HEYDƏR ƏLİYEV
Əlbəttə,
Heydər Əliyev Vladimir Medvedevi yaxşı
tanıyırdı - həm əvvəlki görüşlərindən,
həm də Brejnevin Bakıya səfərləri
zamanından. Səfərin hazır olması barədə xidməti
məlumatı dinlədikdən sonra dərhal soruşdu ki,
işlər necədir, yeni vəzifəyə
alışırsınızmı?
«Mən bilirdim ki,
Heydər Əliyev Brejnevin sevimlilərindən idi, - deyə
general Medvedev xatırlayır. - Bilirdim ki, MK-nın Siyasi
Bürosuna onu Andropovun zəmanəti ilə qəbul ediblər».
Vyetnamda Heydər Əliyev
metallurgiya kombinatına baxış keçirməliydi.
Nümayəndə heyətinin keçəcəyi marşrutu
əvvəlcə general Medvedev keçdi. Marten
sobalarının yanındakı metal qırıntıları
yığınının içində mərmilər
gördü. Zavod rəhbərləri bunları
yığışdırmağa etiraz etdilər, dedilər
ki, vaxtı keçmiş mərmilərdir, onlar təhlükəli
deyil.
Medvedev
xatırlayır: «Heydər Əliyevlə Vyetnama gələndə
bu mərmi məsələsini ona danışdım və
xahiş etdim ki, zavoda baxışdan imtina etsin. Lakin belə
şeylər Heydər Əliyevin xarakterinə uyğun deyildi.
«Olmaz, - o mənə dedi, - orada bizi camaat gözləyir.
Mütləq getmək lazımdır». O, həmişə beləydi.
Bu, o demək deyil ki, Əliyev şəxsi təhlükəsizliyinə
barmaqarası baxırdı, yox. Sadəcə, belə şeylər
onun üçün əsas deyildi, əsas onun
gördüyü iş idi».
Bu məqamda daha bir
oxşar nümunə göstərmək istəyərdik.
Jurnalist Elmira Axundova bir dəfə başqa reportyorlarla birgə
xarici səfərlərin birində Prezidenti müşayiət
edirdi. Bundan bir az əvvəl, 1995-ci ilin iyulunda Rumıniya və
Bolqarıstandan səfərdən qayıdarkən Prezidentin təyyarəsini
yalnız xoşbəxt bir təsadüf xilas etmişdi. Kimlərsə
terrorçuların yeni hücumlarından ehtiyat edirdi. Belə
olan halda elə təyyarədəcə Elmiranın
suallarına cavab verən Heydər Əliyev əlavə
etmişdi: «Sən heç nədən qorxma, mənə
heç nə olmaz. Allah özü məni qoruyur.
Çünki mən hələ xalqıma gərəyəm».
Biz hələ
Nursultan Nazarbayevin Heydər Əliyevin şəxsiyyətini və
fəaliyyətini necə dərin və müfəssəl
qiymətləndirməsindən danışacaq, Qarabağ
münaqişəsinin necə
qızışdığını və
partladığını xatırlayacağıq. Hələliksə,
artıq fərdi təqaüdçü olan Heydər Əliyevin
Mərkəzi Komitənin üzvü seçildiyi Sov.
İKP-nin XXVII qurultayına qayıdaq. Tərcümeyi-hal
arayışında o vaxt üçün son iş yeri də
daxil olmaqla onun partiya və dövlət vəzifələri
sadalanır: «…1987-ci ilin oktyabrından 1988-ci ilin noyabrına qədər
SSRİ Nazirlər Sovetinin dövlət müşaviri».
Hörmətli vəzifədir.
Tədricən gücü bərpa olunur. O, həmişə
olduğu kimi 8. 30-da işə, özünün çox da
böyük olmayan kabinetinə gəlir və getdikcə daha
aydın hiss edir ki, burda onun məsləhətinə
ehtiyacı olanlar da var.
Əliyev SSRİ
Nazirlər Sovetinin dövlət müşaviri və Sov.
İKP MK-nın üzvü vəzifəsində çox
qalmadı. Sonralar bu vəzifədən də azad olundu.
Nüfuzlu və müdrik siyasətçi Aleksandr
Sergeyeviç Dzasoxovun rəyi: «Əliyevə qarşı ədalətsizlik
etdilər».
Bir dəfə istefadan
sonra Heydər Əliyeviç keçmiş katibliyinin rəhbərinə
zəng vurub xahiş etdi ki, mənimçün bəzi
materialları yığ. cavabında çox acı bir replika
eşitdi: «Siz artıq burada işləmirsiniz».
Onda həmin sənədləri
öz təşəbbüsüylə Aleksandr Qavrilov
hazırlamağa başlamışdı. Bundan o saat xəbər
tutmuşdular:
- Siz bu sənədləri
kiminçün hazırlayırsınız?
- Heydər Əliyev
üçün.
- Unutmayın ki, o,
artıq bizdə işləmir.
Buna baxmayaraq,
Aleksandr Timofeyeviç şefinin sözündən
çıxıb sənədləri
hazırlamışdı. «Başqa cür eləmək yaxşı
deyildi. Axı, biz hamımız insanıq».
Yaltaqlığın,
ikiüzlülüyün, riyakarlığın fonunda adi
insani əxlaqın xırda bir ştrixi də xoş təsir
bağışlayır.
Çox keçmir
ki, Əliyev başqa bağa köçməli oldu. Albert
Lixanov xatırlayır:
«Onu daha kiçik
olan başqa bağa köçürtdülər… Tutalım,
bunun eybi yoxdur, onsuz da Heydər Əliyeviç cah-calal sevən
deyildi, bura da uyğunlaşdı. Mühafizəni
götürdülər - bunun da eybi yox. Sonra ev xidmətçisini
də geri çağırdılar. Axı Heydər Əliyeviçin
həyat yoldaşı vəfat etmişdi, bu xidmətçi
isə evi silib- süpürür, yuyub təmizləyir, yemək
hazırlayırdı…»
Kremlin Qurultaylar
sarayında yaddaqalan bir epizodu xatırlamaq istərdik. Fasilə
zamanı vestibülə çoxsaylı partiya katibləri,
nazirlər, yüksək çinli hərbçilər
toplaşmışdı. Uzun müddət bir-birini görməyənlər
görüşür, salamlaşır, zarafatlaşırlar. Və
hamı ciddi-cəhdlə bir nəfəri - Heydər Əliyevi
görməməyə çalışır. Heydər Əliyev
artıq nə Siyasi Büronun üzvü, nə də Nazirlər
Sovetinin sədr müavinidir. Bir neçə gün əvvəl
isə həmin bu adamlar onun ətrafında vurnuxur, özlərini
gözə soxmağa çalışır, ona hörmət
və ehtiramlarını nümayiş etdirməyə cəhd
edirdilər.
Qurultaylar
sarayındakı bu xoşagəlməz hal Heydər Əliyevi
gözləyən tənhalığın, mənəvi
iztirabların hələ prelyüdası,
başlanğıcı idi. O, hələ bilmirdi ki,
özünün irəli çəkdiyi adamlar, dostları, tələbələri,
ən yaxın əhatəsində olanlar onu bəd ayaqda tək
qoyacaqlar, satacaqlar. Sonralar o bu barədə belə deyəcəkdi:
«Mənə elə gəlir ki, ən dəhşətlisi
insanları yaxşı tanımamaqdır. Mənə
qarşı da çoxsaylı ədalətsizliklər
edilmişdi. Axı, mən də insanam, nə dəmir, nə
də daş parçasıyam, insanam».
Təhqirlərlə,
təzyiqlərlə dolu həmin illərdə bu sözlər
Heydər Əliyevin etdiyi yeganə etiraf, yaralı ürəyinin
yeganə fəryadı idi. Heydər Əliyev daha heç kimə
bu barədə bir söz deməmişdi, özünü
sındırmamışdı. Güclü insanlar hər
şeyi özləri ürəklərində çəkməlidirlər.
Onların düşdüyü vəziyyətlərin
hansı iradə meqavatlarıyla
ölçüldüyünü isə yalnız kardioqramlar
bilir.
Qorbaçov
yeni düşüncə tərzindən çox
danışsa da, əslində özündən əvvəlkilər
kimi hərəkət edirdi. Xruşşov Stalini
alçaldırdı, Brejnev Xruşşovu, Qorbaçov
Brejnevi. Hər əvvəlki epoxaya bir damğa vurulurdu; Stalinin dövrü «Şəxsiyyətə pərəstiş»,
Xruşşovun dövrü «Valyuntarizm», Brejnevin dövrü
isə «Durğunluq dövrü» adlandırılmışdı…
Keçmişdəki bir çox şeylərdən imtina etmək
lazım gəlirdi, buraxılan səhvlərdən nəticə
çıxarmaq və yeni səhvlər buraxmamaq lazım idi.
Amma gözünü yumub hər şeyi dağıtmaq əlbəttə
ki, düz deyildi.
Divantutma
Sovet dövründə Stalinin belə bir
populyar formulu vardı: «kadrlar hər şeyi həll edir». Qorbaçov da ən əvvəl kadrlarla haqq-hesab
çəkməyə başladı - Kunayev, Şerbitski, Əliyev…
1989-cu ilin aprelində isə daha yüzə qədər əməkdaşı
Mərkəzi Komitədən xaric etdi. Anatoli
İvanoviç Lukyanov bu illəri qiymətləndirərkən
yazırdı: «Baş katib işlərini gördükdən
sonra artıq ona lazım olmayan kadrları
uzaqlaşdırmağa çalışırdı. Həm də belə hallarda bizim partiya
nomenklaturasının köhnə üsullarından
yararlanırdı.
Liqaçovu uzaqlaşdırmaq lazım gəldi:
Baş katib onun rəhbərlik etdiyi Sov. İKP
MK-nın katibliyinin iclaslarını
çağırmağı dayandırdı. Rıjkovu
uzaqlaşdırmaq istədi: onun rəhbərlik etdiyi Nazirlər
Sovetinin yerinə formal olaraq Nazirlər Kabineti yaratdı. Eyni prosesi də onun öz başına gətirdilər
- Sovet İttifaqını ləğv etməklə onun
altından SSRİ prezidentinin kreslosunu da çəkdilər.
Amma bu hadisələrə hələ iki ildən
çox qalırdı. Hələliksə,
İttifaqın rəhbər strukturlarında təmizlənmə
prosesi gedirdi. Əliyevə qarşı
artıq ciddi hücumlar hazırlanmaqdaydı. Mərkəzi mətbuatda təşkil olunmuş tənqidi
yazılar o saat, təkrarən respublika mətbuatında da dərc
olunurdu. Elan olunmuş plüralizmə,
aşkarlığa baxmayaraq, atılan böhtanlara cavab verməyə
imkan vermirdilər. Bakıda Heydər Əliyevin
qardaşları - Həsən, Aqil və cəlal Əliyevlərə
qarşı hücumlar başlanmışdı.
İqtisad elmləri doktoru, tibb institutunun siyasi iqtisad
kafedrasının müdiri Aqil Əliyev ad günündə -
1988-ci il dekabrın 10-da işdən
çıxarıldı. Amma bir-iki il əvvəl
həmin institutda Aqil Əliyevi alqışlayırdılar,
şəninə çoxsaylı təriflər, xoş
sözlər deyirdilər, ünvanına xoş sözlər
yazılmış təbriklər göndərirdilər. Bu kağızlar şərəfsizliyin və
yaltaqlığın nümunəsi kimi elə indinin
özünəcən ofisdə saxlanılır.
Böyük elmi işlərin, dərin
araşdırmaların, monoqrafiyaların müəllifi olan
Aqil Əliyev iki il işsiz
qalmışdı. Özünün 1999-cu ildə nəşr
olunmuş «Elm həqiqətdir» kitabında böyük bioloq
alim, akademik cəlal Əliyev yazırdı:
«Bizim həyatımızın
tarlasından ağır kotan kimi keçən son onilliklər
cəmiyyətin möhkəmliyi, xeyirin şər üzərində
qələbəsi barədə düşüncələrimizin
nə qədər keçici olduğuna məni
inandırdı. Anladım ki, sadəlövhlüyü, bilməməzliyi
ucbatından taleyini öz çirkin niyyətlərini həyata
keçirməkçün hər şeyə hazır olan
şöhrətpərəst, tamahkar avantüristlərə,
yüngül insanlara, riyakarlara həvalə edən
xalqların, millətlərin əmin-amanlığı,
rifahı nə qədər kövrək olur.
Mən də
bir çoxları kimi siyasətə istəmədiyim halda cəlb
edildim. İndi
başa düşürəm ki, «sən siyasətlə məşğul
olmasan, siyasət səninlə məşğul olacaq» ifadəsi
həqiqətə çox yaxın imiş».
Belə ki,
siyasət akademiki öz laboratoriyasında, həmkarları ilə
birgə yeni sort buğdalar yetişdirdiyi təcrübə sahələrinin
geniş tarlalarında da haqlaya bildi. Akademik qardaşının, ailəsinin
namusu uğrunda cəsarətlə mübarizəyə
başladı. Müxtəlif instansiyalara -
SSRİ-nin Baş Prokurorluğuna, Ali Sovetin Rəyasət Heyətinə,
mərkəzi və respublika qəzetlərinin
redaksiyalarına, Sov. İKP MK-ya, Siyasi
Büroya onlarla məktub göndərdi.
Bu məktublara
adətən cavab verilmirdi. Yalnız «Smena» jurnalı (¹19. 1988-ci il)
Heydər Əliyevdən üzr istədi: «Səhifələrimizdə
dərc olunmuş «Daha bir gecə» adlı yazıda Brejnevin
Bakıya səfəri zamanı Heydər Əliyevin ona
çox bahalı bir üzük
bağışladığı barədə söhbət
gedib. Bu epizod üzrə redaksiyanın heç
bir maddi dəlil-sübuta malik olmadığını nəzərə
alaraq, biz Heydər Əliyevdən və oxucularımızdan
üzr istəyirik».
Qarabağ
1988-ci il fevralın 18-də
Qorbaçov özünün yeni köməkçisini təsdiq
etdi - alim, politoloq, milliyyətcə erməni olan Georgi
Xosrovoviç Şahnazarovu. Az qala elə həmin
gün erməni yazıçısı və publisisti Zori
Balayan Qorbaçovun qəbuluna düşməyə cəhd
etdi. Şahnazarovun erməni hiyləgərliyi nəticəsində
Z. Balayan və S. Kaputikyan Baş katiblə
görüşdülər.
Bütün
ölkədə olduğu kimi, Azərbaycanda da bu
görüşdən yalnız televiziyanın «Vesti» xəbərlər
proqramı vasitəsilə məlumat aldılar. Gözləyirdilər ki,
Baş katib Azərbaycan ziyalılarının nümayəndələrini
də qəbul edəcək. Amma belə
olmadı. Həmin vaxtlarda general Bobkov Qarabağdaydı:
«Mən
özüm şəxsən şahidi oldum ki, Heydər Əliyev
bu muxtar vilayətin inkişafı üçün, millətlərarası
münasibətlərin normal bir həddə qalması
üçün nə qədər böyük işlər
görüb. Hətta ilk qığılcımlar burada demək
olar ki, heç bir ağır nəticə vermədi.
Iki hadisəni danışmaq istəyirəm:
1988-ci il fevralın 22-də mən
Stepanakert-Ağdam yolunun üstündəydim. Qəzəblənmiş
azərbaycanlılardan ibarət kütlə haqq-hesab aparmaq
üçün əks tərəfə doğru gedirdi.
Kütlənin qarşısına yaşlı
bir qadın çıxdı, kələğayısını
onların ayaqları altına atdı. Qəzəblənmiş
kütlə sakitləşib geri döndü. Məgər
bu hadisə az şeyi deyir?
İkinci
hadisə. Həmin
gün ermənilər iki azərbaycanlını güllələmişdilər.
Təsəvvür edin, əgər vilayətdə
insanlar bundan xəbər tutsaydı, necə
qarışıqlıq düşəcəkdi. Biz azərbaycanlılara müraciət etdik, ən
hörmətli şəxsləri yığdıq. Onlara
dedik: «Gəlin, öz cəsarətimizi toplayaq və bu kədərin,
bu itkinin üstündən adlayaq». Onlar bizimlə
razılaşdılar. Ölənləri dəfn
etdik və bu hadisədən qəzəb alovunun yaranmasına
yol vermədik.
Stepanakertdəki
mitinqlərin birində araqızışdıranlar hardansa
tabutlar gətirdilər. Mənim yanımda vilayət teatrının
aktrisası olan erməni xanımı dayanmışdı.
Əfsuslar olsun ki, indi onun adını
unutmuşam. O, böyük cəsarət və mərdliklə
təxribatçılara qarşı çıxış
etdi. Bu təxribatdan da bir şey çıxmadı».
Çox
güman ki, bu aktrisa Knarik Poqosyan idi. Qəzetlər Qarabağdan reportaj
hazırlayarkən onun haqqında yazmışdılar.
Elə həmin
vaxt «Sosialistiçeskaya industriya» qəzeti Sumqayıtda öz
həmkarlarını qızışmış kütlənin
əlindən xilas edən Alüminium zavodunun fəhlələrindən
yazmışdı. Zavodun mühafizə xidmətinin rəisi
İsmayıl Əliyev fəhlə və mütəxəssislərin
ailələrini xilas etməkçün onları zavodun sexlərində
yerləşdirirdi.
Beləcə,
Qarabağ mövzusu 1988-ci ilin fevralında mərkəzi qəzetlərin
baş səhifələrinə, teleekranlara
çıxdı. Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi
Azərbaycan SSR-in tərkibindən çıxmaq barədə
qərar qəbul etdi. Bu isə artıq
partlayış idi. Bundan sonra başqa etnik
konfliktlər halqası da qızışmağa
başladı. Moskvada 1985-ci ildə (Qorbaçovun hakimiyyətinin
ilk ilində və SSRİ-nin sülh şəraitində
keçən sonuncu ilində) nəşr edilmiş «Demoqrafik
ensiklopedik lüğət»ində Dağlıq Qarabağ
Muxtar Vilayəti haqqında bu informasiyalar qeyd olunub:
«Vilayət Azərbaycan SSR-in tərkibində,
Kiçik Qafqazın cənub-şərq hissəsində yerləşir.
Ərazisi - 4,4 min kv. km,
əhalisi 1983-cü il üçün 170 min nəfərdir.
Mərkəzi Stepanakert şəhəridir…
… Əvvəllər müxtəlif
türk dövlətlərinin ərazisinə daxil olan bu vilayət,
XVIII əsrdən etibarən Azərbaycanın mərkəzində
yaranmış Qarabağ xanlığının ərazisinə
daxil oldu. 1805-ci ildə isə Qarabağ
xanlığı Rusiya imperiyasının tərkibinə
qatıldı».
Konflikt
başlanan ərəfədə Qarabağda ermənilərlə
birgə azərbaycanlılar, ruslar və başqa xalqların
nümayəndələri də yaşayırdılar.
Muxtar vilayətin
iqtisadiyyatı, sosial infrastrukturu, mədəniyyəti
bütün Azərbaycanla birgə inkişaf etməkdəydi. Zavodlar, fabriklər, su
anbarları tikilirdi. Erməni dilinin tədris
olunduğu pedaqoji institut açılmışdı. Düzdür, hər yerdə oduğu kimi, burada da
müəyyən problemlər yaranırdı, amma
bütün bu problemlər burada yaşayan insanların dostluq
və qardaşlıq zəminində həll olunurdu. Ümumiyyətlə isə Dağlıq Qarabağ
Muxtar Vilayəti sosial-iqtisadi göstəricilərinə
görə həm Ermənistanı, həm də Azərbaycanı
geridə qoyurdu. Məsələn, Stepanakert - Bakı,
Stepanakert - Yerevan aviareysləri açılmışdı və
Azərbaycan KP MK-nın birinci katibi H. Əliyevin və Ermənistan
KP MK-nın birinci katibi Dəmirçiyanın
razılığına əsasən bu reysləri növbəylə
həm erməni, həm də azərbaycanlı pilotlar idarə
edirdilər.
28 iyun 1988-ci il, Moskva
İstidən
boğulan paytaxtda isə XIX Ümumittifaq partiya konfransı
açılmışdı. Nitq dinləməkdən yorulan nümayəndələr
fasilələrdə Kremlin şam ağaclarının ətrafında
kölgəlik axtarır, bir küncə çəkilib
siqaret çəkə-çəkə söhbət edir, hərdən
də Baş katibin qarasınca deyinirdilər. Ölkə artıq alovlanmağa
başlayırdı, lovğa Baş katib isə «ölkədəki
yenidənqurmanı daha da dərinləşdirib
qaçılmaz etmək» barədə
danışırdı.
Son üç ili
Baş katib «dönüş ili» adlandırırdı. Amma hansı istiqamətə dönüş? «Partiyanın və zəhmətkeşlərin səyləri
nəticəsində ölkənin sosial, iqtisadi, mənəvi
uçuruma sürüklənməsinin qarşısı
alınıb. cəmiyyət öz
keçmişini, bu gününü və gələcəyini
indi daha yaxşı başa düşür».
Amma ertəsi
gün eyni tribunadan çıxış edən
yazıçı Yuri Bondarev yenidənqurmanı bir təyyarəyə
bənzətmişdi. Sadəcə,
bu təyyarəni havaya qaldıranda son təyinat yerində
eniş zolağının olub-olmadığıyla heç kim maraqlanmamışdı. Və
bu, əsl həqiqət idi.
- Yalnız qarşılıqlı
razılıq və barışıq nəticəsində bu
son təyinat nöqtəsində eniş zolağı tikmək
olar, - deyə Yuri Bondarev davam edirdi, - yalnız
qarşılıqlı razılaşma və
qarşılıqlı güzəştlər. Amma bu yaxınlarda mən gənc bir mexanizatora son dəyişikliklər
barədə sual verdim. O mənə bilirsiniz nə cavab verdi? Dedi ki, «dəyişikliklər
sizinçün çox maraqlıdır? Məsəlçün
bizim sovxozda düşüncənin yenidənqurması bu
cür həyata keçib: kim ki axmaq idi,
indi ağıllı olub şüarlar qışqırır.
Kim ki ağıllı idi, əksinə,
ağlını itirib, susub oturub, qəzetlərdən,
televiziyadakı xəbərlərdən qorxur. Siz bilirsinizmi, milçəklə insan arasında nə
oxşarlıq var? Onların hər ikisini
qəzetlə vurmaq olar. Bütün
bunları deyəndə, məni yenidənqurmanın əleyhdarı
adlandırdılar». Xalq yumoru ilə
duzlanmış bu acı, kinayəli cavabı eşidəndə
işdəki islahatların sadəcə zahiri
görüntü olduğundan qəzəblənən, qeyzlənən
bir insanın təəssüfünü hiss etdim. Həm də bizim mətbuatın bir hissəsi yenidənqurmanı
mövcud şəraitin destabilizasiyası, inamın və mənəviyyatın
təftişi məqsədiylə istifadə etməyə
başlayıb. Elə həmin konfransda Azərbaycan
KP MK-nın yeni birinci katibi Əbdürrəhman Vəzirov da
çıxış etdi. Qeyd etdi ki, bizim
respublikada yenidənqurma böyük çətinliklərlə
həyata keçirilir, keçmişin acı mirası həddən
artıq böyükdür.
- Respublikanın sosial-siyasi, mənəvi şəraitinə
dağıdıcı təsir göstərən ilk növbədə
keçmişin mənfur kadr siyasəti olub. Bu kadr siyasəti
zamanı yerlibazlıq, qohumbazlıq, tayfabazlıq,
yaltaqlıq, saxtakarlıq, vəzifədən sui-istifadə
böyük və əhəmiyyətli yer tutub...
Ə. Vəzirovun
çıxışında Qorbaçovun siyasi xəttinin
davamı açıq şəkildə hiss olunurdu. Heydər Əliyev
opponentlərinin bu ittihamlarına cavab verməyə hazır
idi, amma ona kim söz verirdi ki? Məgər situasiyadan baş çıxartmaq məqamı
gələndə, kimsə onu
çağırmışdımı, onunla məsləhətləşmişdimi?
Heç kim. Ümid edirdilər
ki, vəziyyəti düzəltməyə özlərinin
gücləri çatacaq.
Bir vaxtlar məxfi
olan bir neçə sənədi misal göstərək.
Birincisi - «Azərbaycan
SSR və Ermənistan SSR-də ictimai asayişin bərpası
barədə nəzərdə tutulan təxirəsalınmaz tədbirlər
barədə» Sov. İKP MK-nın qərarıydı.
«Azərbaycan
SSR-də və Ermənistan SSR-də Dağlıq Qarabağ
Muxtar Vilayəti ətrafında yaranan hadisələr getdikcə
daha təhlükəli xarakter almaqdadır. Tətil hərəkatı
güclənməkdədir, mitinqlərin və
yürüşlərin sayı artmaqdadır. Bu mitinqlərin, yürüşlərin
iştirakçılarının hərəkətləri
getdikcə daha da aqressiv xarakter alır, nəzarətdən
çıxır və kütləvi itaətsizliyə
keçir.
Hazırkı
şəraitdə mövcud qanuni yollarla bu antiictimai hərəkətlərin
qarşısını almaq qeyri-mümkün
görünür.
Bununla əlaqədar olaraq, müvəqqəti
tədbir kimi SSRİ Ali Soveti Rəyasət Heyətinin ictimai
asayişi təmin edən qüvvələrin köməyi ilə
belə qanunazidd hərəkətləri təşkil edənlərin,
araqızışdıranların və bu cür hüquqazidd
hərəkətlərin fəal
iştirakçılarının cəmiyyətdən təcrid
edilməsinə şərait yaradan xüsusi bir fərmanın
qəbul edilməsini məqsədəuyğun hesab edərdik.
Sov. İKP MK-nın bu sərəncamla
bağlı qərar layihəsi də əlavə olunur.
23 noyabr 1988-ci il. A.
Yakovlev
V. Çebrikov
Q. Razumovski
A. Lukyanov»
Məktubun
üstündə Qorbaçovun dərkənarı da var - «Mən
razıyam» (Rusiya Dövlət Yeni Tarix Arxivi - RDUTA F. 89. op. 4
d. 5. L. 1-5).
Ikinci sənəd
də həmin gün- 23 noyabrda qəbul olunub. Bu, «Azərbaycan SSR və
Ermənistan SSR-də ictimai asayişin bərpasıyla
bağlı təxirəsalınmaz tədbirlər
haqqında» adlı Sov. İKP MK-nın sərəncamı
və SSRİ Ali Soveti Rəyasət Heyətinin bu məsələylə
bağlı müvafiq fərmanıdır. «Bu məsələylə bağlı SSRİ Ali
Soveti Rəyasət Heyətinin fərman layihəsi təsdiq
edilsin» (RDUTA. F 3. Op.
102. D. 1058. L. 22-29).
Və nəhayət adıçəkilən
şəxslərin təklif etdiyi təxirəsalınmaz tədbirlərlə
bağlı qərar layihəsinin mətni:
«1. Komendant saatı tətbiq edilən yerlərdə,
yaşayış sahələrində daxili işlər
orqanlarının, daxili qoşunların vəzifəli şəxslərinə,
SSRİ DİN-in səlahiyyətli şəxslərinə
öz hərəkətləriylə milli münaqişəni
qızışdıran, ictimai asayişin pozulmasına təhrik
edən, antiictimai hərəkətlərə sövq edən,
adi vətəndaşlara, vəzifəli şəxslərə
öz vəzifə səlahiyyətlərini yerinə yetirməyə
mane olan şəxslərə qarşı inzibati qaydada otuz
günə kimi həbs cəza tədbiri tətbiq etmək
hüququ verilsin.
2. Bu qərarın birinci bəndinə
uyğun olaraq həbsə alınmış şəxslər
təyin olunan qaydalar üzrə SSRİ DİN-in xüsusi məntəqələrində
və SSRİ DİN-in müəyyən etdiyi digər həbs
məntəqələrində saxlanılsınlar.
3. Bu qərar
24 noyabr 1988-ci ildən qüvvəyə minmiş hesab edilsin».
Beləliklə,
qərar layihəsi fərman statusu aldı.
Bu kitabın
müəlliflərindən biri - bakılı müəllif
bu hadisələri yaxından müşahidə etmişdi. İkinci müəllif isə
Moskvadan Bakıya ezamiyyətə göndərilmişdi.
«Mən Qorbaçovla görüşməyə
çalışırdım»
Ümumittifaq
dərəcəli fərdi təqaüdçü (o zaman belə
bir rəsmi deyim vardı) Heydər Əlirza oğlu Əliyev
Sov. İKP Mərkəzi Komitəsinin
üzvü idi. Əslində fəaliyyətdən
kənarlaşdırıldısa da, o, iqtidar sahiblərinə
nəyi isə açıqlamağa, məsləhət
görməyə, öz tövsiyələrini
çatdırmağa cəhd edirdi.
- Qorbaçovla görüşməyə
çalışırdım, lakin o məni qəbul etmədi.
O vaxt artıq təqaüdçü idim. Köməkçiləri
deyirdilər: o məşğuldur, biz məlumat vermişik. Orada verilən cavablar həmişə eyni qəlibdə
və çox sadə olurdu - biz məlumat vermişik, o məşğuldur,
nə vaxt dəvət edəcəyini gözləməlisiniz.
Bir gün gözlədim, iki gün, bir ay,
heç nə yoxdur. Daha bir dəfə də
zəng vurdum. Aydın məsələdir
ki, o məni qəbul etmək istəmirdi.
Liqaçovla
görüşməyə çalışdım. O da məni qəbul etmədi, amma bir dəfə
səhər ertədən sadəcə MK-ya gəlib onun qəbul
otağında oturdum, yəni bax, beləcə, gözgörəsi,
oturub gözləyirəm. O gəlib çıxdı. Mən ona Dağlıq Qarabağdakı vəziyyət
haqqında öz baxışlarımı
açıqladım. O dinlədi, dinlədi, ağlabatan
heç bir şey demədi, - mən isə müəyyən
dərəcədə fayda verə biləcəyimi
düşünürdüm.
- Siz
Liqaçova konkret hərəkətlər planı təklif
edirdinizmi?
- … Ümumiyyətlə, ona deyirdim ki, vəziyyət
belədir… Ən qəti tədbirlər görülməlidir…
O da qayıtdı ki, «biz də tədbir görürük». Vəssalam. Yəni mənim
iştirakıma heç bir ehtiyac yoxdur, məsləhətlərim
də lazım deyil. Onda Razumovskinin
yanına getdim. Yeri gəlmişkən, o məni
dərhal qəbul etmədi, hərçənd mən Siyasi
Büronun üzvü olmuşdum, o isə yalnız MK katibi
idi. Yenə danışdım,
danışdım, o isə qulaq asırmış kimi
görünsə də, başa düşmədim, tövsiyələrim
ağlına batdımı, yoxsa hər şey faydasız oldu
(Televiziya aparıcısı Andrey Karaulovla söhbətləşmədən).
«Tam məxfi»
Sov. İKP MK
Dağlıq
Qarabağda və onun ətrafında vəziyyətin kəskinləşməsilə
bağlı tədbirlər haqqında.
Dağlıq
Qarabağda və onun ətrafında hadisələrin
inkişafı DQMV-də, Naxçıvan MSSR-də və
bütün Azərbaycan ərazisində azərbaycanlılar
və erməni əhalisi arasında kütləvi silahlı
toqquşmalara gətirib çıxara bilər. İctimai asayişin və əhalinin
təhlükəsizliyinin təmin olunması üçün
daxili qoşunların, milis bölmələrinin həyata
keçirdiyi tədbirlər yetərli olmaya bilər.
Bununla əlaqədar
olaraq artıq indidən Sovet Ordusu bölmələrinin əhalinin
müdafiəsi üçün istifadə olunacaq imkanları
nəzərdə tutulmalıdır. Hadisələrin belə fəlakətli
inkişafı ehtimalı artarsa, Azərbaycanın və Ermənistanın
ayrı-ayrı yerlərində fövqəladə vəziyyət
rejiminin tətbiq olunması haqqında təkliflər
hazırlanmalıdır.
Bununla bağlı SSRİ Müdafiə
Nazirliyinə (y. D. T. Yazova), SSRİ DİN (y. V. V. Bakatinə),
eləcə də SSRİ Ali Sovetinin sədri (y. A. İ . Lukyanova) SSRİ Ali
Sovetinin sessiyasında qanunla nəzərdə tutulmuş
qaydada baxmaq üçün bəri başdan müvafiq təkliflərin
hazırlanmasını tapşırmaq olar.
29 avqust 1989-cu il.
N. Slyunkov
V. Çebrikov»
Sov. İKP MK katibi və DTK sədrinin
Qorbaçova ünvanladıqları digər sənəddə
«Azərbaycan və Ermənistan rayon və şəhər
milis şöbələri və bölmələrindən
avtomatik və snayper silahlarının alınması… Azərbaycan
və Ermənistan ərazilərində yerləşən
buluddağıdan zenit artilleriyası və raket
qurğularının Zaqafqaziya hərbi dairə hissələrinə
verilməsi»ni təklif edirdilər.
Sənəddə
«zorakılıq əməlləri törətmək məqsədilə
yaradılmış millətçi və ekstremist silahlı
dəstələrin aşkarlanması və zərərsizləşdirilməsi»
kimi ümumən ağlabatan bir çox başqa təkliflər
də irəli sürülürdü (RDMTA. F. 89. Siyahı 10. , S. 42. Səh. 1. 4).
Həmin dövrədək hər iki
respublikanı tərk edən qaçqınların sayı
300 min nəfərdən artıq idi. Kreml İttifaqda baş
verən hadisələri artıq idarə edə bilmirdi.
Baş katib yalnız orduya bel bağlayırdı.
Mərkəz.-2010.- 19 noyabr.- S. 10-11.