«Quranelm»

 

İslamda bioetika məsələləri

 

Duel. İki nəfərin bir-birini öldürmək məqsədilə duelə çıxması da onların bir-birini öldürmək üçün bir-birinə izin verməsi deməkdir. Bu məsələ də müsəlman hüquqçuları arasında mübahisəlidir. İki tərəfdən biri duel nəticəsində o birini öldürərsə, öldürənə nə cəza vermək lazımdır? Bəzi fəqihlər veriləcək cəza qisasdır deyirkən, digərləri belə hesab edir ki, bu halda öldürənə heç bir cəza düşmür. Üçüncü qrupa daxil olan fiqh alimlərinin fikrincə, bu zaman öldürən tərəf yalnız qanbahası (diyə) ödəməlidir.

Qeyd etmək lazımdır ki, o vaxtlar da "duel" olub. Dueldə həm öldürən, həm ölən tərəf günahkardır. Çünki Peyğəmbər (s.ə.s) bir hədisində buyurmuşdur: "İki müsəlman qılıncları ilə qarşı-qarşıya (duelə-V.M.) gəlincə həm öldürən, həm ölən cəhənnəmlikdir". Səhabə, "Ey Allahın Rəsulu, öldürəni anladıq, öldürülən niyə cəhənnəmlikdir", - deyə soruşduqda Rəsulullah "Öldürülən öz yoldaşını öldürməyə çalışırdı", - deyə cavab vermişdi (14,23; 15,10; 16,14; 17,5; 18,29; 19,11).

İslam hüququna görə, dövlət başçısının duelin qarşısını almaq, dueli günah sayaraq onun üçün cəza tədbirləri müəyyən etmək haqqı vardır. Çünki o buna görə məsuliyyət daşıyır. Qısası, duelin qarşısını almaq üçün ona qarşı cəza tədbirləri müəyyən edilmişdir (20, 466-468).

İntihar. Həyat insanın fitri haqlarından biridir. İnsan həyatın ona verilməsi üçün heç bir zəhmət çəkməmiş, heç bir əziyyətə qatlaşmamışdır. O, insana Allah tərəfindən bəxş edilmişdir. Həyat Allah-təalanın insana bəxş etdiyi ən böyük nemət, Ulu Tanrının Adəm övladına tapşırdığı ən qiymətli əmanətdir. Bu neməti insandan yalnız onu bəxş edən kimsə geri ala bilər. İnsan Allahın ona tapşırdığı bu əmanəti göz bəbəyi kimi qorumalı, ona xəyanət etməməli, öz sahibinə qaytarmalıdır. Məhz buna görə islam dinində intihar (özünü öldürmə) qəti surətdə haramdır. İslama görə intihar o qədər pis bir əməldir ki, hətta intihar edənin meyit namazının qılınıb-qılınmaması, onun müsəlman qəbiristanlığında dəfn edilib-edilməməsi fəqihlər arasında mübahisəlidir. Düçar olduğu sıxıntı üzündən özünü bıçaqla öldürən bir səhabənin cənazə namazını qılmaqdan Peyğəmbər (s.ə.s) imtina etmiş, onun dəfn mərasimində iştirak etməmişdir.

İslama görə tam cüzi intihar vardır. Tam intihar insanın özünü öldürməsi, cüzi intihar isə bədən üzvlərindən birinin kəsilməsi ya onun funksiyasına son verilməsidir. Dinin yasaq buyurduğu şeylərə həddindən artıq düşgün olmaq da tədrici intihar hesab edilir. İslam dini həyata ilahi qüdsiyyət verdiyi üçün qeyri-islami cəmiyyətlərdə adi hal kimi qəbul edilən intihar müsəlmançılıqda bütün növləri ilə qəti haramdır.

İntihar əqidəsi, imanı, iradəsi zəif olan insanların çətin vəziyyətə düşdükləri zaman öz həyatlarına etdikləri qəsddir. Yüksək iman, möhkəm əqidə sahibləri heç vaxt intihar etməzlər. İmanla intihar bir-birini inkar edən iki əks məfhumdur.

Bəşəri əxlaq dini qanun insana bir başqasının həyatına son qoymaq haqqını vermədiyi kimi, öz həyatına da son qoymaq haqqını verməmişdir. Buna görə intihar həm əxlaqi, həm dini baxımdan çox pis bir hərəkətdir.

İntiharı haram edən səbəblərdən biri budur ki, insan fərdi varlıq olmaqla yanaşı, həm ictimai varlıqdır. O, təkcə özü üçün deyil, həm mənsub olduğu ailə, cəmiyyət üçün yaşayır. İnsan öz həyatı üçün özü qarşısında şəxsi məsuliyyət daşıdığı kimi, həm cəmiyyət qarşısında ictimai-sosial məsuliyyət daşıyır. Doğrudur, insanın öz-özü ilə istədiyi kimi rəftar etməyə, davranmağa haqqı vardır. Lakin cəmiyyətə xidmətdən vaz keçməmək şərtilə. "Həyatım mənimdir, onunla cür istəsəm, o cür rəftar edərəm" fikirləşib intihar edən şəxslər islam dinində böyük günah sahibi hesab olunurlar. Ağır xəstəliyə düçar olmuş, müharibədə şiddətli yara almış adamın intihar etməsi, sağalmaz dərdə giriftar olmuş birinin özünü hündür bir yerdən ataraq öldürməsi dinimizdə böyük günah hesab olunur. Onun bağışlanması yalnız Allahın əlindədir.

Bəzi islam fəqihləri müharibə, kəşfiyyat vaxtı əsir düşüb ağır işgəncələrə dözməyərək vətənin, dövlətin, ordunun sirrini verməmək, minlərlə insanın həyatını təhlükəyə məruz qoymamaq naminə özünə qəsd edən əsgərin intiharını təqdir etməsələr , hər halda onu caiz bilirlər.

Xəstə üzərində təcrübə. İslam dininə görə, hər hansı bir sınaq, eksperiment ağır xəstəliyə düçar olmuş insan üzərində laboratoriya təcrübəsi kimi deyil, həkim məsləhəti üzrə yalnız onun müalicəsi məqsədilə aparıla bilər. Yəni əgər həkim belə hesab edirsə ki, bu ya digər təcrübəni xəstə üzərində aparmaqla onu müalicə etmək, ona kömək etmək olar, həmin təcrübə aparıla bilər. Yoxsa "bu adam sağalmaz xəstəliyə tutulub, onsuz da öləcək", deyə başqa canlılar kimi onun üzərində istənilən təcrübəni aparmaq qeyri-mümkündür. Heyvanlar üzərində isə belə təcrübələr aparmaq olar.

Müasir dövrdə geniş yayılmış plastik əməliyyatlar, həmçinin insanın təbii cinsini dəyişmək məqsədilə aparılan cərrahiyyə əməliyyatları da islama görə haramdır. İslam dini belə hesab edir ki, hər hansı bir bədən üzvü insanın sağlamlığına zərər vermədikcə fitrətən, Allah tərəfindən cür yaradılıbsa, o cür qalmalıdır.

Sonda onu qeyd etmək istəyirik ki, islama görə, özünü öldürmək, yaxud öldürməyə icazə vermək Allah-təalanın işinə qarışmaq deməkdir. Allah hər bir insan üçün müəyyən bir ömür müddəti, ölüm vaxtı (əcəl) təqdir etmişdir. Əcəldən qaçmaq olmaz. Ona görə bəzi adamların bu gün çarəsi olmayan xəstəliklərdən 100-200 ildən sonra müalicə oluna bilmək məqsədilə özlərini dondurması kimi əməllər islam baxımından əsla düzgün deyildir. Sağalmaz xəstənin həkimin onu öldürməsinə icazə verməsi bu qəbildən olduğu üçün dinimizdə haramdır böyük günah hesab edilir. Necə deyərlər, çıxmayan cana ümid çoxdur. TV-lərdən birinin bu yaxınlarda verdiyi xəbərlərin birində deyilir ki, bir nəfər 8, 10, 15 il koma vəziyyətində olmuş, sonra birdən-birə sağalmışdır. Əgər həmin xəstəni o zaman öldürsəydilər, tibdə möcüzə hesab edilən bu hadisə baş verə bilməzdi. Unutmaq lazım deyil ki, Allah-təala bəşərin icad etdiyi bütün elmlərin, kəşflərin, təcrübə və ixtiraların fövqündə durur. Biz isə yalnız hər şeydən əlimiz üzüləndə Allaha üz tutur, Ona pənah aparırıq.

 

 

Mərkəz.-2010.- 11 noyabr.- S.16.