«Quran və elm»

 

Qurani-Kərim Allah kəlamıdır

 

Qurani-Kərim bir milyarddan artıq insanın etiqad etdiyi islam dininin müqəddəs Kitabı, ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların sonuncusudur. İlahi gözəlliyə malik olan bu əsər ulu Tanrının öz möcüzəsi kimi milyonlarla insanın qəlbinə hakim kəsilmiş, onların canına, qanına höpmuş, beyninə nüfuz etmişdir. Quranın ilahi gözəlliyini təsdiq etməyə təkcə bu kifayətdir ki, ərəb dilini bilməyənlər belə onu dinləməkdən doymur, ən müqəddəs kəlam kimi can-dildən ona qulaq asırlar. Hər gün yeyilən çörək insanın ürəyini vurmadığı kimi, gündə bir neçə dəfə eşidilən Qurani-Kərim də insanı yormur, əksinə, ona mənəvi möhkəmlik, səbat və təsəlli bəxş edir, qarşısında əbədiyyətə doğru yeni, əsrarəngiz bir aləm açır.

Qurani-Kərim Muhəmməd peyğəmbərə təqribən 23 il ərzində Allah-təala tərəfindən vəhy olunmuşdur.

Vəhy sözünün hərfi mənası «gizli səs», «gizli danışıq», «gizli işarə», «pıçıltı», «rəmz» və «ilham» deməkdir. Allah-təalanın təmiz ürəklərinə, səmimi etiqadlarına və mənəvi kamilliklərinə görə insanlar içərisindən peyğəmbər seçdiyi kimsələrə vəhy üç yolla nazil olur:

 

1) Allah-təala buya digər fikri peyğəmbərlərin ürəyinə salır, yaxud gizli bir səslə ona təlqin edirya həmin fikri ona çin olan yuxuda bildirir;

2) Peyğəmbər Allah-təalanı görmədən ondan gələn nidanı açıq-aydın eşidir, yəni arada heç bir vasitə olmadan (hicab arxasından) Allahla danışır;

3) Allah-təala Öz hökmlərini peyğəmbərə mələk vasitəsilə göndərir.

 

Bəqərə surəsinin sonuncu iki ayəsi istisna olmaqla (bu iki ayə Peyğəmbərə (s.ə.s) bilavasitə Allah-təala tərəfindən meracda vəhy edilmişdir) Qurani-Kərim Muhəmməd əleyhissəlama Allahın əmri ilə vəhy mələyi Cəbrail vasitəsilə nazil olmuşdur. Mələyin əsas vəzifəsi Allahın əmrlərini peyğəmbərlərə olduğu kimi çatdırmaq, onları oxutdurub öyrətmək və əzbərlətməkdir. Mələk tərəfindən peyğəmbərlərə təlim edilən vəhy heç bir zaman unudulmur, onların hafizəsinə nəql olunub qalır. Sonra peyğəmbərlər həmin əmrləri, hökmləri olduğu kimi öz ümmətlərinə çatdırır, təbliğ edirlər. Mələyin peyğəmbərlərə nazil olmasını, buya digər ayəni ona oxudub əzbərlətməsini, mənasını öyrətməsini peyğəmbərdən başqa heç kəs görüb eşitməz. Beləliklə, peyğəmbərlər Allah-təala ilə insanlar arasında elçi olduqları kimi, mələk də Allahla peyğəmbərlər arasında elçidir.

Peyğəmbərlərə mələk vasitəsilə vəhy nazil olması çox çətin bir işdir. Bu zaman peyğəmbərlər özlərindən gedir, bəşəri duyğulardan uzaqlaşır, onların xarici aləmlə əlaqələri kəsilir. Onlar mənən Allah dərgahına tərəf yüksəlib fövqəlbəşər xüsusiyyətlər kəsb edir, vəhyi qəbul etməyə hazır vəziyyətdə olurlar. Məsələn, Muhəmməd əleyhissəlama Cəbrail vasitəsilə vəhy nazil olanda onun ağzı köpüklənər, rəngi saralaro, əbasını başına çəkib bayılarmış. Peyğəmbər (s.ə.s) özünə gəldikdə ona nazil olan vəhyi olduğu kimi ətrafındakılara oxuyar, mənasını izah edərmiş. Mələyin siması o qədər əcaib-qəraibdir ki, insan onu əsl şəklində görməyə tab gətirə bilməz. Buna görə də Allahın əmri ilə istədiyi şəklə düşə bilən bu nurani varlıq peyğəmbərlərə, adətən, adi insan qiyafəsində nazil olur. Peyğəmbərlərimizin əshabələri belə vəhyin ağırlığına tab gətirə bilməz, bu zaman zəng cingiltisiya arı vızıltısına bənzər bir səs eşidərək özlərini itirər, qeyri-adi vəziyyət alıb əllərini belə tərpədə bilməzdilər. Rəvayətə görə, bir dəfə Peyğəmbər əleyhissəlam dəvə belində gedərkən ona vəhy nazil olmuş, dəvə vəhyin ağırlığına tab gətirə bilməyib ayaqları üstə yerə çökmüşdü.

Peyğəmbər əleyhissəlama buya digər vəhy ayələr şəklində nazil olan kimi, o, həmin vəhyi ətrafdakı əshabələrinə oxuyar, onları vəhy katiblərinə dəri, sümük, daşya xurma qabıqları üzərində olduğu kimi yazdırardı. Peyğəmbər (s.ə.s) həmin ayənin hansı surədə və hansı ayədən sonra yazılmalı olduğu yeri göstərər, bu işə ciddi nəzarət edərdi. Quranın özündə (LII, 3) hələ Peyğəmbər əleyhissəlam dövründə onun dəri üzərində yazılmasına işarə vardır. Lakin Muhəmməd əleyhissəlamın vəfatına qədər vəhy hələ davam etdiyi üçün ayrı-ayrı parçalar üzərində yazılmış bu surələr Peyğəmbər (s.ə.s) dövründə ardıcıllıqla düzülməmiş, vahid bir cild, kitab halına salınmamışdı.

Əshabələrin dediklərinə görə, hər ramazan ayında Cəbrail əleyhissəlam Qurani-Kərimi Muhəmməd peyğəmbərlə birlikdə oxuyar, onun mətni başdan-ayağa yenidən təkrar edilərdi. Peyğəmbərimiz vəfat etdiyi il Cəbrail nazil olub Quranı onunla birlikdə iki dəfə oxumuşdu. Qurani-Kərimin özündə dəfələrlə onun Allahdan nazil olduğuAllah tərəfindən də qorunub saxlanacağı zikr olunmuşdu (XV, 9).

Peyğəmbər əleyhissəlamın bir çox əshabəsi Qurani-Kərimi əzbər bilər, hər hansı bir ayənin nazil olma səbəbini, hökmünü, dəqiq mənasını ondan soruşub öyrənərdi. Müxtəlif ərəb qəbilələrinə mənsub olan bu əshabələrin hər biri mətni sabit saxlamaq şərtilə Allah kəlamını öz ləhcəsinə müvafiq surətdə oxuyurdu. Bu zaman qiraətdə müəyyən fərqlər əmələ gəlirdi. Muhəmməd əleyhissəlamın özü buna izin verərək belə demişdi: «Quran yeddi ləhcədə (yeddi hərf üzrə) nazil olmuşdur. Sizin üçün hansı ləhcədə mümkündürsə, həmin ləhcədə də oxuyunLakin Peyğəmbərin vəfatından sonra vəziyyət dəyişməyə başladı. Quranın qiraətindəki sövti fərqlər bəzən ləfzi fərqlərə gətirib çıxarırdı, bəzi sözlərin yaxın və ya oxşar səs tərkibi başqa sözlərlə əvəz edilməsinə səbəb olurdu. Quranı əzbər bilər əshabələrdən hər biri öz qiraət variantını düzgün hesab edir, Allah kəlamının məhz bu cür nazil olduğunu iddia edirdi. Nəticədə, Quranın necə oxunması barədə böyük şəhərlərdə mübahisələr başlandı, müsəlman icmasının müxtəlif firqələrə bölünməsi, müqəddəs Kitabın təhrif olunması təhlükəsi yarandı. Ümmətin ağıllı başçıları bu barədə düşünməyə, yaranmış vəziyyətdən çıxış yolu axtarmağa məcbur oldular.

Qurani-Kərimin vahid bir kitab şəklində tərtibinə ilk dəfə Yəmamədə baş verən bir vuruşda Allah kəlamını əzbər bilən yetmişə qədər əshabə şəhid olduqdan sonra, Ömərin təşəbbüsü ilə Əbu Bəkrin xəlifəliyi zamanında başlanmış, sonra bu Osmanın xəlifəliyi dövründə davam etdirirlmişdi. Əbu Bəkr həmin işi Peyğəmbər əleyhissəlamın əsas vəhy katiblərindən biri olan Zeyd bin Sabit başda olmaqla, Quranı əzbər bilən bir neçə yaxın əshabəyə tapşırmışdı. Onlar Peyğəmbər əleyhissəlam dövründə dəri, sümük, daşxurma ağacının qabıqları üzərində yazılmış, həmçinin bir çox əshabənin hafizəsinə həkk olunmuş ayələrin hər birini Allah kəlamını əzbər bilən iki mötəbər şəxsin şahidliyi ilə qeydə aldıqdan sonra bunları cild halına saldılar. Tərtib edilmiş nüsxə əvvəlcə Əbu Bəkrin, sonra isə Ömərin yanında saxlanırdı. Ömər vəfat edərkən həmin nüsxədən öz qızında - Peyğəmbərin (s.ə.s) zövcələrindən biri olan Həfsədə qalmasını vəsiyyət etmişdi.

 

 

Mərkəz.- 2010.- 12 noyabr.- S. 16.