HEYDƏR ƏLİYEV
Biz
hiss edirdik ki, böyük bir faciə baş verib və nəsə
tədbir görmək lazımdır. Belə
hallar üçün nəzərdə tutulmuş tədbirlər,
məncə, kifayət etmirdi. İndi özümü qəhrəman
kimi göstərmək istəmirəm, məni düzgün
başa düşün. Çıxış edib dedim ki, hadisəylə
bağlı yubanmadan rəsmi açıqlama vermək
lazımdır. Həm də bu informasiya həqiqi
olmalıdır. Çünki hadisələrin mahiyyəti
artıq, demək olar ki, bütün Avropaya məlumdur. Yeqor
Liqaçov mənim sözümü kəsib
çımxırdı: «Axı siz nə istəyirsiniz?
Hansı informasiyanı vermək istəyirsiniz?» Mən dedim:
«İstəyirəm ki, hadisə barədə dəqiq
informasiya verilsin. Axı biz belə böyük bir hadisəni
gizlədə bilmərik».
Sonra
Aleksandr Nikolayeviç Yakovlev də söz alıb mənim
mövqeyimi müdafiə etdi, düzgün informasiya vermək
lazım olduğunu dedi. Sonra biz görüşəndə
Yakovlev Liqaçovun hərəkətlərindən narazı
qaldığını bildirdi. Dedi ki,
görürsünüz, yalnız siz və mən
düzgün informasiya verməyin tərəfdarı olduq.
Amma
Liqaçov o vaxt çox nüfuzlu idi və hadisələr
heç də bizim istədiyimiz kimi cərəyan etmədi…
Ukraynanın
Ali Radasının deputatı, məşhur şair Boris Oleynik
deyirdi:
«Bu, çox
vacib bir detal idi. Qorbaçovun özü Ukraynaya, Kiyevə gəlməkdən
qorxurdu. Hətta Şerbitski «1 May»
nümayişini təxirə salıb təhlükəli
zonadan heç olmasa qocaları, uşaqları evakuasiya etmək
fikrini bildirəndə, Qorbaçov yaman qəzəblənmişdi,
demişdi ki, sən hədər yerə əhalinin arasında
şayiə yayırsan. Heydər Əliyev
mahiyyət etibarilə Qorbaçovu məcbur etdi ki, Ukraynada
böyük bir faciənin baş verdiyini etiraf etsin. Hərçənd
ki, bu etiraf Qorbaçovun siyasi nüfuzuna böyük xələl
gətirmişdi… Biz isə Heydər Əliyevin
mövqeyini unutmamışıq, onu çox qiymətləndiririk».
Yenə də
Valeriy Boldinin xatirələrinə qayıdaq.
«Siyasi Büronun iclaslarından birində
Qorbaçov Heydər Əliyeviçi yaman sərt, kəskin
şəkildə tənqid etdi, bundan sonra Heydər Əliyev
infarkt keçirərək xəstəxanaya düşdü və
bir-iki il ərzində özünə tam gələ bilmədi.
Düzdür, Əliyevi tənqid etmək
olardı, amma belə kəskin, sərt, amansız şəkildə
tənqid etmək, Siyasi Büronun iclasında hörmətdən
salmaq nəyə lazım idi? Axı
büroda dostluq, yoldaşlıq, qarşılıqlı
hörmət üzərində qurulan münasibətlər
olsaydı, məncə, daha yaxşı olardı. Əliyevi Sov. İKP MK-nın
plenumunda istefaya göndərdilər, Qorbaçovun özü
də onun ünvanına xoş sözlər dedi, amma stenoqram
dərc olunanda dediyi xoş sözləri oradan
çıxartdırdı».
Özünü
böyük şəxsiyyət, müdrik rəhbər kimi
göstərmək istəyən bir adamın belə hərəkətini
nəylə izah etmək olar?
Qorbaçov
müasirləri və hətta gələcək nəsillər
yanında cidd-cəhdlə reputasiyasının qeydinə
qalırdı, onu istədiyi şəkildə
formalaşdırmaq üçün çox
çalışırdı. Daha bir kiçik, amma çox səciyyəvi
epizodu misal gətirək.
23 avqust 1985-ci il. Sov. İKP MK-da yeni Baş katib
Mixail Qorbaçovun rəhbərliyi altında böyük
iclas keçirilir. SSRİ-nin 1986-cı il
və on ikinci beşillik üçün iqtisadi və sosial
inkişafı planı müzakirə olunur. Dövlət
Kənd Təsərrüfatı Texnikası komitəsinin rəhbəri
V. Yejevski çıxış edir. Deyir
ki, kənd təsərrüfatı texnikasının çəkisini
azaltmaq lazımdır.
- Maşınların, traktorların
çəkisi bir ton azalarsa, - deyə o, üzünü
Baş katibə tutur, - mühərriklər daha az qüvvə ilə işləyəcək və
biz il ərzində, Mixail Sergeyeviç, 900 kiloqram dizel
yanacağına qənaət etmiş olacağıq. Bundan əlavə,
maşınların çəkisinin azalması kənd təsərrüfatı
işləri zamanı əkin sahələrindəki
torpağı daha az əzməyə, onun
məhsuldarlığını artırmağa kömək edəcək.
Beləcə, səmərəli profillərin tətbiq
olunması burada ikiqat xeyir verəcək.
Qorbaçov dillənir:
- Bir dayan görüm, məgər sən Kolpakovun
maşın istehsalçılarına və metaldan istifadə
edən başqa istehsalçılara nə dediyini eşitmədin?
Qara
metallurgiya naziri Serafim Vasilyeviç Kolpakov öz sahəsinin
çox bacarıqlı mütəxəssislərindən idi. Amma onun nə dediyi və
ümumiyyətlə, maşınların çəkisinin
azaldılması indi bizim üçün əhəmiyyətli
deyil. Əhəmiyyətli olan
işgüzar danışıq tərzi məsələsidir.
Ölkənin və partiyanın rəhbəri
özündən yaşca böyük olan nazirin
sözünü çox ədəbsizcəsinə kəsir,
bir sozlə, kobudluq edir.
Amma bilir ki,
bu detal gərək tarixin səhifələrinə
düşməsin. Onun üçün də iclasın stenoqramına
Qorbaçovun təkidi ilə dəyişiklik edilir. «Dayan» sözünün əvəzinə
«dayanın», «sən eşitdin» əvəzinə «siz
eşitdinizmi» və sairə.
Kiçik də
olsa, çox xarakterik detaldır. Qorbaçovu yaxından tanıyan
adamların onun haqqında yazdığı xatirələrə
nəzər salanda, elə təsəvvür yaranır ki,
söhbət iki ayrı-ayrı adamdan gedir. Boldin onu,
yumşaq desək, səbrsiz, hövsələsiz adam kimi təqdim edir. Amma onun ikinci köməkçisi,
milliyyətcə erməni olan Qeorgiy Xosrovoviç Şahnazarov
isə çox həlim bir insan portreti çəkir:
«İnsanlarla
münasibətdə Qorbaçov çox ədalətli və
yumşaqdır. Onun kiminsə üstünə
qışqırmağını eşitməmişəm.
Əgər hansı məqamdasa hirslənib
özündən çıxırsa da, tez özünü ələ
alıb gülümsünür, əlini yellədir və
xoşagəlməz epizodu unutmağı xahiş edirdi. Onun ümidlərini doğrultmayan işçilərlə
isə çox yumşaq şəkildə, heç bir kin
saxlamadan ayrılırdı. Qətiyyən
kinli deyil. Öz siyasi rəqiblərinin
heç birini nə həbsxanaya saldırmışdı, nə
ölkədən qovmuşdu, nə də işsiz qoymuşdu».
Bax, belə
bir mələk portreti. Oxucular özləri bu təsvirlərin nə qədər
həqiqətə uyğun olduğu, yaxud bədbəxtlikdən
bu böyük ölkənin başında oturan adamın nə
qədər böyük və hiyləgər aktyor olduğu
barədə nəticə çıxara bilər. Qeyd edək
ki, seçimində öz səhvini ilk olaraq boynuna alan, SSRİ rəhbərliyində ən
böyük nüfuz sahibi, SSRİ Nazirlər Soveti sədrinin
müavini, SSRİ-nin xarici işlər naziri Andrey
Andreyeviç Qromıko olmuşdu. Çernenkonun
dəfnindən sonra məhz o, Siyasi Büroda Qorbaçovun
Baş katib postuna seçilməsi məsələsini
qaldırmış və onun namizədliyini israrla müdafiə
etmişdi. Qorbaçova köməyin əvəzində
Siyasi Büronun veteranı Qromıkoya SSRİ Ali Soveti Rəyasət
Heyətinin sədri vəzifəsi söz verilmişdi.
Şahnazarovun
dediyi «bu bütöv şəxsiyyətin» o biri həmkarları
da çox keçmədən ayıldılar. Elan edilmiş yenidənqurma
gözlənilən nəticəni vermədi. Belə də
olmalıydı, çünki filosof yazıçı
Aleksandr Zinovyevin dediyi kimi, yenidənqurma «yenidənqırma»
(«katastroyka») idi, konkret fəaliyyət proqramı yox idi,
yalnız rabitəsiz, düşünülməmiş tədbirlər
həyata keçirilirdi. O vaxtın tam mənzərəsi -
ölkə boş sözlərin, vədlərin içində
boğulur. Qoyulan məqsədlər demək olar ki, hər
gün dəyişilirdi - elmi-texniki tərəqqinin sürətləndirilməsi,
antialkoqol kampaniyası, möhtəkirliklə mübarizə,
kooperativlərin yaradılması, azad, müstəqil
seçkilər, bürokratiya ilə çarpışma,
hakimiyyətin yenidən sovetlərə verilməsi, sonsuz
sülh təşəbbüsləri…
Siyasi Büronun keçmiş üzvü,
SSRİ Ali Sovetinin sədri Anatoli İvanoviç Lukyanov
Qorbaçovu belə səciyyələndirirdi: «Hər
şeyi, hətta prinsipial məsələləri belə
kompromiss yolla həll etməyə çalışmaq xasiyyəti,
şəraitin və şəxsi müşavirlərinin təzyiqi
altında improvizə etmək bir bəla kimi daim insanların
başının üstündən asılmışdı.
«Hər şey düzələr» kimi laqeyd inam və hadisələrdən
daim geridə qalmaq, prezidentin hər sözünün
öz-özünə yerinə yetiriləcəyinə
arxayınçılıq və başqalarının rəyini
dinləməyi bacarmamaq, sözsüz, onun əsas cəhətləri
idi…»
Çıxış
yolu isə heç cür tapılmırdı. Xalq arasında
narazılıq artırdı. Bütün
mağazaların qarşısında növbələr
düzülürdü, heç nə almaq mümkün
olmurdu. Hətta məcburiyyət
qarşısında əsas ərzaq məhsulları talonlarla
verilirdi. Neft mədənlərində, şaxtalarda
talonla verilən göyərmiş toyuqları iki adam arasında
bölüşdürürdülər. Düşünülməmiş
kadr dəyişiklikləri nəticəsində bəzi
İttifaq respublikalarında, o cümlədən
Qazaxıstanda milli münaqişələr alovlanmağa
başladı. Qazaxıstanın indiki Prezidenti Nursultan
Nazarbayevin bu kitabın müəlliflərinə
yazdığı məktubdan sitat gətirmək istərdik:
«Heydər Əliyev Siyasi Büroda yeganə
adam idi ki, 1986-cı il Alma-Ata hadisələrindən
əvvəl Qorbaçovu düşünülməmiş
addımlar atmaqdan çəkindirməyə
çalışırdı. O israr edirdi ki, istefaya gedən
Kunayevin əvəzinə Qazaxıstana kənardan gəlmə
kadr qoymaq olmaz, mütləq yerli kadrlardan birini təyin etmək
lazımdır. Amma ona qulaq asan olmadı və
respublika rəhbərliyinə mərkəzdən göndərilən
kadrın təyin edilməsi xoşagəlməz hadisələrlə
nəticələndi - xalq küçələrə
toplaşıb nümayişlər keçirtməyə
başladı və nəticədə hüquq-mühafizə
orqanlarıyla qanlı toqquşmalar oldu.
Sonralar da Heydər
Əliyev Kreml rəhbərliyini milli siyasətdə
düşünülməmiş addımlar atmaqdan çəkindirməyə
çalışırdı. Zaqafqaziyanı misal gətirirdi və ilk
olaraq Qarabağ barədə həyəcan siqnalı verən
də məhz o olmuşdu.
Mənim
fikrimcə, məhz bu addım, rəhbərliyin səbr
kasasını daşdırdı və bundan sonra onu istefaya
göndərdilər».
Hər
şey məhz belə olmuşdu. Siyasi Büroda Kolbinin Qazaxıstana birinci katib göndərilməsi
məsələsinə baxılanda heç kim
etiraz etməmişdi. İclasdan sonra isə Heydər
Əliyev Qorbaçovun yanına gəlmişdi.
Heydər Əliyevin özü bu epizodu belə
xatırlayırdı:
«Bilirsiniz, Mixail Sergeyeviç, uyğun
şərait olmadığına görə iclasda sizə bir
söz demədim. Amma indi bildirmək istəyirəm
ki, insanların psixologiyasını az-çox bilirəm.
Məncə, bu səhv təyinat idi. Düzdür, Kolbin çox yaxşı insandır.
O, Ulyanovsk Partiya Komitəsinə rəhbərlik edən vaxt
özünü çox bacarıqlı rəhbər kimi
göstərmişdi, hərçənd ki, bəzən
saxtakarlığa da yol verirdi. Bunu hamı bilir.
Dediyim odur ki, Kolbini Rusiyanın ən
böyük partiya təşkilatına rəhbər göndərə
bilərsiniz. O, çox yaxşı işləyəcək.
Amma Qazaxıstan üçün o, yararlı
deyil. Nəzərə alın ki, səhv
addım atırsınız. Qorbaçov təəssüflə
və qəzəblə mənə baxıb dedi:
«Yaxşı, baxarıq». Beləliklə, mən
öz vəzifə borcumu yerinə yetirdim».
Moskvada
yaşayıb çalışdığı illəri
xatırlayan Heydər Əliyev həmişə deyərdi ki,
mən ayıq siyasətçi olduğuma görə
düşünülməmiş, elmi cəhətdən, yaxud
praktikada sınaqdan keçirilməmiş nəzəri
reformaların həyata keçirilməsi ilə
razılaşa bilməzdim. «Siyasi Büronun iclaslarında mahiyyətcə
avantüra olan bir çox planların əleyhinə kəskin
çıxış edirdim və qeyd edim ki, bir çox
hallarda Qorbaçovu düşünülməmiş qərarlar
qəbul etməkdən çəkindirə bilirdim. Amma mənim əsas «opponent»im olan Yeqor Liqaçovun
düşündüyü antialkoqol kampaniyasının
qarşısını almaq heç cür mümkün
olmadı. Üzümçülüklə
məşğul olan respublikalara, o cümlədən də Azərbaycana
hədsiz ziyan vuruldu, bütöv üzüm plantasiyaları məhv
edildi, zavodlar bağlandı».
Əliyev
özünü sərbəst aparırdı, Qorbaçovun dəyişkən
fikirlərinə uyğunlaşmırdı, öz fikirlərini,
haqlı bildiyi mövqeyini inadla müdafiə edirdi. Məhz buna görə də
Qorbaçov və onun əhatəsi Heydər Əliyevdən
yaxa qurtarmaq qərarına gəldilər.
Açıq, gizli hücumlar…
Beynəlxalq
Gənclər günü çərçivəsində Heydər
Əliyev tərəfindən təqdim olunan təkliflərdən
biri də peşə məktəbləri tələbələrinin
əl işlərinin sərgisini keçirmək idi. Bu sərgini ÜİXTN-də
(Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətlərinin
böyük sərgi kompleksi) təşkil etməyi
planlaşdırırdı. Hazırlıq ərəfəsində
Liqaçov göstəriş verdi ki, sərgi
MK-nın himayəsi altında keçirilsin.
Aleksandr Timofeyeviç Qavrilov bunu belə
xatırlayır:
- Sərgi açıldı. Yuri Petroviç Batalin çıxış etməyə
başladı. Nə barədə isə
danışırdı… Heydər Əliyeviç
onun sözünə nəsə əlavə etdi. Bunu
görən Liqaçov çox sərt bir şəkildə
ona baxdı və dedi ki, Batalin məruzə edirsə, bizə
başqa məruzəçi lazım deyil.
Siyasi
Büronun bir üzvü digər üzvünə
qarşı belə kobudluq edir, həm də hamının
gözü qarşısında. Mən Liqaçovun bu replikasını
eşidəndə xəcalət çəkdim. Hər halda, Əliyev də onun kimi KP MK-nın Siyasi
Bürosunun üzvü, Nazirlər Sovetinin sədr müavini
idi. Lap tutalım Əliyev heç bu vəzifələrin
sahibi deyil. Məgər onun Batalinin
çıxışına bir-iki kəlmə əlavə etməsində
nə qəbahət var ki?
Biz Qavrilovdan soruşuruq:
- Yəqin ki, onlar artıq Siyasi Büroda Əliyevə
«hökm» çıxarıbmışlar?
- Hə, eləydi. Qorbaçovla
Liqaçov və Yakovlev öz aralarında artıq Əliyev
barədə hökm çıxarmışdılar.
Aleksandr
Timofeyeviç öz bioqrafiyasından olduqca maraqlı bir
epizodu xatırlayır. Heydər Əliyevin katibliyinin rəhbərinə
Qavrilovun sərbəstliyi, şefin yanına istənilən
vaxt girib çıxmağı bir o qədər də xoş
gəlmirdi. Qavrilovun səylərinə
baxmayaraq, onların arasında bəzən müəyyən
narazılıq qığılcımları yaranırdı.
Aleksandr Timofeyeviç hətta dostlarından xahiş
etmişdi ki, onun üçün başqa bir iş yeri
axtarıb tapsınlar. Bu söhbət Yakovlevə gedib
çatır və o, bir dəfə Qavrilovdan soruşur:
- Hə, orada işlər necə gedir? Onunla yola gedirsənmi?
- Özüylə münasibətim
çox yaxşıdır, amma ətrafındakılarla
müəyyən problemlərim var.
Qavrilov davam edir:
- Hiss elədim ki, dediklərim Yakovlevin
heç xoşuna gəlmədi. Yəqin o, mənim
Heydər Əliyeviç barədə mənfi fikirlər
söyləyəcəyimi gözləyirmiş. Mənimlə Heydər Əliyeviçin arasında
isə sırf işgüzar münasibətlər vardı,
onun haqqında pis heç bir fikir deyə bilməzdim. Buna əsas yox idi.
- Fikir eləmə, - Yakovlev
sözünü bitirdi. - İdeologiya sahəsində
sənə həmişə yer tapılar.
Bundan sonra
hadisələr belə cərəyan etməyə
başladı. Qavrilova Partiyanın Mərkəzi Komitəsinin təbliğat
şöbəsində sektor müdiri vəzifəsi təklif
etdilər. Amma Yakovlev ona belə dedi: «Mən Heydər Əliyevə
zəng vurmaq istəmirəm, yaxşı deyil. Sən
özün ərizə yazıb onun yanından çıx,
sonra biz səni dediyim vəzifəyə götürərik».
- Yox, mən bunu edə bilmərəm, -
deyə Qavrilov cavab verdi…
Biz Qavrilovla onun indiki kabinetində,
«Rossiyskaya qazeta»nın binasının
beşinci mərtəbəsində söhbət edirik. Stolunun üstü yeni nəşr olunmuş kitablarla
doludur, iki fincan qəhvəni ortaya qoymaq üçün
çox çətinliklə yer tapılır.
Qavrilov sözünə davam edir:
- Şəxsən
mən belə düşünürəm: Əliyev Brejnevin
vaxtında gəlsə də, ona təqdimatı, zəmanəti
Andropov vermişdi. O da
Şevardnadze kimi, Brejnevin sevimlisi idi. Amma əslində
Əliyev Andropovun kadrıydı. Bir
zamanlar Dzerjinskiyə olduğu kimi, Heydər Əliyevə də
nəqliyyatı tapşırdılar ki, oranı qaydaya
salsın. O, nəqliyyata çox böyük əhəmiyyət
verirdi və nəqliyyat naziri Konarevlə çox səlis
işləyirdi. Onların arasında çox
gözəl dostluq, yoldaşlıq münasibətləri
vardı. Qorbaçova, Yakovlevə, Liqaçova belə
adamlar lazım deyildi. Bu dəhşətli bir şeydir…
Bir vaxtlar
Uinston Çörçill SSRİ-dəki siyasi mübarizəni
buldokların xalça altında boğuşmasına bənzətmişdi. Qorbaçovla Yakovlev də
istənilən metodlardan istifadə edərək öz
komandalarını formalaşdırırdılar. Liqaçova isə çox güman ki, Heydər Əliyevi
nüfuzdan sala biləcək hansısa saxta bir sənəd
göstərmişdilər və o da öz növbəsində
güclülərə qoşulmağa üstünlük
vermişdi.
- Mən hesab edirəm ki, Əliyev Siyasi
Büroda çox müsbət rol oynayırdı. O, idarəçiliyin
əxlaqi normalarına cidd-cəhdlə riayət edirdi,
heç vaxt Nikolay İvanoviç Rıjkova badalaq gəlməyə
çalışmamışdı. Onlar əl-ələ
verib işləyirdilər.
Əliyevə
hücum gizli şəkildə hazırlanırdı. Və böyük siyasətdə
olduğu kimi əsas zərbə başqalarının əliylə
vurulmuşdu. Zahirən ali məqsədlərlə.
1987-ci ildə
bu kitabın müəlliflərindən biri
«Sosialistiçeskaya industriya» qəzetində işləyirdi. O zaman baş verən belə bir hadisə
yada düşür: «Bir dəfə baş redaktor MK-dan gələndən
sonra redaksiya kollegiyasını toplayıb bizə
tapşırıq verdi ki, Azərbaycanda,
Bakıda baş verən mənfi hadisələr barədə
informasiyalar toplayaq. Əliyev onda hələ
Siyasi Büronun üzvü idi, zərbə isə artıq
hazırlanırdı.
Partiya mətbuatında
Azərbaycan haqqında tənqidi materiallar seriyası dərc
olundu. «Sosialistiçeskaya
industriya» qəzetində də bu xüsusda tənqidi
materiallara yer verilmişdi. Bu, dolayı yolla da olsa, Əliyevə
vurulan zərbə idi, hərçənd ki, zahirən
söhbət yalnız böyük şəhərin - Bakının
sosial problemlərindən gedirdi; Əliyevin təşəbbüsü
ilə SSRİ Nazirlər Sovetinin qəbul etdiyi «1985-90-cı
illərdə Bakı şəhərində şəhər
təsərrüfatının daha da inkişaf etdirilməsi
haqqında» qərar da yada salınırdı.
1987-ci il mayın 10-u
bazar gününə düşmüşdü. Katibliyin üzvləri Heydər Əliyevi ad
günü münasibətiylə bazar ertəsi təbrik etdilər.
Amma bu təbriklərdə bir az
çaşqınlıq vardı. Çünki
səhər poçtunda nə Qorbaçovun, nə də
Siyasi Büronun digər üzvlərinin göndərdiyi təbriklərdən
əsər-əlamət yox idi. «Starıy
ploşad»dan heç kəs onu təbrik etməmişdi.
Aleksandr Qavrilov xatırlayır:
- Mən başa düşdüm ki, onu vəzifədən
uzaqlaşdırmaq istəyirlər. Amma axı,
bu gün onun ad günüydü. Neçə
illər həmkar olmusunuz. O, Siyasi Büronun
üzvüdür, hökumət başçısının
müavinidir. Amma nə Qorbaçov, nə də
onun əhatəsindəki şəxslər Əliyevi təbrik
etdilər. Həmin gün onu ilk təbrik
edən çox mərd bir insan - nəqliyyat naziri Konarev oldu.
Düzdür, sonra biz sənədləri ona təqdim edəndə,
Əliyev dedi ki, Qorbaçov onun maşınına zəng
vurub ad gününü təbrik etmişdi.
Həmin bazar ertəsi Əliyev
özünü çox pis hiss etdi. Çağrılan həkim
dedi ki, onu tez xəstəxanya yerləşdirmək
lazımdır. Əliyev isə etiraz etdi.
- Mən sizi mütləq xəstəxanaya
yerləşdirməliyəm. Siz öz işlərinizə
görə cavabdehsiniz, mən də öz işimə. Təkrar edirəm, təcili olaraq xəstəxanya
getməlisiniz.
Heydər Əliyeviç
özü «Təcili yardım» maşınına qədər
getmək istədi, amma dəhlizdə özündən getdi. Onu maşına qədər
xərəkdə aparmalı oldular.
Nəqliyyat
naziri Konarev tez-tez onun yanına gəlirdi. Yaxşı, bəs Siyasi
Bürodakı «silahdaşları»? Doğrudanmı,
adi insani hisslər də onlara yad idi? Bəli, deyəsən,
məhz belə idi… Yalnız Nikolay
İvanoviç Rıjkov Əliyevin yanına, xəstəxanya
gəlmişdi. Rıjkovun özü bunu belə
xatırlayır:
- İllər
ötəndən sonra Heydər Əliyev mənə belə
bir etiraf etdi: «Mənə elə gəlmişdi ki, Nikolay
İvanoviç «acı həb»in təsirini yumşaltmaq
üçün gəlmişdi». İndiyədək dəqiq
yadımdadır, xarici ölkələrin hansınınsa
baş nazirini yola saldım, sonra xəstəxanaya zəng
vurub, hal-hazırda prosedurlar aparılıb-aparılmaması
ilə maraqlandım və onun yanına getdim. Əliyev məni gülərüzlə
qarşıladı, yalnız sonralar etiraf etdi ki, öz zənnində
yanılmışdı.
Qorbaçov qarşısına belə bir
məqsəd qoymuşdu: ətrafını yaxşıca təmizləsin.
Və bu işdə Liqaçov ona fəal şəkildə
kömək edirdi. Ətrafdakı
meydança addım-addım təmizlənirdi. Bütün bunlar heç yaxşı hal deyildi.
Heç.
Nikolay İvanoviç belə bir hadisəni
də yadına salır:
- Əliyevin
oğlunamı, qızınamı, indi dəqiq yadımda
deyil, mənzil lazım idi. Onun ailəsini mən bir o qədər də
yaxşı tanımırdım, arvadını cəmisi bir,
ya iki dəfə görmüşdüm, amma həyat
yoldaşım Lyudmila onun xanımını daha yaxşı
tanıyırdı. Müxtəsəri,
onlara mənzil lazım idi və biz qərara gəldik ki,
onlara «Oktyabrskaya» mehmanxanasının yanındakı binada mənzil
ayıraq. İndi bu mehmanxananın yerində
«Prezident-hotel» yerləşir… Bina MK-ya məxsus
idi, amma Nazirlər Soveti ilə MK-nın İşlər
İdarəsi birgə işləyirdilər, bəzən
biri-birinə mənzil də ötürürdülər.
Bir sözlə, mənzil məsələsi
danışılıb razılaşdırıldı. Və
birdən Əliyev mənim yanıma gəlib dedi ki, bizə mənzil
vermək istəmirlər. Mən MK-nın
İşlər İdarəsinin rəisi Kruçinə zəng
vurdum, nə fikirdə olduğunu soruşdum. O, əvvəlcə
nəsə bəhanə edib cavabdan boyun qaçırmağa
çalışdı. Amma mən əl çəkmədim:
- Qulaq as, axı bu düzgün iş
deyil, tərbiyəsizlikdir. Əliyev hələ
dünənəcən Siyasi Büronun üzvü idi, indi də
Nazirlər Soveti sədrinin müavinidir. Ailəsi
artıq köçməyə hazırlaşırdı.
Biz səninlə Moskvaya birlikdə gəlmişik,
bir yerdə MK-da işləmişik. - «Başa
düşürəm, Nikolay İvanoviç», - dedi. - «Onda bu
nə hoqqadı?»
Nə isə, sonra Smirtyukova zəng vurdum,
məsələni yoluna qoyduq…
- Heç şübhəsiz ki, bu işlərin
təşkilatçısı Smirtyukovla Kruçin deyildi, əmr
yuxarıdan gəlirdi.
- Əlbəttə ki… Daha
bir hadisə danışım. Əliyevi
artıq bütün vəzifələrdən azad edəndən
sonra biz oturub üç saat açıq söhbət etdik.
Mən dedim ki, seyfimdə səninlə bağlı sənədlər
var. Vərəqləyib göz gəzdirmişəm.
O cavab verdi:
- Nikolay İvanoviç, mən bilirəm
onları kim yazıb. Sizdə də,
Qorbaçovda da, Yakovlevdə də eyni cızma-qaralardı… Bu, əxlaqsız adamların qisasıdır.
Çay süfrəsi arxasında Nikolay
İvanoviç Rıjkov Heydər Əliyevdən dillər əzbəri
olan məşhur üzük əhvalatı barədə
soruşur:
- Heydər Əliyeviç, deyirlər ki,
siz Brejnevə Bakıya gələndə çox qiymətli
bir brilyant üzük bağışlamısınız. O, Rəyasət
Heyətində oturub bu üzüyü barmağında
fırlatmaqla məşğul imiş. Bütün
işıqlar Baş katibin üstünə yönəlmişdi
və biz hamımız teleekranda üzüyün
parıltısını görürdük.
- Nikolay İvanoviç, bütün bunlar
şayiədir, - deyə Heydər Əliyeviç cavab verdi. - Bu mənim nəyimə lazımdır,
- bunu deyib siyirtmədən bir jurnal çıxartdı. Üz qabığında Brejnevin təyyarəsinin
şəkli verilib. Heydər Əliyev və
başqa vəzifəli şəxslər Brejnevi trapın
qabağında qarşılayırlar. - Mən ev sahibi kimi ədəblə təyyarəyə
daxil olub ona dedim: «Xoş gəlmisiniz, Leonid İliç,
buyurun, birgə gedək». Adət beləydi.
Sizcə, mən elə təyyarəyə daxil
olan kimi üzüyü onun barmağına keçirtmişəm?
Baxın bu şəklə, mən təyyarədə
onu qarşılayanda da, o təyyarədən düşəndə
də üzük artıq onun barmağındaydı. O,
üzüklə gəlmişdi. Doğrudanmı
fikirləşirsiniz, mən o qədər sadəlövhəm
ki, Azərbaycan torpağına qədəm qoyan qonağa o
saat hədiyyə vermək istəyim?
Ümumiyyətlə,
aramızda çox açıq bir söhbət oldu, - deyə
Rıjkov davam edir. - Mən ona
inandım və bir neçə gün sonra dediyim sənədləri
götürüb Qorbaçovun yanına gəldim. Biz onunla hər gün, bəzən də gündə
iki-üç dəfə görüşürdük.
Baş katib qovluğu görüb gülümsünərək
dedi: «Məndə də bu sənədlərdən var». Dedim:
«Mixail Sergeyeviç, mən Əliyevlə
danışdım». O - «Nə olsun ki?» -
dedi. «Məncə, bu kağızları uzaq bir yerə
atıb onların varlığını unutmaq
lazımdır», - söylədim və belə də etdim. Heydər Əliyevin əleyhinə
yazılmış sənədləri bir kənara atdım.
Amma Qorbaçov ondakı sənədləri
neylədi, bunu bilmirəm.
Baş katibsə
bu sənədləri unutmadı. Əliyevə qarşı böyük bir proses
hazırlanırdı. Qorbaçovun dediklərini onun köməkçisi
Çernyayev belə xatırlayır: «Rəşidovunkundan da
böyük bir proses gözlənilir». Əlbəttə
ki, bütün bu işlər Heydər Əliyevi cəmiyyət
qarşısında nüfuzdan salmaqçün
görülürdü. Amma Qorbaçovun istədiyi
gurultulu proses alınmadı, çünki Heydər Əliyevin
əleyhinə toplanmış faktların heç biri təsdiqlənmədi,
hamısı saxta çıxdı. Komissiyanın
çoxsaylı yoxlamalarından sonra Yakovlevin özü də
bu qərara gəldi. Partiya Nəzarəti Komitəsinin sədri
Puqo da ona məhz belə məruzə etdi: «cinayət işi
qaldırmağa heç bir ciddi əsas yoxdur».
Viktor Adrianov
Hüseynbala Mirələmov
Mərkəz.- 2010.- 12 noyabr.-S.10-11.