«Quran elm»

 

Qurani-Kərim Allah kəlamıdır

 

Dünya mədəniyyətinin ən möhtəşəm abidələrindən biri olan Qurani-Kərim müsəlmanlığın dini-fəlsəfi, hüquqi qaynağı olmaqla yanaşı, həm çox mühüm bir ədəbi-tarixi mənbədir. Quranda ərəblərin islamdan əvvəlki tarixinə, adət-ənənələrinə, həyat tərzinə, dinlərinə, sami xalqların dünyagörüşünə, etiqadlarına, ümumiyyətlə, bəşər tarixinə, onun keçmişinə gələcəyinə dair çox qiymətli məlumatlar vardır. Qurani-Kərim Yerin, Günəşin, Ayın, səyyarələrin hərəkət etməsini heyrətamiz bir şəkildə bəyan etmiş, sonradan baş verəcək bir çox hadisələr, elmi kəşflər barəsində doğru-düzgün məlumat vermişdir. Quranın hələ lazımınca açılmamış, dərk edilməmiş ayələri isə bu gün insan idrakına sığmayan gələcək elmi kəşflərdən xəbər verir. Həmin elmi kəşflər, ixtiralar bir-bir yerinə yetdikcə Quran ayələrinin əsl məzmunu, mahiyyəti tədriclə anlaşılır. Eyni zamanda həyat, cəmiyyət inkişaf etdikcə, elmi kəşflər, müasir kosmik tədqiqatlar artdıqca həmin ayələr yeni məzmun, yeni mahiyyət kəsb edir yenə insan idrakı üçün bir müəmma olaraq qalır. Qurani-Kərimi oxuyan onun təkcə çətin, mütəşabih ayələrinin deyil, eyni zamanda zahirən asan anlaşılan ayələrinin arxasında batini bir məna, rəmz olduğunu görüb bundan heyrətini gizlədə bilmir onun, doğrudan da, fövqəlbəşər söz, Allah kəlamı olduğuna inanır. Peyğəmbər əleyhissəlamdan rəvayət olunan bir hədisdə bu barədə deyilir: "Quranın zahiri batini (daxili məzmunu) vardır. Batinin bir batini, ondan sonra isə yeddiyə qədər batini vardır".

Burada yeddi rəqəmi bildiyimiz müəyyən say ədədi deyil, qədim ərəblərdə işlənən intəhasız çoxluq mənasındadır.

Böyük türk şairi cəlaləddin Rumi bu hədisi nəzmə çəkərək yazmışdır: "Quranın sözünün (mənasının) zahiri olduğunu zənn etmə. Zahirin altında çox çətin anlaşılan bir batin vardır. O batinin altında daha bir batin, sonra isə üçüncü batin mövcuddur ki, orada bütün ağıllar özünü itirib çaşbaş qalar..."

Məhz buna görədir ki, Qurani-Kərim nazil olduğu gündən indiyə qədər ona çox mötəbər alimlər tərəfindən yüzlərcə, minlərcə çoxcildlik təfsirlər yazılmasına, haqqında saysız-hesabsız tədqiqatlar aparılmasına baxmayaraq, bu Allah kəlamının bir çox mütəşabih, qəliz ayələri hələ açılmamış qalmış, onlar barəsində müxtəlif mülahizələr söylənmiş, nəhayət, "ən yaxşısını, ən doğrusunu Allah bilir", - deyə, əsas məna elmi-ilahinin Özünə həvalə edilmişdir. Başqa sözlə, zülmətləri yaran bir nur, haqqa yol göstərən bir çıraq olan Quran, əsl Allah kəlamı kimi dövrə, zamana görə açıqlanır, həmin dövrdə yaşayan insanların əqli, elmi səviyyəsinə müvafiq şəkildə təfsir edilir. Hər gələn nəsil özünü narahat edən məsələlərə Quranda cavab tapa bilir. Bundan da böyük möcüzə olarmı?!

Qeyd etdiyimiz kimi, islamın ilk dövrlərində Qurani-Kərim göydən nazil edilmiş Kitab olmaqla yanaşı, eyni zamanda bütün elmləri, ictimai-siyasi həyatın ən mühüm problemlərini, cəmiyyəti düşündürən narahat edən məsələlərin cavabını, müsəlman icmasının əsas hüquqi məsələlərini özündə cəmləşdirən yeganə nüfuzlu mənbə hesab olunurdu. Yeni dinin tədriclə beyinlərə, fikirlərə hakim kəsildiyi, həyatın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə qapalı qəbilə həyatına adət etmiş bütpərəst ərəblərin qarşısına ictimai-iqtisadi münasibətlər, ailə həyatı, qohumluq-dostluq əlaqələri, fərdi həyat, ibadət, etiqad başqa məsələlərlə bağlı yeni problemlər çıxır, onlar həmin problemləri həll etmək üçün yollar axtarırdılar. Bu məqsədlə tez-tez Peyğəmbər əleyhissəlama müraciət edilir, ondan bu ya digər müşkül məsələnin açılması, həll olunması xahiş edilirdi. Peyğəmbərimiz (s.ə.s) Allah dərgahına üz tutub bu suallara cavab istəyir, həmin cavablar ona Allah-təala tərəfindən cəbrail vasitəsilə ayə-ayə nazil edilirdi. Bəzən eyni bir məsələyə müsəlman icmasının inkişaf səviyyəsinə müvafiq olaraq müxtəlif cür yanaşılır, eyni bir suala dövrə görə müxtəlif cavablar verilirdi. İcmanın ilk dövründə bütpərəst ərəbləri yeni dindən uzaqlaşdırmamaq məqsədilə caiz buyurulan bir şey, sonralar tədriclə qadağan edilir, bir ayənin hökmü başqa bir ayə ilə ləğv olunur, Quranın öz təbiri ilə desək, ondan daha yaxşısı, daha mükəmməli ilə əvəz edilirdi. Müsəlman icmasının ilkin inkişaf dövründə zinət hesab edilən, buna görə yasaq buyurulan bir şey onun sonrakı inkişaf dövründə zərurətə çevrildiyi üçün caiz hesab olunurdu. Məsələn, Quranda şərab haqqında üç ayə nazil olmuşdur. Birinci ayədə şərabın insana həm xeyir, həm zərər verdiyi, lakin zərərinin xeyrindən çox olduğu göstərilmiş, ikinci ayədə sərxoş vəziyyətdə namaza yaxın durmamaq əmr olunmuş, üçüncü ayədə isə şərab haram buyurularaq onu içmək qadağan edilmişdi. Quranda bu cür ayələr çoxdur. Onların araşdırılması ilkin islam icmasının təşəkkülünü inkişaf dövrlərini öyrənmək baxımından müstəsna əhəmiyyət kəsb edir. Maraqlıdır ki, olduqca çevik, dinamik bir din olan, cəmiyyətin inkişaf mərhələlərinin qanunauyğunluqlarını həmişə nəzərə alan islam dininin Qurandan gələn bu ənənəsi, Peyğəmbərin (s.ə.s) vəfatından, vəhy kəsildikdən sonra da, Quran təbirilə desək, "elmdə qüvvətli, möhkəm olan" müctəhidlər, alimlər tərəfindən davam etdirilmişdir. İslam dini qüvvətləndikcə, bütpərəstlik təhlükəsi aradan qalxdıqca müəyyən bir dövr üçün qadağan olunmuş bu ya digər bir şey, başqa bir dövr üçün caiz buyurulmuşdur. İslam beynəlmiləl dinə çevrildikdə hüquqi məsələlərdə Quran sünnət, mötəbər müsəlman alimlərinin hər hansı bir şəri məsələ barəsində ümumi fikir razılığı ilə yanaşı, islamı qəbul etmiş qeyri-ərəb xalqların adət-ənənələri nəzərə alınmağa başlanmışdı. Bütün bunlar islam dininin çox vaxt heç bir təbliğat olmadan sürətlə yayılmasına səbəb olurdu. Göründüyü kimi, islam donuq ehkam deyil, zamanın tələblərini, cəmiyyətin inkişaf qanunauyğunluqlarını nəzərə alan, onlarla hesablaşmağı məharətlə bacaran bir dindir.

Bəzən Allah-təala Peyğəmbər əleyhissəlamın möminlərin nəzər-diqqətini hər hansı bir işin mühümlüyünə, vacibliyinə cəlb etmək məqsədilə eyni bir sözü, fikri müxtəlif surələrdə təkrar-təkrar onların yadlarına salır. Muhəmməd əleyhissəlamın çətin anlarında özündən əvvəlki peyğəmbərlərin hekayətləri, onların başına gətirilən müsibətlər dəfələrlə xatırladılır, ona təsəlli verilir, səbirli, təmkinli olmaq tövsiyə edilir. Müfəssirlərin bəziləri Quranda 114 dəfə təkrar edilən bismillahın belə, hər surədə yeni bir məna ifadə etdiyini göstərmiş, onları izah etmişlər. Qurani-Kərimdə çoxlu təkrarlar, qarmaqarışıqlıqlar, ziddiyyət olduğunu iddia edən bəzi tənqidçilər ateistlər bunların Allah kəlamında bilərəkdən, məhz yuxarıda göstərdiyimiz məqsədlərlə edildiyini, təəssüf ki, görmür, ya da qəsdən görmək istəmirlər. Qeyd etmək lazımdır ki, Quranın özündə orada heç bir ziddiyyət olmadığına, eləcə bu ya digər fikrin qüvvətli təlqin məqsədilə təkrar-təkrar verildiyinə işarə olunmuşdur (XXXIX, 23).

 

 

Mərkəz.- 2010.- 19 noyabr.-S.16.