələrlə necə dartdıqlarının şahidi olmuşdu.

O vaxtlar üçün tipik səhnədir. Meyitləri bütün şəhər boyu belə daşıyırdılar. Nəsə Kosıgini bu qəmli mərasimin qarşısında durub, onlardan kimi dəfn etməyə apardıqlarını soruşmağa məcbur etmişdi. Uşaqlar cavab verməyə macal tapmamış, Aleksey Nikolayeviç görmüşdü ki, xizəkdə uzadılmış oğlan uşağının göz qapağı tərpənir. Ola bilsin, həyatla vidalaşdığı bu son məqamda, az qala unudulmuş, atasının səsinə oxşar səs eşitmişdi. Aleksey Nikolayeviç uşağı qucağına götürmüş və balaca özünə gəlməyə başlamışdı. Kosıgin göstəriş verir ki, oğlanı isitsinlər, yedizdirsinlər, sonra isə qardaşları ilə birgə Leninqraddan köçürsünlər.

Dövlət Müdafiə Komitəsinin tapşırığı ilə o zaman Kosıgin 500 min leninqradlını və Böyük torpaqda çox zəruri olan dəzgahları, kranları, motorları və bütöv zavodları köçürməli idi. Nəhəng, mürəkkəb dövlət tapşırığı və təsadüfi hadisə. Blokadada olan şəhərin taleyi və bir insanın taleyi… Kosıgin onlara fərq qoymamışdı.

Əliyev də belə idi. Buna ən müxtəlif adamlar, o cümlədən Baş nazirin müavininə gündəlik poçtu çatdıran, onun tapşırıqlarını qeyd edən və onunla birlikdə ezamiyyətlərə gedən köməkçilər də şahiddirlər.

Uxovdan soruşuruq:

- Sizcə, Novorossiyskdə Əliyevi ən çox təsirləndirən nə oldu?

- İlk növbədə toqquşma faktının özü. Bilirsiniz, sağlam düşüncəyə görə bu toqquşma olmamalıydı. Toqquşma üçün heç bir real zəmin yox idi. Sakit dəniz, ulduzlu səma. Sərnişin teploxodunda bütün işıqlar yanır - həm bortda, həm də göyərtədə. Müasir naviqasiya cihazları. Teploxod limandan çıxanda ona xəbər verilmişdi ki, qarşıdan yük gəmisi gəlir. Yük gəmisinə də sərnişin teploxodunun limandan çıxması barədə xəbər verilmişdi. Qanuna görə yük gəmisi teploxoda öz kursuyla getməyə yol verməliydi. Yük gəmisi bunu etməmişdi, çünki bunun üçün o, öz kursundan bir neçə kilometr yayınmalı, kənara çəkilib dolama kursla getməliydi. Kapitanlar qaydalara zidd olaraq, üzbəüz gələrkən biri-birindən necə yan keçəcəkləri barədə əvvəlcədən danışıb razılaşırlar. «Pyotr Vasev» yük gəmisinin kapitanının üçüncü köməkçisi radara baxaraq xəbərdarlıq edir: «Biz toqquşa bilərik, axın bizi ona tərəf aparır».

«- Heç nə olmaz, yanından sivişib keçərik», - deyə kapitan onu arxayınlaşdırır.

İki kapitanın laqeydliyi və özündən razılığı belə böyük faciə ilə nəticələnmişdi.

Bu qədər də səhlənkarlıq olarmı? Olay insanı hiddətləndirməyə bilmirdi. Məsuliyyətsizlik üzündən nəhəng «Naximov» məhv olur; sonsuz insan kədəri… Yenə də məsuliyyətsizlik. Məlum olur ki, sahil xidmətlərinin heç birində gəmidəki sərnişinlərin və ekipajın dəqiq siyahısı yoxdur: müxtəlif dolayı yollarla bu siyahıları bərpa etmək lazım gəlir.

Əliyev orada, demək olar ki, yatmırdı. Onun köməkçisi Uxov da onun kimi. Vladimir Sergeyeviç gecə saat üçə qədər protokolları hazırlayır, səhər tezdən isə hər şey yenidən başlayırdı. Heydər Əliyev hər səhər saat doqquzda mehmanxanadan Qara Dəniz Gəmiçiliyinin binasında yerləşən xilasetmə qərargahına gedirdi…

On beşinci gün Qorbaçov sərəncam verdi ki, Heydər Əliyev komissiyaya rəhbərliyi MK-nın nəqliyyat və rabitə şöbəsinin rəisi Pasternaka həvalə edib Moskvaya qayıtsın.

- «Naximov»un məsələsinə Siyasi Büroda baxacağıq.

Görəsən, bu sərəncam nəylə bağlı idi? Moskvada Əliyevi daha vacib işlər gözləyirdimi? Məgər orada onsuz keçinə bilmirdilərmi? Buna əmin deyiləm. Məncə, bunun səbəbi tamam ayrı idi. Qorbaçovun Krasnodar vilayətinə səfəri, görüşləri, çıxışı planlaşdırılırdı. Heydər Əliyevin Novorossiyskdə gördüyü işlər, ümumiyyətlə, «Naximov» hadisəsi isə ona əsaslı şəkildə mane olurdu. Avqustun 17-də Baş katib təyyarəylə vilayətə uçub gəldi və hava limanından birbaşa vilayətin rayonlarından birinə getdi. SİTA-nın müxbirləri yazır: «Baş katib yolüstü Novotitarovskaya stanitsasında maşınları saxladıb yerli əhali ilə görüşdü. İstirahətdən gələn və günün altında qaralmış Baş katib kəndlilərdən soruşdu:

- Bizim ölkədə apardığımız dəyişikliklərdən razısınızmı?

- Razıyıq, - jurnalistlər camaat içindən eşidilən bu səsi də qeydə aldılar.

Oktyabrın 30-da Heydər Əliyev Siyasi Büroda «Admiral Naximov» gəmisində baş verən qəzanın səbəbləriylə bağlı yaradılmış komissiyanın yekun nəticələri barədə məruzə etdi. Həmin gün səhərdən Siyasi Büronun iclas zalının divarlarında Qara dənizin, Novorossiyskin xəritələrini asmışdılar. Bu xəritələrin fonunda yoldaşlar əvvəlcə gələn ilin büdcəsi və planı barədə danışdılar, sonra MK-nın nəzdindəki Partiya Nəzarəti Komitəsinin hesabatını dinlədilər. Nəhayət, Qorbaçov sözü Əliyevə verdi. Heydər Əliyeviçin məruzəsi qısa və konkret oldu.

Əslində çox şey elə əvvəlcədən aydın idi: kapitanların cinayətkarcasına səhlənkarlığı, gəmiçilikdəki təhlükəsizlik qaydalarının kobudcasına pozulması.

Siyasi Büronun qərarında bildirilir ki, həlak olanların ailələrinə zəruri dövlət yardımı ayrılmışdır. Qəzanın bilavasitə günahkarları - «Pyotr Vasev» və «Admiral Naximov» gəmilərinin kapitanları həbsə alınaraq cinayət məsuliyyətinə cəlb olunmuşlar. Qara Dəniz Gəmiçiliyinin rəisi S. A. Lukyanenko vəzifəsindən çıxarılaraq partiya sıralarından xaric edilmişdir. SSRI dəniz donanması nazirinin müavini A. V. Qoldobenko öz vəzifəsindən xaric edilərək partiya töhməti ilə cəzalandırılmışdır. Dəniz donanması nazirinin ikinci müavini B. A. Yunitsın partiya məsuliyyətinə cəlb edilmişdir. Dəniz Donanması Nazirliyinin kollegiyasına isə gəmiçiliyin təhlükəsizliyinin artırılması və dəniz nəqliyyatında nizam-intizamın möhkəmləndirilməsinə dair ciddi tədbirlər görmək tapşırılmışdır.

Köməkçilər - müşahidə qabiliyyəti olan diqqətli adamlardır. Öz şeflərinin hətta görmədiyi, müşahidə edə bilmədiyi şeyləri də diqqətdən qaçırmırlar. Heydər Əliyevin köməkçiləri Qavrilov və Uxov bir-birindən xəbərsiz görün nəyi xatırlayırlar:

- Bəzən Heydər Əliyevin kabinetinə girirdin və üzünün ifadəsindən hiss eləyirdin ki, düşüncəyə qərq olub, nə barədəsə gərgin şəkildə fikirləşir.

Köməkçinin otağa gəlməsi onu fikirlərdən ayırır:

- Vladimir Sergeyeviç, bu gün mən Yuqoslaviyanın hökumət başçısıyla görüşməliyəm. Siz bir neçə sənədi mənimçün hazır etməlisiniz: birincisi… ikinci… Niyə qeyd etmirsiniz?

Uxov istəmir etiraf etsin ki, şef onu çağıranda qəbul otağındaydı və bloknotunu öz kabinetində unutmuşdu.

- Mən yadımda saxlayaram, Heydər Əliyeviç.

- Doğrudan?

Heydər Əliyevin özü nə qədər fenomenal yaddaşa malik olsa da, həmişə bloknotda qeydlər edərdi. Tapşırığı düzgün yerinə yetirilməyəndə haqq-hesab çəkirdi.

Aparat işçiləri məzuniyyətə adətən öz şefləri ilə birgə gedərdilər. İş başında Vladimir Sergeyeviç Uxov qalardı. Kolleqaları ona qibtə edərdilər: indi dincələrsən!

- Əlbəttə! - deyə Uxov cavab verərdi. - Məgər siz Heydər Əliyeviçin necə istirahət etdiyini bilmirsiniz?..

Bilirdilər və adət etmişdilər. Əliyev məzuniyyətə həmişə Azərbaycana gedirdi, amma bircə gün də işini unutmurdu. Hər səhər saat onda Moskvaya, Uxova zəng vururdu.

- Sabahınız xeyir, danışan Əliyevdir. Vladimir Sergeyeviç, hansı işlər görülüb?

Ardınca qısa hesabat verilir.

- Bu məsələylə bağlı isə, Heydər Əliyeviç, hələ də qərar yoxdur.

- Saat üçdə mənə zəng vurun.

Axşam saat altı-yeddi radələrində daha bir zəng olurdu. Bəzən telefonçu qız xəbərdarlıq edirdi ki, bu zonada xüsusi müdafiə yoxdur. Bu, o demək idi ki, Heydər Əliyev hardasa ucqar bir yerdədir və adi telefon xəttiylə əlaqə saxlayır, ona görə də hər şeyi açıq şəkildə danışmaq olmaz.

O, yaxşılığı qiymətləndirməyi bacarırdı

 

Texnikada belə bir ifadə var: metalın «yorğunluğu». Konstruksiyalar müəyyən dövrə qədər ağırlığa davam gətirirlər. Sonra isə onları köhnəldiyinə görə dəyişmək lazım gəlir, yoxsa körpülərdə, fermalarda, örtüklərdə qəza baş verə bilər. Dəmirin «yorğunluğunu» xüsusi cihazlar vasitəsiylə müəyyən etmək mümkündür. Bəs, görəsən, insanın yorğunluğunu necə bilmək olar? Bunun üçün hələ heç bir cihaz icad olunmayıb.

Rıjkovun yanındakı iclasların birindən sonra Yuri Petroviç Batalin üçüncü mərtəbədəki kabinetinə qalxdı, həmişə maşınlarla dolu olan İvanovsk meydanına ötəri bir nəzər saldı və stol arxasına keçib sənədləri gözdən keçirməyə başladı. Bu vaxt qapı açıldı və Heydər Əliyev içəri daxil oldu. Batalin təəccübləndi: sədrin birinci müavini, Siyasi Büronun üzvü onu kabinetinə çağırmır, özü yanına gəlir. Görəsən, bunun səbəbi nədir? Nə baş verib?

Heydər Əliyev BAM-ın tikintisi barədə, trasda hələ həll olunası problemlər kompleksindən və qeyri-peşəkarların bu problemlərdən yaxşı baş çıxara bilməməsindən danışdı. O, Batalindən xahiş etdi ki, BAM-la bağlı məsələlərin həllini öz üzərinə götürsün.

Batalin etiraz edib bildirdi ki, bu məsələlərin mahiyyətindən baş açmaq mənimçün çətin olacaq.

Heydər Əliyev isə dedi:

- Sizin professional kimi təcrübəniz böyükdür, mütəxəssislər sizə böyük ehtiramla yanaşırlar. Tapşırdığım işlə məşğul olmaq sizin üçün daha asandır.

Başqa heç kimin xəbəri olmayan bu kiçik söhbət bizimçün əhəmiyyətli göründü. Adətən görmüşük ki, hakimiyyətə çatan adamlara elə gəlir ki, bu hakimiyyət bir anda onları, aqronomluqdan tutmuş dilçiliyə qədər, kosmonavtikadan tutmuş baletə, təsviri sənətə qədər bütün sahələrdə dahi, korifey bir mütəxəssisə çevirir. Məhz belə diletant rəhbərlər bir vaxtlar SSRİ-də kibernetiklərin, genetiklərin talelərini həll etmişdilər, çayları şimaldan cənuba axıtmaq proqramı hazırlamışdılar və bir çox başqa biabırçı işlər görmüşdülər. Heydər Əliyevin partiya ierarxiyasında özündən aşağıda olan bir şəxslə belə səmimi danışması təbii ki, çox cəsarətli bir addım idi.

- Mən sizdən sadə bir insan kimi xahiş edirəm ki, bu işi boynunuza götürəsiniz, - deyə Heydər Əliyev söhbətini bitirdi. Burada heç vaxt bu tonda danışmamışdılar.

Batalin razılıq verdi və qeyd etdi ki, məsələni Rıjkovla da razılaşdırmaq lazımdır. Nikolay İvanoviç Rıjkov da Heydər Əliyeviçi başa düşdü. Beləliklə, Batalin BAM və Şimali-Muysk tuneli üzrə dövlət komissiyasına rəhbərliyi öz üzərinə götürdü.

Əliyevin kurasiyasında olan nazirliklərin, idarələrin siyahısında Dövlətnəşrkomu da (Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsi) vardı. Bu idarəyə Boris Nikolayeviç Pastuxov rəhbərlik edirdi.

- Mən Heydər Əliyevlə çox ünsiyyətdə olmuşam. Onu da deyim ki, diqqətdən bir az kənarda qalmış bu sahəyə Heydər Əliyeviç çox diqqət və qayğı ilə yanaşırdı. Poliqrafiyanı, kağız, boya istehsalını müasir əsaslarla yeniləşdirmək, daha dəqiq desək, yenidən yaratmaq lazım idi. O, böyük problemlərin həllindən yapışırdı, düşünülmüş qərarlar qəbul edirdi.

- Məsəlçün?

- Heydər Əliyeviç poliqrafiya sənayesinin müasir tələblərə uyğun şəkildə inkişafı ideyasının reallaşmasında bizə çox yardım etmişdi. Bundan başqa, Heydər Əliyev çox gözlənilməz olan bir təkliflə də bizə tərəfdar çıxmışdı. Biz o vaxt qərara gəlmişdik ki, Puşkinin və Lermontovun kitablarına limitsiz abunə kampaniyasına başlayaq. Puşkinin bu üçcildliyinə bizim fikirləşdiyimizdən qat-qat çox - on milyon insan abunə yazıldı. Bəs bu qədər kağızı hardan almalı? Bizim kağızımız beş milyon nüsxəyə qədər çatırdı. Bəs qalanı? Ya gərək abunəçilərdən üzr istəyib pullarını geri qaytaraydıq, ya da ölsək də, ehtiyat kağız tapaydıq. Heydər Əliyeviçin köməyilə kağız tapdıq… Daha bir maraqlı hadisə danışmaq istəyirəm, - deyə Boris Nikolayeviç davam edir. - Mənim əlli yaşım tamam olurdu. Adətən belə yubileylərdə komitə sədrlərini, nazirləri təltif edirlər. Amma bundan bir az əvvəl mən Lenin ordeniylə təltif edilmişdim və müəyyən qaydalara görə təltifdən dərhal sonra yenidən mükafatlandırmaq məqsədəuyğun sayılmırdı, gərək müəyyən vaxt keçəydi. Qısası, hökumət məni qiymətli hədiyyə ilə mükafatlandırdı, - Pastuxov gülümsünür. - Bəli, bu «qiymətli hədiyyə» adi kənd mənzərəsinin təsvir edildiyi bir təsviri sənət əsərindən ibarət idi. Kremlə çağırıldım və Heydər Əliyev bizim kuratorumuz kimi, Nazirlər Sovetinin İşlər İdarəsinin müdiri Smirtyukovla birgə bu tablonu mənə təqdim etdi. Əliyevin kabinetinin pəncərəsi Moskva çayına açılırdı. Artıq oktyabr ayı idi, havalar soyumuşdu.

Tablonu mənə verib zarafatla dedi:

- Əlbəttə, Boris Nikolayeviç, siz ordenə tam layiqsiniz. Amma hədiyyə elə hədiyyədir. Ordenlərimiz həmişə olub, olacaq, amma şəkil, bəlkə də, heç vaxt olmayacaq.

Ona təşəkkür edib həyatımda ən yaxşı nitqimi söylədim:

- Məncə, hansı tərzdə, nə ilə mükafatlandırılmağın bir o qədər də əhəmiyyəti yoxdur. Əsas budur ki, sənin zəhmətini görürlər, qiymətləndirirlər. Bağışlayın, Heydər Əliyeviç, amma demək istəyirəm ki, mən, bax bu çayın o biri tərəfində, Zamoskvoreçyedə böyümüşəm. Anam fəhlə olub, atam 1942-ci ildə cəbhədə həlak olub və mənimçün - bir vaxtlar Zamoskvoreçyedə uşaqlarla top qovan, dərslərdən qaçan, «Udarnik» kinoteatrında gecə-gündüz kinoya baxan bir dəcəl uşaq üçün indi ən böyük mükafat Kremldə, iki belə böyük şəxsiyyətin qarşısında dayanıb onlardan xoş sözlər eşitməkdir. Çox sağ olun!

Sonra Boris Nikolayeviç ona hədiyyə olunan şəkli götürüb otaqdan çıxır.

Illər ötür və artıq Rusiya xarici işlər nazirinin birinci müavini olan Pastuxov Bakıya gəlir. Görüşlər, danışıqlar başlayır… Əliyev qonağı fantastik yaddaşıyla heyrətləndirir - ilk dəfə tanış olduqları komsomol qurultayını da xatırlayır. O, heç nəyi unutmamışdı.

- Son günədək belə də qaldı. Heç nəyi unutmurdu. Dünən axşam olanları da, iyirmi il əvvəl baş verənləri də… Mən heyran qalmışdım.

«Bəs siz öz əlli illik yubileyinizi xatırlayırsınız? - deyə Heydər Əliyev sonda Pastuxovdan soruşmuşdu. - Smirtyukovla mən sizə o vaxt bir şəkil hədiyyə vermişdik. - «Hə, xatırlayıram». - «Istəyirsiniz bir də təkrar edim: ordenlər hələ çox olacaq, Boris Nikolayeviç, amma şəkil, bəlkə də, daha heç vaxt olmayacaq…»

- Bu şəkil indiyəcən mənim bağımdadır, divarlardan birini bəzəyir, - deyə Boris Nikolayeviç təsirlənır. - Erkən bahar, Moskva ətrafındakı şam ağacları… İndi də hər dəfə o şəklə baxanda Heydər Əliyeviçi xatırlayıram. O, yaxşılığı qiymətləndirməyi bacarırdı…

 

 

Viktor Adrianov

Hüseynbala Mirələmov

 

Mərkəz.- 2010.- 9 noyabr.- S.10-11.