HEYDƏR ƏLİYEV

 

A.N.Yakovlev çox cidd-cəhdlə bolşevikləri özlərinin olan və olmayan günahlarını etiraf etməyə çağırırdı. Amma nəyə görəsə öz günahlarından, heç olmasa Əliyevə, onun ailəsinə divan tutmasından peşmançılıq çəkmədi. Guya ki, onun bundan heç xəbəri yoxmuş. Heydər Əliyev təyyarə qəzasında həlak olan məşhur jurnalist Artyom Borovikə bu barədə belə demişdi:

- Bilirsiniz, Artyom, nə yaxşı ki, Zərifə xanım mənim Siyasi Büro üzvlüyündən qovularkən məruz qaldığım təhqirlərin, çəkdiyim iztirabların şahidi olmadı.

Artyomun dediklərini rejissor Vaqif Mustafayev filmində göstərib. Artyom Borovik bu filmdə daha bir detalı danışır: «O vaxt Heydər Əliyeviç Eduard Şevardnadzeyə zəng vurub demişdi ki, heç olmasa, İlhamdan əl çəkin, onun başını dəyənəkləməyin. O vaxt İlham Əliyevin müəllim olduğu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu da xarici işlər naziri Eduard Şevardnadzeyə tabe idi.

- Amma buna baxmayaraq, - deyə Artyom Borovik davam edir, - İlhamı institutdan kənarlaşdırdılar. Həm də o vaxt ailənin bütün maddi yükü onun üstündə idi. Ümumiyyətlə, bu ailə ömrü boyu çox əziyyətlər çəkib».

İlham Əliyev hələ 6 yaşı tamam olmamış birinci sinifə gedib. 16 yaşı tamam olmamış isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi olub. Ali məktəbi bitirəndən sonra ona Qərbi Avropa ölkələrindən birində sovet səfirliyində işləməyi təklif ediblər. Belə təyinatlar çox mötəbər iş sayılırdı: Parisdə, Londonda, Romada, Brüsseldə və s. bu kimi şəhərlərdə SSRİ-nin vəzifəli şəxslərinin övladlarından bir çoxu diplomatik fəaliyyət göstərirdi. Amma İlham, bəlkə də, atasının məsləhətiylə belə bir mötəbər təklifdən imtina edib. Heydər Əliyev həm oğluna, həm də qızına elmlə ciddi məşğul olmağı tapşırmışdı. İlham doğma institutun aspiranturasına daxil olub, «Son illər İngiltərə tarixində müharibə əleyhinə xalq hərəkatları» mövzusunda mükəmməl bir dissertasiya müdafiə edib, tarix elmləri namizədi kimi dərs deməyə başlayıb. Gənc alimi həmkarları çox yüksək qiymətləndirirdilər. Amma atasını vəzifədən kənarlaşdırandan sonra İlhamı da işdən uzaqlaşdırdılar.

- Yəqin ağır idi? - deyə neçə illər ötəndən sonra Bakıdakı «Günay» qəzetinin jurnalisti bu barədə İlham Əliyevdən soruşurdu.

- Çox ağır idi, - İlham gizlətmədi, - mən nəzarət altında yaşayırdım. Təsəvvür edə bilmirdim ki, nə vaxtsa Bakıya qayıda bilərəm. Bizneslə məşğul olmağa başladım, işlərim də pis getmirdi. Buna baxmayaraq, Moskvadan getməli oldum. Azərbaycana gəlmək mümkün deyildi. Bakıda vəziyyət təhlükəli idi. Buna görə də Türkiyəyə üz tutdum. Moskvadakı kompaniyalarıma oradan nəzarət edirdim.

Əliyevin istefasından sonra jurnalistlər Rıjkovdan söz almağa çalışırdılar:

- Siz onunla birgə işləmisiniz. Deyin görək, o pis adamdır?

- Əgər mən desəm ki, o yaxşı adamdır, siz bunu yazacaqsızmı? Bu, sizinçün maraqlı deyil? Mən həmişə demişəm, indi də deyirəm ki, bu adama daş atmayacağam. Bəli, biz birlikdə işləmişik və o, yaxşı işləyib.

Rıjkov «Vnukovo» aeroportunda baş verən bir hadisəni də xatırlayır:

- Uçuş ərəfəsində oturub çay içirdim. Birdən tanımadığım bir azərbaycanlı mənə yaxınlaşıb dedi: «Nikolay İvanoviç, gəlin, bir qədəh şampan içək. Mən sizinlə bizim Heydər Əliyevin sağlığına içmək istəyirəm. Siz ona daş atmayan yeganə adam oldunuz».

Amma bu hadisə çox-çox sonralar olmuşdu. Hələliksə, Qorbaçov «kartları qatışdırırdı», öz ətrafını artıq ikinci, üçüncü dəfə dəyişməklə məşğul idi.

Nəhayət, növbə Sov. İKP MK-nın, sonra isə Prezident şurasının üzvü olan akademik Yevgeni Maksimoviç Primakova çatdı. Akademik Primakov əvvəllər Heydər Əliyevin oturduğu kabinetdə əyləşirdi. 1991-ci il hadisələriylə bağlı Primakov yazır:

«Sov. İKP-nin XXVIII qurultayından sonra mən bütünlüklə özümü Prezident şurasındakı işimə həsr etdim. Təkcə xarici-iqtisadi əlaqələr məsələləriylə yox, başqa problemlərlə də məşğul olurdum. Qorbaçovla münasibətlərim də çox yaxşı idi, mən çox kəskin və fikrimcə, təxirəsalınmaz problemləri ortaya qoyurdum. Amma bu problemlərin qoyuluşu müəyyən gərginlik yaradırdı. Etiraf edim ki, məni ən çox əsəbiləşdirən - qanunun hökmranlığının möhkəmləndirilməsinə yönəldilmiş tədbirlərin kifayət qədər qətiyyətli olmamasıydı».

Amma bu hal Qorbaçovu qane edirdi, onun bütün mahiyyəti elə bu idi. Primakovun iradına cavab olaraq, bir dəfə o, demişdi ki, «başqa bir quruluşa keçid dövründə cəmiyyətdə vətəndaş toqquşmaları yaratmaq istəmirəm. Dediyiniz sərt tədbirlər məhz belə toqquşmalar yarada bilər».

Primakov hesab edir ki, Qorbaçov öz fikirlərində yalnız qismən haqlı olurdu. Dövlət çevrilişinə cəhd də elə bu yarımçıqlığın nəticəsi idi. Son nəhayətdə də onların sərt telefon söhbətini Qorbaçov kobud şəkildə bu cür yekunlaşdırmışdı:

- Mən görürəm ki, siz ümumi mexanizmə uyğun gəlmirsiniz.

Qorbaçovdan çox-çox əvvəl oxşar ifadəni öz həmkarlarına müraciətdə Stalin işlətmişdi: «Siz sərt döngədə arabadan düşmüsünüz»… Orada «arabadan düşmüsüz», burada isə «uyğun gəlmirsiz»… Yəqin ki, Mixail Sergeyeviçin özü heç vəchlə Stalinə bənzədilməyini istəməzdi. Amma xarakterləri, düşüncələri nə qədər fərqli olsa da, onların hər ikisi öz opponentlərindən eyni sərtliklə yaxa qurtarırdılar. Düzdür, Stalinin opponentləri həbs düşərgələri, Qorbaçovun opponentləri isə «eləcə» infarktla cəzalandırılırdılar. Əliyev kimi, Rıjkov kimi…

Nikolay İvanoviç Rıjkov dəfələrlə Qorbaçovla təklikdə görüşüb onu inandırmağa çalışmışdı ki, Baş katibin iqtisadi kursu ölkəni uçuruma aparır.

- Siyasi Büronun son iclaslarında məsələ hətta qışqır-bağıra, söyüşə qədər böyüyürdü, - deyə Rıjkov xatırlayır. - Onunla daban-dabana zidd gedirdik. Açıq şəkildə bir-birimizi təhqir edirdik. Bir dəfə belə sərt iclasların birindən sonra Qorbaçova zəng vurub dedim ki, daha belə olmaz, Siyasi Büronun iclaslarında kənardan dəvət olunmuş adamlar, müxtəlif sahələr üzrə mütəxəssislər iştirak edir. Onlar bizim aramızdakı bu didişmələrin xəbərini bütün Moskvaya yayırlar. Axı, biz insanıq, belə iclaslardan sonra isə səhərə qədər əsəbdən adamın gözünə yuxu getmir. Mixail Sergeyeviç ertəsi gün - şənbə günü görüşməyi təklif etdi.

Mən onsuz da həmişə şənbə günləri iş başında olardım, o isə yox… Söhbətimiz bitəndə hiss etdim ki, Raisa Maksimovna o biri otaqda imiş.

Mən əmin oldum ki, onunla mövqeyimiz bir-birinə tam ziddir… Yakovlevlə Medvedev də onunladırlar… Bunlar elə adamlar idi ki, ömrü boyu heç bir faydalı iş görməmişdilər, onların adıyla çap olunan kitabları belə oxumamışdılar, hər hansı divara bir çürük mismar da vurmamışdılar.

Bizim həmsöhbətlərimizin dediklərinə görə, Heydər Əliyev həm MK-da, həm də Nazirlər Sovetində üzərinə düşən böyük həcmli işlərin öhdəsindən uğurla gəlirdi. O, bu zəhmətinə görə iki dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına və «Oraq və çəkic» medalına layiq görülmüşdü. Heydər Əliyev Çexovun sözlərini tez-tez təkrar edirdi: «Əsas - işdir, yerdə qalan şeylər düzələr».

Xəstəxanada da özünü bir az yaxşı hiss edən kimi, yenə də işə qayıtmaq istədi. Ona tabe olan nazirləri, idarə rəhbərlərini iclaslara çağırdı. Köməkçilər onun göstərişlərini yazırdılar. Nazirlər Sovetinə qayıdanda isə həmkarlarının şəfqətli baxışlarıyla qarşılaşdı.

- Bizə batmaqda olan adamlar kimi baxırdılar, - deyə Aleksandr Qavrilov söhbətinə davam edir.

Filipp Denisoviç Bobkov özünün kəşfiyyatda və böyük siyasətdəki fəaliyyəti boyu çox şeylərin şahidi olub: yaxşı bilir ki, olimp zirvəsində simpatiya və antipatiya necə yaranır, hansı mürəkkəb qurğular, hansı ittifaqlar qurulur, kim kimə qarşı kiminlə dostluq edir, kimi batırırlar. Qorbaçovun Əliyevə münasibətinə onun verdiyi qiymət qəti idi:

- Bu tamamilə mənfi münasibətdir. Tamamilə! Belə deyək də, Andropovun Əliyevə olan çox yaxşı münasibətinin tam əksi. Andropov güclü şəxsiyyətlərdən, müstəqil düşünən insanlardan qorxmurdu, onları qiymətləndirir və irəli çəkirdi. Qorbaçov isə belə insanlardan qorxurdu və onlardan canını qurtarırdı - Əliyevdən, Romanovdan, elə Yeltsinin özündən, Rıjkovdan, Batalindən, Kiyevdə - Şerbitskidən, Alma-Atada - Kunayevdən.

Yeltsini Siyasi Burodan uzaqlaşdırandan sonra Qorbaçov ona Dövlət Tikinti Komitəsinin sədri postunu təklif etdi. Yeltsin belə hədiyyəni gözləmirdi - SSRİ naziri! Dərhal da razılıq verdi. Qorbaçov onda dedi: «Ancaq səni bir də siyasətə yaxın buraxmayacağam». O hələ özünü hakimi-mütləq hesab edirdi:

buraxmayacağam! Adamları şahmat taxtasındakı fiqurlar kimi irəli-geri çəkirdi. Ancaq özü artıq ölkəni uduzmuşdu.

Yeri gəlmişkən, o, ölkə haqqında düşünürdümü? Doğrudur, yeri gələndə populyar mahnıdakı bu sözləri təkrarlayırdı: «Qoy yaşasın doğma ölkə…».

Yuri Petroviç Batalin Moskvada Heydər Əliyeviçlə son görüşlərini belə xatırlayır:

- Bu, artıq onun istefasından sonra Miçurinsk küçəsindəki xəstəxanada olmuşdu. Biz həmişəki kimi çox mehriban salamlaşıb söhbət etdik. O vaxt Heydər Əliyevin zahiri görkəmi də çox dəyişilmişdi - xəstəhal, yorğun görünürdü, xeyli arıqlamışdı. Biz bir kənara çəkilib oturduq. Və o, maraqlı bir fikir söylədi. Məzmunu lap dəqiq yadımda deyil, amma təqribən beləydi: «Hər halda mənim axırıma çıxa bilmədilər, salamat qala bildim. İndi mən dirçələcəyəm, mütləq». Məlum məsələydi ki, o, təkcə fiziki sağlamlığı nəzərdə tutmurdu. Şayiələrə görə onu fiziki cəhətdən də aradan götürmək istəmişdilər, amma buna nail olmamışdılar.

Belə bir sualın əsl yeridir: «Hətta istefaya çıxandan sonra belə, görəsən, Heydər Əliyev kimə mane olurdu Moskvadakı «tale hökmranları»namı? Əliyev Qorbaçovun, Yakovlevin iç üzünə yaxşı bələd idi, onlara qarşı çıxış edirdi. Ancaq burda iş hər şeydən əvvəl, zorla sırınmış nəzarət servisi ilə məhdudlaşırdı: izləmək, qulaq asmaq və buna bənzər işlərlə. Əliyev bir çoxlarına, o cümlədən Moskvadakı erməni həmkarlarına, məsələn, SSRİ neft və qaz sənayesi tikintisi naziri Arakelyana deyirdi ki, «əgər mən həmin vaxt Azərbaycanda olsaydım, nə Qarabağ, nə Sumqayıt hadisələri baş verməzdi».

- Buna şübhə yoxdur, - Yuri Petroviç Batalin əlavə edir, - mən buna əminəm. Əliyev Qarabağdakı müharibəni dayandıra bildi. Danışıqlar başlandı. Və danışıqlar nə qədər uzun çəksə də, döyüşlərdən, müharibədən daha yaxşıdır.

Miçurinsk prospektindəki xəstəxanaya Heydər Əliyevlə eyni vaxtda yazıçı Albert Lixanov da düşmüşdü. Albert Anatolyeviç o günləri belə anır :

- Siyasi münasibətlərin ustası olan adamlar bilirdilər ki, artıq Heydər Əliyevlə ünsiyyətdə olmaq təhlükəlidir. Mənsə ona baş çəkməyi qərara aldım. Həmin vaxt onun yanına İlham da gəlmişdi və elə görünürdü ki, nə üçünsə kefi pozulmuşdu. Amma mən gələndən sonra İlham ədəblə xudahafizləşib çıxdı, bizsə axşama qədər ürəkdən söhbət etdik.

Heydər Əliyevin yerləşdirildiyi palata Lixanovu yaman təəccübləndirmişdi. Bura çox darısqal, şəraitsiz bir palataydı.

- Hətta mənim qaldığım palata da bundan yaxşıydı. Amma bir az əvvəl baş çəkdiyim partiya rəhbərlərindən birinin yatdığı palata isə tamam lyüks kimi hazırlanmışdı. Öz şəxsi mətbəxi, bufeti vardı. Düzü, Əliyevə görə çox dilxor oldum.

Həmin uzun qış axşamı Heydər Əliyeviç mənimlə çox səmimi, açıq söhbət etdi.

- O, Naxçıvanı, ailəsini, öz həyatını necə qurduğunu, necə irəli getdiyini xatırladı. Hiss olunurdu ki, xatirələrə dalmaq ona zövq verir, - deyə Lixanov qeyd edir. - Sonra müasir dövrümüzə gəlib çatdıq. Heydər Əliyev dedi ki, mənə güclü zərbə vurdular və daha sonra açıq şəkildə Qorbaçovun adını çəkdi. Onu - Əliyevi satan adamlar barədə danışdı, hərçənd ki, siyasət üçün belə satqınlıq adi bir haldır… O, heç kimdən qorxmadan, açıq şəkildə danışırdı, ehtiyatlanmırdı ki, belə yerdə divarların da qulaqları olur.

Bu görüşdən sonra biz, demək olar ki, hər axşam həyətdə gəzintiyə çıxırdıq. Mən görürdüm ki, o, özünə qarşı ədalətsizlikdən yaman pis təsirlənib, amma qətiyyən sınmayıb… Heydər Əliyeviç çox güclü şəxsiyyət və böyük təşkilatçı idi.

Bütün ömrü boyu, o, partiya işinə sadiq qaldı. Və heç nəyin üstündə onun xətrinə dəydilər, onu incitdilər. O, vicdanının çağırışıyla işləyirdi.

Bir dəfə İskəndəriyyə çarlarından biri Evkliddən soruşmuşdu ki, həndəsəylə tanış olmağın asan yolu varmı?

- Həndəsədə «çar yolu» yoxdur, - deyə Evklid cavab vermişdi.

- İdarəçilikdə də «çar yolu» yoxdur, - Heydər Əliyev bu ifadəni təkrar etməyi xoşlayırdı. - Həmişə öyrənmək lazımdır. İddiaları imkanlarını və biliklərini üstələyən adamlar sonda həmişə məğlubiyyətə düçar olublar.

 

 

VII FƏSIL

 

«MƏN DAŞ, DƏMİR DEYİLƏM, İNSANAM»

 

19 oktyabr 1987-ci il, Moskva

 

Kremldə SSRİ Ali Sovetinin sessiyası açılır. Rəyasət heyətində - Ali Sovetin palata rəhbərləri, hökumət və Siyasi Büro üzvləri əyləşiblər.

Bu günü Heydər Əliyev belə xatırlayırdı:

«Bəzən kimlərsə zaldan çıxır, kimlərsə daxil olurdu. Qorbaçov mənimlə üzbəüz oturmuşdu. Birdən o da ayağa qalxıb çıxdı. Sonra Liqaçov ayağa qalxdı və başıyla Rıjkova da işarə verdi ki, onun ardınca gəlsin. Onlar Rəyasət Heyətinin otağına keçdilər. Biz həmin otaqda adətən iclaslara qədər, fasilələrdə toplaşıb çay içərdik. Bir müddət sonra məni də həmin otağa çağırdılar.

Mənimlə söhbəti Qorbaçov başladı. Dedi ki, «mənim fikrimcə, sən Siyasi Bürodan və Nazirlər Sovetindən getməlisən». Getməyimin səbəbini bilmədiyimi söylədim: «Mən hesab etmirəm ki, getməliyəm. Amma siz, Baş katib kimi belə hesab edirsinizsə, getməyə hazıram». Qorbaçov dedi: «Onda dəqiq deyin ki, biz bilək. Siz öz xahişinizlə gedirsiniz, yoxsa səhhətinizlə əlaqədar

Fasilədə evə gəldim. Oğlumla qızım evdəydi. Vəziyyəti onlara başa saldım. Əhsən onlara! Məni sakitləşdirib, dedilər: «Narahat olma, ata, burada qeyri-adi nə var ki…»

Axşam Qorbaçovun yanına gəlib dedim ki, gedirəm. Bəli, mən gedirəm və elan edə bilərsiniz ki, səhhətimlə əlaqədar vəzifəmdən istefa verirəm. O, ayağa qalxıb məni qucaqlayıb öpdü və dedi: «Çox sağ olun, Heydər Əliyeviç

Bu söhbət baş verənə qədər onlar artıq iyirmi ilə yaxın idi ki, bir-birini tanıyırdılar. Partiya MK-sının plenumlarında, Ali Sovetin sessiyalarında dəfələrlə görüşmüşdülər. 1972-ci ildə Heydər Əliyev ailəsi ilə birgə Pyatiqorskda dincəlirdi. Günlərin bir günündə Qorbaçov zəng vurub onun necə dincəlməyi ilə maraqlandı, dedi ki, görüşüb söhbət etmək istəyir. Sonra onu Karaçay-Çərkəz Muxtar Vilayətinə dəvət etdi. O vaxt Stavropol Partiya Komitəsinin katibi olan Qorbaçov öz ərazisində dincələn partiya rəhbərlərinin heç də hamısına belə diqqət ayırmırdı.

Əlbəttə ki, ölkənin birinci adamları xüsusi diqqət mərkəzində olurdular: Brejnev, Andropov, Kosıgin… Bir dəfə Qorbaçov Andropova çoxdan hazırladığı bir replikanı atdı:

- Siyasi Büronu ancaq yaşlı kadrlardan təşkil etmək olmaz. Yaxşı meşənin gərək pöhrəliyi də olsun.

Bu incə işarəli obraz Andropovun xoşuna gəlmişdi. Və bir neçə müddət sonra onun köməyi ilə Qorbaçov Siyasi Büroya üzv qəbul ediləndə, həmkarını təbrik edən Andropov həmin ifadəni xatırlayıb demişdi:

- Hə, «pöhrə», indi buyur, işə başla!

Andropovun bu seçimini Heydər Əliyev də razılıqla qarşılamışdı. «Mənim Qorbaçov barədə fikrim müsbət idi, - deyə Heydər Əliyev sözünə davam edir. - Düzdür, Sov. İKP MK-nın Baş katibi seçiləndən sonra o, xeyli dəyişmişdi. Bu, təkcə mənim yox, Siyasi Büronun o biri üzvlərinin də fikridir…»

Amma onun Baş katib seçilməsinə hələ xeyli müddət vardı. Hələ Qorbaçov Stavropolda işləyirdi və onlar Karaçay-Çərkəz Vilayətində Heydər Əliyevlə dostlaşmışdılar. Qorbaçov onların tanışlıq tarixçəsini belə xatırlayır:

«Heydər Əliyeviç mənim xoşuma gəlmişdi. Çox ağıllı insan idi, həm yüksək səviyyədə, həm də adi, anlaşıqlı bir tərzdə düzgün dialoq aparmağı bacarırdı. Bu, keyfiyyət mənə ruhən daha yaxın idi. Ona görə də söhbətimiz tuturdu, yaxından dostlaşmışdıq».

«Bu bizim dostluğumuzun və yaxın münasibətlərimizin başlanğıcı idi», - deyə Heydər Əliyev əlavə edir.

Ali Sovetin sessiyasından sonra MK-nın plenumu da öz işinə başladı. 22 oktyabrda qəzetlər belə bir informasiya yaydılar: «Plenum yoldaş H. Ə. Əliyevin xəstəliyi ilə bağlı təqaüdə çıxmasını nəzərə alıb, onun Siyasi Büro üzvlüyü vəzifəsindən azad etmək xahişini təmin etmişdir».

Kreml sarayının sirlərindən agah olan adamlar üçün bu, bir o qədər də gözlənilməz xəbər deyildi. Bir neçə il bundan əvvəl Kosıgini olduğu kimi, indi də Əliyevi həkimlər işdən getməyə razı salmağa çalışırdılar: «Əziz Heydər Əliyeviç, artıq təqaüdə çıxmaq vaxtıdır, yoxsa orqanizminiz belə böyük, ağır işə dözə bilmir, qüvvəniz tükənmək üzrədir».

Deyilən sözün alt qatını çox gözəl başa düşən pasient təzyiqə dözmür: «Sizin işiniz məni müalicə etməkdir. Bundan sonra işləyəcəyəm, ya istirahət edəcəyəm o sizin yox, mənim işimdir».

Xəstəxanadan sonra o, yenə də işə başlamışdı. Onun təklifiylə keçirilən Müəllimlər qurultayının materialları ilə yaxından tanış olur, iqtisadiyyatın idarə olunmasında köklü dəyişikliklərlə bağlı MK-nın iclasının çıxartdığı qərarlara qeydlərini edir. İyunun sonunda köklü dəyişikliklərlə bağlı təklifləri KP MK-nın plenumu da müzakirə etdi. Elə həmin iclasda da Kunayevi Siyasi Büro üzvlüyündən, Zamyatini isə KP MK-nın katibi vəzifəsindən azad etdilər. Aleksandr Nikolayeviç Yakovlev isə Siyasi Büronun üzvlüyünə qəbul olundu. Onda Əliyev yalnız acı-acı gülümsünmüşdü: «Gedişə bax! Yanvarda Siyasi Büro üzvlüyünə namizəd, indi - yarım ildən sonra artıq Siyasi Büronun tamhüquqlu üzvü. Pis deyil».

Sentyabrın əvvəlində Heydər Əliyev yenidən işə çıxdı. Gündəlik qayğılar - MK-nın iclasları, Nazirlər Sovetindəki yığıncaqlar. 18 sentyabrda Sov. İKP MK-nın üzvləri - H.Ə.Əliyev, L.N.Zaykov, V.P.Nikonov, N.İ.Rıjkov, N.N.Slyunkov «Kimya-87» sərgisinə gəlirlər. Müəyyən detallara, ştrixlərə əsasən Əliyev Qorbaçovun ona münasibətinin dəyişdiyini hiss edirdi.

- Vaxt keçdikcə mən bunu daha da açıq-aydın hiss etməyə başladım. Amma əvvəllər bizim aramızda çox xoş münasibətlər mövcud idi, - Heydər Əliyev rejissor Vaqif Mustafayevin çəkdiyi «Bir paxıllığın tarixçəsi» adlı sənədli filmdə belə deyir.

Bir paxıllığın tarixçəsi

Həmin filmdə Qorbaçov Heydər Əliyevin istefasının səbəblərini açıqlayarkən belə deyir: «Bu, onun səhhətiylə bağlı idi. Həm də sizə deyim ki, respublikanın da böyük təzyiqi vardı. O, tutduğu yüksək mənsəbin zirvəsindən respublikaya mane olurdu. Bəli, bu çox böyük təzyiq idi. Mən də sonda belə qərara gəldim.

Mən düşünmürəm ki, burada hansısa qaniçənlikdən söz gedə bilər. Ya da düşünülməsin ki, kimsə onunla haqq-hesab çəkirdi. Yox. Onunla çox insanpərvərliklə rəftar edilmişdi. Heç kim ona toxunmamışdı, heç kim alçaltmamışdı, şəxsiyyətini tapdalamamışdı. Ətrafda danışılan şayiələrin isə mənə dəxli yoxdur, onlar mənə maraqlı deyil. Bircə onu bilirəm ki, onun qarşısında vicdanım təmizdir».

Oxucu Heydər Əliyevin necə sıxışdırılmasını artıq bilir. Onunla necə rəftar etdiklərindən xəbərdar olanda isə kimin vicdanının təmiz olduğunu özü başa düşəcək.

Mixail Sergeyeviçin Vaqif Mustafayevə verdiyi ilk sual belə oldu ki, siz Heydər Əliyev barədə neçə seriyalı film çəkirsiniz?

- On iki.

- On iki? - eks-baş katib və eks-prezident təəccübləndi. - Mənimlə Genşer (Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri) barədə isə cəmi bir seriya çəkiblər.

- Bu, sizin probleminizdir, - deyə rejissor yorğun halda cavab verdi.

Onlar bu filmdə çəkilmək üçün düz üç il Qorbaçovun razılığını almağa çalışmışdılar. Nəhayət, Moskvadan zəng vurdular: «Mixail Sergeyeviç çəkilişlərə razılıq verib. Sizi gözləyir. On dəqiqəlik çəkilişə razıdır».

Vaqif Mustafayevlə operator o saat Moskvaya uçurlar. Təyyarədən enən kimi mobil telefon zəng çalır: «Mixail Sergeyeviç sizinlə görüşə bilmir».

Rejissorun nə keçirdiyini təsəvvür etmək çətin deyil. Nizaminin heykəlinin yanında yerləşən Azərbaycan səfirliyinə yaxınlaşanda telefon bir daha zəng çalır: «Mixail Sergeyeviç razılıq verdi».

Şəhər aerovağzalının yaxınlığında, Leninqrad prospektində yerləşən «Qorbaçov fondu»nun binasına daxil olurlar. Gözlərinə gözəl bir akvarium dəyir.

- Çəkilişi elə burada aparacağıq, - deyə Vaqif qərarlaşdırır.

Ilk kadrlar - ümumi mövzulara aid təmkinli və sakit söhbət. Nəhayət, Vaqif Mustafayev əsas sualı verir - nəyə görə Baş katib Heydər Əliyevi vəzifədən kənarlaşdırdı?

Vaqif xatırlayır: «Qorbaçov o saat əsəbiləşməyə başladı. Bu əsəbilik operatora da keçdi, kamera onun əlində yüngülcə titrəyirdi. Bizimsə veriləcək suallarımız hələ çox idi».

Bu suallardan biri də Heydər Əliyevin oğlu, o zaman Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olmuş İlhamla bağlı idi. Atası işdən gedəndən sonra onu da institutdan çıxmağa vadar etmişdilər. Qorbaçov dedi ki, bu barədə birinci dəfədir ki, eşidirəm.

«Bir paxıllığın tarixçəsi» filmini Yekaterinburq şəhərindəki kinofestivalda göstərmişdilər və film «Qran-pri» almışdı. Qorbaçov İlhamla bağlı məsələdən xəbərdar olmadığını deyəndə qəfildən zalda bir qadın qışqırığı eşidildi: «Yalan deyirsən, əclaf».

Onun arxasında - akvariumdakı balıqlar isə quyruqlarını yelləyirdilər.

Qorbaçovun şəxsi mühafizə dəstəsinin rəisi general Medvedevin dediyinə görə, Baş katib dəyişkənliyinə və xaraktersizliyinə görə o birilərindən çox fərqlənirdi. O, çox etibarsız adamdı, ətrafındakıları belə atırdı, tez-tez dəyişirdi. Gah sağlara, gah da sollara zərbə vururdu. Heydər Əliyev də bu cür zərbə altına düşənlərdən oldu.

Vladimir Medvedev DTK generalıdır. Uzun müddət Brejnevin (14 il) və Qorbaçovun (6 il) şəxsi mühafizə dəstəsinə rəhbərlik edib. Brejnevlə Qorbaçovdan sonra iki il yarım müddətində DTK-nın Doqquzuncu idarəsinin ehtiyatında olub (Bu idarə yüksək rütbəli partiya işçilərinin mühafizəsiylə məşğul idi). İki dəfə Heydər Əliyevin səfərlərini hazırlayıb - birinci dəfə Voloqda və Çerepovetsə, ikinci dəfə isə Vyetnama.

 

 

Mərkəz.-2010.-13 noyabr.- S.10-11.