Mədəniyyətlərin və dillərin dialoqu

 

9-10 noyabr tarixlərində Bakı Slavyan Universitetində (BSU) "XXI əsrdə Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrində mədəniyyətlərin və dillərin dialoqu" mövzusunda VI Beynəlxalq Forum keçirilib.

Bu barədə qəzetimizə universitetin mətbuat xidmətinin rəhbəri Adil Əliyev məlumat verib. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Rusiyanın Moskva Dövlət Linqvistik Universiteti (MDLU) və BSU tərəfindən təşkil olunan forum Müstəqil Dövlətlər Birliyinin 20 illik yubileyinə, eləcə də MDB ölkələrinin dil və mədəniyyətlər üzrə Baza Təşkilatının yaradılmasının 10 illiyinə həsr olunub. Plenar və sessiya iclasları formasında təşkil olunan Forum MDB və ŞƏT ölkələri humanitar mühitinin siyasi, hüquqi, iqtisadi, sosial və mədəni aspektləri; çoxdilli humanitar mühitində dillərin və mədəniyyətlərin dialoqu; rus dili millətlərarası ünsiyyət vasitəsi kimi; ədəbi tərcümələr - mədəniyyətlər və dillər arasında qarşılıqlı təsir vasitəsi kimi; dini təhsil - MDB və ŞƏT ölkələrinin dünyəvi və dini tədris müəssisələri arasında dialoq vasitəsi kimi məsələlərin müzakirəsinə həsr edilib.

Bakı Slavyan Universitetində keçirilmiş forumda xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri də Rusiya, Ukrayna, Belarus, Moldava, Qazağıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Azərbaycanın tədbirdə iştirak edən universitetləri arasında MDB-nin iştirakçı dövlətlərinin humanitar təhsil sahəsində əməkdaşlığın gələcək inkişafı barədə Memorandumun imzalanmasıdır. Eyni zamanda, Bakı Slavyan Universiteti ilə Kiyev Milli Linqvistik Universiteti, Minsk Dövlət Linqvistik Universiteti və Rusiya-Tacikistan (Slavyan) Universitetləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

 

Cəvahir

 

Mərkəz.- 2010.- 11 noyabr.- S. 4.