HEYDƏR ƏLİYEV

 

Sizin xobbiniz varmı?

Rıjkov, Batalin, Biryukov, Konarev, Pastuxov - bütün bu insanlar Heydər Əliyevə səviyyə etibarilə yaxın adamlardı. Bəs, görəsən, tabeliyində olanlar Heydər Əliyevi necə xatırlayırlar?

Jurnalist, alim və naşir Aleksandr Timofeyeviç Qavrilov üç il ərzində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin köməkçisi vəzifəsində işləmişdi. Qavrilovla tanışlıqdan əvvəl Heydər Əliyeviç bu vəzifəyə İşlər İdarəsinin əməkdaşlarının seçdikləri namizədlərlə tanış olmuşdu. Kiminsə anketini diqqətlə oxumuşdu, kimisə qiyabi olaraq tanıyırdı, kiminləsə şəxsi münasibətləri vardı. Və nəhayət, növbə Qavrilova çatır.

Əliyevlə görüşə dəvət olunduğunu biləndə Qavrilov öz köhnə qəzetçi həmkarlarından biriylə məsləhətləşməyi qərara alır. Bu adam Heydər Əliyevi yaxşı tanıyırdı. 1984-cü ilin mayındakı həmin görüşü Qavrilov indi belə xatırlayır:

«Dostum mənə belə dedi: «Unutma ki, bu insan şərqlidir. Şərq isə bilirsən ki, çox incə yanaşma tələb edir. İkincisi, o, DTK-dan çıxan bir kadrdır. Onu nədəsə aldatmağa çalışmaq, sadəlövh hesab etmək axmaqlıqdır. Heç buna ehtiyac da yoxdur. O, insan psixologiyasını çox gözəl bilir, MK-da və başqa nüfuzlu orqanlarda böyük iş təcrübəsi var. Üçüncüsü, əgər o, bir nəfəri tərifləsə, sən də onu tərifləmə».

- Kimdir ki, o adam?

- Eduard Ambrosyeviç Şevardnadze.

Beləcə, yüngül bir məsləhətdən sonra Qavrilov Heydər Əliyevlə söhbətə gedir. Onun otağı Nazirlər Sovetinin Kremldəki korpusunun ikinci mərtəbəsində yerləşirdi. Bir vaxtlar bu otaqda Vyaçeslav Mixayloviç Molotov oturarmış.

Qəbul otağında katib onu təbəssümlə qarşıladı:

- Heydər Əliyev xahiş edir ki, onu bağışlayasınız. Bu saat onun vacib bir görüşü var. Görüş başa çatan kimi sizi qəbul edəcək.

On dəqiqədən də az bir vaxt keçir və Qavrilovu otağa dəvət edirlər.

- Sonralar mən dəfələrlə əmin oldum ki, Heydər Əliyev dəqiq, hətta deyərdim ki, son dərəcə dəqiq adamdır. Başqalarından da belə dəqiqlik tələb edirdi.

Əliyev stol arxasından qalxıb mənə tərəf əlini uzatdı.

- Xahiş edirəm, əyləşin, Aleksandr Timofeyeviç. Ən əvvəl deyin görüm boş vaxtınızı necə keçirirsiniz, xobbiniz varmı?

- Bilirsiniz, Heydər Əliyeviç, mənim heç bir xobbim yoxdur, - deyə Qavrilov cavab verir.

- Balıq tutmağı necə, xoşlayırsınızmı?

- Yox.

- Bəs, ovla da aranız yoxdu?

- Yox.

- Poçt markaları da yığmırsız?

- Yox.

- Bəs, boş vaxtınızı necə keçirirsiniz?

- Mütaliəni sevirəm, yazmağı xoşlayıram.

- Mən də yazıb-oxumağı sevirəm, - deyə Heydər Əliyev münasibətini bildirir. - Siz yəqin ki, mənim çıxışlarımı oxumusunuz?

Qavrilov başını tərpədir:

- Bəli, oxumuşam.

- Mənim yazı üslubumu çox qısa şəkildə necə qiymətləndirə bilərsiniz?

- Çox publisistikdir, - Aleksandr Timofeyeviç çox dəqiq şəkildə lazım olan formulu tapır.

- Düzdür!

Lakin onların tanışlığı bununla bitmir.

- Mən sizi demək olar ki, tanımıram, - deyə Heydər Əliyev davam edir. - Ona görə də sizi özümə köməkçi götürməklə müəyyən qədər riskə getmiş oluram.

- Elə mən də riskə gedirəm, - Qavrilov ona eyni tərzdə cavab verir. - Əgər işin öhdəsindən gəlməsəm, öz qərarımı özüm verməli olacağam.

cavab Əliyevin xoşuna gəlir və onu da qeyd edir ki, birlikdə işlədiyi adamları heç vaxt atmayıb. Əgər kiminləsə nə səbəbdənsə yolları ayrılıbsa da, elə ayrılıb ki, həmin adam heç nə itirməyib.

- Bunu mən sizə söz verirəm.

- Onda Heydər Əliyeviç, bu, məni qane edir. Həyat özü, ümumiyyətlə riskdir.

- Çox gözəl, - Heydər Əliyev gülümsünür, - onda sənədləşməni aparın və işə başlayın.

Qavrilov üç il ərzində Heydər Əliyeviçin köməkçisi vəzifəsində çalışıb. Öz rəisi haqqında isə yalnız xoş sözlər deyir. Əmindir ki, imkan versəydilər, Əliyev ölkə üçün hələ çox işlər görə bilərdi.

İlk görüşlərini Əliyev bu sözlərlə başa çatdırıb:

- Mənim sizə tapşırdıqlarım ikimizin arasında qalmalıdır. Siz də əgər nəyisə şəxsən mənə demək istəsəniz, buyurun, heç vaxt çəkinməyin.

Düzdür, bütün bunlar nazir müavininin katibliyində heç də hamının xoşuna gəlməmişdi; məmurlar arasında rəhbərliyin otağına yol tapmaq üçün həmişə mübarizə gedir, paxıllar həmişə tapılırdı. Amma neyləmək olar ki, insan paxıllığının kökünü kəsmək mümkün deyil. Həm də təkcə paxıllığın yox, tamahkarlığın, ikiüzlülüyün, kinliliyin… Bununla nə dini əxlaq, nə də kommunist ideologiyası bacara bilir. Həm də ki, ümumiyyətlə, dini əxlaq, yaxud kommunist əxlaqı ifadələrini işlətmək düzgün deyil. Sadəcə əxlaq var… Ya da ki, heç yoxdur.

Heydər Əliyeviç öz əməkdaşlarının əyləncələriylə əbəs yerə maraqlanmırdı. Bu, onun əsas suallarından idi. O bilirdi ki, əgər işçisi, tutalım, balıq tutmağa həvəs göstərirsə, deməli, həftənin ortasından etibarən tilovu, soxulcanı fikrindən çıxara bilməyəcək. Bu isə, təbii ki, işə mane olacaq. Əlbəttə ki, bu xüsusda Heydər Əliyevlə mübahisə edənlər çox olurdu, amma o, bildiyindən dönmürdü və fikrini əsaslandımaq üçün onlarla misal gətirirdi.

- Saat 08.45-də Heydər Əliyeviç artıq işdə olardı, - deyə Qavrilov xatırlayır. - Yalnız protokol üzrə kimisə qarşılamağa, yaxud yola salmağa getdiyi vaxtları çıxmaq şərtiylə. Mən saat səkkizdən gələrdim. Poçtu nəzərdən keçirərdim, sənədlərə baxardım, ən vaciblərini seçib ayırardım.

09.15-də isə rəsmi iş saatı başlayardı: zənglər, qəbullar, görüşlər, iclaslar. Əliyev iş gününü çox dəqiq planlaşdırardı. Əlbəttə ki, həyat öz dəyişikliklərini edirdi, amma ümumilikdə, hər şey nizam-intizamlı şəkildə gedirdi və bu, böyük təsərrüfatı nizamla idarə etməyə imkan verirdi. Biz şefimizə hörmət edir və bir az da qorxurduq. O, heç kimə qarşı sərt sanksiyalar həyata keçirməzdi, heç kimin üstünə qışqırmazdı. Lakin hamı bilirdi ki, onun tapşırığını yerinə yetirməmək sadəcə mümkün deyil.

Azərbaycanlı həmkarları Qavrilovu dəfələrlə qonaq çağırmışdılar: «Bir biz tərəflərə də gəlin, Aleksandr Timofeyeviç, bir az dincələrsiniz…» Amma Qavrilov imtina etməsə də, getməyə də tələsmirdi. Bilirdi ki, belə səfərlər adətən hansısa öhdəliklərlə sona çatır. O isə vasvası adam olduğundan, heç kimə borclu qalmaq istəmirdi.

Hansısa kanallar vasitəsilə Heydər Əliyev xəbər tutur ki, köməkçisi Azərbaycana səfər etməkdən yayınır. Onu öz yanına çağırır.

- Bura bax, Aleksandr, - bu çox nadir hallardan biriydi ki, şef tabeçiliyində olan işçiyə «sən» deyə müraciət edirdi, - mənə deyirlər ki, sən Bakıda istirahət etməkdən boyun qaçırırsan. Həqiqətənmi imtina edirsiz?

Qavrilov bəhanə edir ki, həkimlər onun həyat yoldaşına Rusiyanın orta iqlim qurşaqlarında istirahət etməyi məsləhət görüb. Əliyev sınayıcı nəzərlərlə ona baxır. Deyəsən, o, bu hərəkətin əsl səbəblərini başa düşürdü, amma üstünü vurmurdu.

- Hər halda, nahaq yerə Bakıya getmirsən. Orada çox gözəl çimərliklər var, - bundan sonra o, Xəzər haqqında az qala poema oxudu, xeyli təriflədi. - Mən çox ölkələrdə olmuşam, çox dənizlərdə çimmişəm. Amma inandırım səni Xəzər dənizi kimisinə rast gəlməmişəm. Orada bir çox xəstəliklərdən sağalmaq olar. Bir get, sən də dincəl, Aleksandr…

- Mən söz verdim, - Qavrilov həmin unudulmaz söhbəti yadına salır, - amma yenə də gedə bilmədim. İndi başa düşürəm ki, bu, Heydər Əliyeviçin xətrinə dəymişdi. Səmimi-qəlbdən qonaq çağırırlar, mənsə ev sahiblərinə hörmətsizlik edib imtina edirəm.

Heydər Əliyevlə birgə ezamiyyətlər də Qavrilovun xatirindən çıxmır: Altay, Çuvaşıstan, Volqoqrad… Bu sırf işgüzar ezamiyyətlər idi. Standart iş planı - partiya-təsərrüfat fəallarının qarşısında çıxış, vilayət partiya komitəsində iclas, zavod sexlərinə baxış. Əliyev həmişə iş planına düzəlişlərini edirdi. Tutalım, bazara baş çəkməyi xoşlayırdı, qiymətlərlə maraqlanırdı, piştaxta üstə olanların dadına baxırdı.

Qavrilovun dediyinə görə, səfər şərəfinə təşkil edilən qonaqlıqlarda şef bir, ən uzağı iki qədəh konyak içərdi, artıq yox.

Stol arxasında sərt, lovğa görkəmdə oturub susmazdı, çanlı, şən söhbətləri sevərdi. Yumoru xoşlayırdı.

Daha bir maraqlı detal: o, heç vaxt hədiyyə götürmədiyinə görə, ona heç nə təklif etməzdilər. Bunu hamı bilirdi. Çünki adətən şefin xasiyyətlərindən çox tez xəbər tuturlar.

Altayda hansısa kəndin yanında n keçirmişlər. Məktəbə baş çəkirlər. Onları çox səmimiyyətlə qarşılayırlar, böyük gül dəstələri bağışlayırlar. Zarafat deyil, belə böyük vəzifə sahibi onların ucqar kəndlərinə baş çəkib. Müəllimlər otağında söhbət gedir. Yaşayışınız necədir, məvacib qane edirmi? İş planı çox ağır deyil ki?

- Şagirdlər sizə gül dəstələri bağışlayırlarmı? - birdən qonaq soruşur.

- Əlbəttə. Sentyabrın biri, səkkiz martda, dərs ilinin sonunda, - deyə müəllimələr cavab verir.

- Sizə elə gəlmirmi ki, bu bir az rüşvətə oxşayır?- deyə Heydər Əliyev zarafatyana soruşur.

Bir qədər uzun çəkən pauzadan sonra müəllimlərdən biri bu zarafatı cavabsız qoymur:

- Bəlkə də, sizdə, Moskvada bu, rüşvətə oxşayır. Yəqin gül orada çox bahadır. Bizdə isə bütün həyətlər başdan-başa gül-çiçəkdir. Bu güllər kom-mersiya baxımından heç bir dəyərə malik deyil. Bu, işin birinci tərəfi. İkincisi isə mənəvi tərəfdir. Əgər belə bayram günündə mənə gül bağışlamasalar, elə həmin gün ərizəmi yazıb işdən gedərəm. Deməli, nə valideynlərin, nə də şagirdlərin yanında hörmətim var. Sizə də gülləri biz məhz hörmət əlaməti olaraq bağışlamışıq.

Moskvanın ədəbi dairələrində Heydər Əliyevin hələ Bakıda işlədiyi dövrlərdə belə bir hadisə barədə söhbət yayılmışdı ki, guya o, paytaxta gəlib Yazıçılar İttifaqında Puşkinin şərəfinə yazıçının «Yevgeni Onegin» poemasını əzbərdən oxumuşdu. Ona qulaq asan qonaqlar heyrətə gəlmişdilər, Puşkini belə gözəl bilməyi ilə Heydər Əliyev onları valeh etmişdi (Qeyd edək ki, illər ötəndən sonra Azərbaycan prezidenti olan Heydər Əliyevin təşəbbüsüylə Bakıda böyük rus şairi Puşkinin abidəsi ucaldılmışdır). Bir neçə gün sonra Moskvanın bütün ədəbi dairələri xəbər tutdular ki, Heydər Əliyev Puşkini, Lermontovu, o cümlədən də böyük Azərbaycan şairləri Nizamini, Füzulini, cavidi əzbərdən bilir…

Bu epizodu xatırlayan Qavrilov qeyd edir ki, Heydər Əliyevin estetik duyumu çox gözəl inkişaf etmişdi. O, memarlığı professional şəkildə qiymətləndirir, təsviri sənəti, teatrı çox gözəl bilirdi. Buna görə də böyük sənət adamları - Qara Qarayev, Müslüm Maqomayev, Niyazi, Tahir Salahov və başqaları onunla ünsiyyətə çox meyl edirdilər. Yeri gəlmişkən qeyd edək ki, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov Heydər Əliyevin çox gözəl bir portretini çəkmişdir.

Bu xüsusda Qavrilovun daha bir hadisə yadına düşür. Bir dəfə o, yəni Qavrilov «İki nəfər yelləncəkdə» tamaşasına baxmışdı, amma dəvətnaməylə yox, adi bir tamaşaçı kimi teatr kassasından bilet almışdı. Ertəsi gün telefon zəng çaldı:

- Salam, Aleksandr Timofeyeviç, danışan Oleq Tabakovdur.

- Salam, Oleq Pavloviç.

- Bağışlayın, biz sizinlə tanış deyilik. Mən zəng vurmuşam ki, tamaşanın sizin xoşunuza gəlib-gəlmədiyi ilə maraqlanım.

Qavrilov böyük sənətkarın bu marağının səbəbini anlayırdı. Onunçün də cavab verdi:

- Adi bir tamaşaçı kimi deyə bilərəm ki, tamaşa mənim çox xoşuma gəldi. Amma rəsmi şəkildə rəy bildirmək üçün hələ hazır deyiləm.

- Bəs öz təəssüratlarınızı Heydər Əliyeviçlə bölüşmüsünüzmü? - deyə tamaşaçıların sevimlisi olan aktyor maraqlandı.

- Yox, o, məndən bu barədə bir şey soruşmayıb. Amma əgər israr edirsinizsə, deyərəm.

- Xahiş edirəm, mütləq deyin. Heydər Əliyevin rəyini bilmək bizimçün çox maraqlıdır.

Məqamı gələndə Qavrilov bu barədə şefinə məlumat verir. Heydər Əliyeviç gülür:

- O, yenə də zəng vursa, nə cavab verəcəksiniz? - cavab gözləmədən əlavə elədi: - Deyin ki, mən bu tamaşanı görməmişəm. Ona görə də heç bir mənfi rəy verməyəcəm.

Bu tamaşa barədə elə sənət adamlarının özləri də müəyyən xoşagəlməz fikirlər söyləyirdilər. Heydər Əliyevsə bu cavabla teatra hökm çıxarmaqda iştirak etmədiyini göstərmək istəyirdi.

Sənət adamları da bütün bunları bilirdilər və ona görə də ona tez-tez yardım üçün müraciət edirdilər. Hərçənd ki, mədəniyyət məsələləri bilavasitə onun tabeçiliyində olan sahə deyildi. Repertuar siyasəti, yaradıcılıq məsələləri ilə başqa idarə məşğul olurdu. Nazirlər Soveti mədəniyyətin yalnız maddi tərəfi ilə məşğuldu. Rıjkovla birgə Heydər Əliyev Böyük Teatrın maddi vəziyyətinə, kitab nəşrinin, kinematoqrafiyanın inkişafına ciddi diqqət göstərirdi…

Bir dəfə Heydər Əliyevin poçtuna məşhur aktyor Armen cigərxanyanın məktubu daxil olur: o, mənzil məsələsində ona kömək etməyi xahiş edirdi. Heydər Əliyev məktubu Mossovetin sədri Promıslova göndərir və kömək etmək lazım olduğunu israr edir. İki ay sonra ev almış Armen Borisoviç Qavrilova zəng vurub onun adından Heydər Əliyevə təşəkkür etməyi xahiş edir.

Sov. İKP MK-nın Siyasi Bürosunda

İndi isə Boris Nikolayeviç Yeltsinin xatirələrinin köməyi ilə Siyasi Büronun hamı üçün qapalı olan «mətbəx»inə baş çəkməyə cəhd edək. Axı, orada nələr baş verirdi?

«İclaslar adətən belə başlanırdı. Siyasi Büronun üzvləri ayrıca bir otaqda toplaşırdılar. Siyasi Büronun üzvlüyünə namizədlər ikinci dərəcəli, Mərkəzi Komitənin katibliyinin üzvləri isə üçüncü dərəcəli iştirakçılar kimi yalnız iclas zalında gözləməli olurdular. Hamı Baş katibin gəlməyini gözləyirdi. Onun ardınca tutduqları mövqelərə uyğun olaraq Siyasi Büronun digər üzvləri iclas zalına daxil olurdular.

Burada, partiya hakimiyyətinin zirvəsində, Olimpində təbəqələşmə qaydalarına çox dəqiqliklə riayət olunurdu.

Beləliklə, Siyasi Büronun iclası açıq elan edilir. Qorbaçov praktiki olaraq heç kimdən soruşmurdu ki, gündəlikdə olan məsələlərlə bağlı qeydləri var, ya yoxdur. İclas çox vaxt onun danışdığı xatirələrlə başlayırdı - son vaxtlar haralarda olub, kimlərlə görüşüb, o cümlədən də Moskvada nələrlə rastlaşıb.

Mənim Moskvanın Partiya Komitəsinin birinci katibi seçilməyimin ilk ilində belə şeylər, demək olar ki, olmamışdı. Amma növbəti ildən başlayaraq bir çox hallarda məhz bu məsələlərdən başlardı: «Moskvada filan məsələ həll olunmayıb, filan şey mənim xoşuma gəlmədi və s. Bir sözlə, mənim emosiyamı sınağa çəkirdi.

Bunun ardınca hansısa məsələlərin müzakirəsi başlanırdı. Məsələn, kadr məsələsi, nazirlərin təsdiqi. Bəzi hallarda Qorbaçov əvvəlcədən namizədlərlə söhbət aparardı, bəzənsə namizədi birbaşa Siyasi Büroya çağırardı.

İstənilən məsələnin müzakirəsi Siyasi Büronun gündəliyində olan məsələlərlə bağlı sənədlərə baxılmasından başlanardı. Məncə, bu sənədləri büro üzvlərinə daha tez vermək lazım idi. Düzdür, bəzən bir-iki həftə əvvəldən sənədlər bizə çatdırılardı, amma əksər hallarda iclasdan cəmisi bir-iki gün əvvəl sənədlər bizə təqdim olunardı. Buna görə də ölkənin həyatında prinsipial əhəmiyyəti olan məsələləri araşdırmaq üçün bizim vaxtımız az olurdu, bir-iki günə belə böyük məsələlərin mahiyyətinə nüfuz etmək çox çətindir. Mütəxəssislərlə məsləhətləşmək, sənədləri hazırlayan işçi qrupla detalları dəqiqləşdirmək lazım idi. Amma dediyim kimi, bizə çox az vaxt verilirdi. Bəlkə, qəsdən belə edilirdi, bəlkə də, təşkilati nizamsızlıqdan irəli gəlirdi.

Adətən giriş sözünü Qorbaçov özü deyərdi. Geniş danışardı, fikirlərini təsdiq etməkçün hazırlanan məktublardan, sənədlərdən sitatlar gətirərdi. Bütün bu prelüdiya aparatın hazırladığı sənəd layihəsinin müzakirəsinin taleyini, demək olar ki, əvvəlcədən həll etmiş olardı. Qorbaçovun belə çıxışından sonra təbii ki, hamı bu sənədin qəbul olunmasına səs verərdi. Nəticədə, belə çıxırdı ki, bütün işləri aparat həll edir. Siyasi Büronun üzvləri isə məsələlərin müzakirəsində formal olaraq iştirak edirdilər.

… Əvvəlcə bizim iclasların lazımsızlığı o qədər də hiss olunmurdu, amma vaxt keçdikcə fəaliyyətimizin daha səmərəsiz olduğu açıq-aydın bilinirdi. Qorbaçov daha çox özündən, öz çıxışlarından həzz alırdı. O, gözəl danışmağı çox sevirdi və bunu məharətlə bacarırdı. Hiss olunurdu ki, «hakimiyyət» onu özünə ram edir, o, reallıq hissini itirir. O, yenidənqurmanın daha sürətlə və geniş şəkildə inkişaf etməsi, daha geniş sahələri və insanları əhatə etməsi xəyalıyla yaşayırdı. Həyatda isə hər şey tamam başqa cür idi. Mən kiminsə onun əleyhinə kəskin şəkildə çıxış etməsini xatırlamıram. Lakin mən onunla bəzən mübahisə edərdim…»

Bəli, Boris Nikolayeviç Yeltsin Siyasi Büroya məhz belə qiymət verir. Bu qeydlər bütün məlum hadisələrdən sonra Yeltsinin hakimiyyətdən kənarda qaldığı bir vaxtda yazılıb. Onun vəzifədən kənarlaşdırılmasıyla bağlı incikliyi o saat hiss olunur. O, özünü nə Qorbaçovdan, nə də Siyasi Büronun o biri üzvlərindən əskik hesab etmir, amma onu xüsusi otağa buraxmırlar, alçaldaraq ümumi zalda gözləməyə məcbur edirlər… Yeltsinin Siyasi Büronun hər bir üzvünə verdiyi fərdi qiymət də maraqlıdır. O, bir qədər də Qoqolun Çiçikovun dili ilə mülkədarları qiymətləndirməsinə bənzəyir. «Ölü canlar»ın qəhrəmanlarını - Sobakeviçi, Nozdrevi, Plyuşkini xatırlayırsınız?

O vaxt SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Andrey Andreyeviç Qromıko, Yeltsinin fikrincə, «sadəcə mövcud» idi. O, «nəsə edirdi», kimlərləsə görüşürdü, çıxışlar edirdi, amma hiss olunurdu ki, mahiyyət etibarilə, həm o, həm də ona tapşırılan işlər heç kimə lazım deyil… Qromıko elə bil ki, keçmişdən, uzaq keçmişdən müasir dövrümüzə atılmışdı. Çünki o, ətrafda baş verən hadisələrdən sanki qətiyyən baş aça bilmirdi, heç nə anlamırdı».

Nazirlər Sovetinin sədri N. Rıjkov da, Partiya Nəzarəti Komitəsinin sədri Solomentsev də, DTK-nın sədri Çebrikov da Yeltsinin qeydlərində kifayət qədər tənqid olunurlar.

Lukyanov isə belə xatırlanır:

«O, qeyri-standart situasiyaları idarə edə bilmir. Partiya bürokratlarına xas olan bütün keyfiyyətlər - daxili azadlığın, düşüncə genişliyinin olmaması və s. onun xarakterində özünü büruzə verirdi».

D. T. Yazov - müdafiə naziri. Əsl döyüşçü və sərt adamdır. İşə canyandırandır. Ona dairənin, qərargahın idarəçiliyini tapşırmaq olar, amma müdafiə naziri vəzifəsi üçün hazırlığı kifayət qədər deyil. V. V. Şerbitski - Ukrayna KP MK-nın birinci katibi. Qorbaçov ona toxunmur, ondan çəkinir. Bir vaxt Əliyevdən çəkindiyi kimi.

V. A. Medvedev - MK-nın katibi, Siyasi Büronun üzvü. Onun ən böyük üstünlüyü mütiliyi və heç bir yeni ideyaya, fikrə malik olmamasıdır».

Yeltsin öz keçmiş həmkarlarının hamısını təxminən belə xarakterizə edirdi.

Kremldə heç də hamı Qorbaçovla müticəsinə razılaşmırdı. Rıjkov, Əliyev, Slyunkov, Maslyukov öz nəzər nöqtələrini cəsarətlə müdafiə edirdilər.

Yuri Petroviç Batalin Heydər Əliyevin Siyasi Büro iclaslarında özünü necə müstəqil aparmasını xüsusi qeyd edir:

- Nazirlər Soveti hansısa məsələni Siyasi Büronun muzakirəsinə çıxaranda orada süni surətdə çıxılmaz vəziyyət yaradılırdı, - deyə Batalin o günləri yadına salır. - Mən görürdüm ki, Heydər Əliyev belə iclasların dramaturgiyasını, hansısa büro üzvlərinin davranışının səbəblərini çox yaxşı anladığına görə öz nəzər nöqtəsini, Nazirlər Sovetinin mövqeyini həmişə böyük inadla, hətta bəzən sərtliklə müdafiə edərdi.

Yadımdadır, bir dəfə kimsə bunu Heydər Əliyevə irad tutdu. Deyəsən, irad tutan elə Qorbaçovun özü idi: «Heydər Əliyeviç, siz həmişə Nazirlər Sovetinin mövqeyini müdafiə edirsiniz. Axı, siz həm də partiyanın Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvüsünüz».

Heydər Əliyev heç vaxt söz üçün məəttəl qalmırdı. İndi də yubanmadan ləyaqətlə və dəqiq cavab verdi: «Mən hökumət iclaslarında aparıcı mütəxəssislərlə birgə müzakirə edilib qəbul olunmuş təklifləri müdafiə edirəm. Bizim dəqiq mövqeyimiz var. Və əgər bu təkliflər qəbul olunsa, bu, həm də partiyanın maraqlarına xidmət edəcək».

Bir sözlə, partiya bürokratları qarşısında Heydər Əliyeviç hökumətin mövqeyini qətiyyətlə, inamla müdafiə edirdi.

Bir çox hallarda onunla Qorbaçov arasında da ziddiyyətlər olurdu. Bəlkə də, Qorbaçovun onu istefaya göndərməsinin bir səbəbi də məhz bu idi.

- Deməli, Qorbaçov onu özünə rəqib bilirdi?

- Rəqib? Məncə yox, - Batalin cavab verir. - Qorbaçov Əliyevin timsalında qüvvətli opponentini görürdü. Əliyevin onunla müticəsinə razılaşmaması, öz mövqeyini qətiyyətlə müdafiə etməsi onun xoşuna gəlmirdi.

Belə səciyyəvi nümunələrdən biri də Çernobıl faciəsinə münasibətdə özünü göstərmişdi.

Heydər Əliyev xatırlayırdı:

- Həmin gün, şənbə olsa da, mən kabinetimdəydim, şənbə günləri həmişə işdə olurdum. Eşitdim ki, atom elektrik stansiyasında partlayış olub, amma təfərrüatlardan xəbərsiz idim. Nazirlər Sovetinin İşlər İdarəsinin müdiri Smirtyukovdan soruşdum. Axı, mən SSRİ-nin hökumət başçısının müaviniydim, Siyasi Büronun üzvüydüm, amma nə baş verdiyini dəqiq bilmirdim. O dedi ki, Çernobıl Atom Elektrik Stansiyasında ciddi qəza baş verib. Bu hadisə günün sonunda olub.

Bazar günü işləmədim. Təbii ki, əlavə heç bir məlumat öyrənə bilmədim. Bazar ertəsi səhər isə Qorbaçov Siyasi Büro üzvlərinin iclasını çağırdı. Həm də iclas onun kabinetində keçirilirdi. Saat 10-11 arası zəng vurub məni də çağırdılar, həm də çox cüzi informasiya verdilər.

İsveç, Polşa, Almaniya və bir çox başqa Avropa ölkələri böyük radioaktiv şüalanma barədə informasiyalar yaymışdılar. Artıq Çernobıl faciəsi barədə məlumat, demək olar ki, bütün dünyaya yayılmışdı. Məhz belə vaxtda Qorbaçov iclas çağırmışdı.

 

 

Viktor Adrianov

Hüseynbala Mirələmov

 

Mərkəz.- 2010.- 11 noyabr.- S.10-11.